525.Az

Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu


 

Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu<b style="color:red"></b>

Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının sədri, Milli Məclisin deputatı

Bu gün Azərbaycanın vətəndaş cəmiyyəti institutlarının keçdiyi inkişaf yoluna nəzər saldıqda, göz önünə ilk olaraq 1990-cı illərin əvvəllərinin böhranlı vəziyyəti və bundan doğan ictimai, iqtisadi çətinliklər gəlir. Çünki müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda nəinki QHT sektorundan, yaxud yüksək hüquqi pilləyə ucalmış vətəndaş cəmiyyətindən danışmaq mümkün idi, ümumiyyətlə, ölkənin müstəqil dövlət olaraq varlığının qorunması sual altında idi.

Məhz belə bir məqamda- 1993-cü ildə, ictimai-siyasi durumun apogeyinə yetişdiyi zamanda Heydər Əliyev xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdı. Milli lider Azərbaycan dövlətçiliyinin bütün vacib sferalarda möhkəmləndirilməsi ilə yanaşı güclü vətəndaş cəmiyyətinin formalaşması məsələsini də prioritet istiqamət kimi diqqətində saxlayırdı.

Təbii ki, belə böyük miqyaslı vətəndaş cəmiyyəti şəbəkəsinin formalaşdırılması qısa zaman kəsimində reallaşa bilməzdi. Bunun üçün ilk növbədə ölkədə hüququn aliliyi təmin edilməli, sabit ictimai münasibətlər zəmini formalaşdırılmalı, beynəlxalq təcrübə öyrənilməli,  QHT sektoru cəmiyyətə daşınmalı və bir sıra digər mühüm mərhələlər keçilməli idi. Heydər Əliyevin bu sektorun strateji planda inkişafı üçün atdığı addımlar tezliklə öz aşkar nəticələrini göstərməyə başladı.

GƏNCLƏRLƏ GÖRÜŞ 

1993-cü ilin avqustunda Heydər Əliyev vətəndaş cəmiyyətinin institutlarının ən fəal təbəqəsi-gənclər təşkilatlarını bir araya gətirərək onlarla ilk və tarixi görüşünü keçirdi. Bununlada gənclərə vətəndaş cəmiyyəti quruculuğu prosesində öncül yer verilmiş oldu və çox əhəmiyyətli ictimai münasibətlərə start verildi. Bununla da hazırda ölkəmizdə sayı iki yüz əlliyə yaxınlaşan gənclər təşkilatlarının sərbəst, aşkar çalışma imkanının, fəaliyyətlərinin stimullaşdırılmasının, gənc, bacarıqlı, dövlətinə sadiq yeni liderlərin meydana çıxmasının əsası qoyuldu.

KONSTİTUSİYANIN QƏBULU

Bu sırada atılan ən mühüm addımlardan biri də Azərbaycan Respublikasının ana qanununun hazırlanması və qəbuludur. Belə ki, 1995-ci ildə bilavasitə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış Azərbaycan Respublikası Konstitusiyasının preambulasındakı milli niyyətlərdən üçüncüsü olan “vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq” müddəası ölkəmizin sivil gələcəyinə hesablanmış məqsədyönlü dövlət sisteminin qurulmasından xəbər verirdi. Bu Konstitusiya həm dövlətçiliyin əsaslarının güclü sütunlar üzərində formalaşdırılması, həm də vətəndaş cəmiyyətinin geniş dairədə təşəkkül tapması üçün mühüm tarixi sənəd oldu. Çünki buna qədərki bütün hüquqi-normativ aktlarda və sənədlərdə insan hüquq və azadlıqları, o cümlədən insanların birləşmək hüquqları çox məhdud çərçivələr daxilində şərtləndirilirdi. 1995-ci il Konstitusiyasının 58-ci maddəsində təsbit edilmiş birləşmək hüququ QHT-lərin yaranması üçün ilkin hüququ baza rolunu oynadı. Təsadüfi deyil ki, bu gün beynəlxalq standartlara uyğun şəkildə fəaliyyət göstərən müasir QHT-lər məhz Azərbaycanın müstəqillik əldə etməsindən, xüsusilə 1995-ci il Konstitusiyasının qəbulundan sonra yaranmağa başlamışdı. Ölkədə QHT fəaliyyətinin böyük populyarlıq qazanması məhz bu zamana təsadüf edir.

