525.Az

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox ciddi narahatlıq keçiririk”


 

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox ciddi narahatlıq keçiririk” <b style="color:red"></b>

Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katorinin müsahibəsi
 
- Hörmətli səfir, ölkələr arasında ikitərəfli münasibətlərin səviyyəsini necə qiymətləndirirsiniz? Azərbaycanda çalışacağınız müddətdə hansı sahələrə daha çox diqqət yetirməyi planlaşdırırsınız?
 
- Biz bu il diplomatik münasibətlərimizin 25 illiyini qeyd edirik. 1992-ci ildən sonra hər iki ölkə aralarında olan və yüksək sürətlə inkişaf edən münasibətlərdən bəhrələnir. Məsələn, fevral ayında İqtisadiyyat, Ticarət və Sənaye üzrə dövlət naziri, cənab Matsumura Azərbaycan-Yaponiya hökumətlərarası komissiyasının iclasında iştirak edib. O, Azərbaycanda olarkən prezident İlham Əliyev başda olmaqla, bir çox mühüm şəxslərlə görüşüb. Bu, iki ölkə arasındakı münasibətlərdə yeni mərhələyə yol açıb. Bildiyiniz kimi, biz hökumətinizlə müxtəlif, yerli qrant layihələrinin həyata keçirilməsi üzrə əməkdaşlıq aparmışıq.

Ötən il mənim xələfim, səfir Takahaşi yerli sakinləri əhatə edəcək bir neçə layihəni imzalayıb. Mədəni münasibətlərə gəldikdə, İsmayıllı və İto arasında dostluq və əməkdaşlığa dair protokol imzalanıb. Protokol imzalanandan sonra iki şəhər nümayəndələri arasında qarşılıqlı səfərlər baş tutub. Bu ilin yayında hər iki şəhər arasında tələbə mübadiləsi aparılacaq. Yanvar ayında Bakıda yapon film festivalı, fevralda isə Gəncədə cüdo üzrə “2-ci Yaponiya səfiri” kuboku yarışı keçirilib. Biz müxtəlif sahələrdə bu kimi yaxşı münasibətləri inkişaf etdirməkdən məmnunuq və bunu gələcəkdə də davam etdirmək üçün əllərimizdən gələni edəcəyik.

- Azərbaycan prezidenti ilə görüşünüz zamanı o, iqtisadi münasibətlər barədə danışanda enerji və bank sistemlərini xüsusi vurğulayıb. Bu, o deməkdirmi ki, yaxın gələcəkdə bu sahələrdə birgə layihələrin icrası  gözlənilir?
 
- Bizim Azəri-Çıraq-Günəşli (ACG) neft layihəsində iki şirkətimiz var. Bildiyimə görə, tərəfdaş şirkətlər pay bölgüsü haqqında sazişin müddətinin uzadılmasına dair artıq konsensusa gəlib. Hal-hazırda müqavilənin uzadılmasına dair danışıqlar gedir. Ehtimal var ki, bu il ərzində yeni müqavilə imzalanacaq. Prezidentinizlə görüşəndə özümü təqdim etdim. Mən Yaponiyada Səhiyyə və Rifah Nazirliyində çalışmışam. Əhalinin pensiya sisteminin planlaşdırılması və hazırlanmasına cavabdeh olmuşam. Yaponiya pensiya fondu dollar ekvivalentində 10,4 milyard təşkil edir. Mən bununla bağlı prezidentinizlə danışdım. O bildirdi ki, Azərbaycanın böyük Neft Fondu var və bu fond dünyanın müxtəlif yerlərində layihələrə sərmayə qoymağa çalışır. Bizim bu kimi böyük fondların vəsaitlərini sabit və effektiv şəkildə istifadə etməyə dair təcrübə və biliyimiz var. Əgər Azərbaycan hökuməti bu sahədə əməkdaşlıq etmək istəyirsə, biz bu bilikləri paylaşmağa hazırıq. Neft Fondu ölkənizin iqtisadi və bank sistemində vacib sabitləşdirici rol oynayır. Bildiyimə görə, fond artıq Tokionun mərkəzi rayonlarından biri olan Kirarito Ginzanın daşınmaz əmlakına sərmayə yatırıb. Daşınmaz əmlakla yanaşı, dəmir yolu, metro, yüksək sürətli qatarlar, şose yolları kimi infrastruktur layihələrinə də sərmayə yatırılmasının məsləhətli olduğunu nəzərdə tuturam. Bu, NF üçün çox effektiv ola bilər. Bu kimi sərmayələr uzunmüddətli kredit ala bilər.
 
