525.Az

Dadını kim bilir olmayanların - olmayanlar olmur... olan yaxşıdı


 

Dadını kim bilir olmayanların - <b style="color:red">olmayanlar olmur... olan yaxşıdı</b>

Qoşma

Bir heçdi cəhənnəm,
  cənnət xülyadı,
axırsa damarda al qan - yaxşıdı.
Adam örüşüdü,
  xırman dünyadı,
mən bilən, adamdan  insan yaxşıdı!

Fəqirə zülm edən nəcabətdənsə,
Topuğu qandallı hər adətdənsə,
Zirvəni alçaldan həqiqətdənsə
dərəni ucaldan yalan... yaxşıdı.

Xeyri nə boşalıb dolmayanların?-
Allahı iblisdi solmayanların...
Dadını kim bilir olmayanların -
olmayanlar olmur... olan yaxşıdı.

Çəpərlər yarmağa yaxşı dost hanı? -
Ölən çoxdan ölüb,
  qalan... forslanır...
Yemişi üstündə solan bostanın
tağları kökündən talan...
   yaxşıdı!

Biz də gəlib taxdıq qolçaq dünyaya -
səs saldı qoşa daş, çax-çax dünyaya...
Vaqiflər qalmayan alçaq dünyaya
Uca Vaqiflərdən qalan yaxşıdı!..

Əmr və şeir

Köhnə əmri hərləmir,
 guya yanmış biletdi,
Çoxu tullayır onu,
 ilişib tində qalır,
Məndə bir az fərqlidi;
 elə ki,  icra bitdi
Arxivə gedən əmrin
 surəti məndə qalır.

Dən ömürü ömrümə qəsd eləyib yığıram
Kargüzarlıq, şairlik -
 hər işimin ortağı.
Elə ki, əmrləri
 dəstələyib yığıram
atmağa əlim gəlmir,
 arxası ağdı axı...

Damğalar qaraltmasın
 mənə gərək ağ üzü
Tərs üzdə alovlanır
 avand sözün şamları.
Bəlkə də otuz ildi
 pul vermirəm kağıza,
Arxasına yazıram
 şeiri sərəncamların.

Qaranın ağ yerini
 bulmaq hikmətdi düzü,
Altını his tutmasa
 necə qaynayar ləyən?
Yer üzündə nə qədər
 kağız var, əsas üzü
bizdən əvvəl yazılıb,
 varmı bunu bilməyən?

Özüm kimi avara eldə, obada təkdi
Görünür daş istəyir
 dik alnım, yastı qaşqam.
Şeir arxivi sevmir,
 onun rəfi ürəkdi,
Hökumət hökmü başqa,
 şairin hökmü başqa!...

Son nöqtə bəs eləyər,
 nəyə lazım qol çəkim? -
Vərəqin o üzündə
 imzanın yeri durur.
Sözdə hökmə baxın bir, daşdan keçir,
        nədən ki,
Şeirimin arxasında rəisin əmri durur!

Şəhriyar qafiyələri

Proloq

İşıq saçır ustadım
Təbrizdə Günəş kimi!
Var olsun əziz adı -
Canda gizlin eşq kimi.

Ey Turan pəhləvanı,
Ey İran pəhləvanı,
Sənin tək bilən hanı
qüssə , xiffət məşqini?
1.
Heydərbabanın oğlu -
danışır, amma, laldı,
acıdır, amma, baldır...
həqiqəti ucaldır
həqiqətin düşkünü!
2.
Heydərbabanın oğlu,
Şənbən, bazarın - qopuz,
adınan, cümən - Novruz,
həftə səkkiz, sən doqquz...
yoxluğun da iş günü.
3.
Heydərbabanın oğlu,
Sənsən həsrətə yağı;
Şahid Savalan dağı!
Didirsən ayrılığı
daşlar qıran diş kimi.
4.
Heydərbabanın oğlu,
Sən kimsənsə, biz oyuz,
Həm bu üzsən,   həm o üz,
Sən yaz,
         sən yay,
              sən payız
həm də qarlı qış günü...
5.
Heydərbabanın oğlu,
Araz axır dənizə,
Suyu duz yığır dizə...
dəryadı dörd yan bizə
harda sərək yaş günü?
6.
Heydərbabanın oğlu,
qalın buz  neynim, sınsın?
güc verim, çiynim sınsın...
Tarixin boynu sınsın
parçaladı püskümü.
7.
Heydərbabanın oğlu,
gözüm yaşı üzüm tək,
dostum yoxdu dözüm tək!
Ayırmayıb bizim tək
zalım fələk heç kimi...
8.
Heydərbabanın oğlu,
Allahın nəfəsisən,
peyğəmbər əvəzisən;
ərisin nəfəsindın
öküz, qayış, xış günü.
9.
Heydərbabanın oğlu,
Şah damarı özün tap -
həm sualsan, həm cavab,
Sən intibah, inqilab...
qanlı nümayiş günü!
Epiloq
Hər zülmətdə işıq var,
qismətdi zər, tapana.
Qoy bitsin ayrılıqlar
üz sürtüm sərdabənə
böyük sitayiş günü!..
Heydərbabanın oğlu!

