525.Az

Mətn dilçiliyinin yeni nailiyyətləri


 

Mətn dilçiliyinin yeni nailiyyətləri<b style="color:red"></b>

Sənubər ABDULLAYEVA
BDU-nun professoru

Məlum olduğu kimi , ümumi nəzəriyyə sistemində mətn dilçiliyi adlanan cavan bir elm sahəsi yaranıb. Keçən əsrin 60-70 –ci illərində sürətlə inkişaf edən bu elm sahəsi bu gün də öz aktuallığını itirməyib və dünya alimlərinin diqqət mərkəzindədir.

Mətn dilçiliyinin ən maraqlı və eyni zamanda , ən mürəkkəb və mübahisəli kateqoriyalardan  biri mürəkkəb sintaktik bütöv ( MSB) sayılır. MSB forma, məzmun və vəzifəsinə görə təhlili quruluşca revelant elementləri üzə çıxarmağa imkan yaradır, onların məcmusu MSB-ni sabit sistem modeli kimi nəzərdən keçirməyə imkan verir.

Dilin sintaktik səviyyəsi bu və ya digər dil üçün səciyyəvi olan söz birləşmələri və cümlə modellərini birləşdirməklə yanaşı , mürəkkəb sintaktik bütövləri də əhatə edir, yəni MSB söz birləşməsi və cümlə ilə yanaşı dil vahidi kimi çıxış edir.MSB yüksək semantik və struktur bitkinliyi ilə səciyyələnir. Əlbəttə, bu mühüm Kateqoriyanin öyrənilməsi böyük elmi maraq doğurur. Bu nöqteyi-nəzərdən “ Azərbaycan dilində mürəkkəb sintaktik bütövlər” adlı dərs vəsaiti xüsusi əhəmiyyət kəsb edir.

Oxucuların diqqətinə təqdim olunan bu sanballı tədris vəsaiti Əməkdar elm xadimi, AMEA –nın müxbir üzvi , professor K.M.Abdullayevin rəhbərliyi və iştirakı ilə müəllimlər qrupu tərəfindən hazırlanıb (A.Y.Məmmədov, M.M.Musayev, K.N.Üstünova, N.S.Novruzova, Ş.Q.Hüseynov, G.N.Rzayeva, K.B.Hacıyeva, L.V.Ziyadova, S.Q.Fətəliyeva, G.Q.Nağıyeva, G.A.Məhərrəmova, S.T.Zeynalova, F.Q.Səlimova, V.H.Məhərrəmova). Biz prof. K.M.Abdullayevi uzun illərdən bəri sintaksis sahəsində aktiv surətdə çalışan, sintaktik hadisə və kateqoriyaları dərin nəzəri ümumiləşdirmədən keçirməyi bacaran , Azərbaycan sintaksisinə bir sıra yeni mövzular və anlayışlar gətirən ciddi tədqiqatçı kimi tanıyırıq. Bütün bu keyfiyyətlər prof. K.M.Abdullayevin bu dərs vəsaitində də öz bariz əksini tapıb. Cəsarətlə demək olar ki, ondakı ideya və fikirlər, əsas nəzəri müddəalar Azərbaycan sintaksisinin gələcək inkişaf  yollarını müəyyənləşdirməkdə əvəzsiz rol oynayacaq.

“ Mətn sintaksisi ” xüsusi dilçilik predmeti kimi on illərdən bəri universitetlərin filologiya fakültələrinin “ Ümumi Dilçilik “ və müasir dil fənləri üzrə əsaslı proqramlara daxildir. Lakin Azərbaycan ali məktəblərinin böyük ehtiyac duyduğu münasib monumental bir dərs vəsaitinin olmaması həm dərs prosesini həm də gənc mütəxəssis və tədqiqatçıların bu sahədə əməli işlərini çətinləşdirir. Əlbəttə, illərlə ali məktəblərdə proqram materialı kimi öyrənilən bir tədris fənni üzrə sanballı dərs vəsaitini ortaya qoymaq çox çətin və son dərəcədə məsuliyyətli işdir. Ona görə də bu dərs vəsaiti çox mühüm və dəyərlidir.

 Onu da qeyd etmək lazımdır ki, Azərbaycan dilçiliyi tarixində mətn dilçiliyi problemlərinin ilkin araşdırıcısı, bu ixtisas üzrə ilk proqram tərtibatçısı, araşdırmalara sistemli və məntiqi yanaşması ilə seçilən professor K.M.Abdullayevin öz ideyadaşları ilə birlikdə belə mürəkkəb dilçilik probleminin nəzəri-praktik həllində etdiyi diqqətəlayiq cəhdini dərin minnətdarlıqla qəbul etmək lazımdır.

