525.Az

"Günəş" jurnalı: 90 illik yubileyin sevinci və qüruru


 

SOVET İTTİFAQI QƏHRƏMANI MEHDİ HÜSEYNZADƏ QOCAMAN NƏŞRİN YARADICI SİMALARINDAN BİRİ OLUB

"Günəş" jurnalı: <b style="color:red">90 illik yubileyin sevinci və qüruru</b>

Uşaqların daimi dostu, məsləhətçisi olan "Günəş" jurnalının 90 illik yubileyidir.

1927-ci ildən bəri oxucularının görüşünə gələn, az qala ölkənin ən yaşlı nümayəndəsi ilə həmyaşıd olan "Günəş" jurnalı, köhnə adı ilə desək "Pioner" uşaq mətbuatının ilk qaranquşu, pionerlərindəndir.

Bu illər ərzində jurnalın adı ilə yanaşı, forma və məzmunu da yenilənib, dövrün tələbləri ilə çevik şəkildə ayaqlaşıb. Bəs bu qocaman jurnalın həmişəcavan qalmasının əsas sirri nədir?

Hələ 1926-cı ildə ovaxtki Bakı şəhər komsomol təşkilatının konfransında bir dəstə fəal məktəbli üzərinə "Pioner" sözü yazılmış 28 səhifəlik jurnal hazırlamışdı. Uşaq xətti ilə yazılmış cəmi 50 nüsxə jurnal konfrans iştirakçılarının böyük rəğbəti ilə qarşılandı. Həmin nüsxələr "Pioner" jurnalının bünövrəsi oldu. Aradan bir neçə ay keçəndən sonra, 1927-ci ilin fevralında dərgi böyük tirajla çıxmağa başladı.

Dərgi nəşrə başlayandan çalışır ki, balaca oxucuları onu oxuya-oxuya daha ağıllı, kamallı, mərd, cəsur, vətənpərvər olsunlar. "Günəş"in nömrələrində Azərbaycanın yazıçı və şairlərindən Abdulla Şaiq, Səməd Vurğun, Mirzə İbrahimov, Eynulla Ağayev, Zeynal Cabbarzadə, Tofiq Mütəllibov, Hikmət Ziya, Nəriman Süleymanov, Tofiq Mahmud, Qaçay Köçərli, Rafiq Yusifoğlu, Məmməd Namaz kimi böyük maarifçi, uşaq ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri dərc olunub. Uşaq nəşrinin redaksiya heyəti həmişə dünyəviliyə də diqqət yetirərək uşaqların erkən yaşlarından dünyagörüşünün daha müfəssəl formalaşması üçün dünya ədəbiyyatı nümayəndələrindən hekayə, povest, poemalar təqdim ediblər.

Ədəbi-mətbu orqanın yubiley tədbirləri həmişə böyük diqqət mərkəzində olub, yüksək səviyyədə keçirilib. 1977-ci ildə bütün respublika ictimaiyyəti jurnalın 50 illik yubileyini təntənəli surətdə qeyd edib, "Pioner" SSRİ Ali Sovet Rəyasət Heyətinin fərmanı ilə məktəblilərin tərbiyəsi sahəsində səmərəli işinə görə "Şərəf nişanı" ordeni ilə təltif edilib.

Öz təsir qüvvəsi ilə uşaqların tərbiyəsində mühüm rol oynayan "Günəş" jurnalında dövrün məşhur şair və yazıçıları, görkəmli elm xadimləri və rəssamları çalışıblar. Yazıçı Qılman İlkin və Hüseyn Abbaszadə də uzun müddət "Pioner" jurnalının redaksiyasında məhsul vəzifələri icra ediblər.

Sonralar nəşrin 70 illiyi ilə bağlı xatirələrində Qılman İlkin bildirmişdi ki, otuzuncu illər onun mətbuat sahəsinə qədəm qoyduğu illər idi: "1929-cu ildə Bakıdakı 18 nörməli pedaqoji texnikumu yenicə bitirmişdim. Bir il Xaçmazın Əhmədoba kəndində müəllimlik etdikdən sonra Bakıda "Gənc işçi" qəzetinin nəzdində çap olunan "Pioner işçisi" adlı jurnalda işə girdim... Həmin jurnal 1932-ci ilədək fəaliyyət göstərdi. Bu jurnal sonralar çap edilməyə başlayan "Pioner" jurnalı üçün, necə deyərlər, yol açdı. Doğrudur, "Pioner" jurnalı fasilələrlə çap edilirdi. Mən 1938-ci ildən həmin nəşrdə redaktor müavini vəzifəsində çalışmağa başlamışam. Böyük Vətən müharibəsi başlananadək, dörd il burada işləmişəm. Yaxşı yadımdadır, mənim işlədiyim dövrdə  jurnal binasını üç dəfə dəyişmişdi. Kollektivimiz cəmi iki nəfərdən ibarət idi. Bir redaktor idi, bir də mən.

