525.Az

"Ölməyimlə sevinməsin əğyar..." - Fotolar


 

ŞAMAXIDA 55-ci "SABİR POEZİYA GÜNLƏRİ" KEÇİRİLDİ

"Ölməyimlə sevinməsin əğyar..." - <b style="color:red">Fotolar</b>

İlk dəfə "Sabir poeziya günləri" 1962-ci ildə Xalq şairi Rəsul Rzanın təşəbbüsü və təşkilatçılığı ilə keçirilməyə başlanıb. 

Rəsul Rza ömrünün sonunacan - 1981-ci ilə qədər tədbirin təşkilat komitəsinə rəhbərlik edib. Sonralar bu vəzifəni Abbas Zamanov, Qabil və Fikrət Sadıq daşıyıb. Artıq bir neçə ildir ki, şair, yazıçı Əjdər Ol "Sabir Poeziya günləri"nin təşkilat komitəsinə rəhbərlik edir. Ənənəvi olaraq Şamaxıda, Sabirin dünyaya göz açdığı şairlər vətənində baş tutan tədbir müxtəlif illərdə ayrı-ayrı bölgələrimizdə də keçirilib. Bu il isə iki böyük rəqəm üst-üstə düşür; həm Sabirin yubileyi - 155 yaşı, həm də "Sabir poeziya günləri"nin 55 illiyi... Ona görə yolumuz Şamaxıyadı.

Qəribə bir sehri var Şamaxının. Təbiət, yaşıllıq öz yerində, amma ayrı bir ovqat, ruh da var... Fərqli hisslər keçirirsən burda... Bəlkə ədəbiyyat tarixindən öyrəndiklərimizin təsirindəndir, ya da bu torpağın dahilər vətəni olduğunu bildiyimiz üçün...

Şamaxının mərkəzində Ulu Öndər Heydər Əliyevin heykəli önünə gül-çiçək dəstələri qoyub yolumuza davam edirik. Mirzə Ələkbər Sabirin məzarını ziyarət etməyə. Maşın qəbiristanların arasıyla irəlilədikcə hüzünlənirəm. Məzar daşları tək-təkdi, aralıdı bir-birindən. Amma bəziləri də o qədər yaxındı ki, hətta əyilib "baş-başa verənləri" də çoxdu. Belə yerlərdə həyatın faniliyi haqqında düşüncələr beyini tərk eləmir. Həyat mübarizədir, amma ölüm də var axı... Deməli, hardasa yarımçıq qalacaq bu mübarizə. Ancaq Sabir kimi böyük şəxsiyyətlərin nə həyatı, nə də mübarizəsi yarımçıq qalır... Ölümündən yüz ildən çox vaxt keçəndən sonra da düşündürürsə, heyrətləndirirsə böyüklüyü ilə, məzarı başına bu qədər söz, qələm adamını toplaya bilirsə, deməli o böyük mübarizəyə, ömrünü bir ideyaya sərf etməyə dəyər.

Sabirin qəbirüstü abidəsi yenilənib. Nəvələri Gündüz və Sevda xanım Tahirli əvvəlki məqbərənin köhnəldiyini söyləyirlər. Həm də Sabirin sonbeşik övladı Məmmədsəlim Tahirlinin də qəbri Yasamal qəbiristanlığından bura köçürülüb. Əjdər Ol deyir ki, bu, Sabirin üçüncü qəbirüstü abidəsidir: "Mən hələ yeniyetmə olanda bura gəlmişəm, Sabirin qəbrini ziyarət etmişəm. Sovet dövründə bu abidə başqa cür qoyulmuşdu. Sonra o məşhur böyük məqbərə tikildi. O da köhnəldi və yenisi ilə, bu cür əvəz olundu. Köhnəlməyən Sabirin sözü, sənətidir". Sonra Mədəniyyət və İncəsənət universitetinin aktyorluq fakültəsinin ikinci kurs tələbəsi Ağaəli Kərimzadə, Sabirin "Ey əzizim, xələfim..." bəhri-təvilini deyir. Gənc qiraətçini dinlədikcə Sabirin əvəzinə sevinir adam. Axı bir vaxt kinayə ilə, həm də yana-yana, elə həmin bəhri-təvildə:

