525.Az

Aşıq İlham Aslanbəyli: "Yüngül şou elementləri aşıq sənətinə yaraşmır"


 

Aşıq İlham Aslanbəyli: "Yüngül şou elementləri aşıq sənətinə yaraşmır"<b style="color:red"></b>

Aşıq sənəti şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biridir. Ta qədim zamanlardan aşıqlar elin ən hörmətli ağsaqqalı, məsləhətçisi, dostu sayılıblar. Onlar öz dövrlərinin, mühitlərinin bilikli, müdrik adamları olublar.

Budəfəki müsahibim də həmin el sənətkarlarından biri - sözü ilə, özü ilə, sənəti ilə təpədən dırnağa ozan olan Aşıq İlham Aslanbəylidir.

Ustad aşığın musiqiyə, saza sevgisi kimsəyə sirr deyil, amma mən müsahibə zamanı bunun canlı şahidi oldum.

Müsahibə üçün oturduğumuz məkanın yanındakı otaqda başqa bir aşıq öz şəyirdi ilə dərs keçirdi.

Səs ara-sıra bizim otağa da gəlib çatırdı. Bu zaman sazın səsini eşidən İlham müəllimin gözlərində ilahi bir işıq parlayır və o, sözünü yarımçıq kəsib sazın səsinə qulaq verirdi.
 
Diqqətlə onu dinləyirəm, çünki bilirəm ki, bu ecazkar səsin sehri ilə ustad danışdığı söz bir tərəfə, harda olduğunu, nə məqsədlə burada olduğunu da unudacaq...
 

- Söhbətimizə elə Sizin sazla-sözlə tanışlığınızdan başlayaq...

- Mən səkkiz yaşımdan əlimə saz almışam, ustad yanına getmişəm. Ustadım rəhmətlik Aşıq Kərəm İncəli idi. Onun ustadı da rəhmətlik Aşıq Kamandar olub. Orta məktəbi bitirənə kimi ondan dərs aldım. Sumqayıta gəldikdən sonra N.Nərimanov adına Mədəniyyət evində fəaliyyət göstərən bir dərnəyə müraciət etdim. Yaşımın azlığını görüb müəllimlər mənə elə də diqqət yetirmək istəmədilər. Ancaq sazı çalıb- oxumağa başlayanda məndəki istedadı gördülər, məktəb keçdiyimi bildilər və beləliklə, mən Sumqayıtdakı iki dərnəyin (C.Cabbarlı və N.Nərimanov adına Mədəniyyət evlərində) də fəal üzvünə çevrildim. Sonradan Azərbaycan Texniki Universitetinə daxil oldum. Bu müddətdə aşıq sənətinə fasilə verməli oldum. Düzü, fikrim istiqamətimi dəyişmək idi.

- Belə görünür ki, mümkün olmayıb...

- Bəli. Universiteti bitirdikdən sonra zavodda işə düzəldim. Ancaq iş elə gətirdi ki, müəyyən səbəblərdən zavoddan uzaqlaşmalı oldum, daha doğrusu, məni məcburi məzuniyyətə göndərdilər. Elə yaxşı da ki, belə oldu. Ondan sonra yenidən qayıtdım öz sənətimə. Əslində, bu sənət həmişə həyatımda idi. Amma ondan sonra daha ciddi məşğul olmağa başladım.

- O dövrdən indiyə nə dərəcədə dəyişiklik olub?

- Çox böyük dəyişikliklər var. Biz o dövrdə əlimizdə saz küçədə gedə bilməzdik. Bizə geridəqalmış kimi baxırdılar, lağa qoyurdular. İndi isə aşıq sənəti çox böyük dəyər görür. Bu dəyər birinci növbədə dövlətimizin diqqət və qayğısının nəticəsidir. Təsadüfi deyil ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə aşıq sənətimiz UNESCO-nun İrs Siyahısına düşdü. Getdikcə də bu diqqət artmaqdadır. Hətta deyə bilərəm ki, məhz bu dövlət diqqət və qayğısının sayəsində mən indi həyatdayam, yaşayıram.