Dərs vəsaiti “Giriş”, dörd hissə, “Əlavələr”, və “Ümumi ədəbiyyat siyahısı”ndan ibarətdir. Hər bir hissə fəsillərdən və paraqraflardan ibarətdir. Fəsillərin sonunda mövzuya aid maraqlı suallar və tapşırıqlar verilir.

“Dilçilikdə mürəkkəb sintaktik bütövün tədqiqi tarixindən” adlanan birinci hissə iki fəsil və on səkkiz paraqrafdan ibarətdir. Bu hissədə xarici dilçilikdə , türkologiyada mürəkkəb sintaktik bütövün öyrənilməsi tarixi izlənilir. Maraqlı tarixi ekskurslar edilir, sintaktik sistemdə mətnin yeri müəyyənləşdirilir, həmçinin izahedici qeydlər verilir.

Dörd fəsil və iyirmi yeddi paraqrafdan ibarət olan ikinci hissədə mürəkkəb sintaktik bütövün quruluşu hərtərəfli işıqlandırılır. MSB –nin sərhədləri müəyyənləşdirilir, mətnin kompozisiyası tərkibi, koqeziyası konkret faktlar əsasında təhlil olunur. ” MSB –də formal və semantik əlaqə növləri “ adlanan üçüncü hissədə üç fəsildə və əlli altı paraqrafda təkrarlar əlaqə vasitəsi kimi , formal əlaqə vasitələri, ( bağlayıcılar, determinantlar, xiazm, inversiya , deyktik elementlər , ellipsis ) MSB –də semantik əlaqə üsulları maraqlı faktlar və misallar əsasında izah olunur. Xüsusi qeyd olunur ki, Mürəkkəb sintaktik bütövlər formal və semantik əlaqələrin məzmundan ibarət möhkəm sistemə malikdir , yəni komponentlər arasında struktur əlaqəni təmin edən tekst yaradıcı faktorlar bir-biri ilə sıx əlaqədədir.

Dördüncü hissə dörd fəsildən və yüz bir paraqrafdan ibarət olub, MSB-nin tədqiqi prespektivlərindən bəhs edir.

MSB-lər arası əlaqə üsulları ( formal və semantik əlaqə ) cümlənin və MSB-nin aktual üzvlənməsi kimi mühüm məsələlər şərh olunur, çox düzgün göstərilir ki, aktual üzvlənmə və mətn problemlərinin qarşılıqlı münasibəti sintaksisin bir çox maraqlı sahələri üçün yeni və qiymətli nəticələr verər , yeni və maraqlı istiqamətlər aça bilər.

Vəsaitin təqdirəlayiq cəhətlərdən biri də odur ki, onun əsas hissəsinin strukturuna bu və ya digər səbəblərdən daxil olmayan , lakin mətn dilçiliyinin müxtəlif aspektlərinə həsr olunmuş rus, Azərbaycan və türk dillərində yazılmış ciddi tədqiqat işləri referat həcmində kitabın “ Əlavələr” hissəsinə daxil edilib.

Professor K.M.Abdullayevin konsepsiyalarından bəhrələnən bu tədqiqatlar oxucuların müxtəlif məsələlərə baxışını genişləndirməyə , mətn dilçiliyinin bütöv bir elm sahəsi kimi adekvat qavranılmasına ciddi kömək göstərəcək . Bu tədqiqat işi olduqca vacib və yararlıdır.

Təqdim olunan dərs vəsaiti faktiki olaraq “ Mətn sintaksisinin ensiklopediyası “ formatında hazırlanıb. Qeyd edək ki, bu format özünü təkcə vəsaitin həcmində (608 səhifə) göstərmir. Nəzərdən keçirilən məsələlər bu kitabda özünün mətn dilçiliyi müstəvisində hərtərəfli şərhini, ciddi elmi-nəzəri qoyuluşunu tapıb.

Biz belə hesab edirik ki, “ Azərbaycan dilçiliyində mürəkkəb sintaktik bütövlər” adlı monumental  dərs vəsaiti bütün mütəxəssislərin, alimlərin, gənc tədqiqatçıların, tələbələrin böyük marağına səbəb olacaq və bu sahədə çalışanlar üçün mühüm mənbə olacaq.

 





08.05.2013    çap et  çap et