525.Az

“Avropa-2001” jurnalının növbəti sayı Azərbaycana həsr edilib


 

“Avropa-2001” jurnalının növbəti sayı Azərbaycana həsr edilib<b style="color:red"></b>

Azərbaycanla Bolqarıstan arasında diplomatik münasibətlərin 25-ci ildönümünün qeyd olunması çərçivəsində Bolqarıstanda ildə 4 dəfə nəşr olunan “Avropa-2001” jurnalının növbəti sayı ölkəmizə həsr olunub.

Azərbaycanın Bolqarıstandakı səfirliyindən verilən məlumata görə, cari ilin mayın 30-da ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü və Respublika günü münasibətilə Sofiyada keçirilən rəsmi qəbul çərçivəsində sözügedən jurnalın təqdimatı keçirilib.

Qeyd edək ki, 1994-cü ildən nəşr olunan jurnalın məqsədi müxtəlif Avropa ölkələri, onların iqtisadiyyatı, mədəniyyəti, ənənələri, sosial həyatı barədə geniş oxucu kütləsinə ətraflı məlumat verməkdir. Bolqar dilində nəşr olunan jurnal bu ölkədə akkreditə olunan səfirliklər, o cümlədən, mədəniyyət institutları ilə yaxından əməkdaşlıq edir və nəşrin hər sayı bir ölkəyə həsr olunur. Adətən ölkənin təqdimatı ölkənin yüksək vəzifəli rəsmisinin müsahibəsi ilə başlayır. “Fayl” və “Cəmiyyət” başlığı altında təqdim olunan ölkənin iqtisadiyyatı, sosial strukturu, tarixi və Bolqarıstanla münasibətlərinə dair materiallar yer alır. Mədəni əlaqələr “Vitrin”, “Şəhərlər”, “İncəsənət”, “Şəxsiyyətlər”, “Mədəniyyət”, “Ənənələr” bölməsini əhatə edir.
Geniş oxucu kütləsinə malik jurnal Yunanıstan, İrlandiya, Çexiya, İsveç, Norveç, İtaliya, Rusiya, Ukrayna, Belarus, Finlandiya, Danimarka, Portuqaliya, Almaniya, İspaniya, Slovakiya, Avstriya, Sloveniya, Polşa, Kuba, Xorvatiya, Mərakeş, Qazaxıstan, Türkiyə, o cümlədən, Azərbaycan ilə tərəfdaşlıq edib.

Jurnalın Azərbaycana həsr olunan sayında ölkəmizin tarixi, təbiəti, iqtisadiyyatı, multikulturalizm modeli, ölkəmizdə xristianlığın tarixi, mədəniyyəti, musiqisi, o cümlədən, Azərbaycan muğamı, aşıq sənəti, caz, milli rəqsləri, mətbəxi, idman tarixi, şəhərləri, memarlıq nümunələri, xüsusilə dünya memarlığının incilərindən olan Heydər Əliyev Mərkəzi, 120 yaşlı kino salnaməsi, Azərbaycan ədəbiyyatının parlaq nümunələrindən olan Nizami Gəncəvi, “Şəxsiyyətlər” bölməsində Məhsəti Gəncəvi və Xurşudbanu Natəvanın həyat və yaradıcılığı, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyəti, Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycan və Bolqarıstan arasında siyasi münasibətlər, iqtisadi-ticarət əməkdaşlığı, qardaşlaşmış şəhərlər barədə bolqar oxucularına ətraflı məlumat verilib.

Azərbaycan şirkətlərinin məhsulları, xüsusən “Made in Azerbaijan” brendi altında istehsal olunan məhsul və təqdim olunan xidmətlərin Bolqarıstanda təbliği məqsədilə jurnalın reklam üçün ayrılan bölməsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və “Gəncə Şərab-2” ASC-nin reklamları yerləşdirilib.

Tədbirdə “Avropa-2001" jurnalının Azərbaycana həsr olunmuş buraxılışı qonaqlara paylanıb.

Ceyhun ABASOV

 





02.06.2017    çap et  çap et