525.Az

Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi tarixi səhvdir


 

İKİ ÖLKƏ ARASINDA MÜNASİBƏTLƏRİN QORUNMASI ÜÇÜN RUSİYANIN HAKİMİYYƏT DAİRƏLƏRİ BU SƏHVİ ARADAN QALDIRMALIDIR

Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi tarixi səhvdir<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv etməsi dərin narazılığa səbəb olub.

Təşkilatın adının onun fəaliyyətinin xarakterinə işarə etməməsi, yaxud rəyasətin iclaslarının keçirilməsi ilə bağlı dövriliyə riayət olunmaması kimi hər hansı qurumun ləğvi üçün yetərli olmayan səbəblərin tam subyektivliyindən belə nəticəyə gəlmək olur ki, Rusiyada anti-Azərbaycan dairələr və erməni lobbisi iki ölkə arasında münasibətləri sınaq qarşısında qoymaq planlarını reallaşdırmaq istiqamətində böyük səylə fəaliyyət aparırlar. Ancaq Rusiya rəhbərliyinin bu qüvvələrin həyata keçirdiyi qara işləri gözardı etməsi, diqqətə almaması anlaşılan deyil. Ona görə də, haqlı olaraq bu, azərbaycanlılar tərəfindən Kremlin ermənipərəst dairələr, erməni lobbisinə dəstəyi kimi qiymətləndirilir. Əks halda, Rusiya rəhbərliyi dünya azərbaycanlılarının ən böyük diaspor təşkilatına qarşı biganə münasibət sərgiləməz, konqresin ləvğinin qarşısını almaq üçün səy göstərərdi.

Çünki Rusiya ilə Azərbaycan arasında münasibətlər həmişə yüksək səviyyədə olub, bütün sahələr üzrə səmərəli əməkdaşlıq əlaqələri inkişaf edib. İki ölkə prezidentləri arasında qarşılıqlı anlaşma və dostluq əlaqələri ikitərəfli münasibətlərin xarakterinə mühüm təsir göstərib, bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan dövləti həmişə Rusiyanın regiondakı strateji maraqlarını nəzərə alıb, beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq əlaqələri inkişaf etdirilib və qarşılıqlı dəstək ruhu hökm sürüb. Ölkəmizdə rus dilinin, mədəniyyətinin qorunub saxlanması, rus dilli təhsil müəssisələrinin, rus icmasının və digər bu kimi təşkilatların fəaliyyətinin təmin edilməsi, ölkədə yaşayan çoxsaylı rus icması nümayəndələrinin vətəndaş hüquqlarının təmin olunması üçün bütün zəruri addımlar atılıb və bu siyasət hazırda da davam etdirilir. Bu mənada, qərar qəbul olunarkən Rusiyada çoxmilyonlu azərbaycanlı icmasının yaşaması, qonşu ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəallıqları ilə seçilməsi nəzərə alınmalı idi.

Rusiyanın azərbaycanlı icması iki ölkə arasında siyasi, iqtisadi, mədəni münasibətlərdə körpü rolu oynayır və bu əlaqələrin sağlam məcrada saxlanması istiqamətində məqsədyönlü fəaliyyət aparır. Bu qərar isə Rusiyada yaşayan azərbaycanlılara qarşı hörmətsizlikdir.

Məsələ ilə bağlı fikirlərini bildirən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev qeyd edib ki, Rusiya Ədliyyə Nazirliyinin təşəbbüsü ilə bu ölkənin Ali Məhkəməsi tərəfindən Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv edilməsi barədə çıxarılan qərar Azərbaycan ictimayyəti tərəfindən narahatlıqla qarşılanıb. O "Trend"ə bildirib ki, bu, təsadüfi deyil: "Azərbaycanla Rusiya arasında çoxəsrlik əlaqələr mövcuddur. Müstəqillik illərində bu əlaqələr daha da inkişaf edərək dostluq və strateji əməkdaşlıq səviyyəsinə çatıb. İki dövət başçılarının qarşılqlı səfərləri, onların arasındakı şəxsi dostluq münasibətləri iki dövlət və xalqlar arasındakı münasibətlərin bu səviyyəyə çatdırılmasında mühüm rol oynayıb. Azərbaycanla Rusiya arasındakı münasibətlərin belə yüksək sürətlə inkişaf etməsindən, ümumiyyətlə, Azərbaycanın regionda əsas siyasi oyunçulardan birinə çevrilməsindən narahat olan, Rusiyada fəaliyyət göstərən ermənipərəst, anti-Azərbaycan qüvvələr belə bir qərarın qəbul edilməsində fəal surətdə iştirak ediblər. ÜAK-ın ləğvi qərarı böyük bir hissəsi artıq Rusiya vətəndaşları olan milyonlarla azərbaycanlının hüquq və azadlıqlarının pozulmasına səbəb olub. Bu, eyni zamanda, iki dövlət və xalq arasında mövcud olan ənənəvi dostluq münasibətlərinə kölgə salır. Hesab edirəm ki, sağlam düşüncə qalib gələcək, iki dövlət və xalq arasında dostluq münasibətləri qorunub saxlanacaq və gələcəkdə daha da inkişaf edəcək".

