525.Az

“Sərhədsiz Reportyorlar”dan sərhədsiz tərbiyəsizlik


 

“Sərhədsiz Reportyorlar”dan sərhədsiz tərbiyəsizlik<b style="color:red"></b>

“Sərhədsiz Reportyorlar” Təşkilatı müntəzəm olaraq hansısa ölkələrin daxili işinə qarışaraq, bu ölkələri müxtəlif məsələlərdə qınaq hədəfinə çevirir.
 
Maraqlıdır ki, bu beynəlxalq təşkilat artıq öz istiqamətinə aid olmayan sahələrlə də məşğul olmağa başlayıb. Belə ki, “Sərhədsiz Reportyorlar” Təşkilatı sərhədsiz tərbiyəsizlik edərək, müxtəlif ölkələrin rəhbərlərinin kollaj olunmuş xoşagəlməz şəkillərini yayıb. Həqiqətən də təşkilat bu hərəkətlə adına uyğun olaraq sərhədsiz tərbiyəsizlik edib. 

QHT Əməkdaşlıq Alyansının həmsədri Rufiz Qonaqov “525”ə açıqlamasında hər bir prezidentin həmin ölkənin simvolu olduğunu bildirib. Onun sözlərinə görə, istər beynəlxalq, istərsə də yerli təşkilatlar bu məqamı nəzərə alaraq dövlət başçılarını hörmətlə yanaşmalıdırlar. O, həmçinin dövlət rəhbərlərinin kollaj edilmiş xoşagəlməz fotolarının yayılmasının həmin təşkilatlara başucalığı gətirmədiyini diqqətə çatdırıb: “Hesab edirəm ki, “Sərhədsiz Reportyorlar” Təşkilatının bu kimi hallara yol verməsi təəssüfləndirici məqamdır. Bu, eyni zamanda yolverilməz bir məsələdir. Çünki ölkə başçısı hər hansı bir şəxs deyil, o, təmsil etdiyi xalqın simvoludur. Və hər bir təşkilat bu məqama hörmətlə yanaşmalıdır. Əgər hansısa ölkə başçısının şəkilləri xoşagəlməz formada kollaj edilərək yayımlanırsa, bu, eyni zamanda həmin təşkilatın imicinə mənfi təsir göstərən və onun uğursuz fəaliyyətini göstərən bir məsələdir. Hesab edirəm ki, ciddi, özünə hörmət edən bir təşkilat belə əməllərə yol verməz. Biz Alyans olaraq belə bir məqamı mənfi bir hal kimi qəbul edir və bunu ciddi şəkildə pisləyirik. Zənnimcə, “Sərhədsiz Reportyorlar” Təşkilatı özünün xoşagəlməz hərəkətlərini yığışdırmalıdır”.

Bunun təkcə ölkə prezidentinə deyil, eyni zamanda onun xalqına qarşı yönəlmiş bir hal olduğunu qeyd edən Alyans həmsədri bu hərəkətin hamı tərəfindən qınanılmasının vacib olduğunu vurğulayıb.

O, belə bir məsələnin “Sərhədsiz Reportyorlar” Təşkilatının işi olmadığını qeyd edərək, bu məqamın təşkilatın imicini ciddi ləkə olduğunu söyləyib.

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Gülsel Səfərova isə “525”in müxbiri ilə söhbətdə dövlət başçılarının bu xoşagəlməz fotolarının yayılmasından məyus olduğunu bildirib. Sözügedən təşkilatın Azərbaycana qarşı hər zaman qərəzli mövqedə dayandığını qeyd edən AGAT sədri ölkə prezidentlərinin xoş olmayan şəkillərinin yayımlanmasının yolverilməz olduğunu deyib: “Bir neçə gün öncə bu şəkillərlə tanış olmuşam. Və bir çox dövlət başçısının kollaj olunmuş üzdəniraq fotoları məndə sadəcə təəssüf hissi doğurdu. Belə şəkillərin yayılması çox pis haldır.

Sözün açığı bundan təəccüblənmədim, çünki “Sərhədsiz Reportyorlar” Təşkilatının hansı mövqedə dayanması hər kəsə bəllidir. Çox maraqlıdır ki, bu təşkilatın Azərbaycana qarşı mövqeyi yalnız qərəz və qeyri-obyektlik üzərində qurulub. Haqqında danışdığımız beynəlxalq təşkilat tez-tez Azərbaycanı elə ölkələrlə müqayisə edir ki, bu sadəcə qərəzdən, məkrdən başqa bir şey deyil. Belə müqayisələrdə Azərbaycanın diktator rejimlərlə bir sırada qoyulması bu təşkilatın “ədalətindən” xəbər verir. Azərbaycan artıq 20 ildən artıqdır ki, müstəqil dövlətdir. Və özünə demokratiya xəttini seçib. Sevindirici haldır ki, ölkəmiz bu yolla uğurla irəliləyir və Avropaya inteqrasiya edir. Biz ötən illərlə müqayisə aparan zaman bunu aşkar şəkildə görürük”.

Təşkilatın bu addımının Azərbaycan gəncləri tərəfindən ciddi etirazla qarşılandığını deyən G.Səfərova cəmiyyətin sözügedən təşkilatı qınağa çevirməsinin vacibliyini diqqətə çatdırıb. Bu əməllərinə görə “Sərhədsiz Reportyorlar” Təşkilatının məhkəmə qarşısında cavab verməli olduğunu söyləyən AGAT sədri quruma öz işi ilə məşğul olmasını tövsiyə edib.

AQİL

 





08.05.2013    çap et  çap et