525.Az

Zahid Xəlil poeziyası: obrazlı dilin zənginliyi


 

Zahid Xəlil poeziyası: <b style="color:red">obrazlı dilin zənginliyi</b>

(Əvvəli ötən sayımızda)

Poeziyada çox işlənən mübaliğələrin Z.Xəlilin əsərlərində də sənətkarlıqla yaradılmış silsiləsini görürük. Şairin yaratdığı mübaliğələr onun poeziyasına bədii gözəllik və təravət gətirmişdir.

Müvəffəqiyyətli bədii ifadə vasitələrindən olan təzaddan Z.Xəlil şeirlərində sözün təsir gücünü artırmaq üçün uğurla istifadə etmişdir. Sənətkar hər iki növündən həm zidd fikirlər, həm də antonimlər vasitəsilə yaranan təzadlardan yerli-yerində bəhrələnə bilmişdir:

Mayak suyun üstündə
Yanıb-sönür bayaqdan.
Elə bil gəmilərə
O, göz vurur uzaqdan.

Təbii olaraq iki qütbə ayrılan və dialekt vəhdət təşkil edən varlığın, onun hadisə, hərəkət, əşya və anlayışların ziddiyyətini, xeyrini və şərini, müsbətini və mənfisini, yaxşısını və pisini uşaqlara başa salmaqda bədii təzad  əlverişli əbədi ifadə üsullarından biridir:

Yuva var ki, dayazdı,
Ozan papağı kimi.
Yuva  var ki, dərindi,
Çoban papağı kimi.

Məlumdur ki, antonimlər əks mənalı sözlərdir. Bədii ədəbiyyatda antonimlərdən çox zaman təzad yaratmaq vasitəsi kimi istifadə olunur:

Yükü ton-ton götürdü
Körpüsalan ustalar
Gecə-gündüz o ki var
İşlədilər, durdular.

Göründüyü kimi, sənətkarın antonimlərlə yaratdığı təzadlarda da zidd sözlər özünün leksik-semantik funksiyasını tutarlı şəkildə ifadə edir:

Məktəb cığırlarında
Neçə mirvari inci.
Yerə-göyə sığmayır
Bu gün onun sevinci.


lll

Dağlara çıxır,
Dərəyə enir,
Şəffaf su kimi.

Şair antiteza yaradarkən həm mənaca zidd fikirlərin, həm də antonim qarşılaşdırılmasından istifadə edir. Belə təzadlar həm həyat və onun əks tərəfləri, əşya və hadisələr arasındakı əskikliklər barədə uşaqlarda müəyyən təsəvvür, məlumat yaradır, həm də onların söz ehtiyatını artırır:

Yollar izlər tutuldu
Ağ günümüz qaraldı.


lll

Çəmənlərə, çöllərə
Şölə salar bu böcək.
Yanırsa yaşayır o
Sönübsə ölüb demək.

Sözün təsir gücünü qat-qat artıran, ona emosionallıq, ifadəlilik, bədii kəsər verən bədii sualdan istər klassik, istərsə də müasir poeziyamızda gen bol istifadə olunmuşdur.  Poetik ifadə vasitəsi kimi bədii sualların da Z.Xəlilin yaradıcılığında müəyyən rolu vardır. Doğrudur ki, bir ifadə üsulu kimi sənətkarın uşaq əsərlərində işlək və mütəhərrik olmasa da, bəzi məqamlarda əlverişli, sorğu, intonasiya, hətta heyrət aktı kimi iştirak edir. Mətnin və ya mətndaxili mətləbin sual pafosunu, sirayətedici semantikasını gurlaşdırır.

Boranı şeirində sənətkar boranını uşaqlara tanıtdırmaq üçün bədii suallardan istifadə edir ki, bu da şeirin ahənginə və ritminə bir gözəllik gətirir:

Niyə belə şişmisən,
Elə bil ki, tabaksan?!
De görək, boranısan,
Yoxsa ki, balqabaqsan?!

