525.Az

Trampdan imperialist Qərbə tərs şillə


 

VƏ YA ABŞ-ın YENİ PREZİDENTİ İLƏ AYAQLAŞMAYAN KÖHNƏ SİYASİ TƏFƏKKÜRLÜ DÖVLƏT DEPARTAMENTİ

Trampdan imperialist Qərbə tərs şillə<b style="color:red"></b>

ABŞ-ın yeni prezidenti Donald Tramp seçkiqabağı təbliğat-təşviqat kampaniyası vaxtında verdiyi vədləri yerinə yetirməkdədir.

Doğrudur, Trampın bəzi sözləri müsəlman cəmiyyətində ikrahla qarşılansa da, ümumi vəziyyət onu deməyə əsas verir ki, əksər təşəbbüslər alqışa layiqdir. İlk növbədə Birləşmiş Ştatlar prezidenti sələfi Barak Obamadan fərqli olaraq, demokartiya, insan hüquq və azadlıqları pərdəsi altında müstəqil dövlətlərin işinə qarışmağı, silah vasitəsilə ayrı-ayrı yerlərdə "yenidənqurma" adı altında xaos yaratmağı, ölkələri iflic vəziyyətinə salmağı düzgün hesab etmir. Təsadüfi deyil ki, Tramp ilk xarici səfərini müsəlman ölkəsinə - Səudiyyə Ərəbistanına edərək orada beynəlxalq ictimaiyyət üçün ciddi əhəmiyyət kəsb edən mesajlar verdi. Ər-Riyadda "Biz birlikdə güclüyük" devizi altında keçirilən Ərəb-İslam-Amerika sammitində çıxış edən Amerika prezidenti qeyd etdi ki, ABŞ suveren dövlətdir və onun əsas vəzifəsi ölkə vətəndaşlarının təhlükəsizliyini qorumaqdır: "Biz bura kiməsə yol göstərmək, ağıl vermək üçün gəlməmişik. Biz burada ona görə yığışmışıq ki, qarşılıqlı olaraq faydalı əməkdaşlıq, tərəfdaşlıq əlaqələri quraq. Bu əlaqələr hər birimizin maraqlarına cavab verməli, iqtisadiyyatımızı gücləndirməlidir ki, ölkələrimiz daha yaxşı gələcəyə sahib olsunlar".

Tramp tamamilə haqlıdır. Hər bir ölkə, xalq, millət öz tarixi milli mədəni adət-ənənə, dini inanc və digər keyfiyyətləri ilə fərqlənir. Eyni zamanda, hər hansı bir dövlətin yüzillər ərzində keçdiyi yolu, yeni müstəqillik əldə edən dövlətlər qısa müddət ərzində keçmək imkanında deyillər. Əsas odur ki, bu istiqamətdə məntiqi, düşünülmüş addımlar atılsın, ölkə demokratik yolda inkişaf etsin, sürətlə digər dövlətlərlə ayaqlaşmağa çalışsın. Lakin bundan təzyiq vasitəsi, ölkələrin daxili işlərinə qarışmaq cəhdi kimi istifadə olunması heç bir məntiqə sığmır. Məsələn, Azərbaycanın Birləşmiş Ştatları, Almaniyanı, Fransa və Böyük Britaniyanı multikultural, tolerantlıq ənənə və mexanizmlərinin qeyri-mövcudluğuna görə ittiham etmədiyi kimi, digər ölkə və onların siyasi mərkəzləri də ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirməməli, qara kampaniyalar aparmamalıdır. Kansler Almaniyada multikulturalizm ideyasının iflasa uğraması haqqında artıq dövlətin birinci şəxslərinin özləri də çoxdandır danışırlar. Almaniya kansleri Angela Merkel 2010-cu ilin oktyabr ayında Xristian-Demokrat İttifaqının üzvləri ilə keçirdiyi görüşdə bəyan etmişdi ki, Almaniyada multikultural cəmiyyət qurmaq cəhdləri "tamamilə iflasa uğrayıb". Daha sonralar bu sözləri Böyük Britaniyanın ovaxtki baş naziri Devid Kemeron, keçmiş Fransa prezidenti Nikolya Sarkozi və digər Qərb ölkə rəhbərləri də təkrarladı.

