525.Az

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında


 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında<b style="color:red"></b>

Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da, şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş, bizlərə nəyi vəsiyyət etmişlər - oxuyaq, düşünək, bu günümüz üçün fəxr edək!

MİLLİ AZƏRBAYCAN BAYRAMI 

28 Mayıs Azərbaycan Cümhuriyyəti elanı istiqlalının 11-ci ildönümü olmaq münasibətilə milliyyətçi azərilər hər tərəfdə bu günü böyük bir ruh yüksəkliyilə təsbit etmişlərdir.

İstanbulda 

Keçən sənələrdə olduğu kibi bu sənədə də İstanbulda müqim azərbaycanlılar “Odlu-Yurd” idarəxanəsində (əvvəlki illərdə “Yeni Qafqasiya” və “Azəri Türk”) toplanaraq 28 Mayıs gününü bərabərlikdə təsbit etmişlərdir. Azərilərdən başqa, yerli türklərlə Türkistan, qafqasiyalı, ukraynalı dostlarımız da hazır bulunmuşlardır.

Təsbit mərasimi ictimadakı gənclərin bir ağızdan Azərbaycan istiqlal marşını oxumaları ilə başlamış, marşı mütəaqibən, Azərbaycan Şurayi-Millisi rəisi, baş mühərririmiz M.E.Rəsulzadə bəy tradisyonal nitqini irad ilə ictimada hazır olan millətdaşları bu gün münasibətilə təbrik və möhtərəm müsafirlərə ictimai təşriflərindən dolayı ərzi-təşəkkür eyləmişdir.

Emin bəy 28 Mayıs bayramının vətən ayrısı qaçqınlarla bərabər istilaçı düşmənlərin müdhiş təqibatlarına rəğmən vətəndə qalaraq hər türlü vasitələrlə qızıl rus rejiminə müqabilə edən idealist azəri nəsli tərəfindən də təsbit edilməkdə olduğunu qeydlə istiqlal mücadiləsi səfhələri üzərində duraraq, bu mücadilənin müxtəlif xalq təbəqələri arasında görülən şanlı təzahürlərini dinləyənlərin nəzərində canlandırdı.

Bundan sonra natiq beynəlmiləl siyasi vəziyyəti təhlil edərək, Rusiya daxilindəki mali, iqtisadi və siyasi böhranı anladaraq Sovetlər İttihadındakı milli iftiraq hərəkatlarının nə yolda irəliləməkdə olduğunu anladaraq Azərbaycan milli hərəkatının ən təbii müttəfiqləri və cidal arkadaşları olan Qafqasiya, Ukrayna və Türkistan millətlərinin ictimada hazır olan müməssillərini olduğu kibi, Şərq istiqlalçılığının böyük rəhbəri bulunan qardaş Türkiyə Cümhuriyyətini dəxi salamlayaraq dedi ki:

“Qəhrəman Türkiyənin nail olduğu istiqlal şərəfi eyni yoldan gedən bizlərə də müqəddərdir. 28 Mayıs bu vəd olunmuş günü bizə bütün vüzuh və parlaqlığı ilə xatırladan böyük bir gündür! Bu günün mislində hürr və məsud vətəndə yaşadığımız parlaq istiqlal anlarını nəzərimizdə canlataraq ondan aldığımız ilham ilə, hər dürlü fədakarlığa hazır olaraq, istiqlala böyük bir əzm və ümidlə yürüyəlim.... Yaşasın istiqlal!...” (Alqışlar)

Nitqinin sonunda M.Emin bəy istiqlal mücadiləsi uğrunda şəhid düşən qəhrəmanların tərhimi-yədi üçün ayağa durmağı təklif edincə bütün məclis bir adam kibi ayağa qalxaraq, bir qaç dəqiqəyi huşu və sükut içində keçirmişdir.

Bu açılış nitqindən sonra gənclər tərəfindən hazır edilib də M.Emin bəyə təqdim edilən bayraq mərasimi ictimain təsviri qabil olmayan çox həyəcanlı bir anını təşkil eyləmişdir. İpəkdən yapılmış olan bayrağı köksü üzərində sərili olaraq rəyasət kürsüsünə doğru yürüyən Dilşad xanımı Sürəyya xanım təqib ediyordu. Sürəyya xanım bayrağın Emin bəyə təsliminə bir müqəddimə olaraq atidəki nitqini çox səlis, həyəcanlı və canlı bir əda ilə söylədi: Vəziyyətin xüsusiligi ilə xatibin səmimiligi təsirini ekməl surətdə icra eyləmiş, bütün salon həyəcandan kəndini tutamamış, sürəkli alqış tufanı bir nədən sonra yatışınca məclisdə ağlayanlar bulunduğu görülmüşdür.

