525.Az

Gələcəyimizə sevgi ilə...


 

Gələcəyimizə sevgi ilə...<b style="color:red"></b>

Uşaqlara qayğı göstərməyə diqqət çəkmək bütün dövrlərin prioriteti olub.

Elə bu məqsədlə 67 il əvvəl - 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib. Həmin tədbirdə 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı qəbul olunub. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.

Azərbaycan bu konvensiyaya müstəqilliyini bərpa etdikdən sonra qoşuldu. Dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda 1 iyun uşaqların müdafiəsi günü kimi qeyd olunur.

Məlum, bütün demokratik dövlətlərdə olduğu kimi, ölkəmizdə də insan haqlarının qorunmasına xüsusi diqqət yetirilir. Təbii ki, uşaq hüquqları da insan haqlarının ən mühüm hissələrindən biri olmaqla hər zaman diqqət mərkəzindədir. Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir. Odur ki, onların müdafiəsinə qoşulmaq hər birimizin vətəndaşlıq borcudur.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra hər sahədə olduğu kimi, uşaqların müdafiəsi sahəsində də xeyli iş görülüb, onların problemlərinə diqqət ayrılıb. Ulu öndərin müəyyənləşdirdiyi dövlət uşaq siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə ölkəmizdə uşaq problemlərinin həllinə yönəlmiş çoxsaylı Dövlət proqramları qəbul edilib, vahid dövlət uşaq siyasətinin formalaşması istiqamətində uğurlu addımlar atılıb. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası"nın təsdiq olunması haqqında" 2012-ci il 8 may tarixli Fərmanı da uşaqların hüquqlarının etibarlı şəkildə qorunmasına əlverişli şərait yaradıb. Uşaqlara yüksək diqqət və qayğı ilə yanaşan dövlət başçısının fikirləri uşaqlara qayğının bariz nümunəsidir: "Uşaqlar cəmiyyətimizin sabahıdır. Onların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması bizim əsas məqsədlərimizdəndir. Uşaqlarımızın hərtərəfli şəxsiyyət və ölkəmizin layiqli vətəndaşı olaraq formalaşmaları müstəqil Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin aparıcı istiqamətini təşkil edir".

Reallıq odur ki, uşaqların Vətənə layiqli vətandaş kimi yetişməsi üçün hər cür şərait yaradılıb.Yetişən nəslin təhsili, mənəvi-estetik tərbiyəsi daim dövlətin diqqət mərkəzindədir.

Azərbaycan Respublikasının birinci vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə uşaq musiqi və incəsənət məktəbləri, otra ixtisas məktəbləri təmir-bərpa olunur, yeniləri inşa edilir, maddi-texniki bazaları yaxşılaşdırılır.

Təəssüf ki, dünyada baş verən müharibələr uşaqların psixoloji zorakılığı, irqi ayrı-seçkiliyə, deportasiya və soyqırımlara məruz qoyur. Müharibəni yalnızca dünyanın müəyyən hissəsi üçün yox, ümumilikdə insanlığa qarşı törədilən zorakılıq adlandırmaq olar. Bu gün dünya müharibələrdən əziyyət çəkir. Müharibəni böyüklər başlasa da, ən çox zərər çəkən uşaqlar olur. Həyatını itirən körpələrlə yanaşı, yaxınlarından məhrum olmuş, ana-atasız böyüməyə məcbur edilən uşaqlar bu gün dünyanın ən ağır mənzərəsidir. Müharibə təkcə dağıntı, maddi-mənəvi ziyan deyil, həm də uşaqların sonrakı həyatında inamsızlıq, küskünlük və ömürlük aqressiya deməkdir. Sağlam gələcək üçün ilk növbədə sağlam ruha və sağlam düşüncəyə malik uşaqlar yetirməliyik. Gələcəyin qurucuları olan uşaqları haqsızlıqdan qorumaq bəşəriyyəti daim narahat edən məsələlərdəndir. Bütün uşaqların böyümək, müdafiə olunmaq, yaşamaq hüququ var. Gələcəyimizin hüququnu əlindən almayaq. Onlara sevgimizi, məhəbbətimizi əsirgəməyək çünki onlar bizi deyil, biz onları seçirik.

 





01.06.2017    çap et  çap et