"Məktəb yolları" şeirində isə şair bədii sualın köməyi ilə məktəbə gedən yolları bizim qarşımızda açılan ana qollarına bənzədir:

Dünyada əziz nə var,
Məktəb yolları kimi?!
Açılır qarşımızda
Ana qolları kimi.

Sənətkar başqa bir şeirində isə bədii sualdan istifadə edərək şeirin heyrət aktını gücləndirir.

Vay dədəm vay, nənəm vay
Bu boyda yalan olar?!


Nidalar həm təsir dərəcəsinin yüksəkliyinə, həm də mənaca qeyri-müəyyən olduğuna görə də şeirdə, təbii ki daha tez nəzərə çarpır. Uşaq dünyasının zəngin hisslərini, uşağın obyektiv aləmdən aldığı müxtəlif təəssüratı, onun daxili həyəcanlarını ifadə etmək üçün nidalarından yerli-yerində istifadə etmək şairin sənətkarlıq məharətidir:

Bir yamanca hirsləndi
Birdən dindi, nə dindi:
- Sən də lap yumrubaşsan,
İki xırdaca daşsan!
Səkkizlə bir dalaşdı
Eh, bir qaçdı, nə qaçdı!


lll

Gecə qaçdı
Necə qaçdı!
Bulud qaçdı
Duman qaçdı
Yaman qaçdı!

Z.Xəlilin uşaq şeirlərində nidalar çağırış-müraciət, şadlıq, təəccüb, heyrət, peşmançılıq, kinayə və başqa bu kimi hissləri əks etdirir.

- Niyə xırdasan belə,
Ay dələ?!

lll

Tapmışam, mən tapmışam
Qırmızırəng muncuğu!
Qaraxallı muncuğu
O yeddirəng muncuğu!

Bəzən şeirlərin təsir gücünü artırmaq üçün sənətkar şeirlərində, "ay", "ey", "ay aman", "aha" və s. nidalarından istifadə edir:

Göbələk ağ göbələk
Ay ağappaq göbələk!
Aha, aha, bir baxın,
Yarpağını görmüşəm!

lll

Dayandılar yanaşı
Sıraları düz oldu
İşə baxın ay aman
Onlar çönüb yüz oldu!

Z.Xəlil şeirlərində sözün təsir gücünü artırmaq üçün uşaq təfəkkürünə, bədii qavrama imkanlarına uyğun olan təkrirlərdən istifadə edir. Eyni sözlərin və söz birləşmələrinin təkrarı vasitəsilə yaranan təkrirlər sözə emosional bir çalar verir:

Ulduz var, düymə-düymə
Ulduz var damla-damla.
Göz qırpıb söhbət edir
Bu ulduzlar adamla.

Şair isimlərin və fellərin ritmik təkrarından daha çox istifadə edir. Həm bu zaman isimlərin ritmik təkrarı daha çox təhrik ifadə edirsə, fellərin təkrarı şeirdə bir təkid, surət anlayışını ifadə edir.

Adiləyə hədiyyə
Verdilər bir gil pişik
Gil pişik,
Çil-çil pişik...
...A gil pişik, gil pişik,
Gəl oynayaq gəl, pişik
Sakit otur yerində
İşlərini bilmişik.

Misralar bir-birini əvəz etdikcə bir-birinə qaynayıb-qovuşan təkrirlər şeirin təsir gücünü daha da qabardır:

Necə dəcəlsən, necə
Ay Vüqar.
Anam gələr indicə
Ay Vüqar
Dibçəkdəki çiçəkdir,
Ay Vüqar.
Gör onlar nə qəşəngdir,
Ay  Vüqar.
Mənə qulaq as bir az,
Ay Vüqar
Gülləri üzmək olmaz,
Ay Vüqar.