GƏNCLƏR TƏŞKİLATLARININ MİLLİ ŞURASININ YARADILMASI

Ulu öndər tərəfindən vətəndaş cəmiyyəti qurumları üçün yaradılan münbit şərait çoxlu sayda yeni QHT-lərin təsis olunmasını stimullaşdırmış oldu. Bu proses 1995-ci ildə gənclər təşkilatlarının (eyni zamanda həm də QHT-rin) ilk konfedarativ birliyi olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşəkkül tapması ilə nəticələndi.

BMT-NİN VƏTƏNDAŞ CƏMİYYƏTİ QURUCULUĞUNA CƏLB EDİLMƏSİ

 1997-ci ildə bilavasitə dövlət başçısı Heydər Əliyevin təşəbbüsü ilə BMT və Azərbaycan hökuməti arasında “Azərbaycan qeyri-hökumət təşkilatlarının institusional inkişafı və vətəndaş cəmiyyəti quruculuğuna kömək” adlı birgə layihənin həyata keçirilməsi haqqında saziş imzalandı. Layihənin icrası üçün yaradılmış “QHT-lərin Resurs və Təlim Mərkəzi” (QRTM) 1998-ci ilin iyun ayından etibarən ictimai sektorun inkişafı istiqamətində fəaliyyətə başladı.

 QHT-lərin institusional inkişafı və praktiki fəaliyyətinin beynəlxalq standartlara doğru istiqamətləndirilməsi müəyyən ictimai-siyasi gərginliklər dövrünü yaşayan Azərbaycan üçün çox cəsarətli addım idi. Qeyd etmək zəruridir ki, bu post sovet məkanında qəbul edilmiş ilk tarixi qərar idi.

MİLLİ QHT FORUMUNUN YARADILMASI 

QRTM-in qarşısında duran əsas vəzifələrdən biri də ayrı-ayrılıqda və pərakəndə şəkildə fəaliyyət göstərən QHT-ləri birgə fəaliyyətə cəlb etmək, onların fəaliyyətini əlaqəndirə bilən çevik bir mexanizm yaratmaq və bununla da ölkənin III sektor təmsilçiləri arasında ümumi məsələlərdə həmrəyliyi və iş birliyini təmin etməkdən ibarət idi. Həqiqətən də xatırlayanlar bilir ki, həmin dövrdə QHT-lərin fəaliyyətinin əlaqələndirilməsi, hökumət strukturları, beynəlxalq və donor təşkilatlar, eləcə də ictimaiyyətlə effektiv əlaqələrin qurulması, onların bürokratik əngəllərdən və təzyiqlərdən birgə müdafiə olunması, ictimai sektorun inkişafına hərtərəfli yardım göstərilməsi üçün onların koalisiyasının yaradılmasına böyük ehtiyac vardı. Dünya təcrübəsinə əsaslanan belə bir əlaqələndirmə və III sektorun ehtiyaclarını qarşılamaq mexanizmi kimi Forumun yaradılması ideyası QHT-lər tərəfindən böyük dəstək aldı. Beləliklə, vətəndaş cəmiyyəti quruculuğu sahəsində özünəməxsus təcrübə sayılan, fəaliyyəti ilə ona olan ümidləri doğruldan, QHT ictimaiyyətinin güc mərkəzinə və güvənc yerinə çevrilən Milli Qeyri-Hökumət Təşkilatlarının Forumu (MQF) 1999-cu il iyunun 11-də 95 təşkilat tərəfindən Bakıda təsis edildi. Sözügedən qurumun yaradılması ilə QHT hərəkatı ölkə üzrə geniş vüsət aldı, ictimaiyyət arasında anlayış olaraq bütün dairələrdə qəbul edilməyə, ən vacibi isə paytaxtdan regionlara yayılmağa başladı.