Redaktorlar da adətən komsomolun mərkəzi komitəsinin məsul işçilərindən olurdu. Redaktorluq onların üzərinə bir növ əlavə vəzifə kimi qoyulurdu. Buna görə də redaksiyada bütün iş mənim üzərimə düşürdü. Katibliyi də, korrektorluğu da mən aparırdım. Sonralar bizə iki ədəbi işçi vəzifəsi verildi və bir müddətdən sonra ştata rəssam da əlavə olundu. Bu, təxminən 1939-1940-cı illərdə olmuşdu. Jurnalımız aylıq ədəbi, bədii, ictimai jurnal idi. Əlbəttə, bunun üçün jurnal səhifələrində ədəbi-bədii əsərlərə geniş yer verilirdi. Qısa müddət ərzində Bakının ən tanınmış yazıçı və müəllimlərini ətrafımıza toplaya bilmişdik. Redaksiyamıza əlavə olaraq  bir məsləhətçi yeri verildi. Bu yerə hamımızın sevimlisi Abdulla Şaiq müəllimi götürdük.

Doğrudur, o, həftədə ancaq iki gün işə gəlirdi. Buna baxmayaraq, onun jurnalda işləməsi nəşrin hörmətini xeyli artırdı. Jurnalın tirajı artdı, bədii tərtibatı daha da yaxşılaşdı. Biz o zaman gənc rəssamlarımızı işə cəlb etdik. Onların sırasında Kazım Kazımzadəni və sonralar əfsanəvi qəhrəman kimi tanınan Mehdi Hüseynzadəni göstərə bilərəm. Bu iki rəssamın yaxından iştirakı ilə jurnalın tərtibatı xeyli dəyişdi.

Uşaqların həyatına dair müntəzəm hekayə və şeirlər dərc edirdik. Abdulla Şaiqin jurnalda məsləhətçi olduğunu bilən gənc şairlər jurnalın ətrafında toplaşdılar. Yadımdadır, jurnalın 1937-ci ildə görkəmli rus şairi Puşkinin ölümünün 100 illiyinə həsr edilmiş nömrəsi oxucularımız tərəfindən böyük rəğbət və sevinclə qarşılandı. Bu nömrə bədii tərtibat baxımından son dərəcə gözəl idi. Jurnalın həmin sayında Mehdi Hüseynzadənin çəkdiyi Puşkinin abidəsinin şəkli nəşrə xüsusi yaraşıq verirdi. Redaksiyamıza tez-tez gələn müəllimlər bu nömrəni xüsusilə bəyənmiş və əlavə olaraq gələcək nömrələr üçün öz məsləhətlərini vermişdilər. Mən də gənc olduğum üçün bundan ruhlanaraq daha böyük həvəslə işləyirdim. İndi o əziz günləri, Şaiq və başqa qocaman müəllimlərlə görüşlərimi ömrümün ən gözəl anları kimi xatırlayıram".


Hüseyn Abbaszadə isə həmin günləri belə xatırlayırdı: "İlk abunə yazıldığım mətbuat orqanı "Pioner" jurnalı olub. Bu jurnalın səhifələrində Abdulla Şaiqin, Mehdi Seyidzadənin, Mikayıl Rzaquluzadənin yeni əsərlərini sevə-sevə oxumuşam.

Sonra illər keçib "Pioner"də şöbə müdiri, məsul katib vəzifələrində işləmişəm. Və nəhayət özüm bu jurnalın müəlliflərindən biri olmuşam. Uşaq ədəbiyyatı ilə yaxınlığım qocaman şairimiz Abdulla Şaiqlə aramızda ünsiyyət yaranmasına səbəb olmuşdu. Mən hələ 1948-ci ildən, "Pioner" jurnalında işlədiyim vaxtdan Şaiq müəllimlə ara-sıra redaksiya heyətinin iclaslarında görüşürdüm. Axır zamanlar nasaz olduğu üçün çox vaxt "Pioner" jurnalının redaksiya heyətinin iclaslarında iştirak edə bilmirdi. Biz materialları onun mənzilinə yollayırdıq, o da oxuyub rəyini yazırdı. Materialların arasında , xüsusilə, xoşuna gələn şeir və ya hekayə görəndə bizə zəng çalır, öz təəssüratını bildirirdi. O, cavan müəlliflərə həmişə qayğı ilə yanaşırdı. Yeri düşəndə onların əsərlərini redaktə edib redaksiyaya göndərirdi. Əsər zəif olanda rəyini elə yazırdı ki, həm müəllif yazısı haqda mötəbər fikir öyrənir, həm də tənqiddən incimirdi.
 
