525.Az

Din və məhəbbət - faciələrə aparan ziddiyyət


 

Din və məhəbbət - <b style="color:red">faciələrə aparan ziddiyyət</b>

Patriarxal qaydalar, nikahın iki cinsin əlaqələrində mühüm və aparıcı yer tutması bir qayda olaraq sevgi əhvalatlarına ədalətli, humanist münasibət bəslənməsini kənara atdı.

Ailənin möhkəmliyi, həm də namus, qeyrətin elan olunduğu şəkildə ən yüksək qaydada qorunması naminə təbiətin hökmü ilə bu aramsız olaraq baş verən əhvalatlara yasaq tədbirləri tətbiq edildi. Azad sevgi cəngavərləri isə təqib hədəfinə çevrilmişdilər. Dünya dinləri təşəkkül tapdıqda onlar fərqli qaydada olsa da, bu məsələlərdə əsasən sərt mövqe tutmuş, iki bir-birini sevən gəncin intim yaxınlığı hətta qan tökülməsinə, iki tayfa və ya nəsil arasında ziddiyyətin böyüyüb düşmənçiliyə çevrilməsinə şərait yaratmış, izahı çətin olan vendettanın bünövrəsini qoymuşdu.

Ən qədim din sayılan iudaizm lap əvvəldən əxlaq pozğunluğuna, intim yaxınlıqdakı eybəcər hallara qarşı kəskin mübarizə aparmışdır. Cəmiyyətin pozitiv əsaslarda formalaşmasında bunun xeyli rolu olsa da, həmin məqsədə yönələn tədbirlər problemi bütünlüklə həll etmək gücündə olmamışdır. Təbiətə zidd olan pozğunluq nümunələri iki şəhərin viran qalması, əhalisinin məhv olması ilə nəticələnmişdi. Allah əhalisinin eybəcər pozğunluğuna görə Sodom və Qomorranı belə ağır cəzaya məhkum etmişdi. Allahın göndərdiyi mələklərə də təcavüz etmək istəyənlərə müqavimət göstərən Lotu xilas etmək üçün Sahib onu arvadı və qızları ilə birlikdə şəhərdən çıxamış, lakin xəbərdarlığa məhəl qoymayan arvadı bu vaxt həlak olmuşdu. Lot sığınacaq kimi təpənin altındakı bir mağarada məskulaşmışdı. Qızlar övlada malik olmaq məqsədi ilə atalarını içirmiş, sərxoşuğundan sui-istfadə edib, onunla yatmışdılar. Bu intim yaxınlıqdan onlar iki oğlan uşağı dünyaya gətirmişdilər. Əxlaq pozgunluğuna qarşı mübariz kimi qələmə verilən Lotun özü biabırçı bir pozğunluğa - intsestə, qanqarışdırıcı əlaqəyə yol vermişdi.

Bizim dövrümüzdə isə Bibliyanı özünün müqəddəs kitabı sayan bir sıra xristian ölkələrində eyni cinsdən olanların yaxın əlaqəsi təbii hal kimi qəbul edilməklə yanaşı, hətta onların nikah ittifaqı da qanuni sayılır. Digər tərəfdən, dünya dinləri homoseksualizmi qəbul etməyərək məhkum etsələr də, istər qədim dünyada, istərsə bizim dövrümüzdə belə yaxınlıq nümunələri heç də az deyildir. Qədim Yunanıstanda, xüsusən onun ordu sıralarında homoseksualizm adi davranış qaydası hesab olunurdu. SSRİ-də bu qeyri-təbii əlaqə qanun məcəlləsinə görə cinayət sayılsa da, həbsxanalarda onun baş verməsi əsla nadir hal deyildi.

İntsestə gəldikdə, bu da qədim dünyada mövcud olmuşdu. Misir faraonları sülalənin qan təmizliyini qoruyub saxlamaq üçün doğma bacılarına evlənirdilər. İudaizm peyğəmbəri Abraham öz ögey, atadan bir, anadan ayrı bacısı Sara ilə ailə qurmuş, onların İsaak adlı oğlu olmuşdu. Ona görə də ingilis şairi Corc Qordon Bayronun öz ögey bacısı Avqusta ilə yaxınlığına və ondan qızı olmasına və ya rus yazıçısı Aleksandr Gertsenin öz ögey bacısı Natalya ilə evlənməsinə görə onlara hansısa bir irad tutulması nə qədər məqsədə uyğundur?

