525.Az

Naxçıvan: İqtisadi islahat beşiyindən İslam mədəniyyəti paytaxtına qədər


 

Naxçıvan: <b style="color:red">İqtisadi islahat beşiyindən İslam mədəniyyəti paytaxtına qədər</b>

Əsasları Heydər Əliyev tərəfindən müəyyənləşdirilən yeniləşən Azərbaycanda hərtərəfli yüksəliş siyasəti son iyirmi dörd illik dövrdə Cənubi Qafqazda və bütövlükdə dünyada inkişaf modelinə çevrilmişdir.

Belə ki, ötən əsrin 90-cı illərinin əvvəllərində hərbi təhdidlərlə, iqtisadi böhranlarla, sosial sarsıntılarla, nəticə etibarı ilə isə siyasi uğursuzluqlarla mübarizə yalnız Onun uzaqgörən siyasətinin və müdrik idarəçilik təcrübəsinin nəticəsində uğurlu oldu və müstəqillik yollarında güclü dayaq təşkil etdi. Bu taleyüklü proseslər yeni mərhələdə öz başlanğıcını məhz Naxçıvan Muxtar Respublikasından götürməklə sosial-iqtisadi, ictimai-siyasi, mədəni-hüquqi və digər sahələrdə müşayiət edilməyə başlandı. Təbii ki, qazanılar hər bir nailiyyət isə bütün regionların, o cümlədən Naxçıvan Muxtar Respublikasının gələcək inkişafı üçün yeni mərhələnin əsaslarını yaradırdı.

Bu bir həqiqətdir ki, Naxçıvan Muxtar Respublikası müasir müstəqillik tariximizin ən şərəfli səhifələrini yazmaqdadır. Coğrafi yerləşməsinə, iqtisadi perspektivlərinə, siyasi əhəmiyyətinə və yeni iqtisadi (siyasi) şərait üçün yüksək mahiyyət kəsb edən digər xüsusiyyətlərinə görə, Azərbaycan Respublikasının təhlükəsizlik və inkişaf qarantisini formalaşdıran bu diyar, hətta materik və qitələr arasında etibarlı əməkdaşlıq üçün ən optimal, ən pozitiv və ən uyğun vasitə oldu.

Elə bu nailiyyətləri əsas götürərək Azərbaycan Respublikası Prezidenti tərəfindən 2 iyun 2016-cı il tarixdə Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalanmışdır. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan-2018" loqotipinin hazırlanması haqqında" 23 yanvar 2017-ci il tarixli Sərəncamı sözügedən sahə üzrə həyata keçirilən tədbirlərin təşkilati-hüquqi və siyasi əhəmiyyətini daha da yüksəltmişdir.

Bu tarixi sənədlərdən də görünür ki, muxtar respublika əsasları böyük Heydər Əliyev tərəfindən müəyyən edilən uzunmüddətli, dayanıqlı və etibarlı inkişaf xəttinə sadiq qalaraq gerçək mənada mədəniyyətlər mərkəzinə çevrilmişdir. Keçən müddət ərzində burada müvafiq iqtisadi potensial formalaşdırılmış, dövlətin iqtisadi tənzimlənmə məqsədləri tam gerçəkləşdirilmiş, sosial-iqtisadi maraq və mənafelərin qorunması istiqamətində əlyetərlilik təmin edilmişdir.

Bazar münasibətlərinin obyektiv inkişaf qanunları əsasında iqtisadi islahatların başladılması ilə, daha doğrusu, həmin islahatların beşiyinə çevrilməklə, muxtar respublika ən mükəmməl və olduqca səmərəli tədbirlərin təşəbbüskarı kimi çıxış etməklə:

1. iqtisadi formasiyaların bir-birini əvəzləməsi üçün zəruri mərhələ olan keçid dövrünü yüksək əzmkarlıqla və təşkilatçılıqla təmin etdi;

2. hazırkı şərait üçün aktual olan bazar iqtisadi şəraitinə keçid məhz burada gerçəkləşdi. Nəticə etibarı ilə də onun qanun və tələbləri çərçivəsində proseslərin tənzimlənməsinə başlanıldı;

3. islahatların beşiyinə çevrildi. Xüsusi ilə burada başladılan islahatların çox mühüm əhəmiyyətini göstərmək lazımdır. Belə ki, milli liderin rəhbərliyi, birbaşa qayğısı və diqqəti ilə ucqar Gal və Şurud kəndlərindən başlanan islahatlar sonralar ölkəmiz miqyasında mərkəzə doğru çevik şəkildə davam etdirilməyə başlandı. Yəni bununla da Naxçıvanda müasir iqtisadi (islahat) mədəniyyətinin formalaşması təmin edildi.