Şeirin təsir gücünü artırmaq üçün şair "Ay Vüqar" ifadəsinin təkrarından istifadə etmişdir.
Şair bəzən əsərin dilinə, üslubuna emosinallıq gətirmək, müəllifin poetik məramını daha da qabartmaq üçün misraların əvvəlində təkrarlanan sözdən, yəni anaforadan istifadə edir:

Hər not bir quş lələyi,
Hər not bir quş gözüdü.
Not nəğmənin şəklidi,
Not nəğmənin özüdü.


lll

Qar yağıb çiçək-çiçək,
Qar yağıb lopa-lopa.
Qar geyinmiş ləpələr
Bənzəyir bir ağ topa.


Bədii nitqi qüvvətləndirmək məqsədilə şeir misralarının axırında gələn söz və ifadələrin təkrarı epifora adlanır. Zahid Xəlil poeziyasında təkririn bu növü də üstün mövqedədir.

Bir azdan söndü onun
Alovlanan gözləri.
Nəfəsi də kəsildi,
Lap səsi də kəsildi.


lll

Onun incə üzündə
Şeh çiçəyə oxşayır.
Ləçək şehə oxşayır,
Şeh ləçəyə oxşayır.

Bəzən şair bənd daxilində bir ifadədən ustalıqla həm anafora, həm də epifora kimi istifadə edərək onu bədii ideyanın təsir gücünü artıran vasitələrdən birinə çevirir:

Yun geyinir incə bala,
Yun geyinir qönçə bala.
Paşa bala yun geyinir,
Şoşu bala yun geyinir.


Burada "yun geyinir" ifadəsi şeirə təbii rəng qatır, onun poetik dəyərini olduqca qüvvətləndirir, balaca oxucuda yüksək bədii zövq formalaşdırır.

Z.Xəlilin şeirlərində ritmik təqlidi təkrarlara da rast gəlirik. Bu zaman eyni təqlidi sözün müxtəlif miqdarda təkrarı müxtəlif "notun" yaranmasına səbəb olur. Bu poetik əməliyyat leksik-qrammatik səciyyə daşısa da, uşağın təqlidçi və coşğun təbiətinə xoş gəlir. Xüsusilə təqlidi sözlərin ahəngi ilə yaranan ritm də uşaqlara daha maraqlı gəlir:

Şaqq-şuqq
Xırt-xurt...
Yol gedir
Araba.
Köhnəlib
Çarxları
Keçəndə
Arxları
-Cırr-cırr.
Elə bil
Söylənir,
Darıxır.

Z.Xəlilin sənətkar bacarığı burada da özünü göstərmişdir. O, kiçik yaşlı uşaqların psixologiyasını nəzərə alaraq şeirdə ritm və ahəngə, oynaqlığa, misraların qısalığına da fikir vermişdir.
 
"Qatar" şeirində şair "taraq, taraq, taq, taraq" ifadəsini işlədir ki, bu da qatarın çıxardığı səsin təqlidi ifadəsidir.

Qatara bax, qatara
Taraq, taraq, taq, taraq.
Görəsən gedir hara
Taraq, taraq, taq, taraq?
Göy meşələr keçəcək
Taraq, taraq, taq, taraq.
Neçə şəhər keçəcək
Taraq, taraq, taq, taraq.

Həcmcə çox da böyük olmayan şeir 18 vaqonu olan qatara baxıb onun hara getməsi ilə maraqlanan uşağın dilindən söylənilmişdir. Şeirin ümumi məzmunu sadə bir həqiqət üzərində qurulmuşdur. Təqlidi ifadələrin də uşağın dilindən söylənilməsi məzmuna xoş bir ovqatda təzahür edir. Şeirin yüngül, oynaq şəkildə yazılması isə şeiri oxunaqlı edir.

Telefonun dilindən söylənilən "Telefon" şeirində də telefon zənginin təqlidi ifadəsi şeirin ahənginə bir gözəllik qatmışdır. Gülnara səslənən zəng səsi onu dostu Kamala lazım olduğunu bildirir:

Zırınq
Zırınq
Zınq
Telefonam mən.
Gülnar,
Dəstəyi
Götür yerindən.
Lazımsan yaman
dostun Kamala
Zırınq
Zırınq
Zınq
Lap yoruldum a...