Ayrı dinə mənsub olanlarla eşqə düşməyin özü də qəbahət hesab edilirdi və buna düçar olanlar hansısa bir şərtiliyə görə qəddarcasına cəzalandırılırdı. Bibliyada İakovun, onun digər adı İsrail idi, böyük oğlanları rəhmsiz təbiətlərinə uyğun olaraq öz bacıları ilə sevişən və onun bəkarətini pozmuş oğlanın məxsus olduğu tayfanı hiyləgərlik yolu ilə tələyə salmış, onun üzvlərinin hamısını qırmış, şəhəri viranə qoymuşdular. Homerin “İliada”sında Troya printsi Paris Spartada qonaq olarkən çar Menelayın arvadı Füsunkar Yelenaya vurulmuş, hissi bu qadın tərəfindən cavabsız qalmadığından, onu götürüb Asiya qitəsinin qərb qurtaracağındakı öz vətəninə qaçmışdı. Onsuz da varlı Troya ilə haqq-hesabı çürütmək istəyən yunan şəhər- dövlətlərinin birləşmiş ordusu bu fürsətdən istifadə edərək, dənizlə uzun məsafəni üzüb, şəhəri mühasirəyə almaqla on il davam edən müharibəyə başlamışdı. Olimp allahlarının köməyi və Odisseyin hiyləgərliyi ilə yunanlar qalib gəlib, həmin qüdrətli bir dövləti tarix səhnəsindən silmişdilər. İki şəxsin sevgisi kütləvi faciəyə səbəb oldu.

Qadağalar əsl məhəbbətə zərbə vurduğu halda, şəhvətin böyüməsinə, zinakarlığa elə bir ciddi təsir göstərə bilmirdi. Qədim Roma yazıçısı Apuleyin məşhur “Metamorfozalar” əsərində qadınlara heç də laqeyd olmayan Lutsi cadugərliklə eşşəyə çevrildikdə, insanlar arasında əxlaqsızlığın tüğyan etməsindən, eybəcər şəkillər almasından heyrətə gəlir. Şekspirin qələmə aldığı italyan şəhəri Veronada Romeo və Cülyettanın sevgisi iki nəsil arasındakı ədavətin qurbanına çevrildiyindən, onların çox gənc vaxtı həyatla vidalaşmalarına səbəb oldu.

Təəssüf ki, dinlər də ali insani hiss olan məhəbbətə çox hallarda bu səhv prizmadan baxaraq, onu cəmiyyətin əxlaqını pozan bir cəhət kimi qiymətləndirib, ayrı dinlərə məxsus olanların qarşılıqlı sevgi əsasında nikaha girmələrinə, ailə qurmalarına sərt qadağa qoymuşdu. İudaizm dini yəhudilərə başqa dinlərə sitayiş edənlərlə yaxınlıq etməyə, ailə qurmağa icazə vermirdi. Bu dinin peyğəmbərləri isə məlum qaydaya məhəl qoymurdular. Abrahamın misirli qul qız olan Həcərdən (Aqardan) İsmayıl adlı oğlu olmuşdu. Moiseyin özü Kuşit və ya sudanlı qadına evlənmişdi. Qardaşı Aaron buna narazılığını bildirsə də, Allah öz nökəri Moiseyi müdafiə etmişdi. Yəhudilərin fəxr etdikləri Ester Persiya çarı Kserksin kənizi və arvadı kimi öz xalqını məhv olmaq təhlükəsindən xilas etmişdi. Görünür, dini qadağalar, qanunlar əsasən kiçik adamlar, kütlə üçündür, axı adətən xırda balıqlar torda ilişib qaldıqları halda, böyük balıqlar onu yırtıb, öz təbii məkanlarına çıxa bilirlər.

Xristianlıq daha geniş və dünyaya yayılan bir din olmaqla, nikah və ailə barədə belə sərt qaydalardan qaçmağı bacarmışdı, lakin daha uzağa gedərək kilsə xadimlərinə və rahiblərə tselibat - nikahsızlıq kimi qəddar bir qaydanı tətbiq etmişdi. Sonralar İspaniyada inkvizisiya hər cür haqsızlıqlar, əsassız cəzalar və əslində qətllər təşkil edəndə öz dininə mənsub olanların yəhudi qızları ilə yaxınlıq etməsi ittihamına görə hətta böyük istedad sahiblərini təqib etməkdən qalmırdı. XX əsrdə natsist Almaniyasında yəhudilərlə intim yaxınlıq barədə daha iyrənc qanunlar meydana gəldi, hətta bir uzaq valideynini yəhudi olmasına görə, belə adamlarla əlaqəyə, nikaha yasaq qoyuldu. Bu yolla, guya ari irqinə mənsub olanların təmiz qanı qorunub saxlanacaqdı. Bu, faraonların təmiz qanı mühafizə etmək naminə öz bacıları ilə evlənmələrini yada salır.

