525.Az

Söz İsrailindir


 

Söz İsrailindir<b style="color:red"></b>

“Literaturnı Azərbaycan” jurnalının aprel nömrəsi belə bir rubrika ilə açılmışdı. Həmin rubrikada Azərbaycan Yazıçılar Birliyinin İsrail şöbəsinin üzvlərinin yaradıcılığına geniş yer verilmişdi.

Onlar hamısı Azərbaycanda anadan olmuşlar və qəlblərində uşaqlıq və gənclik illərinin unudulmaz, əziz xatirələrini bu gün də qoruyub saxlayırlar.

Müxbirimiz Azərbaycan Yazıçılar Birliyinin rusdilli İsrail şöbəsinin sədri, yazıçı və politoloq Roman Qureviçlə görüşüb və ondan jurnalın bu sayının nəşri ilə əlaqədar suallara cavab verməsini xahiş edib.

- Azərbaycan Yazıçılar Birliyinin  İsrail şöbəsinin yaradılması fikri necə oldu ki, meydana çıxdı?

- Bu ideya çoxdan yetişməkdə idi. İsraildə əsli Bakıdan olan xeyli istedadlı, peşəkar yazıçılar yaşayırlar. Mənim eşitdiyimə görə, bir dəfə Azərbaycanın ədəbiyyat və incəsənət xadimlərindən ibarət nümayəndə heyəti İsraildə olarkən, xalq şairi, Yazıçılar Birliyinin birinci katibi Fikrət Qoca, - yeri gəlmişkən, mən onu  uşaqlığımdan tanıyıram, şeirlərini də çox sevirəm - hə, o, söhbət əsnasında belə bir fikir söyləyir; deyir: “Bizim Yazıçılar Birliyinin bir neçə xarici ölkədə şöbələri var. Niyə bəs İsraildə də belə bir şöbə açmayaq?”

Bu fikri Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar da müdafiə etdi və 2014-cü ildə Azərbaycan Yazıçılar Birliyinin yubiley qurultayı zamanı bizim şöbənin yaradılması məsələsi həll olundu.

- Bəs, “Literaturnı Azərbaycan”ın bu xüsusi buraxılışı kimin ideyasıdır?

- Əlbəttə, jurnalın baş redaktoru Solmaz xanım İbrahimovanın. Biz İsraildə jurnalı müntəzəm olaraq internetdə oxuyuruq. Maraqlı jurnaldır. Mənim fikrimcə, Solmaz xanım Azərbaycan ədəbiyyatının rusca layiqincə təqdim olunması üçün çox zəhmət çəkir. Azərbaycan dilində gözəl bir məsəl var: “Ot kökü üstündə bitər”. Həqiqətən də Solmaz xanım   atasının - Azərbaycanın görkəmli yazıçısı və ictimai xadimi Mirzə İbrahimovun layiqli övladıdır; xalqlar arasında dostluq əlaqələrinin möhkəmlənməsi üçün əlindən gələni əsirgəmir.

- Zəhmət olmasa “Literaturnı Azərbaycan”ın bu xüsusi buraxılışında kimlərin əsərlərinin dərc olunması barədə bir qədər ətraflı danışın.

- Təvazökarlıqdan uzaq olsa da, zənnimcə, rubrikada toplanmış yazıların ümumi səviyyəsi istənilən ədəbi jurnala başucalığı gətirə bilər. Pavel (Pesax) Ampueldən başlamaq istərdim; nadir insanlardandır. Fizikdir; elmlər namizədi. Bir zamanlar məşhur akademik Ya.Zeldoviçin sevimli tələbələrindən olub. Hələ 1968-ci ildə O.Hüseynovla birlikdə Amerika alimlərinin xeyli sonra kəşf etdikləri rentgen pulsarlarının mövcud olması barədə onlardan öncə nəzəri fikir söyləmişlər. Pavel eyni vaxtda, həm də ədəbi-bədii əsərlər də yazırdı; elmi-fantastik, publisistik və dedektiv əsərlər... Sovet, rus və beynəlxalq ədəbi mükafatların laureatıdır. İsrailə köçəndən sonra da yenə iki istiqamətdə fəaliyyət göstərir: Tel-Əviv universitetində dərs deyir və rus dilində qəzet və jurnal redaktə edir. “Lit. Azərbaycan”ın oxucuları onun bir essesi və hekayələri ilə tanış olmaq imkanı nazanmışlar.