Sürəyya xanımın bu nitqini eynən nəşr ediyoruz:

“Möhtərəm Emin bəy!

Bu gün Azərbaycan tarixinin qaranlıq günlərlə istiqlal nurunu sərpən, təmiz vicdanlara qurtulmaq imanını təlqin edən ən fəyyaz səhifələrindən biridir.

Azəri gənci bu müqəddəs günün yüksəkligini bütün qəlbi ilə yaşıyor. Xain düşmən tam sinəmizdən vurdusa da istiqlal üçün çarpan ürəklərimizi durduramadı və durduramaz. Bu gün bütün gənclik bir tək müztərib qəlb kibi çırpınaraq, intiqam bəkliyor. Onun yeganə qayəsi vətənimizi o qızıl pəncədən qurtarmaq, onu yenidən müstəqil yaşatmaqdır.

Bu gün bayrağımızı, məfkurəmizi təmsil edən sizə təqdim edərkən, qəlbimiz imanla doludur.

Əvət, xain düşmən o sevimli bayrağımızı endirməklə ürəyimizi yaraladı. Fəqət Azəri gənci yurdumuzun üzərində sallanan və şərəfsiz bir zəfərin saxta bir timsalı olan o qanlı düşmən bayrağını endirəcək, üç rəngli sevimli bayrağını yenidən yüksəldəcəkdir.

O zaman biz də bütün cahana hayqıracağız ki, - Azərbaycan yalnız və yalnız Azərilərindir! Yaşasın müstəqil Azərbaycanımız!”

Emin bəy nitqidən duyduğu həyəcanla bayrağı Dilşad xanımın əlindən almış, müqabilədə bulunmaq istədigi halda, bir an duraqladıqdan və təəssürünü gizlətilməyən bir qeyrətlə tutduqdan sonra, şiddətli alqışlar altında şu sözləri söyləmişdir:

“İstiqlalımızla bərabər olaraq yaşadığımız məsud gündə “Bir dəfə yüksələn istiqlal bayrağı bir daha enməz!” demişdim. İstiqlalımızın uğradığı müvəqqəti infisalı əbədi inqiraz şəklində görən düşmən bu şüarı istixfafla qarşılar. Sürəyya xanımın istiqlalçı Azərbaycan gəncligi naminə bu ruhları tutuşduran müqəddəs həyəcanla gətirdigi bu bayraq onlara verilmiş nə məşkud bir cavabdır. Əvət vətəndaşlar, əvət ey vətənin idealist gəncligi, bayrağımız enməmiş, o imanlı azəri gəncliginin əlindədir, çox çəkməz o əl onu təkrar Azərbaycan üfüqlərində ehtizaz etdirər.

Yaşa şanlı bayrağınla, ey Azərbaycan gəncligi!”

“Odlu-Yurd”, temmuz (iyul) 1929, № 5

Təsbit - qeyd
Mütəaqib - təqib edən
Müqim - yaşayan, oturan, sakin
İftiraq -ayrılıq, dağılma
Mükəddər - qismət, möhtərəm
İnfisal - ayrılma, uzaqlaşma
İnqizaz - məhv olma
İstixfaf - saymazlıq, etinasızlıq
Məşkur - yaxşı, təşəkkür olunmalı
Müztərib - həyəcanlanmış, rahatsız

AZƏRBAYCANIN SƏSİ

Aldığımız atidəki vəsiqəyi haiz olduğu əhəmiyyətinə görə eynən dərc ediyoruz.

Cəmiyyəti Əqvama, müdafiəyi-hüququ bəşər cəmiyyətinə və bilcümlə mədəni dünya əfkari-ümumiyyəsinə 

On sənəyə qəribdir ki, qızıl rus ordusu tərəfindən istila olunan Azərbaycan Cümhuriyyəti biəman bir terror altında əziliyor.

Faiq bir qüvvət və cəbirlə məmləkətimizə soxulan və onu bu qüvvət gücilə sovyetizə edən rus müstövlilərinə qarşı ta ibtidadan bəri əhali müxtəlif şəkillərdə müsəlləh qiyam və üsyanlarla müqavimət göstərmişdir ki, sovet statistiklərinə görə bu üsyanların ədədi aşağı-yuxarı 60-ı keçməkdədir. Bu qanlı protestolar miyanında başlıca olaraq, minlərcə qurbana malik bulunan Gəncə, Qarabağ, Zaqatala, Quba və Lənkəran üsyanları vardır.

