525.Az

İranda prezident seçkilərində həlledici amil


 

İranda prezident seçkilərində həlledici amil<b style="color:red"></b>

Mayın 19-da İran İslam Respublikasında növbəti (12-ci) prezident seçkiləri keçirilmişdir.

Seçkilər kifayət qədər intensiv şəraitdə baş tutmuşdur. Belə ki, səsvermənin yerli vaxtla saat 08.00-dan 18.00-a qədər keçirilməsi nəzərdə tutulsa da, sonradan seçkini keçirən dövlət orqanı (Daxili İşlər Nazirliyi) həmin müddəti bir neçə dəfə uzatmış və səsvermə gecə yarısına qədər davam etmişdir.

Seçki ərəfəsində DİN nəzdindəki Mərkəzi Seçki Qərargahı səsvermənin nəticələrini birdəfəlik açıqlayacağını bildirmiş, lakin Nəzarət Şurasının etirazından sonra qanuna müvafiq olaraq, nəticələrin tədricən (səslər hesablandıqca) ictimaiyyətə çatdırılacağını bəyan etmişdir. Bununla belə, nəticələr haqqında ilk rəsmi məlumat səsvermənin başa çatmasından təqribən 8 saat sonra açıqlanmışdır. Mayın 20-si günorta saatlarında isə ölkənin Daxili İşlər Naziri Rəhmani Fəzli səsvermənin son nəticələri barədə məlumat vermişdir.

Həmin məlumata əsasən, seçkilərdə səsvermə hüququ olan 56 milyondan çox İran vətəndaşından 41 milyon nəfəri (təqribən 73 %) iştirak etmiş və səslər namizədlər arasında aşağıdakı şəkildə bölünmüşdür:

Həsən Ruhani – 23,5 milyon səs (57,1 %)

İbrahim Rəisi – 15,7 milyon səs (38,3 %)

Mustafa Mirsəlim – 478 min səs (1,1 %)

Mustafa Haşimitəba – 215 min səs (0,5 %)

Beləliklə, Həsən Ruhani yenidən İran prezidenti seçilərək, növbəti dörd il müddətinə bu postu özündə saxlamışdır. Qeyd edək ki, seçki marafonuna qoşulmuş digər iki namizəd – Tehran şəhərinin meri Məhəmməd Bağır Qalibaf və ölkənin birinci vitse-prezidenti İshaq Cahangiri müəyyən müddət təbliğat kampaniyasında iştirak etdikdən sonra mayın 15-i və 16-da müvafiq olaraq, Rəisinin və Ruhaninin xeyrinə namizədliklərini geri götürmüşlər və bununla da Rəisi mühafizəkarların, Ruhani isə islahatçıların əsas namizədi kimi mübarizəni davam etdirmişlər. Səsvermə günü Rəisinin seçki qərargahı çoxsaylı pozuntular barədə açıqlamalar vermiş, mayın 21-də isə o, bununla bağlı Nəzarət Şurasına rəsmən şikayət etmişdir.

Müşahidəçilərin fikrincə, Həsən Ruhaninin seçkilərdəki böyük uğuru (2013-cü il seçkilərində Ruhani səsvermədə iştirak edən 36,7 milyon seçicinin 18,6 milyon nəfərinin, yəni 50,7 %-in səsini qazana bilmişdi) heç də İran əhalisinin ötən dörd ildə onun başçılıq etdiyi hökumətin fəaliyyətindən hədsiz məmnunluğu anlamına gəlmir. Məsələ burasındadır ki, həmin dövrdə Ruhani hökumətinin əldə etdiyi ən böyük nailiyyət Altılıq ölkələri ilə nüvə razılaşmasının imzalanması və nüvə proqramı ilə bağlı sanksiyaların götürülməsidir. Bununla belə, xüsusən sosial-iqtisadi sahədə o, elə bir ciddi dəyişiklik yaratmağa müvəffəq olmamışdır.