Bu proseslərlə muxtar respublikada iqtisadiyyatın əsas aparıcı sahələrindən olan aqrar sektorun yeni iqtisadi şərait əsasında təşkilatlanması və idarə edilməsinə, güclü xammal bazası kimi formalaşmasına, əsas istehsal və fəaliyyət sahələri kimi əkinçilik və heyvandarlığın inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə münbit zəmin yaradıldı. Bununla da muxtar respublikada müasir şəraitdə xüsusi mülkiyyətə əsaslanan təsərrüfat subyektləri təsis edildi, fəaliyyətinin tənzimlənməsini özündə əks etdirən əsaslar müəyyənləşdirildi, kəndli torpaqdan istifadə etmək sahəsində sərbəst hüquqlara malik oldu, onun torpaqla münasibətləri istehsal (aqrar və iqtisadi) münasibətlərinin ana xəttini təşkil etdi. Bu o demək idi ki, muxtar respublika sakinləri üçün həm də məşğul olma sahəsində münbit şərait yaranırdı, nəticə etibarı ilə bu kimi fəaliyyətin məcmusu olaraq makroiqtisadi səviyyədə dövlətin bazar münasibətlərinə xas məşğulluq siyasəti meydana gəlirdi. Bütün bunlar, muxtar respublikadan başlanan və yeni dövr üçün zəruri mahiyyət daşımaqla:

1. istehsaldan istehlaka qədər olan fazanın qırılmazlığındakı fəaliyyətin stimullaşmasını təmin etməklə, bu gün də uğurla davam edən islahat mədəniyyətini ifadə edir;

2. qeyd olunan proseslərin məcmusundan ibarət olmaqla, iqtisadiyyatın müxtəlif sahələrində formalaşan məşğulluq mədəniyyətinin mövcudluğunu göstərir;

3. iqtisadiyyatın şaxələndirilməsi istiqamətindəki fəaliyyət baxımından sosial mədəniyyətin varlığına sübutdur;

4. cəmiyyətin təbii inkişaf prosesinin nəticəsində yaranan sonsuz tələbatların qarşılanması sahəsində psixoloji mədəniyyətin təzahürüdür;

5. eyni zamanda, sadalanan amillərin ümumiləşmiş ifadəsi olaraq iqtisadi mədəniyyətin yaranmasıdır.

Ümumiyyətlə, mədəniyyət istənilən sahə və ya istiqamət üzrə müvafiq hadisə və ya proseslərin daha da təkmilləşmiş, zaman keçdikcə artan təcrübəyə əsaslanmaqla və müvafiq qanunvericiliyə söykənməklə cəmiyyət tərəfindən qəbul edilən keyfiyyət kimi də ifadə oluna bilər. Bütün bunlar muxtar republikanın hər bir sakinin dövlətlə olan qırılmaz tellərlə mövcud bağlılıqlarında bir daha öz təsdiqini tapmaqdadır. Artıq bu gün Naxçıvan Muxtar Respublikasında:

- iqtisadi hadisə və proseslərə innovativ yanaşma irəli sürülməklə, bu sahənin yüksək səviyyədə tənzimlənməsi təmin edilir. Bunun da nəticəsində muxtar respublika iqtisadiyyatı ölkə iqtisadiyyatının inkişafında elə tənzimləyici funksiya daşımaqdadır;

- iqtisadi idarəetmə sahəsində sistemli fəaliyyət həyata keçirilmiş, daha doğrusu, iqtisadi inkişafa təkan olacaq istiqamətlərin müəyyən edilməsində rolu olan strukturların əlaqəli fəaliyyəti təmin edilmişdir;

- bütün bölgələrdə, hətta ən ucqar dağ kəndlərdə belə istehsal və sosial infrastruktur potensialı formalaşdırılmış və bu, xüsusi mülkiyyətin növləri üzrə çevik fəaliyyətə stimul verməkdədir.

