Azərbaycan jurnalistikasının media kapitanları sırasında hamıya dost olan, insanlıq keyfiyyəti və yüksək mədəniyyəti ilə seçilən bir redaktor-jurnalist də var: Vüqar Rəhimzadə. Mən Vüqar müəllimi "yeni jurnalistika" dönəmindən tanıyıram.
Ətrafımızda elə bir jurnalist yoxdur ki, Vüqar Rəhimzadənin mədəniyyət adamı olmağından qürurla danışmasın. Və mən bizim Vüqar Rəhimzadə haqqında düşünəndə ilk növbədə onun mədəniyyətini yada salıram. Həm də bu xatırlama anında bir daha belə fikrə gəlirəm ki, yüksək mədəniyyətə sahib olmaq insanın ən böyük və ən vacib keyfiyyətidir. Çünki Azərbaycan ədəbi dilinin işlək leksikonundakı "mədəniyyət" sözü öz semantik mənasına görə min bir rəng çalarındadır. Mədəniyyət özündə insanlığa, dünyaya, ətrafa mühasibətin ən ülvi formatıdır. Mədəniyyət sözü özündə milli-mənəvi dəyərləri qorumaq və zənginləşdirmək məfhumu daşıyır. Biz bu sözün məna yükündə Vətən və vətəndaşlıq, millətə, xalqa məhəbbət, dövlətçiliyə, azərbaycançılığa sədaqət və s. kimi onlarca prinsipləri birləşdirir: yüksəs mədəniyyətə sahibsənsə, səndə ilk növbədə vətən sevgisi, vətəndaşlıq ləyaqəti var. Sadaladığım bu keyfiyyətlərin hamısı Vüqar Rəhimzadənin xarakterini bütövləşdirməkdədir.
Vüqar Rəhimzadə Naxçıvanımızın Culfa rayonunun bu gün də uşaq məhəbbətilə sevdiyi Saltaq kəndində doğulub. Bu kəndin indi də sevgi ilə xatırladığı orta məktəbini bitirib. Bakıda Neft və Kimya İnstituna daxil olub. O zamanın və indinin də çox böyük vəzifələr vəd edən bu institutdan sonra orada qazandığı peşənin çoxçalarlı sahələrində çalışıb. Fəhlə kimi, çilingər kimi və s. Amma bütün irili-xırdalı vəzifələrdə heç vaxt mətbuata yazmağı, içində gəzdirdiyi jurnalist olmaq arzusunu unutmayıb. Bakı Dövlət Universitetində hüquq fakültəsində ikinci ixtisas alıb. "Azərneftyağ" kimi böyük bir müəssisənin direktor müavini işləyib, doğma Culfadan Milli Məclisin deputatı seçilib - bütün bu müddətdə də bir an da olsun jurnalist fəaliyyətindən əl çəkməyib. Və elə o zamanlar dəqiqləşdirib ki, onun taleyi bu peşə ilə bağlıdır.
Vüqar müəllim jurnalistliyə "Böyük kimya uğrunda" adlı çoxtirajlı qəzetdən başlayır. Hələ lap başlanğıcda "Kamil qələm", "Qızıl qələm" mükafatlarına layiq görülüb. Və bu yollar onu bu gün media mühitimizdə sayılıb-seçilən, öz informasiya siyasəti ilə dövlətçiliyə, azərbaycançılıq ideallarına xidmət edən "İki sahil" qəzetinə gətirib. Bu da bir tale işidir. Vüqar Rəhimzadə yaşadığı Vətənə sevgini, dövlətçiliyimizə sədaqətini, Ümummilli liderimizin tutduğu yola xidmətini bu qəzetdə ifadə etməkdədir.