Qara kampaniyaların ayrı-ayrı vaxtlarda ölkəmizlə yanaşı, Türkiyə, Rusiya, Belarus kimi ölkələrə qarşı da həyata keçirildiyini, Ermənistan kimi işğalçı bir dövlətin isə sadəcə kənardan izləmə mövqeyini tutduğunu görəndə bütün bunların arxasında hansı maraqların dayandığı tamamilə aydınlaşır: müstəqil dövlətlərin daxili işlərinə qarışmaq, onları öz maraqları çərçivəsində addımlar atmağa məcbur etmək. Təəccüblü də deyil ki, bu cür qara kampaniyaların həyata keçirilməsində Qərblə erməni lobbisi sıx əməkdaşlıq edir, anti-Azərbaycan dairələrin məkrli tapşırıqlarını yerinə yetirir. Halbuki, diqqət yetirsək, Qərb dövlətləri, eləcə də ABŞ-da vaxtaşırı olaraq dini və irqi zəmində müxtəlif hadisələr baş verir ki, bütün bunlar da faciəvi nəticələrlə yekunlaşır. "Human Rights Watch", "Freedom House" kimi təşkilatlar isə baş verən bu hadisələri görməzdən gəlir, öz "ali missiya"sının yalnız "seçilmiş" ölkələrə qarşı yönəldiyini açıq şəkildə sübut edir. Əgər uzaq və yaxın tarixi vərəqləsək, o zaman Qərbin apardığı müstəmləkə siyasəti nəticəsində Afrika, Avstraliya, Amerika kimi qitələrin aborigen əhalisinə qarşı aparılan soyqırım siyasətinı öz çılpaqlığı ilə bir daha nəzərdən keçirmiş olarıq. Ancaq "unutqan" Qərb dövlətləri öz məkrli niyyətindən əl çəkmir, hədəf götürdüyü ölkələrdə, xüsusilə mötəbər tədbirlərin keçirildiyi vaxt yenidən fəaliyyətə başlayaraq "nüfuzdansalma" əməliyyatlarını davam etdirirlər. Bu mənada, 2012-ci ildən Bakıda keçirilən "Avroviziya" mahnı müsabiqəsi, Birinci Avropa Oyunları və digər mötəbər tədbirlər zamanı biz bu hücumların, qara kampaniyaların şahidi olduq. Lakin anti-Azərbaycan dairələr bununla heç nəyə nail ola bilmədi, əksinə ölkəmizin artan nüfuzunu kənardan izləmək məcburiyyətində qaldılar.

 

İndi isə D.Tramp prezidentliyə başlayar-başlamaz qara missiyalar həyata keçirən qüvvələrə tərs şillə vurdu. O, dünya ictimaiyyətini, həqiqi mənada birliyə, əməkdaşlığa çağırdı. Ölkələrin daxili işlərinə qarışmaq, münaqişə ocaqlarını artırmaq, kütləvi insan qanı axıtmaqla yaxşı heç nəyə nail olmağın mümkün olmayacağını anlatmağa çalışdı. Lakin görünən odur ki, köhnə adətlərin əsarətində qalan, yeni siyasi təfəkkürə uyğunlaşmayan ABŞ Dövlət Departamenti prezident Trampla ayaqlaşmaq imkanında deyil.

İstənilən halda, Azərbaycan dövləti heç bir xarici ölkəyə, siyasi dairəyə ölkəmizin daxili işlərinə qarışmasına imkan verməyəcək. Bu cür siyasət aparan qüvvələr gec ya tez, bunun yanlış yol olduğunu anlayacaq. Əks halda, ən böyük ziyanı onlar çəkəcəklər. Çünki ölkələrlə əməkdaşlıq edərək qarşıqlı fayda əldə etməkdənsə, intriqalar yaratmaq, münasibətləri korlamaqla ciddi nəsə əldə etmək mümkün deyil. Builk növbədə həmin dövlətlərin siyasi nüfuzuna mənfi təsir edən, onları hörmətdən salan məqamdır.

Beşinci çağırış Milli Məclisin ilk iclasında prezident İlham Əliyev öz çıxışında qeyd etmişdi ki, Azərbaycan dövləti bəzi xarici ölkələrin daxili işlərimizə qarışmaq cəhdinin qarşısını həmişə alacaq: "Azərbaycan tez-tez əsassız iddialarla üzləşir. Guya ki, Azərbaycanda demokratiya, insan hüquqları pozulur. Guya Azərbaycan hansısa, - kim tərəfindən müəyyən edilibdir bunu biz bilmirik, - meyarlara cavab vermir. Siz göstərin öz meyarlarınızı, göstərin öz bəyan etdiyiniz dəyərlərə sədaqətinizi. Biz bunu görmürük. Belə çıxır ki, bu dəyərlər ancaq başqaları üçündür. Bunlar başqalarını əzmək, təhqir etmək, öz iradəsini onlara tətbiq etmək üçündürmü? Haradadır bu dəyərlər, mərhəmət, insan hüquqları, ləyaqət? Biz bunu görmürük. Ona görə bu hadisələr və bu vəziyyət bir daha onu göstərir ki, biz nə qədər haqlı olmuşuq, öz yolumuzla getmişik, heç kimdən asılı olmamışıq, olmaq da istəmirik. Buna ehtiyac da yoxdur. Biz öz hesabımıza yaşayırıq, beynəlxalq məsələlərlə bağlı öz sözümüzü deyirik".

Prezident vurğulayıb ki, Azərbaycan beynəlxalq təşkilatlarda, əlbəttə ki, üzv olduğu təşkilatlarda bundan sonra da fəal iştirak edəcək: "Üzv olmadığımız beynəlxalq təşkilatlar qarşısında bizim heç bir öhdəliyimiz yoxdur, ola da bilməz. Üzv olduğumuz təşkilatlarda fəaliyyətimiz də yüksək qiymətə layiqdir. Üzərimizə götürdüyümüz bütün öhdəlikləri yerinə yetiririk və ölkəmizin maraqlarını müdafiə edirik. Ona görə biz daxili təhlükəsizliyi təmin edəcəyik. Heç bir kənar qüvvənin təsiri Azərbaycanda mümkün deyil. Bunu bütün ictimaiyyət bilməlidir və bilir. Gələcəkdə belə cəhdlər olarsa, əlbəttə ki, ciddi cavab, adekvat cavab veriləcəkdir".

Ceyhun ABASOV

 





25.05.2017    çap et  çap et