525.Az

“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin müraciəti


 

“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin <b style="color:red">müraciəti</b>

1988-ci ildən Azərbaycanın tarixi ərazisi, ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı Ermənistana birləşdirmək iddiaları  ilə başlayan Ermənistan – Azərbaycan müharibəsi artıq 25 ildir ki, davam edir.

Terrorçu və separatçı ermənilərin Azərbaycanın səfalı, gözəl guşəsi olan Qarabağı işğal etmək, ta qədimdən Azərbaycan torpaqlarına göz dikərək orada “Dənizdən dənizə Böyük Ermənistan” yaratmaq məqsədilə başladığı amansız müharibə nəticəsində 20 faiz torpaqlarımız işğal olunub, 900-ə yaxın yaşayış məntəqəsi yerlə-yeksan edilib, 1 milyondan artıq insan öz doğma Vətənindən, yurd-yuvasından zorla qovularaq qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur edilərək, 62 şəhər və rayonunda, 1600-dan çox sıx məskunlaşma obyektində məskunlaşıb. 20 mindən artıq vətəndaşımız qətlə yetirilib, 100 minlərlə insan şikəst, əlil olub, 4 min nəfərdən şox soydaşımız itkin düşüb. 900 nəfər şahid ifadələrinə əsasən əsir və girov götürülüb, indiyə kimi işğal olunmuş Dağlıq Qarabağda və Ermənistanda saxlanılır. Əsir və girovluqda saxlanılan zaman 553 nəfər şəxs, o cümlədən qadın, uşaq, yaşlı xüsusi qəddarlıqla qətlə yetirilib. Beynəlxalq humanitar hüquqa və qəbul olunmuş konvensiyalara zidd olaraq işgəncələrə və insanlığa sığmayan təhqirlərə məruz qaldıqdan sonra azad edilmiş 1400 nəfərdən çox soydaşımız hələ də ruhi sarsıntılar içində yaşamaqdadır.

8 may 1992-ci ildə Azərbaycanın dilbər guşəsi, musiqi, mədəniyyət ocağı olan Şuşa dünyanın bəzi aparıcı və qədim demokratik dəyərlərə malik olan dövlətlərinin məzlum xalq kimi tanıdıqları, əslində nəinki xalqımıza, hətta bütün bəşəriyyətə qarşı terror siyasəti həyata keçirən məkrli ermənilər tərəfindən işğal olunub. Nəticədə 289 km2 ərazi təcavüzə məruz qalıb, 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, Mədəni-Maarif, Kənd Təsərrüfatı, Tibb texnikumları, Orta İxtisas Musiqi Məktəbi, 8 mədəniyyət evi, 14 klub, 20 kitabxana, avtobaza, Şuşa sanatoriyası, 2 kinoteatr, 3 muzey, turist bazası, Şərq Musiqi Alətləri fabriki və s. daxil olmaqla mədəni və inzibati binalar dağıdılıb. 100 nəfərdən çox insan qətlə yetirilib, 121 nəfər itkin düşüb. Onlardan 44 nəfəri ermənilər tərəfindən əsir, 2 nəfər-1905 və 1906-cı il təvəllüdlü yaşlı şəxs isə girov götürülüb.

Təəssüf hissi ilə bildiririk ki, Ermənistanın dövlət səviyyəsində Azərbaycana qarşı yürütdüyü etnik təmizləmə və soyqırım siyasəti beynəlxalq təşkilatlar tərəfindən sükutla qarşılanır və heç bir reaksiya doğurmur.

“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin üzvləri Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin başçılarına, Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edərək, onları Azərbaycanını ərazi bütövlüyünün təmin olunması, işğal altındakı torpaqların, o cümlədən Şuşanın Ermənistan silahlı qüvvələrindən azad olunması, Ermənistan – Azərbaycan müharibəsi zamanı əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarının qaytarılması, itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün konkret tədbirlər görməyə çağırır.

 





08.05.2013    çap et  çap et