525.Az

Azərbaycan xarici siyasətinin 25 ili Strateji Araşdırmalar Mərkəzinin tədqiqatında


 

Azərbaycan xarici siyasətinin 25 ili Strateji Araşdırmalar Mərkəzinin tədqiqatında<b style="color:red"></b>

2017-ci il Azərbaycan Respublikasının həyatında, xüsusən də ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyi baxımından əlamətdar ildir.

Əgər 2016-cı ildə Azərbaycanın dövlət müstəqilliyinin 25 ili tamam olurdusa, 2017-ci ildə ölkəmizin beynəlxalq münasibətlər sistemində təmsil olunmasının 25 illiyidir. Belə ki, Azərbaycan Respublikası dövlət müstəqilliyini 1991-ci ildə elan etsə də, ölkəmizin xarici ölkələrlə diplomatik münasibətlər qurması 1992-ci ildən başlamışdır. Hazırda Azərbaycanın 178 ölkə ilə diplomatik münasibətləri mövcuddur. Bu il bunlardan 69 dövlətlə diplomatik münasibətlər qurmasının 25 ili tamam olur. Bunlardan 27 Avropa, 26 Asiya, 10 Afrika, 4 Amerika, 2 Okeaniya dövlətidir. İlk diplomatik münasibətlərimizin qurulduğu qardaş Türkiyədən sonra dünyanın əksər mühüm dövlətləri ilə diplomatik əlaqələrimiz yaradılmışdır.

2017-ci ildə eyni zamanda Respublikamızın beynəlxalq və regional təşkilatlara üzvlüyündən də əsrin dörddə biri qədər yol qət edilmişdir. Bu il Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına, eləcə də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT), İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO), UNESCO-ya üzv olmasının da 25 illiyi tamam olur.

Buna görə də məhz belə bir tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi tərəfindən "Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətləri'' mövzusunda kitabın ərsəyə gətirilməsi aktualdır və təqdirəlayiqdir. Bu günlərdə işıq üzü görən kitab 25 ildə Azərbaycan xarici siyasətinin müxtəlif istiqamətlərini və aspektlərini əhatə edən məqalələr toplusundan ibarətdir. Fərqli müəlliflərin mərhələlər, regionlar, ölkələr və prioritetlərə baxış bucağı kitabın vahid xarici siyasi kursa yanaşmasına mane olmamış, hətta müsbət mənada rəngarənglik gətirə bilmişdir.

Azərbaycan Respublikası xarici siyasət sahəsində 25 ildə keşməkeşli yol keçmişdir. Müasir dövrdə hər bir dövlətin beynəlxalq münasibətlər sistemində layiqli mövqe tutaraq özünü bərabərhüquqlu tərəfdaş kimi təsdiqləməsi onun çağdaş dünya nizamının reallıqlarına cavab verən xarici siyasət yeritməsindən bilavasitə asılıdır. Müstəqil Azərbaycanın 25 illik həyatında xarici siyasətini 3 mərhələyə bölmək olar. Birinci mərhələ – müstəqilliyin ilk illərini xarakterizə edən xaos dövrüdür. İkinci mərhələ 1993-2003-cü illəri əhatə edir. Bu mərhələ qonşu dövlətlərlə kəskinləşən münasibətlərdə sabitləşmə və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi altında müstəqil xarici siyasətin baza prinsiplərinin formalaşdırılması dövrüdür. Üçüncü mərhələ isə Azərbaycanı Cənubi Qafqazda lider dövlətə və beynəlxalq münasibətlərdə etibarlı tərəfdaşa və təşəbbüskar ölkəyə çevirən xarici siyasi kursun yüksəliş dövrüdür.

Müstəqilliyin ilk illərində xarici siyasətimiz qarşısında dayanan əsas maneə bir tərəfdən erməni diasporunun təzyiqi və davam etməkdə olan erməni işğalı idisə, digər tərəfdən həmin dövr hakimiyyətdə olan şəxslərin səriştəsiz və qeyri-peşəkar fəaliyyəti idi. Həmin vaxt aparılan xarici siyasət kortəbii və sistemsiz xarakter daşıdığından, Azərbaycanın yerləşdiyi geosiyasi məkanın xüsusiyyətləri nəzərə alınmır, aktual məsələlərə konseptual yanaşılmırdı. Xarici siyasətdə konseptual yanaşmanın olmaması, utopik, reallıqdan kənar hədəflər Azərbaycanın bir sıra ölkələrlə, xüsusən qonşu ölkələrlə münasibətlərinin kəskinləşməsinə səbəb olmuşdu. Nəticədə Azərbaycan beynəlxalq aləmdən təcrid olunmuş, əksər qonşu dövlətlərlə münasibətləri kəskinləşmiş, erməni lobbisinin səyləri hesabına isə dünya informasiya məkanında blokadaya alınmışdı. Buna görə müstəqil Azərbaycanın xarici siyasətində birinci mərhələni itirilmiş illər hesab etmək olar.