Bu üsyanlar və izləri hələ Azərbaycan dağlarından əksik olmayan partizan hərəkatlarından maəda, millət bütün qüvvəti ilə bolşevizmin gərək iqtisadi və gərək kültürəl rejiminə qarşı yılmaq bilməyən bir mücadilə halındadır.

İqtisadi və eyni zamanda idari müxalifət, köylərdə partizanlıq kolxoz və sovxoz denilən kollektiv ziraət müəssisələrinə qarşı təcavüz, sovet komissarları ilə komunistlərə təərrüz, hökumət kooperativlərini yağma, natural vergiyi verməkdən imtina və köylünün kəndi ehtiyacından fəzlə əkin əkməkdən sərf-nəzər etmək şəkillərində təzahür etməkdədir.

Kültürəl və politik müxalifət isə - münəvvərlər və münəvvər gənclər tərəfindən milli tərbiyə və milli mətbuat və ədəbiyyat sahəsində göstərilən fəaliyyətlə sovet idarəsi və istila rejimi əleyhində təşəkkül edən xəfi təşkilat və nəşriyyatla təzahür edər.

Sadə milliyyət fikrini degil, bəşəriyyət məfhumunu da inkar edərək, ancaq siniflərin mövcudiyyətini tanıyan və bir sinfin digər siniflər üzərində mütləq hakimiyyəti prinsipini tərviç edən bu rejim, Rusiyadan gələn yabançı bir istila şəklində olması ilə məmləkət əhalisini adəta siyasi bir kölə halına qoymuşdur. Məmləkət sadə siyasi degil, iqtisadi köləliyə dəxi məruzdur. Azərbaycanı rus mühacirləri ilə iskandan ibarət olan bu qəziyyə yabançı kolonizasyon sistemindən ibarətdir. Bu köləligə qarşı ən məsum bir tərzdə səslərini yüksəltənlərin cavabı qətl, təhdid, həbs, nəfyi və hər dürlü insani haqdan məhrum buraxılmaqdır. Bu müddət əsnasında tək bir sənə yoxdur ki, yüzlərcə və bəzən minlərcə Azərbaycan vətəndaşı bu şeytani rejimin qurbanı olmasın.

Hal-hazırda məmləkətdə milli ədəbiyyat müntəsiblərinə qarşı açılan şiddətli hücumlar və təqiblərlə bərabər, Şimali Rusiya, Arxangel vilayəti sahillərində vaqe məruf Salovki mənfasına sürülmüş bulunan Azərbaycanlı siyasi sürgünlərə qarşı dəxi qeyri-insani işgəncələr tətbik olunuyor.

Axirən aldığımız vösuq məlumata görə Solovkidə bulunan azərbaycanlı məhbuslar vəhşi bir müamiləyə məruz qalmışlardır. Kəndilərinə tətbiq olunan qeyri-insani rejimə qarşı protesto məqsədi ilə dəfələrlə aclıq qrevi elan edən və vəz etdikləri şəraitin qəbulu üzərinə qrevi bitirincə təkrar əski müamiləyə məruz qaldıqlarını görən bu sürgünlər, ən qəti bir çarə olmaq üzrə, bu dəfə “ölüm aclığı” elan eyləmişlərdir.

20 gün davam edən bu müdhiş qrev nəticəsində mücahidlərdən müəllim M.Əbdülqəni heç bir qida qəbul etmədən şəhid olmuşdur.

Bundan maəda digər 46 mücahidin bu qrev nəticəsində nə olduqları çox böyük bir təlaş və əndişəmizi mucib olmaqdadır.

Sürülənlər miyanında bulunan Azərbaycan alimlərindən ekonomist Mehmet Həsən Baharlının, gördügü bu vəhşətəngiz müamilə nəticəsində ağlını oynatdığı haqqında müəssif məlumat alınmışdır.

Böylə müdhiş bir vəsiləyə təvəssül edən məhbusların tələbatı isə şundan ibarətdir.

1-         Kəndilərinin siyasi məhbus deyə tanınmaları və digər siyasilərə tətbiq olunan rejimin kəndilərinə də təşmili.

2-         Kəndi lisanlarında evlərinə məktub yazmalarına müsaidə.