ÖLÜM HÖKMÜNÜN LƏĞVİ

1998-ci il 10 fevralında Azərbaycan Respublikasında ölüm cəzasının ləğv olunması ilə əlaqədar “Azərbaycan Respublikası Cinayət, Cinayət Prosesual və İslah-Əmək Məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Qanun qəbul edilmişdir. Qanuna əsasən ölüm hökmü cəza sistemindən çıxarılmış və ömürlük azadlıqdan məhrumetmə cəza növü ilə əvəz olunmuşdur. Ömürlük azadlıqdan məhrumetmə əsas cəza növü kimi Azərbaycan Respublikasının 30 dekabr 1999-cu il tarixli Qanunu ilə təsdiq edilərək 1 sentyabr 2000-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsində nəzərdə tutulan cəzanın sisteminə daxil edilmişdir. Bu qanunun qəbulu ölkəmizin hüquq sisteminin sivil normalara uyğunlaşdırılması baxımdan nə qədər mühüm hadisə idisə, bir o qədər də insan hüquq və azadlıqlarının qorunması yönündə vacib humanist akt kimi dəyərləndirilməlidir.

MƏTBUAT ÜZƏRİNDƏN SENZURANIN LƏĞVİ 

Müasir dövrdə cəmiyyətə təsir imkanı baxımından ən üstün imkanlara malik institutlardan biri də kütləvi informasiya vasitələridir. Məhz bu baxımdan adıçəkilən sektorun inkişaf səviyyəsi həm də o dövlətdəki ümumi yüksəliş səviyyəsinin, demokratik durumun göstəricisi sayılır. Ölkəmizin uzun illər totalitar Sovet cəmiyyəti daxilində yaşamasına baxmayaraq, müstəqilliyimizi bərpa etdikdən cəmi beş il sonra milli lider Heydər Əliyev tərəfindən 8 avqust 1998-ci ildə “Qlavlit”in – Senzura idarəsinin ləğv olunması kimi cəsarətli və vətəndaş cəmiyyəti quruculuğu yönündə mühüm qərar qəbul edildi. 7 dekabr 1999-cu ildə isə Azərbaycan Respublikasının prezidenti, cənab Heydər Əliyev tərəfindən “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu imzalanaraq qüvvəyə mindi. 2003-cü ildə isə beynəlxalq təcrübənin daha bir öncül nümunəsindən yararlanılaraq cəmiyyət, dövlət orqanları və kütləvi informasiya vasitələri arasında münasibətlərin ictimai tənzimlənməsi mexanizmi kimi Mətbuat Şurası yaradıldı. MŞ keçən dövr ərzində KİV-in bütün əlaqəli institutlarla münasibətlərinin ictimai mexanizm olaraq tənzimlənməsi yönündə mühüm orqana çevrilib.

Elektron KİV sahəsində ümummilli lider Heydər Əliyev tərəfindən qəbul edilən mühüm qərarlardan biri də televiziya və radioaların fəaliyyətinin geniş hüquqi bazasının yaradılması ilə bağlıdır. Belə ki, 2002-ci il iyunun 25-də “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 oktyabr tarixli Fərmanının 1-ci bəndi ilə Milli Televiziya və Radio Şurası yaradıldı. Bu gün ölkəmizdə otuzadək mərkəzi və regional televiziya və radionun fəaliyyət göstərməsi, bu sahədə pülürastik cəmiyyətin mövcudluğu məhz Heydər Əliyevin KİV-lə də bağlı uzaqgörən siyasətinin bariz göstəricilərindən sayılır.

