525.Az

"Status-kvonun davam etməsi regionda sülhün yaranmasına əngəldir"


 

"Status-kvonun davam etməsi regionda sülhün yaranmasına əngəldir"<b style="color:red"></b>

"Beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi birmənalı olaraq aydındır. Onlardan başqa mövqe gözləməyə bundan sonra da ehtiyac yoxdur".

Belə bir açıqlama ilə Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı münaqişə ətrafındakı vəziyyətə, həmçinin beynəlxalq təşkilatların problemə yanaşmasına münasibət bildirərkən çıxış edib. Onun sözlərinə görə, bu qurumlar bütün hərəkətləri ilə Ermənistanı müdafiə etdiklərini və xristian tərəfdarı olduqlarını göstərirlər: "Bəzən görürsən ki, bizim ekspertlər də xristian tərəfkeşliyindən danışırlar. Bunu açıq şəkildə demək lazımdır. Burada ayrı-ayrı dövlətlərin - ABŞ, Rusiya, Fransa və Avropanın və s. Konkret olaraq  regionda maraqları var. Onlar bu münaqişə vasitəsilə öz maraqlarını yerinə yetirməyə çalışırlar. Ona görə də bir müddət əvvəl Şuşanın işğalının 25 illiyi qeyd olundu, bir neçə gün əvvəl isə Laçının işğalının 25 illiyi qeyd olundu. Yəni bu, böyük bir tarixdir. Bu mənada hesab edirəm ki, beynəlxalq təşkilatlara bundan sonra ümid etməyə dəyməz. Azərbaycan özünün real və konkret müttəfiqlərini müəyyənləşdirməlidir. Beləcə müharibəyə başlamalıdır. Bunun başqa yolu yoxdur".

Politoloq Vasif Əfəndiyev isə deyib ki, bu yaxınlarda Dağlıq Qarabağda Azərbaycan ordusu tərəfindən vurulan "OSA hava hücumu" qurğusunun Rusiyaya məxsus olması bir çox suallar yaradır. Ermənistan bu faktı qabardaraq Azərbaycan tərəfini hərbi eskalasiyanı qızışdırmaqda günahlandırmağa çalışsa da, əslində bu hadisə onların əleyhinə işlədi. Ermənistanın bu hadisəyə verdiyi cavab, hədələri də yersizdir və cavab vermək imkanları da məhduddur.
 
Onun sözlərinə görə, bu hadisə bir daha sübut edir ki, status-kvonun davam etməsi regionda etibarlı sülhün yaranmasına böyük əngəldir: "Gec,  ya tez Azərbaycan ordusu aprel döyüşlərində olduğu kimi, qətiyyətli və geniş hərbi əməliyyatlar aparmaq məcburiyyətində olacaq. Ona görə də beynəlxalq təşkilatlar və erməni havadarları birdəfəlik dərk etməlidirlər ki, münaqişənin bir həlli yolu var. Torpaqlar qeydsiz və şərtiz gerçək sahibinə qaytarılmalıdır. Rəsmi olaraq Rusiya bu müharibədə tərəf kimi iştirak etmir və bu barədə  hər hansı bir iddianı qəbul etmir. Lakin faktlar və dəlillər başqa şey deyir. Bu gün Dağlıq Qarabağda erməni terrorçularının əlində olan silahlar birmənalı olaraq Rusiya istehsalıdır. Bu silahlar Dağlıq Qarabağın erməni terrorçularının əlinə necə düşüb. Əgər bu silahlar Rusiyanın iddia etdiyi kimi, qeyri-qanuni yolla Qarabağa göndərilibsə, o zaman niyə silahların geri qaytarılması barədə düşünülmür və ya  cinayəti edənlər məsuliyyətə cəlb edilmirlər.

Hesab edirəm ki, Azərbaycan tərəfi  bu faktı BMT və Avropa şurası qarşısında təkidlə qaldırmalıdır. Dağlıq Qarabağda mövcud olan silahların mənbəyi aşkar edilməli, bu cinayəti törədənlər ifşa olunmalı və gərəkirsə beynəlxalq məhkəmə  qarşısına çıxarılmalıdır. Biz bunu etməsək, düşmənimizin dostları  öz çirkin niyyətlərini davam etdirəcəklər". Politoloq deyib ki, qondarma "Donetsk Xalq Respublikası" ordusunun Dağlıq Qarabağda  hərbi əməliyyatlara cəlb edilməsi xəbərləri çox təhlükəlidir: "Bundan sonra Dağlıq Qarabağda "yaşlı adamcıqlar" deyilən başkəsənlər dəstəsini görməmiz reallaşa bilər və faktiki olaraq Rusiya Dağlıq Qarabağı  qondarma "DNR" vasitəsilə  tam nəzarətinə keçirə bilər".

Ehtiyatda olan polkovnik Cəlil Xəlilov isə hesab edir ki, Ermənistanın təxtibatçı əməlləri cəbhə xəttində yenidən təkrarlanır: "Bu mənada hesab edirəm ki, aprel döyüşləri yenidən baş verə bilər. Bu gün Ali Baş Komandan, Azərbaycan prezidenti İlham Əliyev bütün diplomatik və danışıq imkanlarından istifadə edərək çalışır ki, bu məsələləri qaydasına salsın. Yəni beynəlxalq təşkilatların, qonşu dövlətlərin imkanlarından və s. çalışırıq ki, istifadə edək. Amma bunlar baş verməyəndə və ermənilər Azərbaycana qarşı təxribatlarını davam edəndə təbii ki, biz məcburuq ki, onların cavabını verək və yerlərində otuzduraq. Başa salaq ki, Azərbaycan ordusunun gücünə o qalib gələ bilməz və ərazi iddiaları edə bilməz. Qarabağ danışıqlarının nəticəsi olaraq onlar əraziləri tərk etmək əvəzinə hələ bir təxribatlar da edirlər".

PƏRVANƏ

 





26.05.2017    çap et  çap et