- Bu necə olub, maraqlıdır...

- Bir dəfə Aşıq Ələsgərin 175 illik yubileyi ərəfəsində Ulu Öndər Heydər Əliyev bu yubileyin dövlət səviyyəsində keçirilməsi ilə bağlı sərəncam vermişdi. Sumqayıtda bütün aşıqları arayıb-axtarırdılar. Mən  o zaman yataqxanada yaşayırdım, özüm də yamanca xəstə idim. Heç xəstəliyimi öyrənməyə, doğru-düzgün müalicə almağa maddi imkanım da yox idi. İcra Hakimiyyətindən mənə zəng elədilər ki, tədbirdə iştirak etməlisən. Dedim, xəstəyəm. O tədbirə görə mənə həkim gətirdilər, müalicəmi təmənnasız etdilər və mən sağalıb konsertə çıxdım.

- Aşıq sənətinin müasir təqdimatından necə, razısınızmı?

- Düşünürəm ki, indiki dövrdə bu sənətin təqdimatı düzgün deyil. Aşıqlar arasında lazımsız intriqalar, ən xırda narazılığın şoulaşdırılması baş alıb gedir. Bundan başqa, qısqanclıqlar da var. Bu qısqanclıqlar həmişə olub və mən həmişə bunu hiss etmişəm. Amma səbəbini və nəyə gərək olduğunu anlamaqda hələ də çətinlik çəkirəm. Yüngül şou elementləri, əlbəttə, mənə xoş deyil. Çünki bu, saza, aşıq sənətinin sanbalına yaraşmır. Amma mən heç kimin yaxasından tutub "onu et, bunu etmə"- deyə bilmərəm. Mən sadəcə fikir bildirirəm, nəzərə alan alsın, almayanın yenə də öz işidir. "Aşıq", "ozan", "saz" sözlərindəki sanbalı duyan, hiss edən, dərk edən insanlar onsuz da o şouya getmirlər. Bizim hər birimizin bir amalı olmalıdır: vətəninə, millətinə, dövlətinə layiqincə xidmət etmək. İşindən, vəzifəndən, adından sui-istifadə etmək kimsəyə başucalığı gətirməz. Savadsız cahilə elm verərsən, öyrədərsən, gələcəkdə ondan aqil bir insan yetişə bilər. Vay o gündən ki, alim cahil ola. Bax, ona heç nə ilə əlac edə bilməzsən, belələri cəmiyyətin, bəşərin bəlasıdır.

- Aşıq sənətinin müxtəlif musiqi alətləri ilə sintezinə necə baxırsınız?

- Həddini aşmadan müasirlik adına atılan hər bir addım təqdirəlayiqdir. Biz aşıqlar da sazı hazırkı dinləyici üçün ifa etməliyik. Biz bunu dərk etməliyik ki, artıq klassik aşıq havalarını dinləyən insanların sayı lap azdır. Zaman heç birimizi gözləmədən sürətlə irəliləyir və biz də bu zamanla ayaqlaşmağa borcluyuq. İnsanlar, ətraf, cəmiyyət müasirləşir. Bəs biz niyə keçmişdə qalaq? Axı, onda bizi dinləyən olmayacaq, sazı sevən olmayacaq.

- Bildiyim qədərilə, tez-tez xarici ölkələrdə səfərlərdə, el şənliklərində olursunuz. Ən çox hansı ölkələrdən dəvətlər alırsınız?

- İrana, Gürcüstana, bəzi hallarda Rusiyaya dəvətlər alıram. Amma bunların arasında ən çox bizi həqiqi klassik aşıq kimi- yəni, keçmişdə olduğu kimi görmək istəyən İrandır. İran ozan sənətindən kənar deyil. Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım kimi ustad aşıqlar oranın yetirmələridir.

- İranlılar deyəndə oradakı soydaşlarımızı nəzərdə tutursunuz, yoxsa farsları da?

