525.Az

“Xalq Əmanəti”nə çevrilən misilsiz istedad nümunələri


 

GÖRKƏMLİ RƏSSAM KAMAL ƏHMƏDİN YARADICILIĞINI ƏKS ETDİRƏN BƏDİİ ALBOMUN TƏQDİMATI VƏ ƏSƏRLƏRİNDƏN İBARƏT SƏRGİNİN AÇILIŞI OLUB

“Xalq Əmanəti”nə çevrilən misilsiz istedad nümunələri<b style="color:red"></b>

Mayın 19-da Xalq Bankın Baş ofisindəki qalereyada “Xalq Əmanəti” layihəsi çərçivəsində daha bir möhtəşəm təqdimat mərasimi oldu.

Bu dəfə görkəmli Azərbaycan rəssamı, Əməkdar incəsənət xadimi Kamal Əhmədin yaradıcılığını əks etdirən sərgi və bədii albom ictimaiyyətin ixtiyarına verildi.

Tanınmış aparıcı Dilarə Səlim tədbiri açaraq bildirdi ki, 2010-cu ildən gerçəkləşdirilən və artıq on beşinci nəşri təqdim edilən “Xalq Əmanəti” layihəsində məqsəd bu sərgilər, eləcə də Azərbaycanın sənət və elm adamlarının bədii albomları vasitəsilə milli mədəni irsimizi qoruyaraq gələcək nəsillərə çatdırmaqdır.  Aparıcı qeyd etdi ki, bu nəfis albomlar üç dildə nəşr olunaraq səfirliklərimizə, beynəlxalq qurumlara, fondlara, təmsilçiliklərə, kitabxanalara, universitetlərə, məktəblərə, uşaq evlərinə təmənnasız paylanılır.

Hazırkı təqdimatın Azərbaycanın ən orijinal və heyrətamiz yaradıcılığa malik rəssamlarından birinin - Kamal Əhmədin irsinə həsr olunduğunu deyən Dilarə Səlim onun keşməkeşli həyat yolu, mürəkkəb sənətkar taleyi, özünəməxsus rəssam dünyagörüşü haqqında məlumat verdi: “Kamal Əhmədi tanıyan hər kəs onu dünya ədəbiyyatına, Şərq klassikasına dərindən bələd olan, ensiklopedik biliyə, geniş mütaliə dairəsinə malik şəxsiyyət kimi xarakterizə edir”.

Sənətkarın dostları və həmkarları çıxış edərək Kamal Əhmədinhəm şəxsiyyəti, həm də qeyri-adi yaradıcılığı haqqında yüksək fikirlər söylədilər. Onlar düşüncələrini və xatirələrini dilə gətirdikcə, hüdudsuz rəssamlıq istedadı olan, sənət həqiqətini hər şeydən uca tutan nadir bir insan obrazı gözlər önündə canlandı.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov “Xalq Əmanəti” layihəsi üzrə nəşrlərin təkcə milli incəsənətin deyil, həm də “Xalq Bank”ın özünün şanlı tarixinin parlaq səhifələrinə çevrildiyini deyərək, qurumun rəhbərliyinə minnətdarlığını ifadə etdi. F.Xəlilov bildirdi ki, K.Əhməd fantastik istedada malik bir rəssam idi və onun müstəsna dərəcədə fərqli rəng duyumu vardı: “Kamal Əhməd yaradıcılığı təkcə onun öz ölkəsinə, doğma xalqına məxsus deyil, bütün dünya təsviri sənətinin mühüm tərkib hissəsidir. Bu böyük rəssamın əsərləri dünyanın ən məşhur, nüfuzlu muzey və qalereyalarının yaraşığına çevrilə biləcək parlaq sənət nümunələridir”.

