525.Az

Hamılıqla yolumuz Şuşayadır


 

Hamılıqla yolumuz Şuşayadır<b style="color:red"></b>

O gün mən həm gəncliyimə qayıtdım, həm də dərdlərlə çulğalaşan ürəyimin lap dərinliyində dərdimə bir yük də qatdım. 1972—1977-ci illərdə 626-cı qrupda 5 il jurnalistikanın—qəzetçiliyin, nəşriyyat işinin, radio və televiziyanın incəliklərini birər-birər tələbələrə aşılayan müəllimlərin mühazirələrini birgə dinləmişik. İstər Nəriman Zeynalov, Nurəddin Babayev, Seyfulla Əliyev, Nüsrət Bağırov, istərsə də Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, Tofiq Rüstəmov, Cahangir Məmmədli, Nəsir Əhmədov, Akf Rüstəmov və digər müəllimlər bizə tədris etdikləri fənnlər üzrə nəzəriyyə öyrədirdilər, yazmaq yox... Nəyi, nə zaman və necə yazmaq isə qalmışdı öz qabiliyyətimizə və Allahdan verilən istedadımıza. Universiteti bitirəndən sonra jurnalistikanı tərk edib başqa sahələrə gedənlər də oldu, bu şərəfli peşənin təmənnasız sevgi quluna çevrilənlər də...

Flora Xəlilzadə təqdimata ehtiyacı olmayan jurnalistlərimizdəndir. Nə yaxşı ki, illərini sərf etdiyi peşəsinin bəhrəsini ona gec də olsa bu il verdilər: respublikanın əməkdar jurnalisti adını. Doğrudur, o Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Tərəqqi medalına”, Prezident mükafatına layiq görülüb, amma əməkdar adı hər bir jurnalistin umduğu yüksək addı... Kimsə elə düşünməsin ki, Flora ad-san həvəsindədi, əsla yox! Sadəcə hansı yollarlasa bu ada sahiblənib də onunla öyünənləri görəndə insanda qəribə hisslər yaranır. Nə isə...

15 kitab müəllifidir. 15 kitabın səhifələrini saysaq və hər səhifədəki yazıları yenidən oxusaq, onun hansı yük çəkdiyi haqqında nə və yaxud nələrsə deməyə ehtiyac qalmır. Mənim tələbə dostum zəhmətkeşdir—daim axtarır, tapır; məhsuldardır—bu qədər qələm nümunəsi var; nə istədiyini bilir—gözünün nurunu tökdüyü yazılarını küləyə verməyib, toplular halında ən azından balalarına yadigar qoyub; onu xatırlamağa və xatırlatmağa, nəsil davamçılarına tanıtmağa...

Özünü təqdimata ehtiyac olmasa da, ürək yağını əridib ərsəyə gətirdiyi kitablarının təqdimata ehtiyacı olub. Məni xatırlayıb da növbəti—”Ruhumuzun ünvanı Şuşa” kitabının təqdimat mərasiminə dəvət etmişdi.

Elə oradaca—Atatürk mərkəzində düzənlənən toplantıda kitabla tanış oldum. Bilmirəm, tanışlıq idi,  ya varından yox olmaq... Bu barədə Yaradanımın mənə verdiyi səbrə söykənib bir qədər sonra...

Hə... kitab 23 çap vərəqi həcmində, tanıdığım ziyalılar içində öz milli mənliyi ilə seçilən, insanlara münasibətdə hamını “Allah yaratdı” bilən, yıxılanın qolundan tutan, eləcə varlığı ilə kimlərə-kimsələrə arxa-dayaq olan, həyatını ədəbiyyata həsr edən, titullarını saymadan belə adının hörmətinə minlərlə ədəbiyyat fədaisini arxasınca apara bilən Qəzənfər Paşayevin redaktorluğu ilə işıq üzü görüb. Və tədbirdə Qəzənfər müəllimin kitab haqqında, orada toplanmış məqalələr barədə, müəlliflə bağlı söylədiyi fikirlər imkan verir deyək ki, professor Flora xanımı yaxşı tanıyır, onun yaradıcılıq imkanlarına və potensialına yetərincə bələddir və toplu halından əvvəl qəzetlərdə dərc olunan bu yazıların hər birini qəlb ağrısıyla oxuyub.

