525.Az

“Heydər Əliyev və sənət müasirləri” adlı sərgi açılıb


 

“Heydər Əliyev və sənət müasirləri” adlı sərgi açılıb<b style="color:red"></b>

Azərbaycan Milli İncəsənət Muzeyinin ekspozisiya zalında “Heydər Əliyev və sənət müasirləri” adlı sərgi açılıb. Sərgidə ümummilli liderin Azərbaycan mədəniyyətinə diqqət və qayğısını əks etdirən fotoşəkillər, ulu öndərin müasirlərinin və onun yaradıcılığına xüsusi önəm verdiyi rəssamların tabloları nümayiş etdirilib.
Nümayiş olunan 70-dən çox fotoda Heydər Əliyevin iştirak etdiyi mədəni həyatımızla bağlı tədbirlərin bir qismi əksini tapıb. Ulu öndərin Nəsiminin, Nəriman Nərimanovun, Cəfər Cabbarlının heykəllərinin açılışında iştirakı, “Nizami” metro stansiyasının açılışı zamanı Xalq rəssamı Mikayıl Abdullayevin eskizləri əsasında hazırlanmış mozaik pannolara tamaşa etməsi, 1996-cı ildə Xalq rəssamı Maral Rəhmanzadənin 80 illik yubileyi münasibətilə İncəsənət Muzeyində təşkil olunmuş sərgidə iştirakı və s. hadisələr fotoların yaddaşında canlanır. Sərgidə görkəmli heykəltəraş, Xalq rəssamı Ömər Eldarovun ağ mərmərdən hazırladığı “Heydər Əliyev” əsəri də maraqla qarşılanıb.  

   Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyd etdi ki, Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri var: “Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyevin müdrik siyasəti, tarixi uzaqgörənliyi dövlət müstəqilliyimizi əbədi və dönməz etmişdir. Azərbaycanda müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli mənəvi dəyərlərə qayıdış, elmin, təhsilin və mədəniyyətin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Çox sevindirici haldır ki, bu gün ulu öndərin 90 illik yubileyi bütün mədəniyyət müəssisələrində böyük təntənə ilə qeyd edilir. Bütün bunlar bir daha sübut edir ki, ulu öndərin mədəniyyət, elm və təhsil sahəsinə yetirdiyi diqqəti, bizə yadigar qoyduğu mədəni irsi qoruyaraq gələcək nəsillərə ötürməli, onun əməllərinin davamçıları olmalıyıq. Bizim hər birimiz Heydər Əliyev məktəbindən bəhrələnərək daxilimizdə azərbaycançılıq təfəkkürü və ideyasını yaşatmalı, inkişaf etdirməliyik”. 
   Qeyd olunub ki, ulu öndər milli mədəniyyətimizin, o cümlədən təsviri sənətimizin inkişafı naminə misilsiz işlər görüb: “Heydər Əliyevin Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsi olan rəssamlıq məktəbi ilə bağlılığı heç kimə sirr deyil. O, yaradıcı şəxslərlə daim maraqlanıb, onların yaradıcılığında milli dəyərlərin əks olunmasına böyük önəm verib. Azərbaycanın tanınmış sənət adamlarından Mikayıl Abdullayev, Tahir Salahov, Toğrul Nərimanbəyov, Nadir Əbdürrəhmanov, Ömər Eldarov, Maral Rəhmanzadə və başqaları ilə dəfələrlə şəxsən görüşən Heydər Əliyev mədəniyyətimizin daha da zənginləşməsi üçün yaradıcı insanlarda öz diqqəti və əməli fəaliyyəti ilə böyük stimul yaradıb. Onun fəaliyyət dövrünə nəzər salanda, ulu öndərin nə qədər sərgilərin, heykəllərin açılışında iştirak etdiyinin şahidi oluruq. Heydər Əliyevin müasir Azərbaycanın rəngkarlıq məktəbinin formalaşmasında əvəzsiz rolu olub. Bu gün sərgidə nümayiş olunan əsərlər ümummilli liderin uzun illər boyu ünsiyyətdə olduğu sənət adamlarının yaradıcılığında önəmli yer tutur. Heydər Əliyev bu əsərlərin bir çoxu ilə bilavasitə tanış olub, onların yaradılması prosesində öz tövsiyələrini verib. Bu boyakarlıq, qrafika və heykəltəraşlıq əsərlərinin hamısı Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından götürülüb. Bu əsərlərin sırasında portret, natürmort, mənzərə janrlarını görmək olar. Təqdim edilən əsərlər sənətkarların yaradıcılığının müxtəlif dövrlərini səciyyələndirir”. 

   Tədbirdə çıxış edən Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov qeyd etdi ki, Heydər Əliyev sənəti daxilən sevən insan idi: “Onun şəxsən rəssamlığa münasibəti və bu sahəyə diqqəti nəticəsində bizim sənət tariximizdə misilsiz əsərlər yarandı. O, yaradıcı insan idi, incəsənətin bütün sahələrinə maraq və diqqət göstərirdi”.  

   Xalq rəssamı, Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov çıxışında ulu öndərlə bağlı xatirələrini dilə gətirib. Rəssamlıq Akademiyasının yaradılmasında ümummilli liderin göstərdiyi təşəbbüs və dəstəyi xüsusi qeyd etdi. Xalq rəssamı ulu öndərin sağlığında yaranmış yeganə heykəl nümunəsinin də məhz bu muzeydə saxlandığını bildirib.  

   Sərgidə ulu öndərin müasirləri olan rəssamlardan Tahir Salahovun çox canlı tərzdə yaratdığı "Heydər Əliyevin portreti" əsəri qonaqlarda böyük maraq doğurub. Əsərdə Heydər Əliyev obrazı çox real şəkildə kətan üzərində əbədiləşdirilib. Səttar Bəhlulzadənin "Füzuli", "Xəzərdə axşam", "Torpağın arzusu", Oqtay Sadıqzadənin "Akademik Zərifə Əliyevanın portreti", "Şairə Natəvanın portreti", Elmira Şahtaxtinskayanın "Şah İsmayıl Xətai" və "Məhsəti Gəncəvi" plakat-portretləri, Mikayıl Abdullayev, Hüseyn Əliyev, Maral Rəhmanzadə, Böyükağa Mirzəzadə, Tağı Tağıyev, Xalidə Səfərova, Nadir Əbdürrəhmanov, Toğrul Nərimanbəyov və digər sənətkarların əsərləri nümayiş olunub.

GÜNEL

 





08.05.2013    çap et  çap et