Deputat Musa Quliyev isə bildirib ki, konqresin qeydiyyatının ləğv edilməsi iki ölkə arasında münasibətlərin inkişafını istəməyən qüvvələrin sifarişidir: "Bu qərar ermənipərəst qüvvələr və ya Rusiya hüquq sistemində çalışan ermənilərin dəstəyi ilə qəbul olunub. Düşünmürəm ki, qərarın qəbul olunması Rusiya-Azərbaycan münasibətlərini korlasın. Rusiyada, o cümlədən, Kremldə kifayət qədər ağıllı ziyalılar və qüvvələr var və onlar bu məsələni həll edəcəklər".

M.Quliyevin sözlərinə görə, ÜAK-la bağlı mövcud qərarın dəyişdirilməsi üçün Rusiya deputatları, rus icmaları və ziyalılar tərəfindən müəyyən fikirlər səsləndirilir: "İndi hansı variantlar seçiləcək, hələlik məlum deyil. Amma istənilən halda düşünürəm ki, ÜAK fəaliyyətini davam etdirəcək və Rusiya - Azərbaycan münasibətləri əvvəlki templə inkişaf edəcək. Çünki bu, Rusiya məhkəmə orqanlarının tarixi bir səhvidir. Düşünürəm ki, həmin səhvin düzəldilməsini Rusiyanın hakimiyyət dairələri təmin edəcək".

Deputat Asim Mollazadə isə SİA-ya bildirib ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi Rusiyada etnik və dini azlıqlarla necə davranıldığını və onların haqlarının kobud surətdə pozulduğunu bütün dünyaya göstərir: "ÜAK-ın qeydiyyatının ləğvi ilə bağlı qərarın verilməsinin məqsədi Azərbaycana təzyiq nümayiş etdirməkdir. Bu, siyasi qərardır. Rusiya öz siyasətində ciddi dəyişiklik etməli, mütləq bu qurumun qeydiyyatını bərpa etməlidir".

A. Mollazadə söyləyib ki, ÜAK-la bağlı qərar iki ölkə arasında olan münasibətlərə xələl gətirə bilər: "Azərbaycanda bu qərar çox təəssüflə qarşılanıb. Əslində, bu gün Azərbaycanda Rusiyanın onlarla qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Bu da cəmiyyətdə ciddi suallar doğurur ki, bəs, onda onların fəaliyyəti hansı hüquqi əsaslarla mümkün olub? Mənə elə gəlir ki, Rusiya öz qərarlarından geri çəkilməlidir".

Deputat Rövşən Rzayev isə qeyd edib ki, Rusiyada Azərbaycanın əleyhinə işləyən bəzi qüvvələr var: "Rusiyada fəaliyyət göstərən Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi də erməni lobbisinin imkanları hesabına həyata keçirilib. ÜAK-ın ləğvi ermənilərin təxribatıdır. Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. Ermənistan belə məsələləri ortaya atmaqla Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini arxa plana salmağa çalışır. Lakin Rusiya ilə Azərbaycan müttəfiq ölkədir və hesab edirəm ki, iki ölkə arasında münasibətlər çox müsbət istiqamətdə inkişaf edir. Azərbaycan və Rusiya hazırda da münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsində maraqlıdır".

Ceyhun ABASOV

 





24.05.2017    çap et  çap et