525.Az

Milli mətbuat tariximizlə bağlı maraqlı məqam: "Əkinçi" - "Tayms" əlaqələri


 

Milli mətbuat tariximizlə bağlı maraqlı məqam: <b style="color:red">"Əkinçi" -  "Tayms" əlaqələri</b>

1875-ci il iyulun 22-də Azərbaycan xalqının həyatında misli görünməmiş hadisə baş verdi: ziyalılarımızın çoxdankı arzusu həyata keçdi, Həsən bəy Zərdabinin yaratdığı "Əkinçi" qəzetinin birinci nömrəsi çapdan çıxdı.

Əlbəttə, birinci olmaq çətindir. Qəzetin redaktoru həm nəşrin yaradılması uğrunda apardığı mübarizə zamanı, həm də nəşri dövründə çox böyük çətinliklərlə üzləşməli olurdu.  Qəzet həm informasiya toplanmasında, həm səhifələnib çap edilməsində, həm də materialların oxunub redaktə olunmasında  çətinliklərlə rastlaşırdı.

"Əkinçi"  barəsində çox yazılmış, çox deyilmiş, ciddi tədqiqatlar aparılmışdır. Bununla belə, qəzetin fəaliyyəti ilə bağlı hələ də çox işlər görmək lazımdır. Hər dəfə qəzetin çıxan nömrələrində çap olunmuş materialları nəzərdən keçirərkən tədqiqatçını yeni-yeni ideyalar cəlb edir, onu bu və ya digər problemə daha ciddi yanaşmağa çağırır. Bizə elə gəlir ki, "Əkinçi" barəsində aparılan tədqiqatlar daha da genişləndirilməli, qəzetin beynəlxalq mövzuda çap etdiyi materiallar yeni tələblər çərçivəsində saf-çürük edilməlidir.

Moskva Universitetinin məzunu olması, Avropa ölkələrinin tarixini və mədəniyyətini yaxşı bilməsi, müxtəlif ölkələrin qəzetlərinin materiallarına əsaslanması H.B.Zərdabinin beynəlxalq məsələlərin işıqlandırılmasında köməyinə gəlirdi. Qəzetin işıq üzü görmüş 56 nömrəsində rus, ingilis, fransız dilli mətbuat orqanlarından gen-bol istifadə edilmişdir. Bu materialların böyük əksəriyyətində ən mühüm beynəlxalq həyat məsələləri işıqlandırılmışdır.

H.B.Zərdabinin böyük maraq göstərdiyi xarici mətbuat orqanlarından ən birincisi Böyük Britaniyanın "Tayms" qəzeti olmuşdur. Maraqlıdır ki, "Əkinçi" öz problemlərindən danışarkən "Tayms"ı müsbət nümunə kimi göstərmişdir. Qəzetin 1876-cı il 6 dekabr tarixli sayında "Daxiliyyə" şöbəsində verilmiş materialda deyilir: "Bizim müsəlman tayfasının ingilis tayfasından nə gədər geri qaldığını "Əkinçi" qəzetinə və London şəhərində çap olunan "Tayms" qazetinə baxmaq ilə bilmək olur".

Maraqlıdır, H.B.Zərdabi nəyə görə məhz "Tayms" qəzetini nümunə kimi göstərmişdir? Şübhəsiz, baş redaktor bu sözləri deyərkən nəyəsə əsaslanırdı. Və bu sözləri söyləmək üçün əlində kifayət qədər məlumat vardı. "Tayms" qəzeti  XIX əsrdə İngiltərə jurnalistikasının lideri idi. Onun şan-şöhrəti Londondan bütün dünyaya yayılmışdı. Bu gündəlik səhər qəzetini 1785-ci ildə mətbəə sahibi Con Uolter yaratmışdı. Sonralar onu I Uolter kimi tanıyırdılar. Uolter birinci nömrədə yazırdı ki, qəzet dövrünün ən müxtəlif məlumatlarını dəqiq qeydə alan salnamə olmalıdır.

 "Tayms" XIX əsrin axırlarınadək  beynəlxalq həyat məsələlərinin işıqlandırılmasında liderliyi əlində saxladı. Bu mətbu orqan həm ölkə daxilində, həm də xaricdə geniş müxbirlər şəbəkəsi olan yeganə gündəlik ingilis qəzeti idi. Məlumatlılığı baxımından hökümətin məlumatlılığını ötüb keçirdi. Vaterloo yaxınlığında Napoelonun qoşunlarının darmadağın edilməsi barəsində xəbəri dünyaya ilk dəfə  məhz "Tayms" yaymışdı. Şübhəsiz, bu cür xəbərlər nəşrin tirajının artması ilə nəticələnirdi. 1815-ci ildə tirajı 5.000 nüsxə olan qəzet 1854-cü ildə 50.000 nüsxə tirajla çap olunurdu.

