525.Az

Putin Surkovu vəzifədən uzaqlaşdırdı


 

Putin Surkovu vəzifədən uzaqlaşdırdı<b style="color:red"></b>

Rusiya prezidenti Vladimir Putin baş nazirin müavini Vladislav Surkovu vəzifəsindən azad edib. Putinin mayın 8-də imzaladığı sənəddə Surkovun bu vəzifədən öz istəyilə ayrıldığı bildirilir.

Prezidentin mətbuat katibi Dmitri Peskov Surkovun Putinin 7 may 2012-ci ildə imzaladığı fərmanların icra vəziyyətinə həsr olunmuş müşavirədən sonra istefa ərizəsini yazdığını bildirib.

Hökumətin məlumatına görə, Putinin 7 may fərmanlarında əksini tapan tapşırıqların 73 faizi yerinə yetirilib. Lakin Putin müşavirədə fərmanlarının yerinə yetirilmə vəziyyətindən narazı olduğunu bildirib və hər nazirə bir ay içərisində konkret fəaliyyət planı hazırlamasını tapşırıb. Dövlət başçısı bu planların icra vəziyyətini 2013-cü ilin sonunda şəxsən yoxlayacağını bildirib.

Surkovun vəzifədən uzaqlaşdırılmasının səbəbləri isə hələ məlum deyil. Bəzi iddialara görə, baş nazirin müavini "Skolkovo" innovasiya layihəsilə bağlı İstintaq Komitəsinin rəsmi sözçüsü Vladimir Markinlə etdiyi mübahisəyə görə işdən çıxarılıb. Lakin Peskov bu iddianı təkzib edib.

Qeyd edək ki, Surkov mayın 1-də "Skolkovo" Fondunu qanun pozuntusunda ittiham edən Markinə sərt şəkildə etiraz edərək bu iddiaların sübuta yetirilməli olduğunu deyib. Markinlə Surkov arasındakı mübahisə sonrakı günlərdə də qəzet səhifələrində davam edib.

Vladislav Surkov 2011-ci ilin dekabrında baş nazirin müavini təyin edilib. Əvvəlcə sosial təminat, təhsil və səhiyyənin modernləşdirilməsi, elm, mədəniyyət, incəsənət və turizm sahələrinə cavabdeh olub. Dmitri Medvedyev baş nazir təyin edildikdən sonra isə hökumət aparatına da rəhbərlik etməyə başlayıb. 2012-ci ilin avqustunda isə hökumətdə din məsələlərinin kurasiyası da ona həvalə edilib. Hökumətdəki fəaliyyətinə qədər isə Surkov Prezident Administrasiyası rəhbərinin müavini vəzifəsini tutub. "Vahid Rusiya" partiyasının ən mühüm ideoloqlarından, eyni zamanda "Naşi" təşkilatının təşəbbüskarlarından biridir.

TRT

 





08.05.2013    çap et  çap et