Naxçıvan Muxtar Respublikası iqtisadi dəyərlərini, ərazi xüsusiyyətlərinin və əhalisinin yerləşməsinin zərurliyini üstün tutmaqla, bu sahədə stimullaşdırıcı amillərdən səmərəli istifadə etməklə yanaşı, eyni zamanda ölkəmizin milli maraqlarının qorunması və təbliğində də mühüm tədbirlər həyata keçirmişdir. Hələ müstəqilliyin ilk illərində, xüsusən də 7 noyabr 1990-cı ildə üç rəngli, ay-ulduzlu bayrağın Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq etməklə və 3 oktyabr 2009-cu il tarixdə Türk Dövlətləri Başçılarının zirvə toplantısına ev sahibliyi etməklə, daha doğrusu, bu istiqamətlərdə siyasi və vəhdət mədəniyyətinin də təkanverici qüvvəsinə çevrildi.

Bu bir həqiqətdir ki, ölkəmiz 70 il keçmiş İttifaqın tərkibində qaldığı dövrlərdə, sadəcə 15 müttəfiq respublika arasında və SSRİ-yə aid olan hüdudlarda iqtisadi potensialı ilə çıxış edirdisə, artıq müasir dövrdə regional deyil, hətta bütövlükdə dünya miqyasında edilən çağırışlara səs vermək zərurətilə qarşılaşmışdır. Belə bir şəraitdə Naxçıvan Muxtar Respublikası müstəqil bir dövlətin ayrılmaz tərkib hissəsi olaraq daimi sülhün, həmişəyaşar əminəmanlığın, dünyəvi xoşməramın, etibarlı qonşuluq və sadiq tərəfdaşlığın təmin edilməsində və qorunmasında çox mühüm vəzifələrin öhdəsindən gəldi. Naxçıvan Muxtar Respublikasının başlatdığı islahatlar, ümumilikdə iqtisadiyyatın çoxşaxəliliyinin təkanverici qüvvəsinə çevrildi və ölkəmizin də makroiqtisadi proseslərinin tənzimlənməsində ciddi təsirə malik olacaq bir çox amillərlə yanaşı:

1. iqtisadiyyatın aqrar sferasını çevik istehsal potensialına malik və yüksək təminat qabiliyyətli sahə kimi təşkilatlandırmaqla, bu sahədə səmərəli idarəetmənin təşkilinə nail olundu. Aqrar sektorun inkişaf istiqamətlərini müəyyənləşdirərkən iqtisadiyyatın digər aparıcı sahəsi üçün baza funksiyası daim nəzarətdə saxlanıldı;

2. sənayenin muxtar respublikanın təbii, iqtisadi və coğrafi potensialına uyğun gələn sahələrinin inkişafı və perspektivliyinin yüksəldilməsi məqsədilə ardıcıl hüquqi-iqtisadi tənzimlənmə vasitələrindən səmərəli istifadə edildi. İqtisadi idarəetmənin bazar münasibətlərinə xas mexanizmlərinin təşkili və səmərəliliyi dəstəkləndi;

3. iqtisadiyyatın mezo səviyyədə təşkili, xammal-emal-istehsal həlqəsinin davamlılığının stimullaşdırılması, nəticə etibarı ilə yüksək təminat qabiliyyətli potensialın formalaşdırılması mümkün oldu və s.

Beləliklə, bu gün dünyanın müasir sosial, iqtisadi, siyasi, coğrafi, hərbi və s-dən ibarət gərgin mənzərəsi fonunda Azərbaycan Respublikasının böyük Heydər Əliyev ideyalarına sadiq qalmaqla bəyan etdiyi humanistlik, inkişaf, sülh və ədalət təşəbbüsləri nümunəvi bir model kimi qəbul edilməkdədir. Bunun ən zəruri ünsürlərindən biri kimi ölkənin uğurlu regional siyasətini qeyd etmək olar. Bu siyasət bütün bölgələrdə milli-tarixi arxitektur ənənələrinə uyğun tikinti-quraşdırma tədbirlərinin, kommunal təminatların və s. məcmusundan ibarət tarazlı sosial-iqtisadi inkişaf potensialının formalaşdırılması ilə qeyri-bərabərliyin tamamilə aradan qaldırılmasında özünü göstərir ki, Naxçıvan Muxtar Respubikası da bu sahədə qətiyyətli söz sahibidir.

Cavadxan QASIMOV
İqtisad üzrə fəlsəfə doktoru, dosent

 





24.05.2017    çap et  çap et