QHT-LƏRƏ AÇIQ DƏSTƏYİN VERİLMƏSİ 

Ötən zaman kəsinə nəzər saldıqda bir daha xatırlayırıq ki, müstəqilliyimizin ilk on ilinin reallığı ondan ibarət idi ki, “qeyri-hökumət təşkilatı” ifadəsi bəzi hökumət rəsmiləri tərəfindən ehtiyatla qarşılanır və ya dövlət (hökumət) əleyhinə olan qurumlar kimi qəbul olunur və bu səbəbdən də onlarla hər hansı bir ciddi əməkdaşlıqdan imtina edilirdi. Bütövlükdə Azərbaycan cəmiyyətinin geniş təbəqələrinin həyatımızın ən müxtəlif sahələrini əhatə edən çoxşaxəli QHT fəaliyyəti haqqında təsəvvürləri çox məhdud idi. Təbii ki, belə şəraitdə effektiv şəkildə çalışmaq, cəmiyyət üçün zəruri olan işləri, tələbləri uğurla icra etmək çox çətin idi. Ümummilli liderimiz Heydər Əliyev digər bütün sahələrdə olduğu kimi, ictimai sektorlada bağlı ilkin vacib qərarı qəbul edərək, arada olan buzu sındırmaq və QHT-lərə münasibətdə formalaşmış ədalətsiz sterotipi aradan qaldırmaq missiyasını öz üzərinə götürərək 3 nəfər QHT rəhbərini (Qadın və İnkişaf Mərkəzinin sədri Elmira Süleymanova, SECA beynəlxalq fondunun prezidenti Rövşən Xəlilov və Milli QHT  Forumunun prezidenti Azay Quliyev) 1999-cu ilin noyabr ayında ATƏT-in İstanbul Sammitində iştirak edən nümayəndə heyətinin tərkibinə daxil etdi. Və bu missiyanın davamı olaraq, İstanbul Sammitinin yekununa həsr edilmiş müşavirədə Heydər Əliyev QHT nümayəndələrinə çıxış etmək imkanı da yaratmaqla dövlət başçısı kimi onlara öz müsbət münasibətini bir daha bəyan etmiş oldu. Bu addım hazırda mövcud olan şəffaf dövlət-QHT münasibətlərinin hakimiyyət ierarxiyasında ən yüksək səviyyədə zəminin formalaşdırılması demək idi.

QHT QANUNVERİCİLİK BAZASININ YARADILMASI

1998-ci ildə “Qrant haqqında”, 2000-ci ildə “QHT-lər (ictimai birliklər və fondlar) haqqında” yeni qanunun qəbul edilməsi ümummilli liderimiz Heydər Əliyevin yaradıcı dühasının məhsullarından sayılır. 2003-cü ildə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunun qəbul edilməsi QHT-lərin qeydiyyatında vahid sistemin tətbiqini təmin etdi.  Sonrakı mərhələdə də bu sahədə yeni qanunların qəbulu daim uğurla davam etdirilir.

İNSAN HÜQUQLARININ QORUNMASI 

İlk dəfə insan hüquqları üzrə müvəkkil institutunun təsis edilməsi Azərbaycan Respublikası Prezidentinin 22 fevral 1998-ci il tarixli “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanda nəzərdə tutulmuşdur. 18 iyun 1998 –ci il İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında sərəncam imzalanmışdır. 30 noyabr 1998-ci il Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev tərəfindən İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun yaradılması haqqında sərəncam vermişdir. 2001-ci il dekabr ayının 25-də Avropa İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyasını təsdiq edilməsi Azərbaycanın bir daha sivil standartların, vətəndaş hüquqlarının təmininin dəyişilməz istiqamət olduğunu sübut etdi.

BƏLƏDİYYƏLƏRİN YARADILMASI 

 Birbaşa demokratiyanın ən uğurlu modellərindən olan yerli özünüidarəetmə institutunun yaradılması da məhz Heydər Əliyevin adı və titanik siyasi fəaliyyəti ilə əlaqədardır. Belə ki, 2 iyul 1999-cu il tarixdə Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Həmin tarixdə eyni zamanda “Bələdiyyələrə seçkilərin qaydaları haqqında” qanun da qəbul olunmuşdur. Yerli özünüidarəetmə ilə bağlı keçən dövr ərzində bir çox vacib qanunlar qəbul edilib ki, bu sırada 15 oktyabr 1999-cu ildə  Bələdiyyənin Nümunəvi Nizamnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu, 30 noyabr 1999-cu ildə Bələdiyyə qulluğu haqqında Azərbaycan Respublikasının Qanununu, 7 dekabr 1999-cu ildə Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında Azərbaycan Respublikasının Qanununu, Bələdiyyələrin əraziləri və torpaqları haqqında Azərbaycan Respublikasının Qanunu və Bələdiyyələrin maliyyəsinin əsasları haqqında Azərbaycan Respublikasının Qanununun qəbul edilməsini göstərmək olar. Bundan başqa bələdiyyə fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə indiyədək onlarla digər qanunlar qəbul etmiş, ölkənin əlaqəli qanunvericiliyinə müvafiq əlavə və dəyişikliklər edilmiş, müvafiq sərəncamlar imzalamışdır.