- Fevralın 23-də Bakıda iqtisadi əməkdaşlığa dair Azərbaycan-Yaponiya birgə hökumətlərarası komissiyası və Azərbaycan-Yaponiya İqtisadi Komitəsinin iclasları keçirilib. Hər iki iclasda iki ölkə arasında ticarət dövriyyəsinin artırılması məsələsi vurğulanıb. Azərbaycan tərəfdən komissiyanın sədri Abid Şərifov yeni sənaye sahələrinin açılması, informasiya-kommunikasiya texnologiyaları, kosmik sahə, meliorasiya, alternativ və bərpa olunan enerji sahələrində əməkdaşlıq üçün Yaponiya şirkətlərini dəvət edib. Hər hansı yapon şirkəti bu təkliflə maraqlanıbmı? 
 
- Baş nazirin müavininin sadaladığı sahələr ölkənizdə qeyri-neft sektorunu inkişaf etdirməyə istiqamətləndirilib. Bəzilərinə dair Yaponiya şirkətləri artıq öz təkliflərini verib. Məsələn, informasiya-texnologiya sahəsi üzrə telefon qovşaqlarında analoq telefon kommunikasiyasını rəqəmsal texnologiyalarla əvəzləmək təklif olunub. 2013-cü ildə Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Bakıda kosmos sənayesinə aid beynəlxalq tədbirdə iştirak edib. O zaman bir çox Yaponiya şirkət nümayəndələri Azərbaycan rəsmiləri ilə görüşmək üçün bura gəldi. Yaponiya nadir ölkələrdən biridir ki, ölkə daxilində vahid şəkildə idarə edilən peykləri istehsal edə, orbitə buraxa, onları işlədə və onlara nəzarət edə bilər. Bizim Tokioda peyklərin kosmosa buraxılışına aid iki bazamız var.

Azərbaycan və Yaponiya arasında peyklərin istehsalı, kosmosa buraxılması və onlara nəzarət olunması sahələrində əməkdaşlıq etmək üçün böyük imkanlar var. Azərbaycanın iki peyki var və hazırda üçüncünü kosmosa buraxmaq üçün Avropada tərəfdaş axtarır. Mən Azərbaycan tərəfini kosmos sahəsində Yaponiya şirkətləri ilə əməkdaşlığı nəzərdən keçirməyə çağırıram. Burada olduğum müddətdə bir neçə nazirlə görüşdüm. Onlar mənə kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivli olduğunu dedilər. Söhbət təkcə meyvə-tərəvəz, ət istehsalından getmir. Azərbaycan üçün bu məhsulların emal olunaraq qonşu ölkələrə ixrac edilməsi vacibdir. Sizin prezidentiniz dedi ki, kənd təsərrüfatının məhsuldarlığı çox mühümdür. Mən onunla razıyam. Yaponiyanın özü balaca ölkədir və bizim qida yetişdirmək üçün məhdud sahələrimiz var. Biz 100 milyondan çox insanı qidalandırmalıyıq və məhsuldarlıq bu mənada çox mühümdür. Bizim əsas yetişdirdiyimiz nemət düyüdür və o, çoxlu su tələb edir. Bunun üçün suvarma işləri düzgün aparılmalıdır. Bizim buna aid texnologiya və avadanlığımız var.

- Bu ilin əvvəlində sizin azərbaycanlı həmkarınız Gürsel İsmayılzadə Yaponiyada akkreditə olunmuş biz sıra səfirlərlə birlikdə baş nazir Şinzo Abenin təşəbbüsü ilə keçirilən görüşə dəvət olunub. Cənab Abe Azərbaycanın ölkəsi üçün böyük əhəmiyyət daşıdığını bildirib. Aramızda minlərlə kilometr məsafə var. İqtisadiyyatdan başqa, Azərbaycanı Yaponiya üçün əhəmiyyətli edən nədir?
 