Böyləcə bəsit mətalibi qəbul etdirmək üçün aclıqdan ölmək kibi müdhiş çarələrə təvəssül zərurətində qalan biçarə vətənpərvərlərin sovet istilası altında nələr çəkdiklərini sadə təsəvvür etmək belə tükləri ürpətiyor. Böylə tüklər ürpədici işkəncələr altında qalanlar bir degil, on degil, yüz degil, minlərcədir. Bunlar miyanında zülmə, istibdada və istilaya təhəmmül edəmiyib də etiraz səsini yüksəldən vətənpərvərlərlə bərabər, heç bir şeydən xeyri olmayan, fəqət sadəcə vicdanını satmaq istəməyən məsumlar da çoxdur. Və hal-hazırda gün yoxdur ki, bir çox Azərbaycan münəvvəri həbs, nəfyi və qətl edilməsin!

Tarixdə ilk dəfə təəssüs edən bir türk-müsəlman cümhuriyyətinin və müasir Avropa demokrasi prinsiplərini tətbiqlə Qərb mədəniyyətinə təvəssül etmək istəyən bir Şərq millətinin mədəniyyət və demokrasi düşmənləri tərəfindən icra olunan təzyiqlər altında mənəviyyatına, milli iradəsinə, hürriyyət və istiqlalına və eyni zamanda vətəndaşlarının şəxsi hürriyyət və bəşəri hüququna vüqu bulan bu barbarca təcavüzləri cahan əfkari-ümumiyyəsi qarşısında bundan nifrətlə bəhs edər, əsrin ən yüksək insani məfhumlarından qüvvət alan müəssisələrinizin bu xüsusda mənəvi yardımlarını və səsinizin bu məzlumlar lehində yüksəldilməsini hürriyyət və insaniyyət naminə rica eyləriz!

“Odlu-Yurd”, şubat (fevral) 1930, № 12
Baş məqalə yerində

Bilcümlə - bütünlüklə, bütün
Biəman - amansız, zalım
İskan - məskən saldırma
Müntəsib - dayaq
Mənfa - sürgün yeri 

AZƏRBAYCAN TARİXİ HƏRƏKATINDAN MÜSAVATÇILAR VƏ KOMUNİSTLƏR

I

Bir əsrdən çox sürən yeni azəri harsı hərəkatı, milliyyəti təşkil edən ünsürlərin təşəkkülü, bu gün Azərbaycan misaqi millisi olan “28 Mayıs 1918 sənəsi elani-istiqlal qərardadı ilə” nəticələnmişdi. Və gərək o misaqın yaradıcısı, gərəksə onu həyata keçirmək uğrunda çarpışan qüvvət - “Müsavat” firqəsi və onun ətrafında birləşmiş olan igid münəvvər azəri gəncligi idi. Demək olar ki, - “Müsavat” XIX əsrin ilk yarısından başlayan və ictimai həyatımızın hər sahəsini ehtiva edən mədəni, əsri inkişafın məntiqi və təbii bir nəticəsi idi. Cəmiyyətimizin milli ünsürlərinin təşəkkül və təkamülü, milliyyətin əsri mənada təcəssüsü təbii olaraq müştərək bir milli məfkurə, müştərək bir qayə ardınca qoşan bir “millət” yaradacaqdı ki, bənligini, varlığını anlamış və duymuş olan bu millət mütləqa müstəqil və azad olmaq üçün mübarizəyə girişəcəkdi.

Azəri cəmiyyətinin ictimai təkamül və inkişaf hərəkatına bir yekun vurmaq, onun bütün istəklərini, diləklərini, həyəcan və ehtiyaclarını ifadə etmək, onun, milli cəmiyyətimizin, müştərək ideolojisini təyin və təsbit etmək və əldə təsbit olunmuş o milli qurtuluş proğramı olduğu halda, milli hərəkat və mücadiləyi sövq və idarəyə başlamaq şərəfi tarixən “Müsavat” firqəsinə təvəccöh ediyordu ki, bu da pək təbii idi. Çünki “Müsavat”ı yaradan ünsürlər, əsri bir cəmiyyət halına gəlmiş millətimizin  heyni, dimağı, onun istək və diləklərini təmsil edən xalqçı münəvvərlərdi. “Müsavat”ı təşkil edən münəvvərlər millətimizi, bütün həyəcanları ilə təmsil ediyorlardı.

Siyasi mücadilədə - 1917 sənəsi seçkilərində və 1918 sənəsi istiqlal hərbində “Müsavat” firqəsinin zəfər və qələbəsi, bütün xalq kütləsini bir insan kibi kəndi arxasında bulundurması, o firqənin azəri xalqının nə qədər həqiqi müməssili olduğunu göstəriyordu.

