525.Az

Mir Cəlalın mövzular, ideyalar və obrazlar aləmi


 

Mir Cəlalın mövzular, ideyalar və obrazlar aləmi<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda)

...Mir Cəlal necə yazırdı? Biz, təəssüf ki, sənətkar haqqında, xüsusilə, onun poetikasından yazanda bu sualı qoymuruq.

Ədalət naminə, obyektiv səbəblər istənilən qədərdir və başlıcası, müəllifin öz yaradıcılıq əzabları, sevincləri, işləmək prinsipləri barədə və sairələr, hətta bir hekayəsinin necə alınması barədə belə məktubları, qeydləri yoxdur.

Görünür, şərqliyə məxsus ədəbi mentalitet buna imkan verməmişdir. Halbuki yaradıcılığın poetikasında belə amillər misilsiz rol oynayır.

Mir Cəlalın 30-cu illər yaradıcılığında öz potensial qüvvəsinə inamsızlığı, əsassız təfərrüata rəvac verməsi, dialoqların çoxluğu, bədii ifadə vasitələrdən qeyri-qənaətcil istifadə və s. hallar özünü göstərirdi. Lakin o, bu haldan tez uzaqlaşa bildi və nəhayət, "Bir gəncin manifesti" romanına gəlib çıxdı: 1938.

Mir Cəlalda gəncliyindən satirik ovqat, şən ritm-ahəng vardı; eyni zamanda o, idrakın gücünə arxanlanırdı, zəkanın yenilməzliyinə inanırdı. O, milli və rus maarifçiliyini mənimsəmişdi, ideyalarının mahiyyətini düzgün qiymətləndirmişdi. Və onun dünyagörüşündə, maarifçiliyin tarixi-sosial nikbinliyi hiss olunurdu. Mir Cəlalın yaradıcılığının ümumi kontekstində maarifçilik ideyaları bədii təbliğatçı kimi də missiyaya malikdi və mövcud sosial quruluşun qeyri-təbii, daha doğrusu, insan təbiətinin özünə zidd kəsilən bir ideologiya kimi nəzərdən keçirirdi və bu ənənə A.A.Bakıxanovdan, M.F.Axundovdan, Q.Zakirdən, M.Ə.Sabirdən, C.Məmmədquluzadədən, Ə.Haqverdiyevdən, N.Vəzirovdan qaynaqlanırdı. Bundan faydalanan M.Cəlal dövrünün sosial-ictimai əxlaqının, adət-ənənələrinin satirik komediyasını yaratdı. Onun böyüklüyü onda idi, Sovet gerçəkliyinin mühüm ziddiyətlərini, problemlərini görürdü, gülürdü və təqdim edirdi. O, hakim əxlaqın diqtə etdiyi hadisələrdən, insanlardan sadəliklə danışırdı. Amma səsini gur çıxara bilməzdi, tənqidində "yuxarı"nı aşağı endirə bilməzdisə, əsəri üçün səciyyəvi olan bədii təəssüratından qaçmırdı. Obrazlarını qabarıq təsvir edirdi, oxucu diqqətini yayındırmırdı, hətta xırda detallara yönəldirdi. Gülməli, düşünməli məqamlara diqqət edirdi və bunları lirik yumoruna bükürdü:

-"Necə olub ki, siz indi başlayırsınız.

-Şair görünür başa düşməmişdir.

-Çoxdan yazırsınız?

-Xeyr, olar-bir-iki il.

-Nə əcəb belə gecikmisiniz?

-Xeyr gecikməmişəm, işdən çıxmışam. İstəyirəm sinəmi boşaldam. Heyifdir, əsərlərim xalqa məlum olsun, ancaq ki, mane olurlar.

-Kim mane olur?

-Paxıllar, gözü götürməyənlər"...

Bu epizod "Gənc şairin ərizəsi" hekayəsindən götürülmüşdür və istedadsız bir şairin içərisini açır. Öz aramızdır, hekayə bu gün daha aktual səslənir.

