525.Az

Sabir Fondunda görüş


 

Sabir Fondunda görüş <b style="color:red"></b>

Dünən Mirzə Ələkbər Sabir Fondu rəhbərliyinin mətbuat nümayəndələri ilə görüşü keçirilib.

Jurnalistlərlə görüşlərin artıq beş ildir ənənə halını aldığını deyən Fondun prezidenti Sevda Tahirli rəhbərlik etdiyi qurum haqqında ətraflı məlumat verib.

Bildirib ki, Mirzə Ələkbər Sabir Fondu 2012-ci ildə - Sabirin 150 illik yubileyi ərəfəsində yaradılıb.

Fondun əsas məqsədi Mirzə Ələkbər Sabir yaradıcılığının öyrənilməsi və irsinin tədqiqindən ibarətdir. Fondun əsas vəzifələri Mirzə Ələkbər Sabir yaradıcılığını gənclər arasında təbliğ etmək, şairin irsinin öyrənilməsinə gənc araşdırmaçıları cəlb etmək, ədibin yaradıcılığının beynəlxalq aləmdə tanınmasına yardımçı olmaqdır. Bu zamana qədər fondun həyata keçirdiyi bir sıra tədbirlər haqqında məlumat verən S.Tahirli qeyd edib ki, fond 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan ədəbi dilinin tətbiqi qüsurlarının monitorinqi” layihəsini icra edib. Eyni zamanda, ötən il fond Hemofoliya Assosasiyasına müxtəlif dillərdə 250 kitab bağışlayıb. Mərkəzi Elmi Kitabxana ilə Mirzə Ələkbər Sabir Fondunun əməkdaşlığa başladığını deyən S.Tahirli vurğulayıb ki, fond Mərkəzi Elmi Kitabxananın 360 panoramlı virtual bələdçisini yaradıb, həmçinin, Sabirin 1912-ci ildən çap olunan bütün nəşrlərini və onun haqqında yazılan bütün kitabların rəqəmsallaşdırılmasına nail olub.

S.Tahirli deyib ki, Sabirin 155 illik yubileyi ilə əlaqədar onun adını daşıyan fondun keçirəcəyi tədbirlər planı təsdiq olunub. Həm ölkə daxilində, həm də bəzi xarici ölkələrdə müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. Şairin 155 illiyi münasibətilə Türkiyənin Mərmərə Universitetində möhtəşəm tədbir keçirildiyini və digər universitetlərdə də belə tədbirlərin keçirilməsi üçün hazırlıq işləri görüldüyü açıqlanıb: “Bakı, Şamaxı və bəzi başqa şəhərlərimizdə, rayonlarda təşkil olunması planlaşdırılan yubiley mərasimləri geniş ictimaiyyətin iştirakı ilə keçiriləcək. “Sabir-155” tədbirləri ilə bağlı hazırda bəzi diaspor rəhbərləri ilə danışıqlar aparılır. Xarici ölkələrdə nəzərdə tutulan tədbirlərin əsas məqsədi xaricdə yaşayan azərbaycanlıların, xüsusilə gənc nəslin böyük şairimizin irsini öyrənməsi, onun yaradıcılığına marağın artırılmasıdır. Bununla yanaşı, şairin virtual muzeyinin hazırlanması istiqamətində də ciddi işlər görülür”.

Fond rəhbərinin sözlərinə görə, M.Ə.Sabirin şeirlərinin müxtəlif dillərə tərcümə olunması və bəzi kitablarının yenidən, eyni zamanda, böyük tirajla çap edilməsi istiqamətində də addımlar atılacaq.

Sonda Mirzə Ələkbər Sabir Fondu ilə sıx əməkdaşlıq münasibətlərinə görə jurnalistlərə, mətbuat orqanlarına, o cümlədən, “525-ci qəzet”ə Fondun diplomları və fəxri fərmanları təqdim olunub.

Şahanə MÜŞFİQ

 





27.05.2017    çap et  çap et