Bolşevik mətbuatını təqib edən və istila altında azəri xalqının mücadiləsi ilə aşina olanlar, “Müsavat” və azərbaycançılıq, radikalizm, demokratizm və milliyyətçilik məfhumlarını ifadə edən “Müsavatizm”in ictimai, harsi, iqtisadi, siyasi sahələrdə böyük bir qüvvət olduğunu az-çox öyrənmişlərdir. Bolşeviklər, 1920 sənəsindən bəri “Müsavat”ın qaç dəfə iflas etdigini elan etmişlərdir. Fəqət on minlərcə qurban verən bu firqə istiladan bir sənə sonra gərək daxildə, gərəksə xaricdə mütəşəkkil bir qüvvət halında bulunduğunu hiss etdirdi. 1923 sənəsi tutğu, edam və sürgünlərindən sonra bolşeviklər ümumi şadlıq içərisində “Müsavat”ı gömdüklərini elan etdilər. Fəqət eyni sənənin son baharında qüvvətli bir “Müsavat” təşkilatının gizli “Müsavat” mətbəə və qəzetəsinin mövcudiyyəti meydana çıxdı. 1923-dən bu günə qədər hər il qaç dəfə gizli “Müsavat” təşkilatı kəşf və əzaları qismən edam, qismən də Sibiryaya sürülmüşlərdir. Və hər dəfəsindən sonra Qarayev, Quliyev, Kərimov və sairləri “Müsavat”ın tamamilə öldügünü elan etdilər.

Son dəfə “Müsavat” firqəsinin tamamilə iflas etdigi 1928 sənəsi yazında elan edilmişdi. Eyni sənənin kanuni-əvvəlində isə yenidən “Müsavat” təşkilatı, “Müsavat” mətbəəsi və gizli “Müsavat” nəşriyyatı kəşf və yüzlərlə münəvvər müsavatçılar genə sürgün ediliyordu.

Azərbaycan komunist firqəsi tərəfindən iğfal edilmiş olanlar - “Müsavat”ın meydandan qalxdığı qənaətinə hənuz gəlməmişkən, bolşevik mətbuatı “Müsavat” və müsavat ideolojisi əleyhində uzun nəşriyata başlıyor. Bu nəşriyat səfəri bu gün belə bitməmişdir. Və onu davam etdirənlərin Azərbaycan komunist firqəsi katibi-ümumisi Əliheydər Qarayev, Azərbaycan maarif komissarı Mustafa Quliyev, azəri komunistlərinin ən iləri gələnlərindən doktor Sultan Məcid Əfəndiyev, Əli Kərimov, Zakirov, Əli Yaqubov, Əhməd Bedi v.s.-ndən ibarət olması məzkur səfərdə vəz olunan məsələlər bolşeviklərin “Müsavat” və “Müsavatizm”ə nə qədər əhəmiyyət verdiklərini göstərməkdədir.

Qarayev “Bakinski Raboçi”də “Müsavat” firqəsinin xarici siyasət və fəaliyyətini “faş” etmək istiyor, Quliyev “Müsavat”ın radikal islahat tərəfdarı olub-olmadığını təhlil ediyor (“Komunist”, № 2438).

Əfəndiyev “Tərəqqi və “Müsavat” islamlaşmağı”nı şərh ediyor (“Komunist”, № 2499), Əli Kərimov “Müsavat” firqəsi keçmişdə və imdi” ünvanı ilə (“Komunist”, № 2435, 2443, 2456) “Müsavat” firqəsinin tarixini, proğramını, prinsip və fəlsəfəsini təhlil etməkdədir, səhifələr dolduran uzun serisində 5-ci məqaləsini yazdığı halda, o hənuz 1917 sənəsindədir.

“Müsavat”a hücum səfərində vəz olunan məsələlərdən biz burada bəhs etmiyəcəgiz. Bizə bilxassə lazım olan şey, azəri komunistlərini bütün qüvvətlərilə, mətbuat, nəşriyyat, məktəb, iqtisad, siyasət və s. kibi cəbhələrdə “Müsavat”a qarşı hücuma keçmələrinin səbəbləridir.