Mir Cəlal qeyri-real ideallarla nəfəs alan xırda, miskin obrazlarına ümumi diqqəti yönəldirdi və belə bir inama əsaslanırdı ki, təsvir etdiyi o gerçəklik cəmiyyətə bəllidir və ona görə də bu quruluşun hər bir sakini-oxucusu həmin əsərləri oxuyacaq. Belə bir bədii-ədəbi qanun yazıçının öz dünyasının əxlaqını qiymətləndirməsini müəyyənləşdirirdi və Mir Cəlal yaradıcılığının bədii strukturunun qneseoloji əsası idi.

Hələ 1960-cı ildə qələmə aldığı "Xarici naxoşluq" hekayəsi maraqlı ideyanın açılması üzərində qurulmuşdur. İmkanlı ailənin çəlimsiz qızı özünü o qədər arıqladır, küçədə halsız halda yıxılır və xəstəxanaya gətirirlər. "Müalicə" prosesində maraqlı surət olan doktor yeməyən, bütün fikrini xarici filmlərə yönəldən, yalnız "Ekran" jurnalını oxuyan bu qızını adətindən anası belə yayındıra bilmir. Ümid isə doktora qalır. Zərif yumor dilinə malik yazıçı doktorla qızın anasının dialoqunu verir: "Maşında gələn ana elə bilir doktora lazımdır, sevinir də. Lakin: "Qadın şoferi səsləyib dayandırdı. Güman elədi ki, mən maşına oturmaq istəyirəm.

-Buyurun doktor!

-Mən yox, Ofelya gəzmək istəyir.

-Nə gəzmək?

-Kinoya getmək istəyir.

Ofelya bu sözü eşidib özünü həyətə atdı, anasını səslədi.

Ana, mənim paltarımı gətir, tez ol. "Nizami"də "Yevo Lyubov" gedir, baxmasam ölərəm.

Ofeliyanı anasına qoşub göndərdim və xahiş elədim ki, buraya qaytarmasın.

-Onun azarı ancaq klubda müalicə oluna bilər".

Maraqlı və ibrətli odur ki, Mir Cəlal bu gün də artıq sənətçilərin və ümumən qadın-qızların məişətinə daxil olan "arıqlamaq xəstəliyi"ni 50 il əvvəl yazmışdır. Yazıçı uzaqgörənliyidir bu! Mir Cəlalın bədii proqnozudur bu!..

Mövzu özü doğulur və qələmə düşür. Sadəcə, yazıçı təxəyyülü və həyati müşahidə mövzunu əsərə çevirir. Mən A.P.Çexovun adını çəkmişdim, ötəri müqayisə hər halda M.Cəlal yaradıcılığının üfüqü üçün də yerinə düşür. Məsələn, rus yazıçısının "Çinovnikin ölümü" hekayəsi adi sujetdən-əhvalatdan ibarətdir. Məmur Çervyakov “ekzakutor" (təsərrüfat müdiri) İvan Dmitriyeviçlə general arasındakı xoşagəlməz əhvalat.

O, oxucuya elə gəlir məzlumdur, acizdir, qorxaqdır, teatrda qəfil asqırması əhvalata dərin psixoloji rəng vermişdir. Və hekayə rus ictimai mühitində vəlvələ doğurmuşdur. Ona görə ki, generalın təpinməsi bir rus kişisinin, çinovnikin ölümünə səbəb olmuşdur. M.Cəlalın hekayəsi də adi əhvalat-sujet üzərində qurulmuşdur. Zahirən bizim mühitimiz üçün diqqətimizdir. Lakin hekayəni dərinə "çəkəndə" elə deyil; bütün ictimai-sosial hadisələr, xalqı, cəmiyyəti aldatmalar dilin yalan söyləməsindən başlayır. "Dil və əməl"də iki qadın-rəfiqənin-Hərzə və Məsmənin opponenti Hərzənin qızıdır. Dildən yalançı, arxadan ayama qoşan Hərzə xanım elə öz qızı tərəfindən ifşa olunur. Xalılı Məsmə ağlagəlməz üsulla - Hərzə xanım mətbəxdə ikən uşağı dilə tutur.

"-Qızım, anan nə deyir, nə danışır, sənə nağıl-zad öyrədirmi?