Dörd dost

Canım dost istəsə, qardaş istəsə
yadıma kim düşür, kimdən irəli?
Ölərəm arzuma bir yox desə;
Maarif, Ağacəfər, Tofiq Nurəli.

Birgə boy atmışıq sözün ləkində,
Yan-yana canlanıb olmuşuq diri.
Biri tum, biri bar, biri əkindi -
Maarif, Ağacəfər, Tofiq Nurəli.

İsmayıllı, Lerik, Qubadı dadım
Cəmi Füzuli tək dadlı, şirəli.
Bir addım mənəmsə, onlar üç addım -
Maarif, Ağacəfər, Tofiq Nurəli.

İçi qızıl dolu küpümdü mənim-
Üç sahib dağlıdı, Vaqif dərəli.
Dost taya keçməyə körpümdü mənim
Maarif, Ağacəfər, Tofiq Nurəli...

Məhəbbət fakültəsi

Qırx il keçsə də artıq
getmir könlümdən izi,
Xəyal bu günə dartır
bizim fakültəmizi...

Uşaq çox, bina dardı,
bir yer tutmurdu bizi,
Üç yerdə yeri vardı
bizim fakültəmizin.

Qonşu binada “Narxoz”;
məktəblərin qəlizi...
sayırdılar çürük qoz
bizim fakültəmizi.

Hamının qiyməti “beş”,
hamının gülür üzü,
“Kafi”sin görmədik heç
bizim fakültəmizin.

... Ömür xəzri, gilavar-
can tərpədir dənizi.
Ayrı bir sirri də var
bizim fakültəmizin.

Orda təhsillə birgə
kəşf etdik sevgimizi.
Seçdik qayığa yelkən
bizim fakültəmizi.

Cida çuvalda qalmaz-
cin görsə ikimizi...
ağzını yummaq olmaz
bizim fakültəmizin.

Xəlvət düşdüm arxanca
düz beş il dizin-dizin...
“Dekanı” səndin ancaq
bizim fakültəmizin.

Ali təhsil hünərdi -
denən, hə, iki gözüm!
Məhsulu nəvələrdi
bizim fakültəmizin.

“Ailə kafedrası”
yaratmışıq, əzizim,
üstündə var duası
bizim fakültəmizin...

Rəhiləyə

Hərdən mat qalıram
əməllərinə baxıb -
evin içində sirsən...
Gah gilas bişirirsən,
gah ərik bişirirsən...
Üzün yanıq kündədi,
hisdən qaralıb don da.
Fərqinə varmırsan heç
aləm öz kefindədi
bulvarda,  ya salonda...
Sənsə, odda bişərək
Candan şirəni sıxıb
qısa ehtiyat üçün
alma, heyva, gavalı,
tut tutursan balonda...
Bizə nə qalır sonda? -
Şirəli ləyən, qaşıq,
“vay ürəyim, bay başım...”
Mərəkə qopur onda!

Adbaad şeir

Gəldi nəvəm İsgəndər;
Töküldü çoxlu qanlar -
qırıldı istəkanlar...
İsgəndər eeh... İsgəndər...
Verin ATƏT-ə xəbər
məhləm oldu dərbədər!

Gəldi nəvəm Səfurə -
qara geydi ağ süfrə,
alnıma dəydi küftə...
Səfurə, eeh... Səfurə -
Sazişi vurdu yerə
Nota verdik səfirə!

Gəldi nəvəm Elmira
mərcan diş - sıra-sıra,
çatma qaşları qara
Elmira, eeh... Elmira -
yaraşıqdı paltara
Küsməyi dərin yara,
gülməyi dərdə çara...

Bu da Səfərdi, Səfər -
hərəkət, işlək təkər!
Xatirinə dəyənin
vurub gözünü tökər.
Səfər, Səfər, eeh... Səfər -
gəldi, fikrim dağıldı.
Deyil sıradan nəfər
məhləmin bayrağıdı...