Kitabda toplanmış məqalələri oxuyan və yaxud da, ümumiyyətlə, Flora Xəlilzadənin yaradıcılığına bələd olan hər kəs gözəl bilir ki, müəllif nədən yazırsa, yazsın, şablon sözlərə varmır, dilimizin gözəl, özəl incəliklərindən bəhrələnərək düşüncələrini,ürəyindən keçənləri oxuculara çatdırır. Zalım ürəkdən də nələr keçmir ki!.. Bax beləcə:”Bilmirəm, nədəndi, “Şuşa” kəlməsini eşidən kimi ürəyim titrəyir. Elə bil qəlbimin şüşəsinə toxunulur. Çiliklənib sınacağından qorxuram. Amma heç qorxmağa da dəymir. Bütün varlığıma bir ağrı hopur, gözlərim dolur, xəyalım haralara qanadlanmır?! Şuşa mənim üçün sehirli bir ünvan idi. doğulduğum yurda da, təhsil aldığım paytaxta da gəlişim-gedişim onun qala divarlarının ətəyindən keçərdi. Hərdən də bu dağlar zirvəsində qərar tutmuş Şuşaya qalxar, gözəlliyini, qeyri-adiliyini könlümə yığardım”. İndi siz deyin, Şuşa həsrətini qəlbində gəzdirən  birinin fikirlərini bundan gözəl, bundan təsirli və sadə verək olarmı?.. Tarixçilərin fikrinə əsaslansaq, deyərik ki, Flora özü də Şuşalıdı, Şuşa qəzasının Urud kəndindəndi. İndi gör, Qarabağ hələ illər öncə ta haralara qədər uzanıb gedirmiş?..

Flora Şuşa və şuşalılarla bağlı tədqiqatlar aparıb, arxivlərdə, kitabxanalarda işləyib, elə zəngin faktlarla, işıq düşməmiş məlumatlarla, məxəzlərlə rastlaşıb ki, özünü dəryada hiss edib və oradan sahilə çıxıb nəfəs dərməyə imkan belə tapmayıb, bir də onda ayılıb ki, artıq 100 məqaləyə gözünün nurunu axıdıb. O, bu axtarışlar nəticəsində çox ilkləri üzə çıxarıb. Əslən şuşalı olan və orada doğulub boya-başa çatan şuşalılar belə müəllif tərəfindən aşkarlanan bir sıra faktların indiyə qədər onlara məlum olmadığını etiraf edirlər.

Florada bütün yaradıcı insanlara xas qəribəliklər var, bu, özünü Atatürk mərkəzində dostlarının, jurnalistlərin, millət vəkillərinin onun başına toplaşıb sevincini paylaşdığı həmin toplantıda da özünü göstərmişdi. Millət vəkili Nizami Cəfərovun giriş nitqindən dərhal sonra gözləmədiyimiz halda Flora xanım təkidlə sözü kitabın ilk oxucusu, yazıçı-jurnalist Şəfəq Nasirə vermişdi. İndiyə qədər onun haqqında dərc edilən yazıların içində səmimiyyəti ilə seçilən bir məqalə yazdığına görə.

Şuşanın Azərbaycan mədəniyyəti tarixindəki yerindən və rolundan, xalqımıza bəxş etdiyi görkəmli şəxsiyYətlərindən söz açılan bu kitabda

Flora görün nə yazır? Deyir ki:

Daş da bizdən vəfalı,
Quş da bizdən vəfalı,
İldə bir yol Şuşada,
Qış da bizdən vəfalı. 

Daşa, quşa, qışa həsəd apara-apara ömrümüzü xərcləyirik hər birimiz. Yuxarıda Tanrımdan səbr istəmişdim... Dedim axı, Flora mənim universitet illərindən tanıdığım Floradı. Bizim qrupda 1946-1956-cı illərdə dünyaya göz açan uşaqlar oxuyurdu. Amma nəslimizin yarpaq tökümü çox tez başladı. Cığırı Nüşabə Hacıağayeva açdı, güzdəkli balası, onun dalınca ucarlı Ələkbər Hüseynov, sonra qazaxlı Qəzənfər Rüstəmov və Ağamalı Əfəndiyev, İsmayıllıdan olan Rəfail Nağıyev, beyləqanlı Əliyar Mürsəlzadə, sabirabadlı Rafiq Qurbanov... Son itkimiz ağcabədili qızımız Təranə oldu. Güləndə gözlərindən gülən, təbəssümü üzündən əskik olmayan Təranə...

