525.Az

Heydər Əliyev və Hüseyn Cavid


 

Heydər Əliyev və Hüseyn Cavid<b style="color:red"></b>

Gülbəniz BABAXANLI
Filologiya üzrə elmlər doktoru,
AMEA Hüseyn Cavidin
Ev-Muzeyinin direktoru  

Bəşər tarixində şeirə-sənətə, sənətkar şəxsiyyətinə hamilik edən dövlət başçıları az olmayıb. Ancaq Azərbaycanın ümummilli lideri, ulu öndər Heydər Əliyev bu baxımdan unikal bir mövqeyə malikdir, desək, yəqin ki, mübaliğə olmaz. Xüsusən klassiklərin yaradıcılığına böyük önəm verən Heydər Əliyev onların tədqiq və təbliğinə, Vətən və millət qarşısındakı xidmətlərinin dəyərləndirilməsinə qayğı və diqqətini bir an belə əsirgəməyib. Azərbaycan ədəbiyyatını dünyanın ən qədim və zəngin ədəbiyyatlarından biri sayan ümummilli lider, bu ədəbiyyatın yetirdiyi böyük dahilərin qlobal miqyasda öz layiqli qiymətlərini almadıqlarını dəfələrlə qeyd etmiş və bu yolda göstərdiyi titanik səyləri təvazökarlıqla özünün vətəndaşlıq borcu elan etmişdir.

Cavid sənətinə hələ keçən əsrin 70-ci illərindən maraq göstərən Heydər Əliyev onun adını Azərbaycan ədəbiyyatı xəzinəsini zənginləşdirənlər sırasında çəkib. Səksəninci illərin əvvəllərindən isə ümummilli liderimiz Hüseyn Cavid irsinə müntəzəm diqqət göstərmiş, şairə layiqli qiymətin verilməsi işinə nəzarəti bir an belə zəiflətməmişdir. Sonralar, 1993-cü ilin sentyabrında Azərbaycan Milli Elmlər Akademiyasının ziyalıları ilə görüşündə Heydər Əliyev Cavidlə bağlı fəaliyyətini belə xatırlayırdı: “...Böyük filosof-şairimiz, dramaturqumuz Hüseyn Cavid həbs olundu, uzun illər əsərləri qadağan edildi. Ancaq tarix hər şeyi öz yerinə qoydu. Hüseyn Cavidin cənazəsi də Sibirdən öz Vətəninə gətirildi, onun adı da yüksəldi. Ancaq təəssüf edirəm ki, 1981-ci ildə Hüseyn Cavidin 100 illiyi haqqında Kommunist Partiyasının qəbul etdiyi qərarı Azərbaycanda on il ərzində həyata keçirmədilər... İndi Hüseyn Cavidin əsərləri xalqa hava-su kimi lazımdır. Təkcə ədəbi baxımdan deyil, həm də fəlsəfi, elmi baxımdan lazımdır. Lakin bu əsərlər lazımi səviyyədə nəşr olunmuşdurmu”?

Təəssüf ki, dahi şairin əsərlərinin nəşri üçün dahi öndərimizin göstərdiyi bu narahatlıq onun sağlığında aradan qaldırıla bilmədi. Ancaq bu gün Cavid külliyyatının beşcildliyi möhtərəm Prezidentimiz İlham Əliyevin imzaladığı sərəncama əsasən latın qrafikası ilə çap edilərək oxucu kütləsinə çatdırılıb. Bəli, ataların başladığı işi övladlar davam etdirir və başa çatdırır. Xalqın, Vətənin bütövlüyü də məhz bu faktorla müəyyən edilir.

Lakin onu da göstərməliyik ki, ümummilli liderimizin Moskvaya, yüksək dövlət vəzifəsinə getdiyi səbəbindən Cavid irsi ilə bağlı yarımçıq qalmış bir çox işləri taleyin hökmü ilə elə onun özü, respublika hakimiyyətinə ikinci qayıdışından sonra tamamlamağa nail oldu.

Hələ Moskvada ikən hər dəfə Bakıya gələndə Hüseyn Cavidlə maraqlanan, onun əsərlərinin tamaşalarına baxan Heydər Əliyev 1993-cü ildə yenidən respublika rəhbərliyinə qayıtdıqdan sonra, şübhəsiz ki, ilk vəzifə kimi Azərbaycanı düçar olduğu ölçüyəgəlməz fəlakətdən qurtarmağı qarşıya məqsəd qoydu və qısa bir müddət ərzində bunun öhdəsindən uğurla gəldi. Yalnız ölkədə əmin-amanlığı bərpa etdikdən, vətəndaş qarşıdurmasını aradan qaldırdıqdan sonra ümummilli liderimiz mədəni-mənəvi quruculuq işlərini davam etdirməyə başladı.

