525.Az

“ABŞ Suriyanı parçalama planını həyata keçirməyə çalışır”


 

“ABŞ Suriyanı parçalama planını həyata keçirməyə çalışır”<b style="color:red"></b> Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının Kəşfiyyat idarəsinin keçmiş rəisi, istefada olan general-polkovnik İsmayıl Hakkı Pekinin müsahibəsi
 
- DAEŞ terror təşkilatının Suriyadakı “paytaxtı” sayılan Rakkadan çıxmaq üçün Demokratik Suriya Qüvvələri ilə razılığa gəlməsinə və terrorçu qrupların onlara verilən dəhlizdən Rakkanı tərk etmək istəyərkən Rusiya hava qüvvələri tərəfindən vurulmasına dair xəbər rəsmi Moskva tərəfindən təsdiqləndi. O bölgədə nə  baş verir?
 
- Kürdlərin çoxluq təşkil etdiyi Demokratik Suriya Qüvvələrinin Rakkanı tərk etmələri üçün DAEŞ terrorçularına dəhliz verməsi ABŞ-ın  Suriyanı parçalama planının tərkib hissəsidir. Xəritəyə baxanda görürük ki, Fərat çayının şimal-şərq sahilindəki bölgələr ABŞ-la sıx əməkdaşlıq edən PYD/YPG terrorçu qruplarının nəzarəti altındadır. ABŞ oradan Cerablusa qədər olan bölgəni kürd qruplarına verməyi planlaşdırır, əməkdaşlığın əsas səbəbi də budur. DAEŞ terrorçularının Suriyanın cənubuna - İordaniya sərhədinə getmək istəməsinin səbəbi də ABŞ-ın dəstəyi ilə orada sünni məzhəbli yeni bir dövlət strukturu yaratmaqdır. Oradakı durzi qruplarının da daxil olacağı bir dövlət İsrailin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu vəziyyətdə Dəməşq, Hələb və bəlkə - taleyi hələ də məchul olan - İdlibin də daxil olacağı zəif bir Suriya dövləti qalacaq. ABŞ-ın istədiyi budur və DAEŞ-lə əməkdaşlıq edərək bu planı həyata keçirməyə çalışır. Rusiya bunu bildiyinə görə, Demokratik Suriya Qüvvələrinin verdiyi dəhlizdən cənuba tərəf hərəkət etməyə çalışan DAEŞ terrorçularını havadan bombalayaraq, xeyli terrorçu öldürdü. Suriya ordusu Palmiranın önəmli hissəsini Rusiyanın dəstəyi ilə nəzarət altında saxlayır. Mosulda keçirilən hərbi əməliyyatlardan sonra oradan qaçan DAEŞ terrorçuları da Rakkaya yerləşirlər və oradan cənuba enməyə çalışacaqlar. Bütün bu planların qarşısını almaq üçün Türkiyə bir an əvvəl əməkdaşlığa başlamalıdır. Suriyanın 4 yerə parçalanması planı baş tutarsa, xüsusilə, şimalda Türkiyənin başını ağrıdacaq proseslər yaşanacaq. ABŞ bu planla həm İranın bölgədəki fəaliyyət sahəsini məhdudlaşdırmağı və İsrailə qarşı törədə biləcəyi təhlükələri aradan qaldırmağı hədəfləyir, həm də Suriyada terrora qarşı mübarizədə böyük uğurlar əldə edən Rusiyanın manevr sahəsini mühasirəyə almağa çalışır.
 
- Türkiyə, Rusiya və İran keçən ilin 20 dekabrında Moskvada əməkdaşlıq sazişi imzalayaraq, daha sonra Astana görüşlərini təşkil etmişdilər. Oradan bir nəticə əldə edilmirmi?
 
- O saziş, hər şeydən əvvəl, Suriya torpaqlarında  atəşkəsə nail olunması və DAEŞ-in nəzarətində olmayan bölgələrdə döyüşlərin yenidən başlamamasını nəzərdə tuturdu. DAEŞ çıxmaq məcburiyyətində qaldığı bölgələrdə onsuz da  bir daha döyüşə girə bilmir. Mövcud vəziyyətdə isə Suriyanın 4  yerə  parçalanıb, başda paytaxt Dəməşq bölgəsi olmaqla, bir neçə bölgənin daxil olduğu zəif bir dövlətin ortaya çıxmasını əngəlləmək, yəni Suriyanın ərazi bütövlüyünü qoruyub saxlamaq ən mühüm iş olmalıdır. Qərbin bu planına qarşı Türkiyə Suriyanın ərazi bütövlüyünün qorunmasının tərəfdarı olan ölkələrlə əməkdaşlığa başlamalıdır.
 
- Rakkanın DAEŞ-dən təmizlənməsi əməliyyatlarında müttəfiqlik etmək üçün Türkiyə dəfələrlə ABŞ-a təkid edib. Orada müttəfiqliq olacaqmı?
 

- Rakkanın DAEŞ-dən təmizlənməsi əməliyyatlarında ABŞ Türkiyə ilə əməkdaşlıq etməyəcək, Türkiyənin o proseslərdən mümkün qədər uzaqda qalmasına çalışacaq. Çünki ABŞ-ın bölgədəki planlarıyla Türkiyəni narahat edən məsələlər bir-birinə tamamilə ziddir.

APA
 





01.06.2017    çap et  çap et