Azərbaycan Respublikasının müasir xarici siyasət strategiyasının fundamental prinsip və istiqamətlərinin formalaşdırılması Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə başlamışdır. Heydər Əliyevin təməlini qoyduğu xarici siyasət strategiyası ölkəmizin beynəlxalq aləmdə mövqeyini tamamilə dəyişdi. İlkin mərhələdə Azərbaycanın beynəlxalq müstəvidə təcrid vəziyyətindən çıxarılması, tarazlaşdırılmış xarici siyasət xəttinin yürüdülməsi, iqtisadi potensialın ölkənin xarici siyasət mövqelərinin gücləndirilməsinə yönəldilməsi, dünya azərbaycanlılarının təşkilatlanıb mütəşəkkil fəaliyyət göstərməsi, sonrakı mərhələdə isə regionun iqtisadi mərkəzinə çevrilməsi bu strategiyanın konseptual əsaslarını təşkil edirdi.

Balanslaşdırılmış xarici siyasət, çoxvektorlu əməkdaşlıq, bərabərhüquqlu münasibətlər, etibarlı tərəfdaşlıq və milli maraqlar əsasında müstəqil siyasət Heydər Əliyev dühasının müstəqil dövlətçiliyimizin xarici siyasət konsepsiyasına gətirdiyi amillərdir. Yerləşdiyi regionun unikallığı nəzərə alınarsa, Azərbaycan çoxvektorlu və tarazlaşdırılmış müstəqil xarici siyasət həyata keçirir. Bu gün də aparılan xarici siyasət bu prinsiplərə söykənir. İkinci mərhələdə Azərbaycan xarici siyasət kursu ilə bağlı strateji seçim etdi və bu seçimin davamlı, ardıcıl olması Azərbaycanın hazırkı uğurlarının əsas səbəbidir.

Azərbaycan Respublikasının xarici siyasətində milli maraqlar əsasında müstəqil siyasət kursu məhək daşı rolunu oynayır. Qeyd etməliyik ki, qloballaşma prosesinin bu qədər dərininə inkişaf etdiyi müasir dünyada müstəqil xarici siyasət həyata keçirən dövlətlərin sayı heç də çox deyil. Digər tərəfdən həm müsəlman, həm də sivil və demokratik dövlət olan Azərbaycanın müstəqilliyi dünyada müəyyən dairələr tərəfindən qısqanclıqla qarşılanır. Bu illər ərzində Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasını, qlobal arenada təzyiq vasitəsi kimi istifadə edilən islamafobiya meyllərini, ikili standartları Azərbaycanın müstəqil siyasət yeritməsinə mane yaratmaq istəkləri ilə əlaqələndirmək lazımdır. Bundan başqa ölkəmizin yerləşdiyi regionun geosiyasi əhəmiyyəti bu seçimi daha da çətinləşdirir. Qafqaz regionu tarix boyu daim geosiyasi cəhətdən olduqca həssas, əbədi mübarizələr meydanı olmuşdur. Məhz müstəqil və balanslaşdırılmış xarici siyasət kursu Azərbaycanı Qafqazda geosiyasi çəkisinə görə fərqləndirir.

2003-cü ildən sonra başlanan üçüncü mərhələdə Prezident İlham Əliyev xarici siyasətdə artıq formalaşmış ənənələri davam etdirərək Azərbaycanın mövqeyini beynəlxalq müstəvidə daha da möhkəmləndirmiş və yeni bir səviyyəyə yüksəltmişdir. Yeni minillikdə Azərbaycan qlobal siyasi səhnədə adi iştirakçı deyil, regional əhəmiyyətli layihələrin təşəbbüskarı və memarı, beynəlxalq aləmdə nüfuzu ilə seçilən ölkəyə çevrilmişdir.

Azərbaycanın hazırkı xarici siyasətində hər hansı istiqamətdə inteqrasiya nəzərdə tutulmayıb. Azərbaycanın xarici siyasəti bir istiqamətdə deyil bütün istiqamətlərdə qarşılıqlı faydalı əməkdaşlığa yönəlmişdir. 2011-ci ildə Azərbaycan Qoşulmama Hərəkatına üzv olmaqla öz müstəqil xarici siyasi kursunu bəyan etmişdir.

Azərbaycanın müstəqil xarici siyasəti ilk növbədə onun bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmasına söykənir. Azərbaycan heç bir hərbi-siyasi blokda iştirak etmir və böyüklüyündən-kiçikliyindən asılı olmayaraq bütün ölkələrlə bərabər hüquqlarla, qarşılıqlı faydalı əməkdaşlıq edir. Heç bir dövlət Azərbaycanla təzyiq dilində danışa bilməz. Xarici tərəfdaşlarla əməkdaşlıq yalnız qarşılılıq olduğu halda mümkündür.