Pyotr Lyukimson bizim şöbənin birinci katibidir, həm nəzm, həm də nəsrlə əsərlər yazır. Rusiyada - “Jizn zameçatelnıx lüdey” seriyasından yazdığı “Moisey” (“Musa”), “Çar David”, “Çar Solomon”, “Ziqmund Freyd” kimi kitablarına görə geniş şöhrət qazanmışdır. Maraqlı olan isə odur ki, Pyotrun ilk yazıları o hələ Bakıda yaşayarkən “Lit. Azərbaycan” jurnalında çap olunub. İndi o doğma jurnalının səhifələrinə qayıdıb. Bu dəfə jurnalda Lyukimsonun Bakıya həsr etdiyi çox gözəl bir şeiri və “Bakı nağılları” silsiləsindən “Zibil daşıyanlar” povesti çap olunub.

İsrailin məşhur jurnalistlərindən, “Sputnik” (“Peyk”) qəzetinin baş redaktoru Mark Qorinin “VQİK. O günləri xatırlayarkən” adlı xatirələri insani hisslərin və duyğuların geniş politrası ilə zənnimcə, “Lit. Azərbaycan” oxucularının qəlbini riqqətə gətirərək yazır: “Bu yazı çox maraqlı, qeyri-adi bir insan olan Fərhad Ağamalıyevə həsr olunub. Biz onunla 40 ildən artıq dostluq etmişik. Son iyirmi ili ayrı-ayrı ölkələrdə yaşasaq da, dostluq münasibətlərimiz nəinki soyumayıb, əksinə, daha da möhkəmlənib, övladlarımızın, ailələrimizin simasında daha da genişlənib, qol-qanad açıb”.

Jurnalda daha bir maraqlı imza var; bu Emil Şleymoviçdir. Emilin də ilk yazıları vaxtı ilə bu jurnalda dərc olunub. Daha çox “Molodyoj Azərbaycan” qəzeti ilə əməkdaşlıq edib. Hələ 20 yaşında ikən Bakıda “Xəbər-Servis”in baş redaktoru olub. İndi “İsrailin səsi” radiosunda çalışır. Bu dəfə “Lit. Azərbaycan”da yeni şeirləri ilə çıxış edib; onun poetik üslubu yüzlərlə şairin içində orijinallığı ilə dərhal seçilir.

- Jurnalda gərək ki, Sizin yazılarınız da dərc olunub?

- Əlbəttə. Və biləsiz ki, bir zamanlar atam Aleksandr Qriçin işlədiyi bir jurnalda mənim də yazılarımın dərc olunmasına nə qədər xoşbəxtəm. Bunlar mənim “Həyatımızın təfərrüatları” silsiləmdən bəzi seçmələrdir. Bir məqamı nəzərinizə çatdırım ki, mən və bizim şöbənin üzvlərinin əksəriyyəti təkcə ədəbi-bədii yaradıcılıqla məşğul olmuruq, bizim əsas dolanışığımız digər fəaliyyət sahəmizlə sıx bağlıdır; kimimiz mühəndisik, kimimiz həkimik, kimimiz də televiziya-radio işçisi! Yaradıcılıq fəaliyyətimiz mənəvi ehtiyacımızı təmin edir - təəssüf ki, buna da çox az vaxt qalır. Şəxsən mən vaxtımı əsasən biznesə həsr edirəm. Çalışdığım “Qureviç kommunikeyşn” kompaniyası İsrailin bir sıra aparıcı siyasətçiləri, işgüzar və hərbi elitanın bəzi aparıcı nümayəndələri ilə əməkdaşlıq edir. Azərbaycan Yazıçılar Birliyinin İsrail şöbəsində işlərim isə anadan olduğum, böyüyüb boya-başa çatdığım, bir insan kimi formalaşdığım Bakı ilə, Azərbaycanda əlaqəlarimin zəifləməməsinə gözəl imkan verir. Bizi, İsraildə yaşayan keçmiş bakılıları, yazı-pozu əhlini doğma Bakımızdan gələn hər bir xoş xəbər, Azərbaycanın uğurları qəlbən sevindirir. Biz var gücümüzlə bundan sonra da əlaqələrimizin daha da möhkəmlənməsinə çalışacağıq.

Bakı-Yerusəlim

 





05.06.2017    çap et  çap et