525.Az

Milli mətbuat tariximizlə bağlı maraqlı məqam: “Əkinçi”- “Tayms” əlaqələri


 

Milli mətbuat tariximizlə bağlı maraqlı məqam: <b style="color:red">“Əkinçi”- “Tayms” əlaqələri</b>

XIX əsrin 60-cı illərinin axırları və 70-ci illərinin əvvəllərində Londonda türk mühacir mətbuatı, əvvəlcə “Müxbir”, sonra isə “Hürriyət” qəzetləri çıxırdı.

Çox ehtimal ki, bu qəzetlərin “Tayms” qəzeti ilə əlaqələri vardı. Eyni zamanda, “Yeni osmanlılar” mühacir mətbuatının nüsxələrini Türkiyəyə gizli yolla göndərirdilər. Güman etmək olar ki, “Əkinçi”yə göndərilən türkcə tərcümə  “Yeni osmanlılar”ın ruhuna uyğun olmuşdur, onların fikrincə, elə bir materialı Türkiyəyə göndərmək həmin materialın məhvi demək olardı və buna görə də Bakını etibarlı şəhər kimi görüb oraya göndərilməsini məsləhət bilmişdilər.

Həsən bəy Zərdabinin “Tayms” qəzetinə hüsn-rəğbət bəsləməsi də səbəbsiz deyildi. Başlıca səbəb o idi ki, həmin qəzet dövrünün ən məlumatlı mətbuat orqanı sayılırdı və bəzən bir sıra məsələlər barəsində hökumətdən daha çox məlumatlı olması ilə seçilirdi. Məsələn, qəzet Vaterloo yaxınlığında Napoleon qoşunlarının məğlub olması haqqında xəbəri ilk dəfə  yaymışdı. Halbuki, hökumətdə belə bir xəbər yox idi. Bundan əlavə, “Tayms”ın yaydığı xəbərlərin dəqiqliyinə heç kəsin şübhəsi olmurdu. “Əkinçi” öz oxucularını Rusiya-Türkiyə münasibətləri, Balkanlarda vəziyyət və Osmanlı imperiyası ilə bağlı bir sıra məsələlər barəsində “Tayms”ın verdiyi məlumatlarla tanış etməklə əhalidə daha doğru rəy formalaşdırmaq istəyirdi, çünki dövrünün digər mətbuat orqanları, o cümlədən  rus qəzetləri beynəlxalq məsələlər barəsində qərəzli yazılar verirdilər. Senzuranın tüğyan etdiyi bir zamanda həmin yazılardan başqa cür istifadə etmək mümkün deyildi. Mümkün olan yalnız “Tayms” qəzetinin xəbərlərinə istinad etmək idi.

Yuxarıda qeyd etdiyimiz kimi, “Əkinçi”  “Tayms”dan bəhrələnirdi. Bunun isə əsas səbəbi barəsində fikirlərimiz bu yazıda öz əksini tapmışdır. Buraya yalnız onu əlavə etmək lazımdır ki, Böyük Britaniya mətbuatı XIX əsrdə çox böyük nüfuza malik idi, millətin həyatına güclü təsir göstərə bilirdi. Bütün Avropa onun səsinə qulaq asırdı. İngiltərə qəzetlərinin, xüsusilə də “Tayms”ın böyük nüfuz sahibi olmasının başlıca səbəblərindən biri ölkədə mətbuat azadlığının mövcudluğu idi. Hələ 1689-cu ildə qəbul olunmuş “Hüquqlar Billi”ndə hər bir ingilisə öz fikrini şifahi və yazılı şəkildə ifadə etmək hüququ verilmişdi. 1694-cü ildə isə senzura ləğv edilmişdi. Bütün bunlar İngiltərə mətbuatının verilən hüquqlardan gen-bol istifadə etməsi ilə nəticələnirdi. XIX əsr İngiltərə mətbuatını okeana bənzətsək, “Tayms” bu okeanın mayakı olardı. Maraqlıdır ki, “Əkinçi”  bu mayakı görür, onun işığından bəhrələnməyə çalışırdı. “Əkinçi”  fəaliyyətdə olduğu dövrdə “Tayms”ın baş redaktoru vəzifəsində Con Dileyn çalışırdı. O da H.B.Zərdabi kimi mətbəədə gecələyir, qəzet çap olunmamış iş yerini tərk etmirdi.

