525.Az

Müraciətlər davam edir: ÜAK-ın fəaliyyəti bərpa olunmalıdır


 

DİASPOR FƏALLARI RUSİYANIN TEZLİKLƏ KONQRESİN QEYDİYYAT MƏSƏLƏSİ İLƏ BAĞLI ƏDALƏTLİ ADDIM ATMASINI TƏLƏB EDİRLƏR

Müraciətlər davam edir: <b style="color:red">ÜAK-ın fəaliyyəti bərpa olunmalıdır</b>

Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən bir sıra diaspor qurumları Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğviylə bağlı etiraz müraciətlərinə qoşulub.

Dünya azərbaycanlıları tərəfindən dərin narahatlıqla qarşılanan bu qərarın dəyişdirilməsi, ÜAK-ın fəaliyyətinin bərpa olunması soydaşlarımızın əsas tələbidir.

"Azərbaycan Kıbrıs Dostluq Cəmiyyəti" Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi ilə bağlı Rusiya Federal Məclisinə müraciət edib. Müraciətdə bildirilir ki, Azərbaycan və Rusiya arasında müxtəlif sahələr üzə  uzun tarixə malik yaxın əlaqələr mövcuddur: "Bu əlaqələr tək iqtisadi maraqlara deyil, həm də mənəvi və mədəni bağlara əsaslanır. Lakin bu münasibətləri qəbul etməyən qüvvələr - ermənilər daim xalqlarımız arasındakı dostluq əlaqələrinin inkişafına mane olmağa çalışıblar".

Qeyd olunub ki, ölkələrimiz arasındakı qarşılıqlı dostluq münasibətləri strateji əməkdaşlıq səviyyəsinə qədər yüksəlib: "Azərbaycanın ümummilli lideri Heydər Əliyev və prezident İlham Əliyev ölkədə rus icmasının hüquqlarının, mədəni irsinin, rus dilinin, rus təşkilatlarının  müdafiəsi üçün çox vacib addımlar atıb. Azərbaycanın ən böyük diaspor təşkilatının qeydiyyatının ləğvi  multikultural və çoxmillətli  Rusiya cəmiyyətinin xarakterinə ziddir. Bu təşkilatda təmsil olunan azərbaycanlılar Rusiya Federasiyasının vətəndaşlarıdır. Bu təşkilat həm də sizin təşkilatdır".

Bəyanatda daha sonra deyilir ki, ÜAK ümummilli lider Heydər Əliyev və Rusiya Prezidenti Vladimir Putinin dəstəyi ilə yaradılıb və qeydiyyatın ləğvi iki ölkə arasındakı əlaqələrə mənfi təsir göstərə bilər: "Şimali Kiprdəki Azərbaycan diasporu ümid edir ki, iki xalqın dostluq və qardaşlıq münasibətlərinə kölgə sala biləcək bu qərara yenidən baxılacaq və ədalətli addım atılacaq".

Danimarkada fəaliyyət göstərən "Vətən" Cəmiyyəti də Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv olunmasına etirazını bildirib.

Cəmiyyət adından Rusiya Federasiyasının Prezident Administrasiyasına, Federal Məclisin Dövlət Dumasına, Federal Məclisin Federasiya Şurasına və Ali Məhkəməsinə müraciətlər qəbul edilib.

Müraciətlərdə Rusiya Ədliyyə Nazirliyinin ÜAK-ın qeydiyyatının ləğvi barədə verdiyi qərarın subyektiv xarakterli olduğu, göstərilən faktların qanuni nöqteyi-nəzərdən qeydiyyatın ləğvi üçün kifayət etmədiyi qeyd olunur.

Bəyanatda bütün bu faktların nəzərə alınması və ÜAK-ın qeydiyyat məsələsi ilə bağlı qərara yenidən baxılması xahiş olunur.

Paris Azərbaycan Evi də Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: "Ümumrusiya Azərbaycanlıları Konqresi ətrafındakı vəziyyət bizi - xaricdə yaşayan bütün azərbaycanlıları çox narahat edir və bizim bu məsələ ilə bağlı öz mövqeyimizi ifadə etmək borcumuzdur".

Bəyanat müəllifləri hesab edir ki, Rusiya Federasiyası Ali Məhkəməsinin Ədliyyə Nazirliyinin təqdimatına əsasən, 15 may 2017-ci il tarixində Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvinə dair qərarı subyektiv xarakter daşıyır və hazırkı müddəalar ÜAK kimi böyük və əhəmiyyətli təşkilatın ləğvinə əsas ola bilməz.

Bəyanatda Rusiya ilə Azərbaycan arasında əsrlər boyu davam edən münasibətlərin dostluq və mehriban qonşuluq dəyərlərinə əsaslandığı xatırladılır. Vurğulanır ki, Rusiyada yaşayan çoxmilyonlu Azərbaycan icması ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında fəal iştirak edir, həmçinin bu insanlar seçkilərdə səsvermə hüququna malikdir və məsuliyyətli vergi ödəyicisidirlər.

Diaspor nümayəndələrinin fikrincə, hazırda belə bir təşkilatın bağlanması haqqında qəbul edilmiş qərar Rusiya və Azərbaycan arasında dövlətlərarası əlaqələrə kölgə sala bilər: "Ona görə də Paris Azərbaycan Evi Rusiya Federasiyasının Ali Məhkəməsinin qəbul etdiyi qərarı yanlış və qərəzli hesab edir. Biz Rusiya hökumətinə müraciət edərək Rusiya və Azərbaycan arasında qarşılıqlı münasibətləri təhlükə altında qoyan düşünülməmiş qərarı ləğv etməyə, onları erməni lobbisinin təxribatlarının əsiri olmamağa çağırırıq".

Türkiyədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları da Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvinə dair qərarını ciddi narazılıqla qarşılayıblar. Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) və İstanbul Türkiyə Azərbaycan Kültür və Dayanışma Dərnəyi (İSTAD) bəyanat yayaraq Ali Məhkəmənin müvafiq qərarını qınayıblar.

Bölgədə Rusiya, Azərbaycan və Türkiyə arasında hər zaman həmrəyliyin olduğunu və hazırda da bu münasibətlərin davam etdiyini diqqətə çatdıran diaspor nümayəndələri vurğulayır ki, Azərbaycan dövləti regionda Rusiyanın strateji maraqlarını daim nəzərə alıb, beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq münasibətlərinin inkişafına dəstək göstərib.

Bəyanatda daha sonra deyilir ki, iki dövlət arasında tarixə söykənən dostluq münasibətlərini daha da inkişaf etdirmək yerinə azərbaycanlıların birlik və həmrəylik təşkilatı olan Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi qəbulolunmazdır: "Verilmiş qərarın yanlış olduğuna inanır və Rusiya tərəfinin tezliklə ÜAK-ın qeydiyyat məsələsi ilə bağlı ədalətli addım atmasını tələb edirik".

Ceyhun ABASOV

 





26.05.2017    çap et  çap et