- İlk növbədə əlbəttə, bizim enerji siyasətimiz. Bizim enerji mənbələrimiz məhduddur. İkincisi, bizim bu ərazi ilə, yəni Azərbaycanın yerləşdiyi bölgə ilə qədimdən əlaqələrimiz olub. Yaponiyanın 2000 ildən çox tarixi var. Hələ 6-7-ci əsrlərdə, yəni 1400 il bundan əvvəl bizim bu bölgə ilə əlaqələrimiz olub. Biz buraları “qərb bölgəsi” adlandırırıq. İpək Yolunun şərqdəki başlanğıcı Kioto şəhəridir. Yolun sonu isə qərbdə qədim İran, Qafqazdır. Yaponiya Tarixi Muzeyində qədim İran və bu ərazilərdən çoxlu qiymətli eksponatlar var. Bu, bizim üçün çox mühümdür. Biz öz tariximizə çox böyük ehtiram və hörmətlə yanaşırıq, digərlərinin tarixinə olduğu kimi. Təkcə Çin, Hindistan yox, həm də qədim İran və Qafqaz bizim üçün çox mühümdür. Yeni İpək Yolu işə salınmaqdadır. Bu isə Çin, Orta Asiya ölkələri, Azərbaycan, Gürcüstan, İran və Türkiyə deməkdir. Bu, xüsusilə nəqliyyat və yük daşımalarında bizim ölkələr üçün yeni imkanlar açır. Təkcə iqtisadiyyat, nəqliyyat yox, həmçinin turizm, mədəni əməkdaşlıq və təhsil. Ən əsası, bizim bu bölgə ilə bağlı xatirələrimiz var. Bu, münasibətlərə öz töhfəsini verir. Bizim üçün təkcə iqtisadiyyat və siyasət önəm daşımır. Bu, bizim ürəyimizin dərinliyindədir. Bu ərazi və burada yaşayan insanlar bizim köhnə dostlarımızdır. 
 
- Hər iki ölkənin qonşuları ilə ərazi mübahisələri mövcuddur. Hər iki münaqişə müharibələrin nəticəsi olaraq ortaya çıxıb: müvafiq olaraq İkinci Dünya və Dağlıq Qarabağ müharibələri. Hər iki məsələyə sizin şəxsi münasibətinizi və Yaponiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı rəsmi mövqeyini öyrənmək istərdik.
 
- İlk növbədə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox ciddi narahatlıq keçiririk və münaqişə qurbanlarının yaxınlarına başsağlığı vermək istərdik. Münaqişələr bölgələrə qeyri-sabitlik gətirir. Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olunması üçün Dağlıq Qarabağ münaqişəsinin yekun həlli çox mühümdür. Yaponiya münaqişə ilə bağlı ATƏT-nın Minsk qrupunun həmsədr ölkələrinin həmlələrini dəstəkləyir və beynəlxalq hüquq prinsiplərinə əsaslanan dinc həlli gözləyir.

Bizim Rusiya ilə ərazi mübahisəmizə gəldikdə, o, İkinci Dünya müharibəsinin nəticəsi olaraq yaranıb. Hər iki tərəfin bu məsələyə müxtəlif yanaşma tərzi və mövqeyi var. Müharibənin nəticəsi kimi yaranan bu tip məsələləri danışıqlar yolu ilə həll etmək çox mürəkkəbdir. İlk növbədə baş nazirimiz Abe Rusiya ilə yaxşı münasibətlər qurmağa səy göstərməyə davam edir. Yekun məqsəd sülh müqaviləsinin imzalanmasıdır. Bundan əvvəl biz yaxşı siyasi və iqtisadi əlaqələr qurmalıyıq ki, hər iki ölkənin vətəndaşları öz doğma torpaqlarına qayıda bilsin. Dediyim kimi, müharibənin nəticəsi kimi yaranan bu cür məsələləri danışıqlar yolu ilə həll etmək çox mürəkkəbdir, lakin bir dəfə biz bunun öhdəsindən gəlmişik. 1972-ci ildə ABŞ-la razılıq nəticəsində Okinava adasının işğalına son qoyuldu və o, bizə qeyd-şərtsiz qaytarıldı. Bu, uzun bir proses idi. O zamankı baş nazirimiz Nobel sülh mükafatına layiq görüldü. Biz buna yaxın gələcəkdə nail olacağımıza inanırıq. Fikrimcə, Dağlıq Qarabağ münaqişəsi iki tərəfin cəlb olunduğu münaqişə deyil. Bu münaqişəyə daha çox regional məsələlər və geosiyasət kontekstindən yanaşmaq lazımdır. Bu münaqişəni təkcə iki ölkə arasında həll etmək çox çətindir. Onu həll etmək üçün aidiyyəti ölkələr, qonşu ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək zəruridir. Bizim iki münaqişə arasında olan fərq məhz budur. Çünki bizim məsələ daha çox iki ölkə arasında həll oluna biləcək məsələdir, yəni Rusiya və Yaponiya arasında.