Üçüncü minillikdə Azərbaycanın xarici siyasətinə yeni əməkdaşlıq formatı əlavə olunmuşdur. Müstəqilliyin ilk illərindən etibarən beynəlxalq münasibətlər sistemində ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq prioritet olmuşdur. Yeni mərhələdə isə Azərbaycan xarici siyasətinə strateji tərəfdaşlarla prioritet münasibətlər və üçtərəfli regional əməkdaşlıq formatı əlavə etmişdir. Etiraf etmək lazımdır ki, regionda mövcud olan bir sıra tendensiyalar nəzərə alınarsa, bu üçtərəfli əməkdaşlıq formatının reallaşdırılması böyük çeviklik tələb edirdi. Azərbaycan regional müstəvidə bir neçə üçtərəfli formatın təşəbbüskarıdır. Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Türkiyə-Türkmənistan və Azərbaycan-Rusiya-İran formatları regional məsələlərin müzakirəsi, əməkdaşlıq əlaqələrinin inkişafı baxımından əhəmiyyətli təşəbbüslərdir. Bu eyni zamanda Azərbaycanın təcavüzkar Ermənistanı çıxmaq şərtilə bütün qonşuları ilə qarşılıqlı faydalı münasibətlərə verdiyi əhəmiyyəti göstərir.

Yeni mərhələdə Azərbaycan Respublikasının xarici siyasətdə üstünlük verdiyi istiqamətlərdən biri də strateji tərəfdaşlarla əməkdaşlığın hərtərəfli inkişafıdır. Müstəqillik illəri ərzində Azərbaycan 17 dövlətlə strateji tərəfdaşlıq haqqında müqavilə imzalamışdır. Bu dövlətlər arasında Azərbaycanın ənənəvi tərəfdaşları ilə yanaşı yeni ölkələr də var. Belə ki, strateji tərəfdaşlardan 9-u Avropa ölkəsidir (Litva, Polşa, Rumıniya, Xorvatiya, İtaliya, Macarıstan, Bolqarıstan, Çex Respublikası, Serbiya). Digərləri isə Azərbaycanın dərin tarixi köklərlə bağlı olduğu türkdilli ölkələr (Türkiyə, Qazaxıstan, Özbəkistan), eləcə də post-Sovet məkanından ənənəvi tərəfdaşlarıdır (Rusiya, Ukrayna, Gürcüstan, Moldova). Bundan başqa bütün beynəlxalq platformalarda Azərbaycana tam dəstək verən Pakistanla da strateji tərəfdaşlıq münasibətimiz vardır.

Azərbaycan tərəfdaşları və qonşuları ilə münasibətlərdə öz etibarlılığını daim göstərmişdir. Gürcüstan enerji böhranı ilə qarşılaşarkən, Türkiyə Azərbaycanla birgə enerji dəhlizi yaradarkən, ABŞ beynəlxalq anti-terror əməliyyatları zamanı, Rusiya və İran onlara qarşı sanksiyalar tətbiq edildiyində hər zaman Azərbaycanın etibarının şahidi olmuşlar.

Sadaladığımız bütün bu istiqamətlər Strateji Araşdırmalar Mərkəzinin "Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətləri'' adlı kitabında əks olunub. Kitabın strukturu region və ya ölkə təsnifatı əsasında qurulsa da, xarici siyasətimizin prioritet və prinsiplərini özündə əks etdirməyi bacarıb. Hər bir kitab özü-özlüyündə yeniliyi ilə fərqlənməlidir. Azərbaycanda müstəqillik illərində xarici siyasətimiz və onun ayrı-ayrı sahələri ilə bağlı çoxlu sanballı kitablar yazılıb. Hazırkı kitabda xarici siyasətdə "yumşaq güc'' və "rəqəmsal diplomatiya''ya həsr olunan mövzuları yenilik hesab etmək olar. "Azərbaycan Respublikasının xarici siyasətində humanitar aspektlər'' və "Azərbaycan Respublikasının xarici siyasəti informasiya əsrində: çağırışlar və çevik cavablar'' bölmələri indiyədək daha az tədqiq olunmuş sahədir və bu da oxucular üçün xüsusi maraq doğura bilər.

Beləliklə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi tərəfindən hazırlanan və geniş oxucu auditoriyası üçün nəzərdə tutulan "Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətləri'' adlı kitabın Azərbaycanın müstəqil xarici siyasətinin inkişaf yoluna sanballı elmi baxışdır və yeni faktlarla və yanaşmalarla zəngin tədqiqat əsəridir.

Newtimes.az

 





26.05.2017    çap et  çap et