Yuxarıda dediyimiz bəzi fikirlər ortalığa bir sıra suallar çıxarır və bu suallara cavab vermək üçün tədqiqatlar aparılmasını tələb edir. Məsələn,  hansısa əsərin türk dilinə tərcüməsinin redaktə üçün “Əkinçi”nin redaksiyasına  göndərilməsi faktı ayrıca bir tədqiqat aparılmasına  yol açır. Doğrudan  da, türk  dilinə tərcümə olunmuş əsər hansıdır? Və ondan bir parça redaktə üçün nəyə görə məhz H.B.Zərdabiyə göndərilmişdi? Biz böyük ədibimizin həyat və fəaliyyəti ilə bağlı arxiv materiallarına daha diqqətlə yanaşsaq, yəqin ki, həmin materialı və yaxud material barəsində məlumatı tapa bilərik. Bundan əlavə, Balkanlarda baş verən hadisələrlə bağlı xəbərlərin “Tayms”dan götürülüb dərc edilməsi faktı da ciddi araşdırmalar aparılmasını tələb edir. Fikrimizcə, bu barədə bütöv bir tədqiqat işi yazmaq mümkündür.

Londondan Bakıya göndərilmiş tərcümə əlimizdə olmadığına  və həmin hissəni Həsən bəy Zərdabinin arxivində tapmadığımıza və “The Times”ın arxivinə hələlik əlimiz çatmadığına görə yalnız ehtimallarla fikir yürütmək mümkündür. Belə ki, fikrimizcə, həmin əsər şair və yazıçı, publisist və siyasi xadim olub, İngiltərədə burjua cəmiyyətinin təşəkkül tapması dövründə yaşamış, ölkədə baş verən inqilab illərində hadisələrin içərisində olmuş Con Miltona məxsusdur.  Onun traktat və pamfletləri həmin dövrün ictimai fikrinin inkişafına böyük xidmət olmuşdur. Siyasi pamfletləri onu İngiltərə inqilabı ideoloqlarının birinci sırasına çıxarmışdır. Con Miltonun yaradıcılığı haqqında danışarkən onun 1644-cü ildə senzuranın icazəsi olmadan nəşr etdirdiyi “Mətbuat azadlığı haqqında. İngiltərə parlamentinə nitq (Areopagitika)” pamfletindən söhbət açmaq lazımdır. Müəllif burada antik publisistlərin, ən əvvəl İsokratın yaradıcılıq irsinə əsaslanaraq senzuranı qəzəb və nifrətlə pisləmiş, onun zərərliliyini, azad fikrin inkişafına mane olmaqda gücsüzlüyünü sübut etmişdir. O yazırdı ki, senzura haqqında qanun xeyirxahlığa kömək edə bilməz; bu qanun elmə və alimlərə edilən ən böyük zülmdür, misli görünməmiş təhqirdir. Con Milton bu əsəri ilə mətbuat azadlığını müdafiə edərək yazırdı: “Bir insanı öldürmək düşünən bir canlını yox etməkdir. Lakin yaxşı bir kitabı qadağan etmək şəxsi ağlın özünü məhv etməkdir”.

Şübhəsiz, Con Miltonun bütün pamfletləri kimi, “Areopagitika” da təkcə Avropada deyil, həm də bütün dünyada məşhur əsərlərdən birinə çevrilmişdi. Senzuranın təqibləri nəticəsində Londonda türk mühacir mətbuatını yaradan “Yeni osmanlılar” bu pamfletlə tanış idilər və onun türkdilli xalqlar arasında geniş yayılması üçün tərcümə etmişdilər. Axı, həmin dövrdə Türkiyədə çox ağır mətbuat nizamnaməsi cövlan edirdi. 1867-ci ildə Osmanlı hökuməti mətbuat haqqında müvəqqəti nizamnamə qəbul etmişdi. Həmin nizamnamənin 9-cu maddəsinə əsasən xarici ölkələrdə nəşr olunan və Osmanlı hökumətinin əleyhinə materiallar çap edən qəzetlərin Türkiyəyə gətirilməsi qadağan olunmuşdu. ''Yeni osmanlılar'' Londonda çap etdirdikləri “Müxbir” və “Hürriyət” qəzetlərini Türkiyəyə gizli yolla göndərirdilər. 