- Bu il Azərbaycan və Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi qeyd olunur. Hansı ikitərəfli səfərlər və ya mədəni tədbirlər planlaşdırılır?
 

- İki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunmuş bir neçə mədəni tədbir keçirməyi planlaşdırırıq. Dekabrın əvvəli Yaponiya imperatorunun doğum gününü qeyd edirik. Prezidentinizlə görüşmək şərəfi əldə edəndə, İlham Əliyev mənə dedi ki, baş nazir Şinzo Abenin Azərbaycana səfərini təşkil etməyə çalışım. O, izah etdi ki, keçmiş prezident Heydər Əliyev və onun özü Yaponiyada səfərdə olublar, amma Yaponiyanın heç bir baş naziri indiyədək Azərbaycana gəlməyib. Mən keçmiş baş nazir cənab Koizumi ilə birgə işləmişəm. İlham Əliyev Yaponiyaya səfəri zamanı məhz onunla görüşmüşdü. Şinzo Abe həmin dövrdə kabinet sözçüsü vəzifəsində çalışıb. Biz 2 il ərzində birlikdə çalışmışıq. O vaxtdan mənim cənab Abe ilə yaxşı münasibətlərim var.

Abe xarici siyasətdə çox fəaldır. 2015-ci ildə o, Orta Asiya ölkələrinə səfər edib. Bir müddət əvvəl xarici işlər nazirimiz Türkmənistana səfər edib. Orada o, Orta Asiya ölkələrindən olan həmkarları ilə görüşüb. Fikrimcə, baş nazirimizin Azərbaycana səfər etmək vaxtı yaxınlaşır. Yaponiya 2020-ci ildə Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Abe çox güclü siyasətçi və uğurlu baş nazirdir. Mən ümid edirəm ki, Olimpiya Oyunlarınadək baş nazir Abe Azərbaycana səfər edəcək. Bu səfərin baş verməsi üçün əlimdən gələni edəcəyəm. İqtisadiyyat, ticarət və sənaye naziri cənab Seko mənim dostumdur. O, baş nazir Abenin başçılıq etdiyi kabinetin əsas katibi olub və Qafqazda enerji sahəsinə çox maraq göstərir. Bura gəlməmişdən əvvəl mən onunla görüşdüm. Deyəndə ki, mən Azərbaycana səfir gedirəm, o bildirdi ki, ACG müqaviləsinin müddəti uzadılsa, Azərbaycana gələcək. Dediyim kimi, ümid edirəm bu il ərzində müqavilə tam razılaşdırılacaq.

- Burada olduğunuz qısa müddət ərzində Azərbaycan və insanlarımız barədə hansı təəssüratlarınız yarandı? Bəlkə yerli insanlarla ünsiyyətiniz barədə bəzi hekayələri bizimlə bölüşəsiniz?
 
- Bakıda gələndə ilk təəssüratım bu oldu ki, şəhəriniz çox yaxşı təşkil olunmuş, təmiz şəhərdir. Eşitdim ki, Bakı 10 il əvvəlkindən çox fərqlənir. Azərbaycanlılar isə çox ürəyiaçıq və mehribandır. Gəlin, mən sizə bir neçə əhvalat danışım. Bu, mənim yerli əhali ilə ilk ünsiyyətim idi. Mən “BakıKart” aldım ki, ictimai nəqliyyatda gəzim. Həmin karta pul yükləmək lazım idi. Dayanacaqların birində lazımı aparatı tapdım, amma yükləyə bilmirdim. Bir başı örtülü qadın mənə yaxınlaşdı və işarələrlə izah etdi ki, gediş haqqı 20 qəpikdir və onu necə yükləmək olar. Çox mehriban idi. Digər misal gətirim. Supermarketdə alış-veriş edərkən satıcı aldıqlarımı üç müxtəlif torbaya qoydu: meyvələr ayrı, şampun ayrı və s. Bu, başqa ölkələrdə baş vermir. Dünən mən tarix mərkəzində oldum və əməkdaşlardan biri mənə yaxınlaşıb kömək təklif etdi. Biz köməkdən imtina etsək də, o, mərkəzdə olduğumuz zaman bizim ardımızca gəlirdi. Çox nəzakətli idi, hətta deyərdim həddindən artıq nəzakətli... Mən beynəlxalq təşkilatlarda tədqiqatçı və inzibatçı kimi çalışmışam. Səfir kimi bu, mənim ilk təcrübəmdir. Yaxın zamanda həyat yoldaşım da Azərbaycana gələrək mənə qoşulacaq.

APA

 





30.05.2017    çap et  çap et