1992-ci ilin mayında Tovuza qardaşımın təzəcə dünyaya gəlmiş körpəsini görməyə getmişdim. Bacı-qardaşlarım ata yurduna toplaşmışdıq. Hava gözəl olduğundan hamımız həyətdə iri tut ağacının kölgəsində hazırlanmış stolun ətrafında oturmuşduq. Naftalanda ədəbiyyat müəlliməsi işləyən bacım Tərlanı içəri telefona çağırdılar. Onun az qala qışqıraraq dediyi kəlmələr indi də qulağımdadır:”Nə danışırsan bala, Qacar kimi qaninçənin duruş gətirmədiyi Şuşanı deyirsən erməni dığaları aldı?” Zəng edən 18 yaşlı oğlu Vüqar idi. Könüllülər dəstəsinə yazılmışdı, anasının təkidlərinə “oğlum çağrılanda gedərsən” kəlmələrinə qulaq asmayıb “dərs deyəndə hansı qəhrəmanlıqdan danışacaqsan? Uşaqlar deməyəcəklərmi ki, Vətəni qorumaq belə şərəflidisə oğlun, niyə ön cəbhədə deyil?” deyə cəbhəyə yollanmışdı. Cəmi bir il sonra Vüqar şəhid olacaqdı. Bu gün isə o qara xəbəri, ümumi dərdimizi anasına çatdırmağa tələsmişdi. Təbii ki, hamımız evə televizorun önünə keçib xəbərləri gözlədik... Eşitdiklərimiz bizi sarsıtmışdı, bu ata yurduna niyə yığışdığımızı belə unutduq...

Şuşa alınmaz qala idi, aldılar... Xalqımıza çalın-çarpaz dağ çəkdilər. Nə qədər şəhid verdik, nə qədər itkin. Nə qədər ailənin damla-damla tikib başa çatdırdığı imarətləri yağı əlində qaldı. Bizim Təranə də Şuşada yaşayırdı, axı. İşi, həyat yoldaşı, sevgisi, sevinci, balaları Şuşayla bağlı idi. Flora düz deyir, onun hərəkətlərində qeyri-adiliyi, öz-özünə danışmağı, əl-qol atmağını mən də sezmişdim. Amma özümün ailə faciəm, dərdlərim başımı elə qatmışdı ki, onun kritik anlarından xəbərsiz oldum. Bir də onu eşitdim ki, bu səmanın altında, bu yerin üstündə, tələbə yoldaşlarımızın sırasında o gözəl sima daha görünməyəcək. Ölüm var, ölüm kimi, ölüm var, zülüm kimi. Təranənin ölümü zülümlü ölümlərdən oldu. O dünyasını dəyişdi, Şuşa həsrəti ilə. Amma Şuşasız hər gün neçə yol ölürdü. Flora yazır: “Yaşaya bildi ki, Təranə?! Şuşa dərdi bir çalağan kimi beləcə sıramızdan apardı”... Flora indi onun “Şuşa  harayı” kitabı ilə təsəlli tapır. “Bax beləcə çilikləndi Təranənin ürəyi” deyir. Canım Flora, bu sətirləri yaza-yaza qəlbim qan ağlayır, gözlərimin suyunu elə bilirsən dərdlərim qurudub? Yox, yenə üzüaşağı axır, saxlamağa tabım yoxdur, Təranəyə yazdığın ağını oxuyuram: “Hərdən yarıciddi, yarızarafat halda unudulmaz dostumu yada salaraq “deyəsən mən də sənin yolunla gəlirəm, Təranə” pıçıldayıram. Biz bir dərd şələsi götürdük, qəm çiçəyi bitirdik, namərd qonşularımızın ucbatından yurdumuzu itirdik”. Bəlkə də mən səhv edirəm, amma yox, ağı elə belə olur...”Mən dəqiq deyə bilmərəm ki, bu saat Təranənin ruhu hardadır? Cıdır düzündə, Qarqar çayının sahilində, Xəzinə qayasının yanında, vaxtilə işlədiyi, indi xarabazara çevrilmiş “Şuşa” qəzetinin yerləşdiyi binada, yoxsa öz evinin uçqunları altındadır.— Bildiyim odur ki, O, Şuşadadır... Gözlə bizi, Təranə, sevimli dostum, biz mütləq Şuşaya gələcəyik! Amma nə olardı, ruhumuzdan öncə cismimiz dönəydi o yurda!”

Kitab haqqında fikirlərim çulğaşıq... Neçə ki, Şuşada yağı düşmən at oynadır, neçə ki, Xarı bülbül “haykanuşların” tapdağı altındadır, itirdiklərimiz də, itkilərimiz də davamlı olacaq. Hələ çox ağlı yerindən oynayanların—Təranələrin Şuşa ağısı oxunacaq... Şuşanı sevmək üçün orada doğulmaq gərəkməz. Qəlbən Vətən həsrəti çəkənlər, yaralı, şəhid görənlər, ürəyində insanlıq hissi qalanların hər biri məncə şuşalıdı... Dərdli adama dərddən oxumaq, yazmaq nə gərək? Qarabağ ümumi dərdimiz, üstü qaysaq bağlamayan, qanı axan yaramız. Floranın bir arzusuna şəksiz yoldaşlıq etmək, “hamılıqla yolumuz Şuşaya doğru” demək istəyirəm...Heç olmasa, bir igidin ömrü—21 ildən sonra!!!...

Zərifə BƏŞİRQIZI

 





08.05.2013    çap et  çap et