Doğrudur, ölkədə inflyasiya cilovlanmış, müəyyən malların qıtlığına son qoyulmuşdur, lakin qiymətlərin artımı, yoxsulluğun və işsizliyin çoxalması prosesi davam etmiş, üstəlik bir çox mövcud iş yerləri bağlanmışdır, yəni bu sahədə Ruhani hökuməti əsaslı bir dönüş əldə edə bilməmişdir. Məhz bu da seçki təbliğatının əsas mövzusu olmuş, Ruhaninin başlıca rəqibi olan Rəisinin hökuməti kəskin tənqid etməsinə, eləcə də bu sahədə müəyyən vədlərlə (4 milyon iş yerinin açılması, aztəminatlı ailələrə verilən dövlət yardımının 3 dəfə artırılması və s.) çıxış edərək, seçicilərin önəmli bir hissəsinin dəstəyini qazanmasına səbəb olmuşdur.

Ruhani öz təbliğat kampaniyasını tamam fərqli notlar üzərində quraraq, daha geniş məna daşıyan məqamları vurğulayaraq, əhalinin tərəddüd edən hissəsini öz tərəfinə çəkə bilmişdir. Seçki kampaniyasının son ongünlüyündə o, əhali qarşısında yeni bir obrazda meydana çıxmış, mühafizəkar siyasi qüvvələri, onları dəstəkləyən "Sepah” və "Bəsic” kimi qurumları, Dövlət Teleradio Şirkətini (bu şirkət tərəfsizliyi qorumadan Rəisini müdafiə edirdi, amma Ruhani tərəfdarları onun təsirini sosial medianın köməyi ilə zəiflədə bilmişlər) açıq şəkildə tənqid edərək, onların ölkəni geri qaytarmaq, İranı yenidən müharibə təhlükəsi ilə üz-üzə qoymaq, mətbuata və ictimai təşkilatlara təzyiqləri artırmaq, universitetlərdə yenidən təqib atmosferini formalaşdırmaq istədiklərini bəyan etmişdir.

Təsadüfi deyil ki, həmin dövrdə bir çox müşahidəçilər Ruhaninin mötədil diskursdan uzaqlaşdığını, rejimin müəyyənləşdirdiyi "qırmızı xətləri” aşdığını bildirmişlər. Ruhani həmin mərhələdə hətta ayətullah Xameneyi ilə də polemikaya girməkdən çəkinməmişdir. Onun açıqlamalarının doğurduğu narahatlıq və qorxu İran vətəndaşlarının (ilk növbədə əhalinin üçdə ikisini təşkil edən gənclərin) seçki günü yüksək fəallığına təkan vermiş və onlar, Ruhaninin seçkidən sonrakı ilk çıxışında bildirdiyi kimi, ölkənin geriyə qaytarılmasına, daxili və xarici siyasətdə gərginliyə və zorakı metodlara "yox” demişlər.

Seçkilərin nəticəsində təbii ki, Ali dini rəhbər Əli Xameneyinin mövqeyi böyük rol oynamışdır. İlkin mərhələdə istər ölkə daxilində, istərsə də xaricdə bir çox ekspertlər Rəisinin Ali dini liderin prezident postunda görmək istədiyi namizəd olduğunu bildirirdilər. Bu fikir seçki kampaniyası dövründə Xameneyinin bir neçə dəfə hökuməti tənqid etməsi sayəsində daha da güclənmişdir. Xüsusən YUNESKO-nun "Təhsil-2030” proqramına İran hökumətinin qoşulmasının Xameneyi tərəfindən kəskin tənqid olunması və bunun həm parlamentdə, həm də digər dövlət qurumlarında rezonans doğurması belə təsəvvür yaradırdı ki, Ali dini rəhbər həqiqətən də Rəisini müdafiə edir. Lakin son nəticədə Xameneyi praqmatik və təcrübəli siyasətçi kimi mövcud variantlardan ölkəsi üçün ən münasib olanını seçmişdir. Çünki onun üçün, özünün də dediyi kimi, əhalinin seçkilərdə yüksək faizlə iştirakı kimin prezident seçiləcəyindən daha mühüm məsələ idi və o, ustalıqla prosesi yönləndirərək, əsas məqsədinə - dünya ictimaiyyəti qarşısında İslam quruluşunun legitimliyini bir daha təsdiqləmək niyyətinə nail olmuşdur. Bu mənada seçkinin əsas qalibinin Xameneyi olduğunu söyləsək, yanılmış olmarıq.