Biz dedik ki, uşaq əsərləri dil xüsusiyyətlərinə və səciyyəvi ifadə tərzinə görə böyüklər üçün yazılan əsərlərdən fərqlənir. Uşaq şeirlərini səciyyələndirən leksik vahidləri araşdırıb müqayisələr apardıqda məlum olur ki, uşaq şeirində obrazlılıq və əyanilik baxımından daha dolğun olan isim və feillərlə yanaşı, təqlidi sözlərə də daha çox üstünlük verilir.

Kalko yolu ilə yaradılan poetizmləri uşaqlar xoşlayırlar. Azərbaycan dilində hər heyvana, xüsusilə də uşaqlara çox yaxın olan ev heyvanlarına müraciət üçün xüsusi tipli sözlər formalaşmışdır ki, bunların şeirdə işlədilməsi əyanilik, obrazlılıq baxımından da uğurlu hesab olunur. Cik-cik (sərçə) piş-piş (pişik), qur-qur (qurbağa) və s.

"Sərçələrin nəğməsi"ndə sərçələrin cik-cik edərək yaşıl yarpaq çinarları vəsf etməsi ilə gözəl bir  sənət tablosu yaratmışdır:

Dayanıbdır qoynunda
Qatar-qatar.
Cik-cirik.
Cik-cirik.
Yaşıl papaq
Çinarlar.
Cik-cirik,
Cik-cirik...
Uçuşuruq
Uzaqlarda,
Yaşayırıq
Yaşıl-yaşıl
Otaqlarda.
Cik-cirik.

Yaxud, şair "Qurbağalar" şeirində şeirin ahənginə gözəllik gətirmək üçün "Qur-Qur ağalar" ifadəsini işlətmişdir:
Qular deyir:
"Qur-qur" ağalar.
Quruldayır.

Z.Xəlilin uşaq əsərləri, xüsusilə də poetikası yalnız mövzu, obrazlar aləmi və ideya-məzmun cəhətdən deyil, sənətkarlıq baxımından da səciyyəvi təsir bağışlayır. Z.Xəlil yaradıcılığının sənətkarlıq xüsusiyyətləri geniş, əhatəli və çoxçalarlıdır. O, mövzunun aktuallığına, məzmunun sadəliyinə, ideyanın qərəzliyinə diqqət yetirdiyi kimi, "kiçiklər üçün" qələmə aldığı örnəklərin forma  gözəlliyinə, zahiri, bədii, poetik effektinə, sənətkarlıq məziyyətlərinə də xüsusi fikir verir. Elə buna görə də onun əsərlərinin çoxu bədii-estetik cəhətdən təsirli və yaddaqalandır. Çünki forma gözəlliyinə və mükəmməl məqsədəuyğun zahiri biçimə malik olmayan nümunələr uşaqları cəlb etmir, onların zövqünü oxşamır, effektsiz qalır və tez unudulur.

Z.Xəlil poeziyası kompozisiya dilinin cazibədarlığı, üslubi imkanlarının genişliyi ilə fərqlənir. Bədii təsvir və ifadə vasitələrinin bolluğu və mükəmməliyi onun əsərlərinə xüsusi ovqat verir.

Sənətkarın epik əsərləri yığcamlığı, janr əlvanlığı, məqsədəuyğun qafiyə və bölgü sistemi, mükəmməl üslubi keyfiyyətləri, rəvan, sadə və ahəngdar dili, münasib söz seçimi, rəngarəng bədii formalardan istifadə, zəngin təbiət təsvirləri, bədii təsvir və ifadə vasitələrinin bolluğu uşaq əsərlərinə ciddi uğur gətirir. Bu əsərlər balacalar üçün faydalı, mənəvi qida, bədii estetik zövq mənbəyi, kiçik oxucular üçün şeir yazan müəlliflərə bir örnək olacaqdır.

Şöhrət MƏMMƏDOVA
ADPU-nun Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının dosenti

 





24.05.2017    çap et  çap et