525.Az

ADPU-da əməkdaşların attestasiyası keçirilir


 

ADPU-da əməkdaşların attestasiyası keçirilir<b style="color:red"></b>

Mayın 25-dən başlayaraq Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) universitetin tədris-yardımçı heyətin və Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşlarının da attestasiyasının keçirilməsinə başlanılıb.

Belə ki, ADPU-nun rektoru, professor Cəfər Cəfərov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın tələblərini, “Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması barədə” prezidentin sərəncamından irəli gələn müddəaları, eləcə də Əmək Məcəlləsini və “Təhsil haqqında” Qanunu əsas tutaraq universitetdə çalışan tədris-yardımçı heyətin və Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşlarının peşəkarlıq səviyyəsinin yoxlanılması, onların ixtisasına müvafiq olaraq tutduğu vəzifəyə (peşəyə) uyğunluğunun müəyyənləşdirilməsi və kadr potensialından səmərəli istifadənin təmin olunması məqsədilə müvafiq əmr imzalayıb. Əmrdə ADPU-da tədris-yardımçı heyətdə və Kitabxana-İnformasiya Mərkəzində çalışan, qanunvericiliklə attestasiyadan keçməli olan bütün işçilərin attestasiyasının keçirilməsi öz əksini tapıb.
 
Həmin əmrə əsasən tədris-yardımçı heyətin və Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşlarının attestasiyasının təşkili və keçirilməsi üçün tanınmış və nüfuzlu təhsil ekspertləri, Əməkdar elm xadimi, professor Şahlar Əsgərov, Təhsil Şurasının sədri, Əməkdar müəllim, professor Əjdər Ağayev, həmçinin Zaur Bağırov, Vaqif Əliyev, Qumral Qədimova, Razim Məmmədov, İlham Əhmədov, İradə Əliyeva və Zakir Nağıyevin daxil olduğu attestasiyasiya komissiyası yaradılıb. Komissiya öz fəaliyyətini Əmək Məcəlləsinə, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na uyğun həyata keçirir.

Əmrin icrası ilə əlaqədər universitetin İnsan resursları şöbəsi Həmkarlar İttifaqı Komitəsi və hüquqşünasla birlikdə attestasiyadan keçməli olan əməkdaşların siyahısını hazırlayıb komissiyaya təqdim edib. Bütövlükdə attestasiyaya 240 nəfər cəlb edilib. Attestasiya müsahibə formasında keçirilir.

Qeyd edək ki, universitetin İnsan resursları şöbəsi tərəfindən bir müddət öncə tədris-yardımçı heyətin və Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşlarının bilik və peşəkarlıq səviyyəsinin müəyyən edilməsi məqsədilə ikimərhələli yoxlama keçirilib. Birinci mərhələdə onların informasiya-kommunikasiya texnologiyaları sahəsində bilik və bacarıqları yoxlanılıb. Yazılı qaydada aparılan ikinci mərhələdə isə onların ümumi elmi-nəzəri səviyyəsi, ixtisas bilikləri, eyni zamanda qanunvericiliklə bağlı bilikləri, məntiqləri, dünyagörüşləri yoxlanılıb.
 
Onu da qeyd edək ki, tədris-yardımçı heyətin və Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşlarının imtahan zamanı göstərdikləri nəticələr attestasiya zamanı nəzərə alınacaq. Rektor həm müsabiqənin, həm də attestasiyanın qanun çərçivəsində, şəffaf və obyektiv keçirilməsinə ciddi nəzarət edir.

S.QARAYEVA

 





25.05.2017    çap et  çap et