"...gözünün nuru olan sevgili övladını  tədrislə təzyi və təzyiq eləyən cahilü gümrah atalar tək səni zindani-mədarisdə müqəyyəd eləyib, elmü maarif deyilən boş, əbəs, insana cəfəng işlər ilə fıkrini, həm əqlini, vicdanını məhdud qılıb ruhunu incitməmişəm..." - deyirdi Sabir. İndi ali məktəb tələbəsi bu sözləri belə hiss edərək, içdən oxuyur. Sabirin istədiyi, arzuladığı da elə bu deyildimi?

Burdan Sabirin müəllimi, ustadı Seyid Əzim Şirvaninin qəbrini ziyarətə gedirik. Sabir Seyid Əzimin bircə sinif otağı olan yeni tipli məktəbində oxumuşdu. Elə ordan başlamışdı Seyidin şeirlərinə də, özünə də sevgisi. Bir dəfə Seyidin misrasının ardını da yazmışdı hətta. Təsirlənən Seyid Əzim ona Nizaminin "Xəmsə"sini hədiyyə etmişdi. Seyid Əzim də Sabir kimi nigaran idi millətindən. İndi məzarı başında Əməkdar artist, qiraət ustası Ağalar Bayramov qəzəlini oxuyur Seyidin:

Yoxdur, ey arami-can, sənsiz vücuda bir əsər,
Fel özün, fail özün, biz nə günahkar olmuşuq?
İçmişik xümxaneyi-əhbəbtü camından şərab,
Seyyida, sərməst ikən aləmdə huşyar olmuşuq.

Şairliyin reseptidir sanki bu misralar. Bir tərəfdən sərməst olmaq, dünyanı öz baxış bucağından, öz gördüyün yerdən dərk etmək, qəbul etmək... Bir yandan da hüşyar olub hər şeyi ayıq başla duymaq, heç nəyi gözdən qaçırmamaq.

Şamaxı Mədəniyyət Sarayındakı böyük poeziya bayramında  Sabirin əsərləri ilə yanaşı, başqa şairlərin də şeirləri səslənir. Dinlədikcə düşünürəm, sanki Allah şairlərin hamısına eyni bir vəzifəni, işi tapşırıb. Nazım Hikmətin söylədiyi kimi - "qaranlıqları aydınlığa çıxarmaq". Xalq yazıçısı Anar da Sabir yaradıcılığındakı bu işıqdan danışır: "Elə şəxsiyyətlər var ki, onlar yaşadığı mühitə, cəmiyyətə işıq salırlar. Sabir də belə dühalardandır. Xüsusilə bu işıq qaranlıqda daha çox lazım olur. Sabirin də yaşadığı mühit qaranlıq idi. Və bu mühitə Sabir işıq saçdı... Şamaxı şairlər vətənidir. Elə yol boyu şairlərin divardakı qabarma surətlərinə nəzər salsaq, sanki bütün Azərbaycan ədəbiyyatı tarixini yada salmış olarıq. Xaqanidən, Fələkidən, Nəsimidən Bahar Şirvaniyə, Seyid Əzim Şirvaniyə, Bixuda, Abbas Səhhətə kimi... Mən deyərdim ki, bu siyahının zirvəsində Sabir durur. Sabir heç kəsə bənzəməyən bir şair idi. Onun dostu Abbas Səhhətin söylədiyi kimi, Sabir köhnə şeirlə yeni şeir arasında elə bir uçurum yaratdı ki, daha heç kəs bu uçurumu geri adlaya bilmədi". Anar müəllim Sabirin yeni poeziyanın banisi kimi xidmətlərindən danışıb son zamanlarda klassiklərimizə olan nadan yanaşmayla bağlı narahatlıqlarını da dilə gətirir: "Bəzən cahil fikirlər  səslənir ki, Sabir xalqın mənfi cəhətlərini, nöqsanlarını göstərib. Amma anlamırlar ki, bu, xalqın yox, cəmiyyətin qüsurlarını göstərməkdi. Və bunu yalnız xalqını sevən, onun üçün yanan bir sənətkar edə bilərdi". Çıxışının sonunda Anar, Sabirin şah misralarını söyləyir:

Mən belə əsrarı qana bilmirəm,
Qanmaz olub da dolana bilmirəm.
Neyləməli, göz görür, ağlım kəsir,
Mən günəşi göydə dana bilmirəm.
Derlər usan, hərzəvü hədyan demə,
Güc gətirir dərd, usana bilmirəm! 

Bütün qəliz ömrü və yaradıcılığı boyu Sabirə güc verən, onu usanmağa qoymayan məhz gördüyü, dərk etdiyi dərdlər, bəlalardı. Amma təəssüflər olsun ki, bu dərdlər Sabirin zamanında, zəmanəsində qalmayıb. Sonrakı illərdə də nəsil-nəsil şairlərin yaradıcılığında fərqli şəkildə ifadə olunub.

AYB-nin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid poeziya günlərinin əhəmiyyətindən danışır. Həmçinin, Sabirin nəvələri Gündüz və Sevda Tahirlilərin gördüyü işlərdən söz açır. Sonra Məmməd Arazın "Mehmanxana xidmətçisi" şeirini deyir:

"Gərəklərin" tarixini yazmır tarix;
Onda kağız-qələm olur, ürək olmur.
Tarix, qanla yazanda da kövrək olmur.
Min il ağla, ağlayana torpaq vermir.
Versə, versə ümid verir, bayraq vermir.

Bu şeiri 1973-cü ildə yazıb Məmməd Araz. Onda Qarabağ dərdi yoxdu. Şuşaya da gedə bilirdik. Amma indi, bu zamanda necə müasir səslənir şeir. Elə daha əvvəl dediyimiz "ardıcıl dərd"in, nəsildən nəsilə keçən ağrının ifadəsidir bu misralar.

Sonrakı çıxışçıların da şeirlərini dinlədikcə düşünürəm, deyəsən bu, Sabirin təsiridir ki, az qala hamı ictimai məzmunlu, hətta pessimist şeir deyir. Şair Qəşəm Nəcəfzadə "Ay vətən" şeirini oxuyur, "İndən belə şeir vaxtı deyil"- deyir. Əjdər Ol özünəxas yumorla - Ay Qəşəm, həmişə şeir vaxtıdı - deyə cavab verir. Və məclisin son dərəcə "ictimailəşmiş" ovqatını dəyişir. Aşıq Məharət Habiloğlunun aşıq mahnıları, xanəndə Habil Şıxəliyevin ifasında muğam və xalq mahnıları məclisə rəng qatır. 

Sonra Əjdər Ol Sabirin "Gavur qızı" şeirini söyləyir. Əjdər müəllim Sabir poeziyasını çox yaxşı bilir. Hər çıxışçıya söz verəndən sonra Sabirdən bir neçə misra deməsi məclisə ayrı ovqat qatır. Amma bu "Gavur qızı" şeiriylə təkcə Sabir ironiyasını yox, həm də özünün yumorunu çatdırır və gənclərə keçid edir. Günel Eyvazlının, Nuranə Nurun, Emin Pirinin çıxışları, şeirləri o qədər ümidli səslənir ki... Hətta Emin Pirinin aşağıdakı kədərli misraları belə:

Kişilər ağlamaz deyən anam
yerimə özü ağlardı.
Nağıl söylərdi,
göydən üç alma düşməzdi nağıllarında,
deməzdi bunu anam-
birdən ürəyimiz alma istəyər...

Görünür, şairlərin bəxtinə yazılıb maddi və mənəvi məhrumiyyətlər. Sabirin özü də kasıblıqdan əziyyət çəkib. Amma şeirlərində bütün bunlardan elə gülə-gülə danışır ki...

Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Ümid Abbaszadə "Ey fələk zülmün əyandır..." bəhri-təvili əsasında hazırladığı səhnəciyi göstərir, xüsusi bir məharətlə səsləndirir Sabirin sözlərini.

"...neçə əhli-qələmlər, buraxıb canıma qəmlər, qarışıb dərd-bəhəmlər, ürəyim indi vərəmlər, qəzetə, jurnala bu küfri-şiyəmlər necə cürətlə rəqəmlər yazıb islamə sitəmlər eləyirlər..."

İndi də qələm əhlindən şikayətçi olan mollanın diliylə danışır şair. Bilmirsən güləsən ya ağlayasan... Ya da Sabir kimi gözündə yaş güləsən... 

Əməkdar artist Ağalar Bayramov tələbələrindən sonra daha təsirli, kədərli mövzularda şeirlər oxuyur. Sabirdən, Musa Yaqubdan, Zəlimxan Yaqubdan, Ramiz Qusarçaylıdan deyir. Sağalmayan yaralardan, Qarabağ dərdlərindən danışır şeirlərlə. Və yenə də poeziyanın əbədi və əzəli missiyası haqqında düşündürür bu şeirlər. Adama elə gəlir ki, yazmaqla, danışmaqla bitən deyil söz. Görünür elə ən böyük möcüzəsi də budur. Füzulinin söylədiyi kimi:

Mən gözəl bir süfrə açdım sözdən əhli-aləmə,
Onda min zövq artıran hər dürlü nemət düzmüşəm.
Kim gəlir-gəlsin- aparsın hər nə istər xatiri,
Qurtaran nemət deyil, süfrəmdən olmaz heç nə kəm!

Füzulinin təbirincə desək, sözdən açılmış bu məclis sona yaxınlaşmaqdaydı. Sabirin nəvəsi, Sevda xanım Tahirli ailəsinə aid xatirələrini bölüşür sonda. Atasından danışır. Həm də ayrı heç yerdə eşitməyəcəyimiz ailə söhbətlərin edir. Sən demə,  Sabirin övladını xəstəlikdən, ölümdən xilas eləmək üçün Əzrayılı da aldadıblarmış: "Atam Sabirin sonbeşik oğludur. Adı Məmmədkazım olub. Amma bir yaşında xəstələnib və sağalacağına da ümid yox imiş. Atam bunu çox duzlu-məzəli yumorla danışırdı ki, nənəsi birdən uşağın qulağına nə isə pıçıldayıb. Soruşublar ki, bəs nə dedin uşağa? Cavab verib ki, uşağa dedim, sənin adın Məmmədsəlimdi indən sonra. Nənəsi bu yolla Əzrayılı çaşdırırmış ki, gələndə Məmmədkazımı axtarıb tapmayıb getsin. Sonralar atam xəstələnəndə biz narahat olardıq, o da zarafatla cavab verərdi ki, narahat olmayın onsuz da Əzrayıl hələ də Məmmədkazımı axtarır". Sevda xanımın danışdığı bu əhvalat həm də "Cütçü" şeirinin yaranma tarixçəsiylə bağlıdı. Sabir övladının xəstəliyini ürəyinə salıbmış, hətta kasıb olmasına baxmayaraq qurban da deyir. Oğlu sağalandan sonra qurbanı kəsməyə gedəndə yolda qan-tərə batmış əkinçini işləyərkən görür və "Cütçü" şeirini də bundan təsirlənib yazır.

Lap sonda Sevda xanım Sabirin ölməzliyindən də danışır: "Hər zaman söyləmişəm, nə qədər ki, sizlər Sabiri belə sevirsiz, o yaşayır".

Hər il qələm adamlarını bir yerə, öz adı, şeiri, sehri ətrafına toplayıb söz qonaqlığı verən Mirzə Ələkbər Sabir ölməzdir, şübhəsiz. Və zaman-zaman onun özünün də, poeziya günlərinin də daha böyük rəqəmlərlə yubileyləri qeyd olunacaq!

 





01.06.2017    çap et  çap et