Gözüm Nəzrini gəzir -
Görünmür gül səbəti,
Uzaqdı Ağcabədi...
Eeh... Nəzrin, Nəzrin -
Bir az fikir çəkəndi
Hamı sola çəkəndə
Nəzrin sağa çəkəndi...

Gələn çox, darvazam dar -
qarşılayım, ötürüm...
Hələ Sübhanım da var;
qapı aça bilmir o -
oğulluğa götürüb
onu Allah əbədi...

Qansız savaş

Nəyim var,
 paylayıb müstəntiqlərə
üstünə şər atıb tutduracağam,
Özün bir tərəfə,
  nahaqca yerə
nəslinə qara qan udduracağam!

Nəmdi,
    qəmsüzəndi kiprik şoqərib -
tökdün gözlərimi dik qürur ilə.
Taygöz quldurbaşı cildinə girib
yolunu kəsəcəm qırx quldur ilə.

Elə hey susursan...
         Ağzında dil var,
Notaya eyham yox
əsnəkdən başqa.
Məni də baş düş,
  ayrı nə yol var
dilini dibindən
kəsməkdən başqa?

Vuracam düşəri, sarsılsın himi,
yerlə yeksan olsun qalanın diki.
Amansız savaşdan nişanə kimi
bir saxsı parçası tapılsın təki.

Səbbin, hövsələnin həddi var axı,
Can hanı sülhə yol açana kimi?
Qəhr olsun sirr qəsri-
  sən ordan çıxıb
imdada üstünə qaçana kimi!

Səngərlər küncündə
daşa dönür can;
sümüklə gələnlər goracan gedər.
Varmı gordan sonra
ayrı bir məkan? -
bu savaş qurtarmaz,
  oracan gedər...

Yetər müharibə,
 kəcavəm, əylən,
ədalət qıraqda, cüt can ortada.
Bir kəlmə:
      - Mən səni sevirəm, - söylə,
qalxsın düşmənçilik,
         bu qan ortadan!..

Can xahişi

Allaha, tanrıya bax,
ey yolötən, tut canımı,
Hərə bir məhlə tutur,
sən də Vətən tut canımı.

Axşama can yerinə qupquru
çör-çöpdü qalan,
Dadıma çat, dan üzü,
dopdolu cam tut canımı.

Sən əsr, era misal;
yüyrük asırsan zamana,
Mənsə göz qırpımıyam,
timsalı, an, tut canımı.
Yanan od gərdəninə azca
sarıl tüstü kimi -
Səni də yadıraram,
canından gen tut canımı.

Qoca dəlləkdi fələk,
almış ələ yun darağı;
Nazilən tük kimiyəm
zülfünə tən tut canımı.

Tanrının mürvəti yox,
həm də əlində işi çox,
Ayağa düşsəm əgər,
rəhm elə, sən tut canımı.

Sevgi sualları

Neçə addım
ara qalmalıdı
 aramızda?
Uçum-uçum uçunan
           əllərimizi
           gizlətməliyik
haramızda?

Başımızı kəsib
 hansı siniyə
 qoymalıyıq?
Yerindən
 çıxan ürəyimizi
 boşqaba,
  yoxsa,
           sinəyə qoymalıyıq?
Sallaqxanaların
gen gərdənli
 uca boylu
 buz dolablarını
 utandırmazmı
 düşdüyümüz quyunun
     sərinliyi?
Neçə zümrüd kürəyi,
neçə tuluq göz yaşı,
neçə şaqqa ayrılıq,
neçə işıq ili olar
 xilas yolunun
  dərinliyi?
İmdad edib çığırsaq
harayımız çatarmı
quyu həndəvərində
qanlı yovşanlar qırpan,
qanlı div ləpiri yalayan
qoyunların qulağına?
Düzün düzündə
Yarıyan bir kimsə
Yoxsa məhəbbətdən
niyə çıxaq axı biz
bu dərin
 və mübarək
 f ə l a k ə t d ə n?

Başımıza gələnlər
nədən düşsün dillərə,
nədən
min yerə yozulsun?
Yerimizi
niy ə dəyişək ki,
yuxumuz pozulsun?

Biz ki,
 bilə-bilə
  qul olduq
gedər-gəlməz niyyətə,
mamırlı
sərdabələr dibindən
bu quyunun gen dibi
daha yaxın deyilmi
sonsuz əbədiyyətə?

 





27.05.2017    çap et  çap et