Parlamentdə stenoqrafların sayı  artırılmışdı. Qəzet parlamentdə aparılan müzakirələrin xülasəsini əvvəllər 8-10 sütunda verirdisə, bu rəqəm 1-ə endirilmişdi. Maraqlıdır ki, bu yeniliyi Londonun digər qəzetləri də tətbiq etməyə başlamışdırlar. Şübhəsiz, həmin üsul oxucu vaxtına qənaət olunmasını və materialın daha tez oxunmasını təmin edirdi.

Uolterlər sülaləsi öz ətrafına istedadlı adamlar toplamışdı. İki alman - Köniq və Bauer 1814-cü ildə qəzetin emalatxanalarında buxarla işləyən çap maşını hazırlamışdılar. "Tayms"ın 1814-cü il 29 noyabr tarixli nömrəsi yeni maşında çap olunmuşdu. Bu maşın saatda 1.000 nüsxə, bir az sonra 5.000 nüsxə, müəyyən təkmilləşdirmə apardıqdan sonra isə 10.000 nüsxə qəzet çap etməyə imkan verirdi. Əllə işlədilən dəzgahda isə saatda yalnız 215 nüsxə çap etmək mümkün olurdu.

1817-ci ildə qəzetin baş redaktoru vəzifəsinə Tomas Barns gətirildi. İngiltərənin qəzet maqnatı Nortkliff onu "Tayms"ın ən yaxşı redaktoru kimi səciyyələndirirdi. Barns ölümünün son günlərinədək, yəni 1841-ci ilə qədər sevimli qəzetinə rəhbərlik etmişdir.


Onun varisi  Con Dileyn oldu. 1879-cu ilə qədər baş redaktor olan Con Dileyn nəşrin bütün tirajı çap olunmamış evə getməzdi. "Əkinçi" dünyaya göz açarkən "Tayms" 91 yaşına yaxınlaşırdı. Qəzet dünyanın ən nüfuzlu mətbuat orqanı kimi şöhrət qazanmışdı. "Əkinçi"nin bu qəzetə maraq göstərməsi, onun barəsində öz səhifələrində söz açması, çap etdiyi materiallardan istifadə etməsi "Tayms"ın dünya şöhrətli mətbuat orqanı olması ilə əlaqədar idi.

İngiltərə parlamentinin üzvü Bulver Litton çıxışlarından birində demişdir: "XIX əsr İngiltərə sivilizasiyası haqqında hər hansı sübutu gələcək əsrlərə ötürmək mənə həvalə edilsə idi, nə donanmalarımızı, nə dəmir yollarımızı, nə ictimai binalarımızı, nə də sizinlə birlikdə iclas keçirmək şərəfinə nail olduğumuz əzəmətli parlament binamızı seçərdim. Mənə "Tayms"ın adi nömrələrindən  biri kifayət edərdi".

ABŞ prezidenti Avraam Linkoln "Tayms"ı "dördüncü" hakimiyyət hesab etməklə yanaşı, dünyada ən böyük qüvvələrdən biri kimi dəyərləndirirdi. Kraliça Viktoriya məktublarından birində "Tayms" qəzetinin cəmiyyətin həyatına təsirinin çox güclü olmasından söhbət açırdı.

Bütün bu faktları göstərdikdən sonra "Əkinçi"nin "Tayms"a tez-tez müraciət etməsinin səbəbi aydınlaşır. "Tayms" barəsində "Əkinçi"də çap olunan yazı, çox ehtimal ki, qəzet barəsində Həsən bəy Zərdabinin bildiklərinin cüzi bir hissəsidir.

"Əkinçi"nin yazdığına görə, "Tayms" dörd səhifə həcmində hər gün çıxır, hər vilayətdə müxbiri olması təzə xəbərlərin toplanıb çap edilməsinə imkan verir, tirajın oxuculara dəmiryol qatarları vasitəsilə həmin gün çatdırılması təmin edilir, hətta bu işin sürətləndirilməsi üçün yeni tədbirlər görülməsi nəzərdə tutulur.
 
Çap işinin sürətləndirilməsi sahəsində görülən işlərdən danışan H.B.Zərdabi qəzetin elanlardan hər gün 200 manatdan çox vəsait götürdüyünü qeyd edir,  "Tayms"ın 100.000 nəfərdən çox müştərisinin olduğunu göstərirdi.