İkinci bir tərəfdən, Rəisinin "Sepah” tərəfindən dəstəklənən namizəd kimi meydana çıxması ölkədə və regionda gedən proseslərin özünəməxsus təhlilinə əsaslanırdı. Xüsusən ABŞ-da Donald Trampın hakimiyyətə gəlişindən və Tramp administrasiyasının İranın ünvanına məlum açıqlamalarından sonra adekvat mövqeli şəxsin prezident postuna gətirilməsinin vacibliyi irəli sürülürdü. Belə ehtimal edilir ki, Xameneyi bu təhlillə tanış olsa da, ölkədə siyasi sabitliyin qorunmasını daha önəmli saydığı üçün məhz Ruhaninin seçilməsinə yaşıl işıq yandırmışdır. Maraqlıdır ki, seçki günü ilk səs verənlərdən biri olan Xameneyinin barmağındakı bənövşəyi qaşlı üzük (bənövşəyi Ruhaninin seçki kampaniyasının rəngi idi) dərhal onun Ruhaniyə dəstəyi kimi mənalandırılmışdır. İş o yerə çatmışdır ki, onun ofisi rəsmi açıqlama yayaraq, bunun seçki ilə heç bir əlaqəsi olmadığını bildirmişdir.

Ruhaninin ikinci prezidentlik dövrünün onun üçün daha gərgin keçəcəyini söyləmək mümkündür. Belə ki, seçkini uduzsalar da, mühafizəkarlar uzun müddətdən sonra birliyə nail olmuşlar və onların yetərincə yüksək səs toplamış liderləri vardır. Başqa sözlə, Ruhani kifayət qədər güclü bir azlıqla üz-üzədir və fəaliyyəti dövründə onun təzyiq və tənqidlərindən yaxa qurtara bilməyəcəkdir.

Digər tərəfdən, verdiyi vədləri yerinə yetirmək və cəmiyyətin gözləntilərini doğrultmaq Ruhani üçün heç də asan olmayacaqdır. Məsələn, ölkə iqtisadiyyatının əhəmiyyətli hissəsinin "Sepah”ın nəzarətində olduğu, korrupsiya və qaçaqmalçılıq kimi problemlərin qaldığı şəraitdə sosial-iqtisadi sahədə ciddi dönüşün əldə olunması ciddi səy tələb edəcəkdir.

Ruhani həmçinin nüvə proqramı ilə bağlı olmayan sanksiyaların ləğvinə nail olacağını vəd etmişdir. Bunun gerçəkləşdirilməsi Tramp administrasiyasının İranla bağlı mövqeyi, eləcə də regional problemlər, ilk növbədə Suriya məsələsi ilə əlaqədar qonşu ərəb dövlətləri ilə gərgin münasibətlər kontekstində son dərəcə çətin bir məsələdir. Aydın olan odur ki, Ruhani xarici siyasətdə daha çox Avropa ölkələrinin dəstəyinə, onlarla əlaqələrin genişləndirilməsinə nail olmaq, Avropa İttifaqı ilə ABŞ rəhbərliyi arasındakı ziddiyyətlərdən bəhrələnmək və bununla da İranın beynəlxalq mövqelərini gücləndirmək xəttini yürüdəcəkdir. Qeyd edək ki, bu xətt hələ 1990-cı illərdə Rəfsəncaninin prezidentliyi dövründə sınaqdan keçirilmişdir. Bu xəttin hazırkı şəraitdə nə qədər səmərəli olacağını isə zamanla aydınlaşdırmaq mümkün olacaqdır.

Newtimes.az

 





25.05.2017    çap et  çap et