- Elə hər ikisini nəzərdə tuturam. Mən Əhərdə toyda olanda Tehrandan ora məhz bizi dinləməyə qonaqlar gəlmişdi. Mən orada bu sənətə qarşı gördüyüm sevgini başqa heç bir yerdə görməmişdim.

- Yəqin ki, maraqlı hadisələrlə də qarşılaşmısınız...

- Çox olub. İlk dəfə İrana toya dəvət alanda bərk xəstə idim. Məni ora Böyükbəy adlı bir dostumuz dəvət etmişdi. O da həm orada, həm burda aşıq sənətinin inkişafı üçün çox mühüm işlər görmüş ziyalılardandır. Mən ona dedim ki, çox xəstəyəm, gələ bilməyəcəm. Cavab verdi ki, siz nə danışırsınız, bir bilsəniz, sizi burada necə həyəcanla, sevgi ilə gözləyirlər. Qurbanlıq heyvanı qapıya bağlayıblar, bəsləyib böyüdürlər ki, siz gələndə ayağınızın altında kəssinlər. Düzü, inanmadım, dedim, mən qurban kəsiləcək dərəcədə nə etmişəm axı... O dedi ki, gəl, görəcəksən. Həmin gecə çox narahat, fikirli yatdım, gedib getməməkdə tərəddüd keçirirdim. Gecə yuxuda gördüm ki, başımın üstündə çox gözəl, ağ, üzündə qara xalları olan bir heyvan dayanıb. Yuxudan durdum və qərar verdim ki, getməliyəm. Ora getdim. Məni toy olan evə apardılar, qapıdan içəri girəndə gördüm mənim gəlişimə qurban deyilən qoç yuxumda gördüyüm həmin heyvandır. Onu görəndə ətim ürpəşdi, çox qəribə hisslər yaşadım. O heyvan mənim ayağımın altında kəsildi və mən onun üstündən keçdim. İnanın səmimiyyətimə, elə bildim mən heç zaman xəstə olmamışammış. Bütün xəstəliyim onunla da keçib getdi və mən toyu yüksək səviyyədə oxudum. Mənim bu yuxum sazın İlahi bağlılığının bir göstəricisidir.

Həmin gün gecə saat 3-ə kimi toy davam etdi və yenidən səhər saat 10-da başlamalı idi. Mənə yatmaq üçün otaq göstərdilər. Gecəni orada qaldım. Səhər yuxudan duranda gördüm mən qaldığım otağın pəncərəsinin qabağı izdihamdır. İnsanlar ağacların başına, evlərin damına çıxıb gecə səhərə qədər məni gözləyiblər ki, aşıq səhər durub yenidən saz çalacaq, ifa edəcək. Mən onda elə bilirdim təmiz ayrı bir dünyaya düşmüşəm. Yəni bu qədər sevgi mümkün idimi? Mən sonralar da bu sevgini hiss edirdim.

- İran toyları bizim şadlıq məclisləri ilə çoxmu səsləşir?

- Onların adətləri bizim qədim ənənələrlə, demək olar ki, eynidir. Aşıqlar bizim əvvəlki toylarımızda necə oxuyardılarsa, onlar o cür görmək istəyir aşığı. Aşığa bir ayrı hörmət var orada. Aşıq oxuyanda səs salmazlar, yemək yeməzlər.

Bir maraqlı adətləri var, toy gecəsi qız qaçırmaq. Mən orda olanda gördüm aləmə hay düşdü. Dedim, nə olub? Dedilər filankəsin qızını qaçırtdılar. Bir nəfər də dedi ki, bax gələcəkdə o qızın qaçırılmağından danışanda deyəcəklər ki, Aşıq İlham Aslanbəyli bu kəndə gələndə qaçırılıb o qız.

Onların ən çox yadımda rəqsləri qalıb. Çox gözəl, məlahətli, özlərinə məxsus rəqsləri var.