-Öyrədir, çox öyrədir. Anam dünən deyirdi ki, xallı Məsmə deyil, nallı Məsmədir, ya da ballı Məsmədir".

Hərzə xanım (yazıçı obrazının adını da xasiyyətindən götürmüşdür) eşidir, qızına təpinir. Uşaq isə həqiqəti söyləyir.

Hərzə xanım da həqiqəti ürəyində pıçıldayır:

"Mən külbaşa deyən gərək, bir tikə uşağın yanında adam söz danışar, o da ki, belə uşağın! Ağbirçək arvadın üzünə gör nələr deyir"... Bu sözlərdə yazıçı hər üç surətin xarakterini təsvir edir: "Külbaş, uşağın yanında söz danışılmaz" və ağbirçək arvad 60-cı illər üçün də, bu gün üçün də son dərəcə səciyyəvi ideyadır. Böyüklər, yuxarı qalxan vəzifəli məmurlar dilinə yalan söz gətirməməli, xalqı, camaatı aldatmamalıdırlar. Yalan məişətdən, ailədən başlayır, uşaqların psixologiyasına daxil olur. Onlar böyüyür, cəmiyyətdə mövqe tutur və cəmiyyəti də aldada bilər. Çinovnikdən Mir Cəlalın qəhrəmanları fərqli şəkildə hərəkət edirlər. Çinovnik generalı tanıyır və dəfələrlə yanında olmuşdur. Əslində, Çinovnik prinsipial mülahizəyə görə generaldan üzr istəyir. Çünki ona elə gəlir böyük adamlara hörmət göstərmək ictimai varlığın bir mühüm əsasıdır; dərindən sarsılır ki, nə üçün onun üzr istəməsi qəbul olunmur? Rus ədəbiyyatşünası K.Berdnikov Çervyakov-Çinovnik obrazı haqqında maraqlı fikir deyir və yazır ki, Çervyakov heç də qorxudan ölməmişdir; demə, bu elə insan dramının finalıdır ki, onun üçün müqəddəs olan prinsiplərin tapdalanmasına, həm də hər hansı adam tərəfindən yox, cənab ali, general tərəfindən tapdalanmasına dözmür, axı, bundan sonra necə yaşamaq olardı? Bu sualı Hərzə xanım özünə verməmişdir heç vaxt. Yalan Çeryakovun "prinsipial mülahizəsi"ndən də güclüdür. Cəmiyyət əgər bunu qəbul edirsə, kənar şəxs -Xallı Məcmə ona qarşı çıxmırsa... ictimai mühitdə demorfasiya, erroziya mövcuddur. Hərzə xanımın və Xalı Məcmənin bu hərəkətləri gülüş doğurursa, oxucunu, eyni zamanda düşündürür. Çexov qəhrəmanını öldürür, Mir Cəlal isə bu yolu seçmir və Çexovdan fərqli olaraq mövcud Sovet cəmiyyətində belə ciddi proseslərin davam edəcəyi labüdlüyünü əyaniləşdirir.

Zahirən M.Cəlalın nəsrinin poetikasında belə "Xırda adamlar" cəmiyyəti ifşa edirlər, sökürlər. Yazıçı hakim sosial-siyasi əxlaqın, adətlərin tragikomediyalarını, hakimlik psixologiyasının insanlara qul, kütlə əhvalı ilə yanaşması ideyasını insan xarakterində ümumiləşdirərək, hekayələrində bu məsələləri qabarıq qaldırır.

Mir Cəlal dəyərli satirik hekayələr yazmış, tipikləşdirmə qüvvəsi baxımından, demək olar ki, simvolik xarakterlər, situasiyalar yaratmışdır. Akademik Bəkir Nəbiyev bu məsələni obyektiv qiymətləndirir: "Mir Cəlalın hekayələrində mürəkkəb hadisələr və xarakterlər sadə, bədii həllini tapır. Yazıçının şirin yumorla yoğurduğu hekayələr bizi güldürür, zahiri effektlərdən doğmadığı üçün, bu gülüşlə yanaşı güldüyümüz adamlara daxilən acıyırıq".

 





01.06.2017    çap et  çap et