525.Az

Şair Təbibin “Ümid işığı”


 

Şair Təbibin “Ümid işığı” <b style="color:red"></b>

Bugünlərdə Azərbaycan Yazıçılar Birliyinin üzvü Şair Təbibin “Ümid işığı” adlı şeirlər kitabı çap olunub.

“Zərdabi LTD” MMC nəşriyyatında işıq üzü görən kitabın redaktoru Fuad Hüseynov, korrektoru Lalə Kəlbiyevadır. Kitabın üz qabığında və içərisində yer alan rəsmlərin müəllifi rəssam Əfqan Quliyevdir.

“Ümid işığı” kitabında şairin əsasən vətənpərvərlik, məhəbbət və ictimai məzmunlu şeirləri, həmçinin, “Qızıl qala” poeması yer alıb. Bütün bunlar “Ümid işığı”, “Dağlar”, “Sevgi bulağı”, “Ana laylası”, “Dost dünyası”, “Qar yağır” adlı bölmələrdə cəmləşib. 

Kitab, adını aldığı “Ümid işığı” şeiri ilə başlayır. Sanki şair bu şeirlə poeziyasındakı nikbinlikdən, gələcəyə inamdan oxuculara elə öncədən məlumat verir. Şair Təbib bu şeirində deyir:

Qartalın həmişə qartal adı var,
Dağlarda süzməyə cüt qanadı var.
Şair Təbibin də bir inadı var-
Uçacaq gələcək zaman eşqinə...

“Ümid işığı” bölməsində “Kimə inanım”, “Küsüb”, “İnam olanda”, “Ay hələ batmayıb”, “Ağacın taleyi”, “İşıqlı adamlar”, “Günəş və qaranlıq”, “Tanıyıram”, “Yol ayrıcı” və başqa şeirlər toplanıb. Həmin bölmədəki “Ay nur saçır” şeiri xüsusilə diqqət çəkir:

Ay nur saçır,
Könül açır,
Toplayaraq ətrafına
ulduzları,
Nur paylayır dörd bir yana
gecə yarı.

Ay nur saçır,
Zülmət qaçır.
Göy sakitdir, səma təmiz,
yanır, yanır -
Ayın şəkli düşən dəniz
qürurlanır.

Ay nur saçır,
Xəyal uçur,
Aya hopur bir anlığa,
İnsan özün xoşbəxt bilir-
Burda işıq qaranlığa
qalib gəlir...

Kitabın “Dağlar” adlı bölməsi vətənpərvərlik ruhlu şeirlərə həsr olunub. Burada şairin Vətənin ayrı-ayrı bölgələrinə, Qarabağ dərdinə yazdığı şeirləri verilib. Əvvəlki şeirlərindəki inam, ümid burada da davam etməkdədir. Şair illərdən bəri xalqın ürəyinə dağ kimi çəkilən Qarabağın dərdinin bir gün mütləq haqqa, ədalətə qovuşacağına inanır və oxucunu da inandırır. Məsələn, “Xocalı” şeirində deyilir:

Darıxma, igidlər atlanar bir gün,
Qəzəbdən qılınclar odlanar bir gün,
Üşüyən qəlbində od yanar bir gün,
Çox uzaqda deyil o an, Xocalı!

Bu qaynar ruhu, vətən sevgisini sözügedən bölümdəki “Söylə, ay erməni”, “Üzü vətənə doğru”, “Onlar və biz”, “Vətən bütöv olanda”, “Geci-tezi var”, “Bayrağı öpən qız”, “Əsgərəm bu gün”, “Gözün aydın, ay ana”, “Vətən güləcək”, “Türk”, “Türkiyə diz çökməyəcək” və başqa şeirlərində də sezirik.

Şair Təbib poeziyasının qəhrəmanı coşqun təbiətli, qəlbi vətən sevgisi ilə alışıb yanan, elinə, obasına bağlı bir vətəndaş olmaqla bərabər, həm də səmimi hisslər sahibi aşiqdir. Kitabda yer alan “Sevgi bulağı” bölməsindəki şeirlərin qəhrəmanı məhz belə bir obrazdır. Onun üçün “günəşin hər zərrəsi eşqdir”. Şair sevgiyə böyük önəm verir, onun fikrincə, “məhəbbətdə saxta, sönük olanlar tərəzidə nadanlarla bir gəlir”.

İncə duyğular sahibi müəllif həm də zərif gül, çiçək aşiqidir. “Lalə”, “Bənövşə”, “Çiçək”, “Qızılgül”, “Gül dəstəsi” kimi şeirlər bu fikrimizi təsdiq edə bilər.

“Anam ölən gün”, “Zirvə”, “Görmüsən”, “50 ildir”, “Mən gəlmişəm”, “Tələ quran”, “Vay o gündən”, “Yox”, “Ev yıxma”, “Qaçqın”, “Sabun köpüyü”, “Ata” və başqa şeirləri də Şair Təbibin poetik istedadından xəbər verən nümunələrdir.

Şahanə MÜŞFİQ

 





27.05.2017    çap et  çap et