1995-ci ilin iyununda Hüseyn Cavidin məqbərəsinin və ev-muzeyinin yaradılmasına həsr edilmiş müşavirədəki giriş sözündə Cavid irsinin əbədiləşdirilməsi ilə bağlı prosesi incədən incəyə təhlil edən Heydər Əliyev, doğrudan da mədəniyyətimiz, ədəbiyyatımız, elmimiz üçün unikal bir dahi şəxsiyyət olduğunu çox sadə sözlərin köməyi ilə diqqətə çatdırır:

“Biz 1981-ci ildə Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında qərar qəbul etdik. Bundan sonra bir çox işlər görüldü. Ancaq təəssüf ki, o vaxt qəbul olunan qərarlarda nəzərdə tutulmuş tədbirlərin bəziləri indiyədək həyata keçirilməyib. O dövrdən isə artıq on beş il keçir”.

1990-cı ildə Naxçıvana qayıdan ümummilli liderimiz ilk növbədə Cavidin məzarı üstə getmiş və gördüklərindən heyrətə gəlmişdi. Müşavirədəki nitqində Heydər Əliyevin özü həmin hadisəni belə xatırlayır: “Fikirləşirdim ki, məqbərə yoxdursa da, heç olmasa, sənətkarın qəbrinin üstü götürülüb. Ancaq gedib oradakı vəziyyəti gördüm, təəssüfləndim, çox narahat oldum”.

Müşavirədəki nitqini üç böyük işin həyata keçirilməsi istiqamətində quran ümummilli liderimiz bu işlərin hamısının müstəsna əhəmiyyəti olduğunu qeyd etmiş, Cavid məqbərəsinin, ev-muzeyinin və abidəsinin açılışını bir nömrəli vəzifə kimi əlaqədar təşkilatların üzərinə qoymuşdu. Yalnız bundan sonra qısa bir müddət ərzində, Heydər Əliyevin şəxsi nəzarəti və qayğısı altında nəhəng işlər görülmüş və özünün müəyyənləşdirdiyi kimi, böyük şairin anadan olmasının ildönümündə – 1996-cı ilin oktyabrında Naxçıvanda Hüseyn Cavidin məqbərəsi bütün gözəlliyi və əzəməti ilə xalqın gözü qarşısında ucalmışdı. Onu da qeyd etməyi lazım bilirəm ki, Heydər Əliyev bütün bu işləri yalnız faktı təsdiq etmək xatirinə həyata keçirməmiş, doğrudan da, ictimai-siyasi istedadının bütün potensialını sərf etməklə, sevə-sevə görmüş və nəticədə həm özünə, həm də Cavidə layiq gözəl abidələr qoyub getmişdir.

Hüseyn Cavid məqbərəsinin təntənəli açılış mərasimində söylədiyi dərin mənalı nitqində böyük öndər böyük sənətkarı belə qiymətləndirmişdi:

“Hüseyn Cavidin bütün yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan, xalqımızı azad, müstəqil xalq etməkdən ibarət olub. Onun bütün yaradıcılığı Azərbaycan xalqını milli azadlığa, müstəqilliyə çağırıb. O, həmişə öz iradəsi ilə yaşamış, öz iradəsinə, millətinə sadiq olmuşdur, millətini, xalqını həddindən artıq sevmiş və millətinə həddindən artıq xidmət edən bir insan olmuşdur”.

Bu abidələrdən biri də, şübhəsiz ki, uzun illər üzərində iş gedən, ancaq Cavid məqbərəsindən sonra, yenə də dahi şairin anadan olmasının ildönümündə, daha doğrusu, 120 illik yubileyində ümummilli liderimiz Heydər Əliyev tərəfindən açılan Hüseyn Cavidin ev- muzeyidir.

Hüseyn Cavid dühası öz ölməz əsərləri ilə adını tarixdə əbədiləşdirmiş sənətkarlardandır.

Heydər Əliyev dühası bu əbədiləşdirməni tamamlayan, bütövləşdirən, bir daha nadanların hücumuna məruz qalmayacaq hala salan, ona layiq olduğu qiyməti verən və layiq olduğu abidələri ucaldan nadir dövlət rəhbərlərindəndir.

Ölkəmizdə muzey şəbəkəsinin genişlənməsi prosesi də bilavasitə ümummilli liderimiz Heydər Əliyevin müstəsna xidmətləri sayəsində başlamışdır. Təkcə onu söyləmək kifayətdir ki, respublikada 1945-ci ildə 22, 1969-cu ildə isə 29 muzey olduğu halda, başqa sözlə, 24 ildə yalnız 7 yeni muzey təşkil edildiyi halda, 1969-cu ildən 2003-cü ilədək olan dövrdə 100-dən artıq muzey yaradılıb.