Bir başqa adətləri budur ki, yaxın məsafələrdə gəlini aşıq gətirər. Bir dəfə məndən onu xahiş etdilər, vaxt azlığından onu eliyə bilmədim, sözlərini yerə salmalı oldum. Hələ də o mənim ürəyimdə qalıb. Mən xatırlayıram ki, belə bir adət keçmişdə bizdə də var idi.

- Ən sevdiyiniz adətləri nədir?

- Bizdə əvvəllər "bəytərifi" var idi. İndi də bəzi kəndlərdə qalır. Bu, onlarda daha təmtəraqlı, daha geniş şəkildə keçirilir. Çox gözəldir. Biz onlarla eyni xalqıq, eyni millətik, elə də böyük fərq yoxdur. Sadəcə onlar kökə daha sıx tellərlər bağlıdırlar.

- Dediniz ki, aşıq sənətinin qədim formasını görmək istəyirlər. Mənim də ağlıma dastanlar gəldi. Dastanlar istəyirlərmi?

- Bəli, dastanlar da eşitmək istəyirlər, çox sifarişlər almışam. Doğrudur, bir dastanı başdan sona qədər söyləmək mümkün deyil, çünki onda başqalarının sifarişləri qalacaq, ancaq dastanlardan müəyyən parçalar söyləyib, nəğmələr oxuyuruq.

- Gürcüstanın da adını çəkdiniz. Orada toylar necə keçir?

- Gürcüstan, Borçalı ustad ocağı, ozan beşiyidir. Orada uşaqlığımdan toylarda olmuşam.  Onlarda sufilik var. Ona görə də ritmik havalar yox, daha çox ağır havaları istəyirlər. Onların rəqslərini izlədikcə sufilərin rəqsləri düşürdü yadıma.

- Azərbaycanda, İranda və Borçalıda istənən repertuarda fərqlər varmı?

- İranda birmənalı şəkildə klassik aşıq havalarını istəyirlər. Borçalıda ağır havalara, ağır-ağıryana ritmlərə üstünlük verirlər. Məsələn, "Ruhani", "Məmmədbağır" kimi havalar. Bakıda isə daha çox Şirvan aşıq mühitinin repertuarından istəyirlər.

- İndiki gənc aşıqların fəaliyyətindən razısınızmı?

- Razı olduğum gənclər var. Adlarını da çəkə bilərəm. Məsələn, aşıq Şəhriyar Kərimov çox məsuliyyətli, istedadlı, hər zaman öyrənmək eşqi ilə alışıb yanan gəncdir. Şəhriyar sənəti, sənətkarı sevən insandır. Onun içində zərrə qədər də həsəd, paxıllıq yoxdur. Çünki onun buna ehtiyacı yoxdur. Məndən ən çox söz istəyən, şeir istəyən gənclərdən biri məhz odur. Tam məsuliyyətlə deyə bilərəm ki, Şəhriyar bu gün üçün, sabah üçün, özü üçün yox, məhz bu sənət üçün yaşayır. Ona pul qazanmaq o qədər də maraqlı deyil. Olsa da, olmasa da, o öz sənətindədir.

Tələbəm aşıq Orxan Qazaxlı da ümidverici gənclərdəndir.

Elməddin Məmmədli həm gözəl aşıqdır, sənətkardır, həm də bacarıqlı müəllimdir.  Xanımlardan Əfsanə Kərimli, Dərya Mərdanzadə həm səsləri, həm də saz ifaları ilə çox istedadlı gənclərdəndirlər. Dərya Cəbrayıldandır. Maraqlıdır ki, hərdən deyirlər Cəbrayılda sazmı olub? Amma bizim ozan sənətinin dədəsi hesab etdiyimiz Aşıq Qurbani məhz Cəbrayıldandır.

Adını çəkdiyim və çəkmədiyim çox istedadlı gənclər var ki, mən onlara baxanda düşünürəm ki, aşıq sənəti etibarlı əllərdədir. Onlar var olduqca, bu sənət də var olacaq, daha da inkişaf edəcək.

Şahanə MÜŞFİQ

 





26.05.2017    çap et  çap et