K.Əhmədi yaxından tanıyıb yaradıcılığına dəqiq bələd olan dəyərli sənətşünas, professor Cəmilə Həsənzadə onun milli rəssamlıqdakı yerindən və rolundan söz açdı. Sənətşünas bildirdi ki, K.Əhməd mükəmməl yaradıcılığı etibarilə, bütöv bir epoxadır, rəssamlıqda bəlli bir istiqamətin rəhbəridir və bu baxımdan, Rasim Babayev, Cavad Mircavadov kimi görkəmli avanqardçılarla bir cərgədə dayanır: “Bu sənətkarlar özlərinin yaradıcılıq azadlığı, fərqli sənət yolu uğrunda can qoyublar, rəssam kimi əqidələrinə əsla dönük çıxmayıblar. Kamal Əhməd özünün qısa ömrünü bu yola həsr edib, hədsiz sıxıntı və məhrumiyyətlərlə üzləşib.Heç bir mükafat və imtiyaz əldə etməyib, yaradıcılığı sağlığında rəsmən qəbul olunaraq sərgilənməyib. Onun əsərlərindəki əsrarəngizlik, sarsıdıcı tragizm ümumən həyatının faciəvi mahiyyətindən irəli gəlirdi. Və məhz bu amillər Kamal Əhmədi tənhalığı tam mənada, bütün dərinliyi ilə yaşayıb duymağa sövq etdi. Amma onu hər nə qədər sıxsalar da, əzib boğmağa çalışsalar da, Kamal Əhməd əsl sənətkar kimi qaldı, cılız maraqlara təslim olmadı, maddi-məişət məsələlərinin fövqündə dayandı.Çünki Kamal Əhməd sözün həqiqi mənasında dahi rəssam idi! Tənhalıq və başa düşülməmək isə hər bir dahi kimi, onun da taleyinə yazılmışdı”.

Professor dedi ki, bu sərgi K.Əhmədin təsviri sənətə verdiyi böyük töhfələrlə yanaşı, müasir rəssamların yaradıcılığındakı rolunu da nümayiş etdirir: “Onun təsiri olmadan avanqard rəssamlıq sənətimiz hazırkı inkişaf səviyyəsinə yüksələ bilməzdi. Böyük rəssamlıq epoxasının yekunu sayılan bu istiqamət, Kamal Əhmədin də daxil olduğu, möhtəşəm sənətkarlar üçlüyünün yaradıcılıq ideyalarından qaynaqlanıb. Onlar klassik Azərbaycan təsviri sənətinin sonuncu nəhəngləri hesab edilir...Kamalı çox zaman Abşeron rəssamlıq məktəbinə aid edirlər, ancaq bu onun yaradıcılığının miqyasını daraldır, halbuki bu miqyas hansısa məktəb çərçivəsinə sığmayacaq qədər genişdir.Kamal Əhməd yaradıcılığı kosmik miqyasa malikdir”.

Görkəmli fırça ustasının alimlər, ədiblər, rəssamlar və sənətşünaslar arasında bir çox dostları olub. Onlardan biri - Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu çıxışında bu məqamı önə çəkdi ki, K.Əhmədin erkən ölümü Azərbaycan təsviri sənəti, ümumiyyətlə bədii düşüncə mühiti üçün böyük itkidir: “Çox təəssüf ki, biz bəzən kimi, nəyi itirdiyimizi lazımınca anlamırıq. Kamal Əhmədin timsalında biz əsl dahini itirdik! Onun dühasını sağlığında mütləq əksəriyyət anlamır, qəbul etmirdi.İndi, yəni özü həyatda olmadığı bir vaxtda gerçək sənət biliciləri dönə-dönə qeyd edirlər ki, o, son dərəcə möhtəşəm yaradıcılığa malik, təkrarsız rəssam, mən deyərdim, qeyri-adi zəkaya sahib mütəfəkkir idi.Bizim aramızda sıx ünsiyyət vardı. Onun haqqında yazdığım geniş esse 1996-cı ildə çıxan kitabda dərc edilib, kolleksiyamda Kamalın mənə hədiyyə verdiyi iki gözəl əsər qorunur. Bilirəm ki, Finlandiyada, tanınmış müğənni, yazıçı və rəssam Auqle Kiokşenenin evinin divarından Kamalın “Goradil” silsiləsindən olan böyük bir əsəri asılıb. Xanım Kiokşene vaxtilə Bakıya səfəri zamanı onun emalatxanasına baş çəkəndə həmin əsəri Kamal özü fin sənətçiyə hədiyyə etmişdi. Mən Kamalın yaradıcılığına yaxşı bələdəm və onu həmişə yüksək qiymətləndirmişəm. Kamala həsr etdiyim bir şeirim var: “Öz vaxtından qaçan adam”. Bəli, mənim fikrimcə, Kamal bütün dövrlərin, yüzilliklərin üzünə də, astarına da bələd idi, amma öz zamanından uzaq dururdu. Rənglər isə ondan ötrü başqa dünyalara, fərqli zamanlara, əlçatmaz arzulara  açılan qapılar idi”.