İslam dini də özündən əvvəl meydana gəlmiş dünya dinlərinin məhəbbət barədəki qeyri-humanist addımlarını təkrar etmək yolunu tutdu. Zinakarlıqla mübarizə adı altında ən rəhmsiz cəza növlərinə əl atıldı. İslamın müqəddəs kitabı olan Quranda belə cəzaların tətbiqi təsbit edilmişdir. Quranın “Ən-Nisa” surəsində zinakarlığa görə ağır cəzalar nəzərdə tutulur. Subaylar belə, əxlaqsızlıqla məşğul olduqda, onların hər ikisinə 100 qamçı vurulması, evli kişi və qadın zinakarlıq etdikdə isə onların daş-qalaq edilib öldürülməsi qaydası qoyulmuşdur. Təqsirin sübutu  üçün dörd şahidin olması tələb olunurdu. Əgər bu şahidlər öz iyrənc məqsədləri ilə günahsız adamları cəzalandırmaq, hətta məhv etmək niyyətini güdürlərsə, onda necə olsun? Ciddi mühakimə, həqiqi məhkəmə prosesi olmadan adamları necə cinayətkar hesab etmək olar, çünki şəriətə görə, zinakarlıq ağır cinayət hesab olunur. Bəs sonralar hüquqda meydana gələn təqsirsizlik prezumptsiyası necə olsun? Belə sərt cəzalar yenə də hərbəndir özünü büruzə versə də, zinakarlıq heç də öz mövqelərini vermək istəmir. Ona yol verən adamlara həm də cəmiyyətdə tutduqları mövqeləri və maddi imkanları qalxan xidməti göstərir və onlar nəinki cəzadan, hətta ictimai qınaqdan da yayına bilirlər. İslamda genderlər arasında nikah məsələsində bəzi fərqlər mövcuddur. Kişilər başqa dindən olanlarla maneəsiz qaydada nikah kəsdirib, ailə qurduqları halda, müsəlman qızların və qadınların xristiana və iudeylərə ərə getməsi nadir hallarda baş verir və cəmiyyət də buna heç də loyal münasibət göstərmir.

Dinin məhəbbət əlaqələrinə, sevgililərin taleyinə əsassız qaydada müdaxilə etməsi, çox hallarda isə qənim kəsilməsi salnaməsi olduqca geniş və həcmcə böyükdür. Din nədənsə bu məsələdə təbiətin qanunlarına məhəl qoymur, öz sərt qaydaları ilə əslində əxlaqın pozulması üçün də müəyyən şərait yaratmış olur. Xristian dinindəki nikahsızlıq təbiətin bütün canlılara, o cümlədən məməlilərə, onun ali növü olan insana bəxş etdiyi nəsli artırmaq instinktinə qarşı çıxmaqla, bu təbii prosesə mane olur, onun həyata keçirilməsinin qarşısını kəsir. Axı din xadimlərinin, rahiblərin hamısı dinin bu barədəki qaydasını icra etmək üçün dəmir iradəyə malik deyillər. Ona görə də bu qadağanın pozulması daha eybəcər şəkillər alır. Roma papalarının qadınlarla yaxınlıq etməsi faktları vardır. XV əsrin sonunda Roma papası olmuş VI Aleksandrın (dünyəvi soyadı Borcia idi) üç uşağı var idi, oğlu Cezare qətllər törətmək ustası idi. Qızı Lukretsiya ilə papanın intim əlaqədə olması barədə versiya da mövcuddur.

Əvvəllər də mövcud olan pedofiliyanın XX əsrin sonunda və bizim dövrümüzdə keşişlər, hətta yepiskoplar arasında yayılmasına dair çoxlu faktlar aşkara çıxmışdır. Vaxtilə bu iyrənc əlaqəyə cəlb olunmuş oğlan uşaqları yaşa dolduqdan sonra özlərinin təhqir olunması əhvalatlarını açaraq, kilsə xadimlərini ifşa etməkdən çəkinmədiklərindən, bu iyrənc hadisələr ictimaiyyətə məlum olmuşdur.