Azərbaycan Mətbuat Şurasının yaradılması prosesi mənim də yaxşı yadımdadır. Bu şuranın yaradılması ilə bağlı təşkilat komitəsinin üzvləri sırasında mən də Vüqar Rəhimzadə ilə birgə iştirak etmişik. Məhz həmin anlarda Mətbuat Şurası ətrafında gedən qızğın müzakirə və mübahisələrdə mən bu cavan jurnalistin əzminin və təşkilatçılıq qabiliyyətinin şahidi olmuşam. Elə o vaxtlar Vüqar Rəhimzadə Şuranın İdarə heyətinə üzv seçildi və öz fəaliyyətinə, peşəkarlığına, dövlətə sədaqətinə görə bu gün də Şuranın ən fəal üzvü olaraq özünü göstərməkdədir. Bütün bu geniş fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz sərəncamı ilə Vüqar Rəhimzadəyə "Əməkdar Jurnalist" adı vermişdir.
Bu gün Azərbaycan jurnalistlərinə dövlət qayğısının simvolu olan Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü kimi də fəaliyyət göstərmiş Vüqar Rəhimzadə harda olur-olsun, öz bacarığını, hadisələrə obyektiv münasibətini həmişə göstərmişdir.
Vüqar Rəhimzadə yaxşı bir dostdur. O, dostluğa da çox sədaqətli bir şəxsiyyətdir. Bizim ümumi dostumuz Əflatun Amaşovun Saatlıdan Milli Məclisə deputat seçkilərində biz bir neçə dəfə media kapitanları ilə bir yerdə namizədi müşayiət etmişik. Mən o yoldaşlıq anlarında - yol səfərlərimizdə Umud Rəhimoğlu, Aydın Quliyev, Rəşad Məcid, Rauf Arifoğlu, Akif Aşırlı və b. kimi jurnalistləri və İlham İsmayılov kimi mütərəqqi iş adamını daha yaxından tanıdım. O səfər yollarında Vüqar Rəhimzadəni hər kəsin necə sevdiyinin şahidi oldum.
Bütün bunlar belədir və bu beləlikdə Vüqar Rəhimzadənin xarakteri onun redaktorluğunda, "İki sahil"ə rəhbərliyində daha çox üzə çıxır. "İki sahil" Azərbaycan media mühitində, bir də təkrar edirəm, ilk növbədə dövlətçiliyə və milli ideologiyamız olan azərbaycançılığa sədaqəti ilə tanınır. Yeni dönəm jurnalistikası dövrünün ilk çağlarında Qərbin özünün bir çox hallarda imtina etdiyi bəzi "standartlara" uyma məqamında "İki sahil" milli ideologiyanı heç nəyə qurban vermədi. Bu qəzetin amalı Ümummilli liderimiz Heydər Əliyevin azərbaycançılıq amallarına xidmət meyarı ilə ölçülür. Bu böyük missiyanı jurnalistikada həm nəzəri, həm də praktik cəhətdən tətbiq etmək üçün Vüqar Rəhimzadə bir istedadlı redaktor kimi əsl peşəkar jurnalistləri ətrafına yığdı. Bu jurnalistlərin bir çoxu Bakı Dövlət Universitetində jurnalistika fakültəsini bitirmişdir. Vüqar müəllim bu fakültəyə və onun məzunlarına çox böyük etimad göstərir. Yəqin elə burdan irəli gəlir ki, onun tədqiqatçılığa da meyli çox güclüdür. Siyasi jurnalistikanın tədqiqi ilə siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Vüqar Rəhimzadə fakültəmizin sayılıb-seçilən müəllimləri sırasındadır. Tələbələri onun mühazirələrini xüsusi sevgi ilə dinləyirlər. Ən əsası isə ona görə ki, peşəkar jurnalist, elmi nəzəriyyəni praktika ilə birləşdirən Vüqar müəllim medianın incə sirlərinə yaxından bələddir. Və bir də teledebatlarda, müxtəlif tədbirlərdə onu dinləyən hər kəs Vüqar Rəhimzadənin güclü nitq qabiliyyətinə, geniş eradisiyaya, dəqiq məntiqə sahib olduğunu dərhal hiss edir.
Azərbaycan ideallarına bağlı bir jurnalistin bu gün doğum günüdür. Bütün jurnalist dostlarımız adından Vüqar müəllimi təbrik edirik.