Kamal Əhmədlə sıx ünsiyyətindən söz açan “Xəzər” Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı onunla ailəvi dostluq etdiklərini, təsviri sənət, poeziya, musiqi haqqında davamlı olaraq söhbətləşdiklərini diqqətə çatdırdı: “Heç şübhəsiz, Kamal Əhməd sənətkar kimi nadir istedad sahibi idi. Onun rəsmləri incə rəng seçiminə, işıq-kölgə əvəzlənməsinə görə dərhal seçilir və onun özü də təsviri sənətə dərin fəlsəfi yanaşması, filosoflara xas düşüncə tərzi ilə fərqlənirdi. İnanıram ki, hər bir dahi sənətkar kimi, Kamalın da yaradıcılığı haqqında gələcəkdə daha çox söhbət açılacaq, onunla bağlı geniş araşdırmalar, çoxlu mütəxəssis təhlilləri ortaya qoyulacaq”.

“Yeni Gallery” Bakı İncəsənət Mərkəzinin rəhbəri Rafael Gülməmmədlinin fikrincə, K.Əhmədin zəngin və yüksək səviyyəli irsiötən əsrin son onilliklərində yaradıcılığa başlayan rəssamlarımızın bir çoxuna güclü təsir göstərib: “Akademik təhsildən imtina etsə də, nəhəng istedadı, fəlsəfi təfəkkürü, qeyri-adi görmə və duyma qabiliyyəti sayəsində Kamal Əhməd təsviri sənətin ən usta nümayəndələri ilə eyni səviyyəyə yüksəldi”.

Əməkdar rəssam Eldar Qurbanov da K.Əhmədin şəxsiyyəti və sənətkarlığı barədə düşüncələrini dilə gətirdi: “Onun möhtəşəm yaradıcılıq irsi Azərbaycan rəssamlıq sənəti xəzinəsində çox böyük, əhəmiyyətli yer tutur. Kamal təsviri sənətə qəlbən, ruhən vurğun idi və bundan aldığı mənəvi zövqü, qidanı dünyanın heç bir maddi nemətinə dəyişməzdi”.

Görkəmli sənətkarın qızı Kamilla Əhmədova-Qəniyeva atası ilə bağlı xatirələrini bölüşdü, onun irsinə göstərilən diqqət üçün “Xalq Bank”a təşəkkür etdi. O, uzun zamandan bəri K.Əhmədin nə anım gecəsinin, nə də əsərlərinin sərgisinin keçirilmədiyini deyərək, bu təqdimatın və səslənən çıxışların rəssamın xatirəsinə dərin ehtiramın göstəricisi, yaradıcılığına layiqli dəyərin təzahürü kimi ikiqat sevindirici olduğunu vurğuladı.

Layihə üzərində iş, rəssamın əsərlərinin toplanması və albomun hazırlanması barədə ətraflı məlumat verən “Xalq Bank”ın İctimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elşən Eynullayev bu işdə əməyi olan hər kəsə minnətdarlıq ünvanladı.

Qeyd edək ki, K.Əhmədin əsərlərindən ibarət ekspozisiya mayın 20-dən etibarən “Xalq Bank”ın Baş ofisində (Bakı, İnşaatçılar pr. 22L) sənətsevərlərin ixtiyarına verilib. Sərgini iş günləri saat 18-dən 21-dək, istirahət günləri isə saat 10-dan 16-dək sərbəst girişlə ziyarət etmək olar.

A.İSLAM

 





27.05.2017    çap et  çap et