Sovet seçkilərinə hazırlanmaqla əlaqədar olan bu hücuma 1928 sənəsi eylülündə başlanıyordu. Azərbaycan Komunist Gənclər İttifaqının eylül ayında açılan qurultayında, 17 eylül tarixli cələsədə Qarayev “Müsavatçılıqla mübarizə” haqqında verdigi uzun raporu ilə “Müsavat” təhlükəsinin daha çox qüvvətli bulunduğunu etiraf edərkən, yeni bir həqiqətə dəxi şahid oluyordu: Müsavatizmin gənc komunistləri də istila etdigi meydana çıxıyordu. Qarayev gənc komunistləri “Müsavat” ilə mücadilə üçün səfərbər hala gətirmək məqsədilə “Son vaxtlar müsavatçılar canlanmış, bilxassə ideoloji cəbhəsində bizə hücum ediyorlar. Bunun üçün müsavatçılar əski sınanmış silahları olan milliyyətçilikdən istifadə ediyorlar, onlar milliyyətçilik psixolojisi yaratmağa çalışıyorlar” - deyə “Müsavat” təhlükəsinə nəzər diqqəti cəlb etmək istərkən, komunist gənclər yerlərindən: “Bizim neft nərəyə gediyor? Nə üçün bu sərvətdən vergi alınmıyor? Azərbaycanın ağası kimdir? Türklərmi, yoxsa ruslar? Nədən idarələrimizin başında lisanımızı bilməyən əcnəbilər oturuyor?” (“Gənc işçi”, № 74) - deyə Qarayevə sorğular yağdırmışlardır. Qarayev bu “müəssif” hadisədən sonra hər şeydən əvvəl komunist firqəsini müsavatçılardan təmizləmək lazım gəldiginə qənaət gətirmişdir.

Eyni ilin eyni ayında komunist firqəsinin Bakı konqresində, Bakı komunist firqəsi rəisi Levon Mirzoyan Azərbaycanın sihhiyyə, maarif, daxiliyyə, ziraət, maliyyə, gənc komunistlər, kooperativ v.s. kibi müəssisələrinin “Müsavat” firqəsi əlində və “Müsavat” nüfuzunda olduğunu qeyd ediyordu (“Komunist”, 9.IX.1928, “Zarya Vostoka”, 11.IX.1928).

Mirzoyan, Qarayevin riyasət etdigi Azərbaycan komunist firqəsinin və doktor Musabəyovun sədarət etdigi Azərbaycan Sovet hökumətinin dəxi “Müsavat” firqəsi nüfuzunda bulunduğundan bəhs ilə diyordu ki:

“Müsavatçılar sovet müəssisələrini idarə edənləri öylə mahiranə istifadə ediyorlar ki, bunu məsul komissarlar kəndiləri də hiss etmiyorlar. Burada müsavatçılıq, komissarların dili ilə müxtəlif tələblər şəklində meydana gəliyor. Məsələn diyorlar ki:

“Azərbaycan müstəqil indüstri yaratmalıdır və xam mal ilə yanacağın Azərbaycandan çıxarılmasına mane olmalıdır; Azərbaycan istehsal mənbələrindən vergi almalıdır, Azərbaycan sərvət və imkanına görə dövləti büdcə yaratmalı, Azərbaycanın digər sovet cümhuriyyətlərindən az asılı olmasını təmin etməlidir, Azərbaycana rus mühacirləri buraxmamalıdır... T.S.T.S.”

Mirzoyan raporunda əlavə ediyordu ki:

“Məlumdur ki, bütün bu milliyyətçilik fikir və arzularını təhrik edən ideoloğ “Müsavat” firqəsidir. Bu münasibətlə biz müsavatçılara qarşı mübarizəmizi şiddətləndirməliyiz və baş düşmənin “Müsavat” firqəsi olduğunu proletar sinfinə elan etməliyiz. Qəti və aydın misallarla biz “Müsavat”ın sovet əleyhdarlığını, ixtilal düşməni olduğunu göstərməliyiz. Başlıca düşmənimiz olan “Müsavat” firqəsini ideoloji və harsi cəbhələrdə amansız məhv etməliyiz. Eyni zamanda milliyyət məsələsini təkrar-təkrar mətbuat səhifələrində tənvir etməli və xalqa anlatmalıdır. “Komunist” qəzetəsi “sovet məktəblərinin müsavatçılar əlində olmasından” və “məktəblərin milliyyətçiliklə zəhərlənmiş olduğundan” şikayətə başladı”. (14 eylül 1928, № 2417)

Mustafa Quliyev “Mədəni inqilab kadroları” adlı məqaləsində “Azəri müəllimlərinin milliyyətçi, azərbaycançı, rus əleyhdarı, sinif mübarizəsinə müxalif olaraq vəhdət və təsanüdü milliyyə tərəfdarı olduqlarını, proletar mənafeindən yüksək Azərbaycan məfkurəsini tutduqlarını, hələ də Azərbaycanın kəndi başına müstəqil yaşaya biləcəgi qənaətində olduqlarını” yazmağa başladı (“Komunist, № 2425”). Müəllimlərin, tələbənin yüzlərlə məktəblərdən çıxarılmasına başladılar. Eylül 1928 sənəsində açılan Azərbaycan müəllimlər qurultayı isə məktəblərdə gənc nəslin hələ milli ruhda bulunmasının səbəbi mühitin, ailələrin, ədəbiyyat, teatro, sinema və sairənin ufaq burjua sinfi əlində olmasında və böylə bir “nep” mühitinin də mütləqa müsavatçı olacağını “kəşf” etdi. O bununla müəllimləri müdafiə etmək və “Müsavatizm”in səbəblərini müəllimlər üzərindən komunist firqəsinin ictimai və iqtisadi sahələrdəki məğlubiyyəti nəticəsində təəssüs edən ufaq milliyyətçilik şəraitində görmək istədi və dedi ki:

“Həqiqi komunizm tətbiq olunmadıqca və “nep”in meydana gətirdigi ufaq burjua sinifləri qüvvətlənməkdə davam etdikcə, bu mülkiyyət şəraitinin məntiqi nəticəsi olaraq ədəbiyyatda, hüquqda, əxlaq və bədiyatda, ailələrdə demək ki, məktəblərdə dəxi milliyyətçilik və bunun nəticəsində də müsavatçılıq hakim olacaqdır”.

Fəqət “Komunist” qəzetəsi (№ 2446) məktəblərdə gənc nəslin hələ milli ruhda böyüdügünü - “Müsavat” firqəsinin fəaliyyətindən, məktəbləri işğal etmiş olduğundan görüyor. Və ailələri milliyyətçilikdən ayırmaq üçün “Tanrısızlar cəmiyyətinə” əhəmiyyət verməgi təklif ediyor. “Komunist” qəzetəsi məzkur məqaləsində bütün şimdiki müəllimləri məktəblərdən çıxarmağı təklif ediyordu. Bundan bir qaç ay əvvələ qədər maarif komissarı olan Ruhullah Axundov doğurdan da Azərbaycan münəvvərlərinə qarşı bir səfər açdı, “və müəllimlərlə milliyyətçi tələbələr məktəblərdən çıxarıldı. Fəqət bu səfər nəticəsində məktəblər tamamilə tətil edincə Ruhullahı Mustafa təbdil etməgə başladı. İş başına gələn Mustafa “sola atəş” - deyə “Komunist”in təklif və Axunovun tətbiq etdigi siyasəti tənqidə qoyuldu. “Yeni türk məktəbi yaratmaqda biz əski müəllimlərin kadrosuna arxalanmışız və arxalanıyoruz. Yeni mədəni qüvvətləri, yeni gənc müəllimləri əski müəllimlərin qəhrəmananə çalışmaları sayəsində yarada bilmişiz. Müəllim qüvvəsinə ehtiyac hiss etdigimiz bir zamanda onları nərəyə çıxarıyoruz?.. (“Komunist”, № 2425) və “Zarya Vostoka”nın yazdığına görə bu səfərdən 2 nəticə əldə edilmiş oldu ki, biri məktəblərdə həyat pozulması, digəri də genə yerlərini işğal edən əski müəllimlərin Sovet hökumətinə inanmamağa başlamalarından ibarətdir...

lll

Keçən il yapılması lazım gələn sovet seçkilərinin bir il təxiri, 1928-ci ilin başdan-başa bu seçkilərə hazırlıqdan ibarət olması, sovetlərdə iqtisadi, elmi, səhiyyə, mədəni, ədəbi və s. müəssisələrdə yapılan təmizlik, həbs, edam və sürgünlər, sovet mətbuatı ilə sovet ricalının böyük bir əndişə ilə, köy, qəza və şəhər sovetlərinin tamamilə milliyyətçi ünsürlər əlində olmasından bəhs edib durması və hal-hazırda yapılmaqda olan seçkilərin xaraqter və gedişi bizə bir həqiqəti aşikar göstərmiş oldu:

Milli-Azəri həyatının canlı, yaradıcı qüvvələri ölməmiş, biləks böyük bir əzm ilə yaşamaq mücadiləsinə başlamışdır. Sovet Azərbaycanı mətbuatı və seçkilərin gedişi haqqındakı rəsmi raporlar qolçomaq adlanan ufaq köy burjuası ilə zənginlənmək istəyən orta hallı əkinçilər, şəhərlərin ufaq burjuası ilə məmləkətin münəvvər zümrələrinin hərəkətə keçdigini, seçkilərdə bolşevik listelərinə qarşı çox yerlərdə qüvvətlə müqabilə edərək kəndi listelərini keçirməgə çalışdıqlarını etiraf ediyorlar (“Zarya Vostoka”, № 240). Qismi-məxsusumuzda təfsilatla oxunacaq olan köylü hərəkat və mübarizəsində hakim olan fikir və prinsiplərin bolşevizmi rəd, ümumi seçki tələbi, mülkiyyət və torpaqsızlara torpaq və s. Müsavat ümdə prinsiplərini təşkil etməsi, milli hars və həyatı yaradan və bunu davam etdirən əsaslar olduğu, “Müsavatizm” adlanan bu milli cərəyanın nəticə etibarilə “Müsavat”ı davam etdirən milliyyətçi bir nəsil və kütlə yetişdirəcəyi bolşevikləri bu hərəkata - “Müsavat” hərəkatı deməgə məcbur etmişdir.