DÖVLƏT DƏSTƏYİ ŞURASININ TƏSİS EDİLMƏSİ

Bu gün ulu öndərin Azərbaycanda vətəndaş cəmiyyətinin təşəkkülü ilə bağlı arzularının böyük ictimai mütəşəkəlliklə reallaşması bütün dünyanın gözü qarşısında baş verir. Heydər Əliyevin böyük müdrikliklə, uzaqgörənliklə on illər öncə müəyyənləşdirdiyi siyasi kurs nəticə etibarilə hazırda ölkə QHT-lərini cəmiyyətin ən fəal, dinamik və çevik ictimai qüvvəsinə çevirmişdir. Hörmətli prezidentimiz, cənab İlham Əliyev də bu siyasəti uğurla davam etdirərək, ölkədə vətəndaş cəmiyyətinin inkişafı üçün zəruri tədbirləri həyata keçirilməsi istiqamətində mühüm irəliləyişlərə nail olmuşdur. Şübhəsiz ki, bu sırada ən mühüm hadisə 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması olmuşdur ki, bununla da QHT-lərin inkişafında yeni bir mərhələnin başlanğıcı qoyuldu. Şuranın simasında Azərbaycanda çevik, cəmiyyətə açıq milli donorun yaradılması, ona ayrılan vəsaitin il-ildən artırılması cənab Prezident İlham Əliyevin vətəndaş cəmiyyətinin inkişafında nə dərəcədə böyük önəm verməsinin bariz göstəricisi sayılmalıdır. Keçən 5 illik fəaliyyəti ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 1800-dən artıq QHT layihəsinin reallaşdırılmasına ümumilikdə 12 milyon manata yaxın vəsait ayırıb.

QRANT ALAN ÖLKƏDƏN QRANT VERƏN ÖLKƏYƏ ÇEVRİLMƏSİ 

Bu gün nəinki ölkəmizdə, hətta əcnəbilərin də etiraf etdiyi kimi dünyada yeni normalar sistemi-Azərbaycan standartları yaranmaqdadır. QHT sektorunda da Azərbaycan modelinin yaranması özünü bir sıra ölçülərdə göstərir ki, onlardan da biri artıq Azərbaycanın ölkə xaricində,beynəlxalq camiyədə fəaliyyət göstərən institutlara yönəlik yardım konsepsiyasıdır. Ötən müddət ərzində Azərbaycan vətəndaş cəmiyyəti sektorunun qazandığı təcrübə sevindirici haldır ki, beynəlxalq konfranslarda örnək kimi səsləndirilməkdədir. 2011-ci ildə Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası nümunəsi, ən nümunəvi model kimi Avropa vətəndaş cəmiyyəti strukturlarına tövsiyə edilmişdir ki, bu da ölkəmizin müstəqilliyini bərpa etməsinin elə də uzun zaman müddəti olmamasına rəğmən sözügedən sahədə xeyli uğurlar qazanmasının sübutudur.

Sonda isə fikrimi  Azərbaycanı qrant alan ölkədən qrant verən ölkəyə çevirən və güclü vətəndaş cəmiyyəti qurmaqda çox qərarlı olan hörmətli Prezidentimiz cənab İlham Əliyevin 2 oktyabr 2006-cı ildə Milli Məclisin payız sessiyasının açılışında etdiyi çıxışdan bir hissəni xatırlamaqla yekunlaşdırmaq istəyirəm: “...Vətəndaş cəmiyyətinin yaradılması və möhkəmlənməsi, demokratikləşmə prosesinin möhkəmlənməsi, hüquqi dövlətin qurulması sadəcə olaraq bir şüar, yaxud da bir niyyət deyil, Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərtdir”.

 





08.05.2013    çap et  çap et