H.B.Zərdabi "Əkinçi" barəsində danışarkən yazırdı  ki, “həmin qəzet 300 müştəriyə həsrət çəkir və bir də ingilis məmləkətində "Tayms"dan savayı çox qəzet var ki, hər gün, ya da gündə iki dəfə çap olunur və onların hər birini çap edən özünün qəzet çap etmək ixtiyarını 200 min manata satmaz, amma bizim bir "Əkinçi" qəzetimiz var və əgər onu çap etmək ixtiyarını satmağa dursaq, nə ki ona bir qəpik verən olmaz, hətta onu cəbrən də boynuna götürən tapılmaz.

Buna səbəb odur ki, ingilis əhli dünya işində mahir və hər elmdən xəbərdar olduğuna səy edir ki, pul qazanıb, nə ki, bu dünyada çox ləzzət ilə zindəganlıq etsin, hətta axirəti gözləyib, məktəbxana və kilsə tikdirib, qeyriləri xristian etməkdən ötrü icmalar bina edir və bu səbəbə onlar kamallı və xeyirli sözün qədrini bilir ki, onlardan ol qədər qəzet oxuyan var".

"Tayms" qəzeti ilə bağlı çap olunmuş  material "Əkinçi" nin 1876-cı il 1 yanvar tarixli nömrəsində verilmiş xəbərə də diqqət yetirməyi tələb edir: "Altı ay yoxdur ki, bizim  "Əkinçi" qəzeti çap olunur, amma ingilisin paytaxtı London şəhərində onun çap olunmağı məlumdur. Oradan bir kitabın bir fəslinin türk dilində olan tərcüməsini bizə göndəriblər ki, onun qələtini düzəldək, əl həqq bu çox ziyadə gözüaçıqlıq istər. London şəhərində bir neçə yüz qəzet çap olunur. Onunla belə kişilər dünyanın ucunda bizim qəzet kimi kiçik qəzet çap olunmağını eşidib istəyirlər ondan da nəfbərdar olsunlar, amma bizim adamın çoxu nə ki, bu çağadək  bizim qəzeti oxumayıblar, bəlkə bəzi kəslər onun bina olunmasının xəbərini də eşitməyiblər”.

Bu xəbərdə "Əkinçi"nin vəziyyətinin çətinliyi ilə yanaşı, İngiltərədə tanınması nəzərə çatdırılır. Qəzetin səhifələrində bu cür xəbərlər çoxdur. Lakin bizi maraqlandıran başqa bir məsələdir. H.B.Zərdabi  "Əkinçi" qəzetinin Londonda da tanındığından iftixar hissi duyur və ona redaktə etmək üçün türk dilində yazı göndərildiyini nəzərə çatdırır.  Məhz bu xəbər bir sıra məqamlara aydınlıq gətirməyi tələb edir.

"Əkinçi" Azərbaycan jurnalistikası tarixində, cəsarətlə demək olar ki, ən çox tədqiq edilmiş mətbuat orqanıdır. Qəzetin həyat və fəaliyyəti həm çar hakimiyyəti dövründə, həm Sovetlər birliyi dönəmində, həm də müstəqillik illərində geniş öyrənilmişdir. "Əkinçi"nin materiallarının tam mətninin 1979-cu ildə kiril əlifbası, XXI əsrin əvvəllərində isə latın əlifbası ilə çap edilməsi tədqiqat işinin daha səmərəli aparılmasına, mənbələrdən daha dəqiq istifadə edilməsinə şərait yaratmışdır. Bununla belə, bizə elə gəlir ki, bəzi məsələlərə, xüsusilə beynəlxalq həyat, o cümlədən beynəlxalq jurnalistika ilə bağlı materiallara diqqət yetirmək, bir sıra suallara cavab vermək tələb olunur. Ortalığa çoxlu suallar çıxır:  "Londondan "Əkinçi"yə göndərilmiş türk dilində material hansı kitabın fəsli olmuşdur?'' Nəyə görə tərcüməni İstanbula deyil, məhz Bakıya, "Əkinçi"nin redaksiyasına göndərmişdilər?"  Şübhəsiz, bu suallara cavab vermək lazımdır. "Əkinçi"nin arxivinə yenidən baxmaq, həmin materialın məzmunu ilə tanış olmaq, haradan göndərildiyini müəyyənləşdirmək lazımdır. Bizə elə gəlir ki, materialın "Əkinçi"nin redaksiyasına göndərilməsi səbəbsiz deyildi.

Həmid VƏLİYEV
BDU Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor

 





02.06.2017    çap et  çap et