Yazıçılarla əlaqə saxlamaq redaksiyada mənə həvalə olunmuşdu. Nömrələrdə gedən bədii yazıları mənim şöbəm hazırlayırdı... 1949-cu ilin aprel ayının 20-si idi. Səməd Vurğunun evinə zəng çalıb jurnal üçün yeni şeir istədim. O dedi ki, hələ münasib yazım yoxdur. Ancaq məni nəzərdə tutun, bugünlərdə mütləq sizə şeir verəcəyəm. Bu söhbətdən beş gün sonra səhər təzəcə işə başlamışdıq. Səməd Vurğun redaksiyaya gəldi. Redaksiyamız Nizami küçəsindəki 11 nömrəli binada idi. Böyük şairin bu gözlənilməz gəlişi hamımızı sevindirdi. Onu araya aldıq. Jurnalın baş redaktoru Cəbrayıl Rzaquliyev  redaksiyanın əməkdaşlarını Səməd Vurğuna təqdim etdi. O, tanıdığı və tanımadığı adamların hamısı ilə mehribanlıqla görüşdü, "vədimə xilaf çıxmamışam", -dedi. Səməd Vurğun boz rəngli kostyumunun qoltuq cibindən  dörd qatlanmış vərəq çıxartdı. "Sizə iki şeir gətirmişəm. Mənə elə gəlir ki, biri uşaqlar üçün qəliz olar. Onu siz daha yaxşı bilərsiniz, hər halda, baxın, jurnalınıza hansı yarasa, götürün", - deyə şair bildirdi. Səməd Vurğun şeirlərini oxudu.

Onlardan biri "Avropa xatirələri" silsiləsinə daxil olan "Ana heykəli", ikincisi isə "Ana və körpə" adlanırdı. Hər iki şeir xoşumuza gəldi. Mən elə həmin gün onları redaksiya heyətinin üzvü Abdulla Şaiqə göndərdim. Bir neçə gün keçdi. Səməd Vurğunun şeirlərini jurnalın növbəti nömrəsinin planına daxil etmişdik. Yeri gəlmişkən, onu da deyim ki, Səməd Vurğun öz "Ceyran" şeirinin əlyazmasını da bizə gətirib və şeir ilk dəfə "Pioner" jurnalında çap olunub... Eləcə də bir çox cavan yazarların - xalq şairi Xəlil Rzanın, yazıçı Sabir Əhmədovun, şair Nəriman Həsənzadənin ilk əsərləri "Pioner" jurnalında çıxırdı. Tanınmış rəssamlardan Mikayıl Abdullayev, Kazım Kazımzadə, Oqtay Sadıqzadə, Davud Kazımov, Toğrul Sadıqzadə, Elmira Şaxtanxtinskaya, Həsənağa Ağayev jurnalla əməkdaşlıq edirdi. Bəstəkarlardan ilk dəfə olaraq Qara Qarayevin "Sülh", Səid Rüstəmovun "Dəstə rəhbəri", Qəmbər Hüseynlinin "Ana məktəb", Ağabacı Rzayevanın, Cahangir Cahangirovun  mahnıları "Pioner" jurnalında dərc olunub..."

1990-cı ildən "Günəş" adı ilə nəşr olunan jurnalın qarşısında duran vəzifələr, görəcəyi işlər heç zaman tükənmir, bitmir, əksinə daim artır. Hazırda yazıçı-publisist Vasif Quliyevin baş redaktorluğu ilə "Günəş" jurnalı fəaliyyətini davam etdirir. Ayda bir dəfə uşaqların görüşünə gələn jurnal insanlıq var olduqca, yeni nəsillər dünyaya göz açıb bizi sevindirdikcə ali missiyasını layiqli şəkildə yerinə yetirəcək, redaksiya heyəti gələcəyimizin təminatçısı olan balaca oxucularını inamla böyük həyata hazırlaşdıracaq.

Məhz bu mənada, mətbu orqanın fəaliyyətinin qayəsində məktəbliləri xalqa, Vətənə, torpağa məhəbbət, sədaqət ruhunda tərbiyə etmək dayanır. Ömrünün son ikirəqəmli yubileyini qeyd edən, addım-addım, ilbəil inamla 100 yaşına doğru irəliləyən "Günəş" nə qədər məktəblinin yaxın dostu, xeyirxah məsləhətçisi olub. İndi həmin uşaqlar böyüsələr də, sədaqətli dostunu unutmayıblar. Ona görə də, "Günəş"in dostları, sevənləri ildən-ilə çoxalmaqda, artmaqdadır. "Günəş"i gənc, məğrur saxlayan da elə budur: əbədi sevgi.

Ceyhun ABASOV

 





26.05.2017    çap et  çap et