İslam ölkələrində isə xəlifələrin, şahların, sultanların hərəmxana saxlaması heç də sirr deyildir. “Min bir gecə” nağılları şahın qadınlara qarşı qəddarlığını açıb göstərir. İtalyan yazıçısı Bokkaçço isə özünün “Dekameron” əsərində xristian din xadimlərinin şəhvət düşkünü olduqlarını ifşa edir.

Xristian dinində İslama xas olan məhdudiyyətlər mövcud olmadığından, bu dinə mənsub olanlar məhəbbət məsələlərində daha azad və sərbəstdirlər, ona görə də öz ülvi hisslərinə dinin müdaxilə etməsi ilə çox hallarda barışmır, bəzən hətta üsyana qalxırlar. Din xadimlərinin eşqə, onun bəhrəsi olanlara qarşı etibarsızlığına biganə qala bilməyən qadınlar dinin postulatları, hətta Allahın özü barədə şikayətlənməkdən, öz bədbəxtlikləri üçün ona ittiham irəli sürməkdən də çəkinmirlər. Axı məhəbbət bir ali hiss kimi bütün canlılar arasında yalnız insana xasdır, ona sədd çəkmək istəyənlər məhəbbətin daşıyıcılarının kəskin etirazı, hətta nifrəti ilə üzləşməli olurlar. Bəzi canlılar arasında, çox sayda quşlar arasında, hətta canavarlarda nikah sədaqəti mövcud olduğu halda, onlarda məhəbbət hissləri yoxdur. Qədim Roma şairi Ovidinin “Məhəbbət elmi” (“Ars amandi”) əsərində yazdığı kimi, başlanğıcda ibtidai insan öz həyat tərzi və qidalanması ilə heyvanlardan fərqlənmirdi. İnsanlar ot üstündə yatır, özlərini yarpaq yorğanı ilə örtürdülər. Yalnız qadınla kişi arasında məhəbbət hisslərinin rüşeymi oyandıqda, bu metamorfoza onları insan olmağa, başqa canlılardan əsaslı qaydada fərqlənməyə gətirib çıxardı. Bu hisslər onların könlündə yuva salmaqla özlərini də bir insan kimi tanımalarına şərait yaratdı. Böyük alman filosofu Hegelin yazdığı kimi “Həqiqi sevmək - bu, özündən imtina etməklə özünü tapmaq və başqasında özünün qeyb olmasıdır”. Sevən şəxs məhəbbət sobasında əridikdə özündən imtinaya sevinərək, bu hissi yaşamaqla xoşbəxtliyə qovuşduğu qənaətinə gəlir.

Ona görə də məhəbbətə arzu olunmayan müdaxilə, guya bu məsələdə insanların səhvini düzəltmək məqsədi özünün tam yararsızlığını göstərir. Çünki məhəbbət bir hiss kimi insanın malik olduğu heç bir hisslə müqayisə oluna bilməz, axı məhəbbət süni olmayıb, həqiqidir, onun surroqatı, əvəzedicisi də yoxdur. Onun hökmünə tabe olmayan ürək, könül  də yoxdur və hətta ağıl da onun hücumu qarşısında öz gücsüzlüyünü göstərir. Məhəbbət insanlar arasındakı münasibətdə aysberqi də əridə bilir, onun yanan odunda ən möhkəm filiz də əriyib, öz xüsusiyyətini əsaslı surətdə dəyişdirir. Rus yazıçısı F.M.Dostoyevskinin “nifrət-məhəbbət” prinsipi yada salınsa, hətta bir az əvvəl nifrət etdiyin adamı da sevə bilərsən. Bunun müasir nümunələrindən biri olan “Stokholm sindromu”  da meydana gəlmişdir. Bu sindromda qız onu zorlayan, bəkarətini pozan adama bu hadisə baş verdikdən bilavasitə sonra nifrət etməyə başlayır və güman edir ki, bu nifrət uzun müddət onu tərk etməyəcəkdir. Lakin bir müddətdən sonra qız həmin zorlayan şəxsə vurulur və bu hiss əvvəlki nifrəti də yoxa çıxarır. 

(Ardı var)

 





05.06.2017    çap et  çap et