Orta əsr baqiyatı mülkədarlıqdan qurtarmış olan köylü onun şəxsi təşəbbüslərini inkar edən, onun mülkiyyətini əlindən alan sosializmdən qaçıyor - mülkiyyətə doğru, mülkiyyət əsaslarını təhkim etməgə doğru gediyor. Vərasəti, ailə həyatını, hüquq və əxlaqı komunizmin tam ziddinə olaraq milli bir tərzdə qüvvətləndirəcək olan və milli bir həyat və harsın davam və inkişafından ibarət olan bu gediş, vaxtilə rus maarif komissarı Lunaçarskinin qeyd etdigi kibi, məmləkəti “demokratik cümhuriyyətə” doğru götürüyor. Və böylə bir cəmiyyətin nazimləri komunistlər degil, milliyyətçilər ola biləcəklərdir.

Azərbaycan şərayiti içərisində cəmiyyəti sövq və idarə edən milliyyətçi qüvvə kim ola bilir əcəba? Rəsulzadə Məhəmməd Əmin bəy 1919-cu ildə nəşr etdigi “Azərbaycan təşəkkülündə “Müsavat” adlı əsərində “Müsavat”ın rolundan bəhs edərkən diyorlardı ki:

“Sağdan və soldan gələn bir çox daxili və xarici düşmənlərə rəğmən “Müsavat” firqəsi mücadiləsində müvəffəq oldu: Azərbaycan Cümhuriyyəti təşəkkül etdi. Bu müvəffəqiyyətimizdə prinsiplərimizin millətin təbii istək və diləklərindən mülhəm olmasına mədyunuz. Bundan sonra Azərbaycana hakim olacaq qüvvət “Müsavat” olmaya bilir, fəqət “Müsavatçı” olması zəruri və məcburidir...”

Bu qüvvət şimdi də hakim bulunuyor. Çünki Azərbaycan xalqının istək və diləklərinə tərcüman olaraq, xalqı əsarətə çəkən orta əsr baqiyatı feodalizm və irticaya qarşı olduğu kibi, azəri xalqının mənligini, varlığını, şəxsi təşəbbüs və yaradıcılığını, milliyyət və milli harsını məhv edən bolşevizm və komunizmə qarşı da mübarizə etməkdədir.

“Nep”in ehdas etdigi ufaq mülkiyyətçi cəmiyyətin bu gün harsı, siyasi, ictimai, iqtisadi sahələrdə bolşevizmə qarşı mübarizə edən aktiv qüvvətləridir ki, hər il “kəşf” və “iflas” edilən “Müsavat”ın kadrolarını təşkil ediyorlar.

Ona görə bolşeviklərin bu hərəkəti “Müsavat”a istinad vermələri və bu cərəyana “Müsavatizm” demələri yersiz degildir.

“Müsavatizm” bu gün azəri cəmiyyətinin təbii və həyati ehtiyaclarını, istək və diləklərini ifadə və təmsil etməkdədir. Bolşevikləri əsəbiləşdirən də budur.

Komunistlər, istilanın 9-cu ilində bütün qüvvətlərini - “Müsavat”a qarşı səfərbər hala gətirməklə bu firqənin qüvvət və əhəmiyyətini bir daha elan və etiraf etmiş olurlar. Onlar eyni zamanda gələcək məqaləmizdə şərh edəcəgimiz kibi Azərbaycanda komunizm prinsiplərinin qeyri həyati olduqlarını və tətbiq edilmədən iflas etmiş bulunduqlarını da anlamış oluyorlar.

Mirzə Bala (Məmmədzadə)
“Odlu-Yurd”, nisan (aprel) 1929, № 2

Hars - mədəniyyət
Münəvvəz - ziyalı
İğfal - aldadılmış
Təcəssüs - diqqətlə araşdırma, yoxlama
Bak - qorxu, xof
Baqi - qalan, kəsir
Ehdas - meydana gətirmə, icad etmə
Faş - ifşa
Eylül - sentyabr
Müəssif - təəssüf doğuran

(ardı var)

 





29.05.2017    çap et  çap et