Bu qəzetlərin rəhbərləri - Əli Suavi, Namiq Kamal və başqaları Osmanlı imperiyasında bir sıra yeniliklərin tətbiqini irəli sürür, millət məclisinin yaradılmasını və ölkənin problemlərinin burada müzakirə olunmasını tələb edirdilər. Onlar üç vacib məsələnin həllini qarşıda duran vəzifə kimi irəli sürürdülər: idarəetmə forması dəyişməlidir; nazirlər gördükləri iş barəsində hesabat verməlidirlər; hökuməti millət tərəfindən seçilmiş beş-altı yüz nəfərlik bir məclis yaratmalıdır.

Bu qəzetlər monarxiyanın qorunub saxlanmasını, Osmanlı imperiyasının ərazi bütövlüyünü təbliğ edirdilər. “Hürriyət” yazırdı ki, bir zamanlar kainatın paytaxtı kimi söhrət kəsb etmiş ölkə indi tənəzzülə uğramışdır və bunun günahı bizim rejimi mütləqiyyətə çevirən şəxslərdədir: onlar hüquqlarımızı pozur, əmlakımızı dağıdır, şəxsi rifahı naminə əcdadlarımızın həyatı bahasına əldə edilmiş torpaqlarımızı hər yetənə paylayır, boynumuzdan qul buxovlarını bir dəqiqəliyinə belə çıxarmaq istəmirlər. Bütün bunlara həmişə dözəcəyikmi? Əlbəttə, yox! Qəzet “Yeni osmanlılar”ın məqsədini və bu məqsədə nail olmaq üçün tətbiq edəcəkləri metodları səciyyələndirərək yazırdı: “Yeni osmanlılar” Osmanlıların əvvəlki şöhrətini qaytarmağa çalışan insanlardır. Onlar Sultan Süleyman dövrünə xas çiçəklənməni və firavanlığı istəyirlər.  Lakin onlar buna  əsrin tələblərinə uyğun sivil şəraitdə nail olacaqlar. Məqsədə doğru aparan vasitə isə ədalətdir. Ədalət Osmanlı icması üzvlərinin hüquq bərabərliyindən doğur. Bərabərlik isə hüquqda məşvərət prinsipi ilə təmin edilir. Prinsip zəka və ənənəyə tam uyğundur''.

Əlbəttə, bu cür ideyaları yayan qəzetlərin Türkiyəyə sərbəst surətdə gətirilməsinə icazə verilməzdi və ölkənin daxili işlər naziri həmin qəzetin nüsxələrini toplayıb bir nüsxəsini sultana çatdırmaq və qalanlarını tonqalda yandırmaqla məşğul olurdu.

Qeyd etmək lazımdır ki, “Müxbir”, “Hürriyət”, bir az sonralar isə “Ulus” və “İnqilab” qəzetlərində Osmanlı imperiyasının əleyhinə çap olunmuş materiallar da məhz Con Miltonun “Areopagitika”sının ruhuna uyğun idi.

Bütün bunları dedikdən sonra biz belə bir fikri cəsarətlə söyləyə bilirik ki, türk dilinə tərcümə olunmuş və bir hissəsi redaktə üçün Həsən bəy Zərdabiyə göndərilmiş kitab “Areopagitika”nın tərcüməsi idi. ''Yeni Osmanlılar'' və hətta “The Times”ın o dövrkü baş redaktoru Con Dileyn tərcümənin məhv olmasına yol verməmək məqsədilə onu İstanbula deyil, Bakıya göndərmişdi. Daha bir fikri də cəsarətlə demək olar ki, Con Dileyn Həsən bəy Zərdabi ilə tanışlıq əlaqələrinə malik olmuşdur və çox ehtimal ki, Həsən bəy Zərdabinin “The Times” barəsində zəngin məlumata malik olması da buradan irəli gəlmişdir.

Söylədiyimiz ehtimallar “Times” - “Əkinçi” əlaqələrinin daha geniş miqyasda öyrənilib tədqiq edilməsi üçün geniş imkanlar yaradır.      

Həmid VƏLİYEV
BDU Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor

 





04.06.2017    çap et  çap et