Bu gün də bu işlər davam etdirilir, Azərbaycanda muzey işi, muzeylərin inkişafı dövlət qayğısı və dəstəyi ilə təmin olunur. Prezident cənab İlham Əliyevin “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” sərəncam imzalaması dediklərimizin bariz sübutudur. Sərəncamda deyildiyi kimi, son illər sürətli yüksəliş dövrü yaşayan ölkəmizdə milli mədəni sərvətlərin qorunması və gələcək nəsillərə çatdırılması işinə lazımi diqqət göstərilir. Respublikanın artan iqtisadi potensialı əsasında yüksək inkişaf tempinə uyğun olaraq, mədəniyyət sahəsində ardıcıl mühüm işlər aparılır, bir sıra mədəniyyət ocaqları yaradılır, mövcud mərkəzlər üçün isə yeni binalar inşa olunur.

Bu gün Hüseyn Cavidin ev muzeyi təbliğat fəaliyyətinə, xidmət göstəricilərinə, muzey işi sahəsində tətbiq olunan standartlara cavab verməsinə və sanballı nəşrlərinə görə seçilən muzeylərimizdən biridir. Fəaliyyəti Hüseyn Cavidin zəngin yaradıcılıq irsinin, eləcə də ümumiyyətlə cavidlər ailəsinə aid sənəd və materialların toplanması, qorunması və təbliği üzərində qurulan muzey vəzifəsinin öhdəsindən layiqincə gəlməyə çalışır.

Qeyd etdiyimiz kimi, Cavid irsinin təbliği muzeyin əsas vəzifələrindəndir. Son illərdə bu istiqamətdə muzey tərəfindən xeyli iş görülüb və görülür. Xatırlatmaq istərdim ki, Cavid irsinin təbliği təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da həyata keçirilir.

Beynəlxalq təşkilatlarla da əməkdaşlığımızın yüksək səviyyədə qurulması üçün çalışırıq. İstiqlaliyyət əldə etdikdən sonra dövlətimiz qısa müddətdə Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Avropa Şurası, Avropa Birliyi, Avropa Parlamenti, NATO və başqa beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əlaqələr yaratdığı kimi  Beynəlxalq Muzeylər Şurası (İCOM) ilə də sıx əməkdaşlıq edir. Bu isə öz növbəsində Hüseyn Cavidin ev muzeyinin də beynəlxalq əlaqələrinin inkişafına müsbət təsir edir. Mütəmadi olaraq İCOM-un rəsmi nəşrlərində muzeyin cari  fəaliyyəti ilə bağlı məlumatlar dərc olunur, mütəxəssislər tərəfindən muzeyin işinə qiymət verilir. Əlaqələrimizin coğrafiyasının genişlənməsində muzeyin yaradılmış İnternet səhifəsinin (www.huseyncavid.com) də rolu az deyil. Sayt vasitəsilə zamanından və məkanından asılı olmayaraq istənilən şəxs virtual muzeyimizi ziyarət edə bilir. İndiyədək İnternet səhifəsini ABŞ, Fransa, Türkiyə, Rusiya, İtaliya, Almaniya və digər ölkələrdən 100 minlərlə cavidsevər ziyarət edib. Bu isə o deməkdir ki, Cavid yaradıcılığı, Cavid şəxsiyyəti yüksək qiymətləndirilir, cavidsevrlər dünyanın müxtəlif yerlərində olmalarına baxmayaraq muzeyimizin fəaliyyəti ilə tanış olmağa can atırlar.

Təbliğat işləri ilə yanaşı muzeydə nəşr işləri də uğurla aparılır. “Hüseyn Cavidin əsərləri”nin beş cilddə yenidən nəşr olunması, “Hüseyn Cavidin həyat və sənət yolu” biblioqrafik və veblioqrafik göstəricisinin nəşri, şairin seçmə şeirlərinin fransız dilinə tərcüməsi və çapı, “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” 10 cildliyinin nəşr edilməsi, Cavid haqqında tədqiqat və xatirələrdən ibarət nəfis şəkildə çapdan çıxmış çoxcildli “Cavidşünaslıq” toplusunun 10 cildi, “Hüseyn Cavid dünya dillərində” layihəsindən “Şeyda” əsərinin 10 dilə (rus, ingilis, alman, fransız, polyak, belarus, bolqar, ukrayna, çex, yunan) tərcüməsi və çapı muzeyin son elmi işlərinin bariz nümunəsidir.

Ümidvarıq ki, gələcəkdə Hüseyn Cavidin ev-muzeyinin fəaliyyəti daha da genişlənəcək və muzey Hüseyn Cavid irsinin, yaradıcılığının təbliğində respublika səviyyəli, eləcə də beynəlxalq əhəmiyyətli işlərin görülməsində aparıcı rolunu qoruyub saxlayacaq.

 





09.05.2013    çap et  çap et