525.Az

Baş Prokurorluq Nülufər Məhərrəmovanın intihar etməsi ilə bağlı açıqlama yaydı


 

Baş Prokurorluq Nülufər Məhərrəmovanın intihar etməsi ilə bağlı açıqlama yaydı<b style="color:red"></b>

 Azərbaycan Baş Prokurorluğu Mingəçevir şəhərində 1993-cü il təvəllüdlü Nülufər Məhərrəmovanın yaşadığı binanın 6-cı mərtəbəsindən özünü ataraq intihar etməsi ilə bağlı açıqlama yayıb.

Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, son günlər bəzi kütləvi informasiya vasitələrində intihar faktı siyasiləşdirilərək, buna səbəb kimi guya onun “N!DA” təşkilatının üzvü olması və sosial şəbəkələrdə paylaşdığı yazılarla əlaqədar şəhər polis şöbəsinə çağırılaraq ona təzyiqlər edilməsi göstərilir.
 
Azərbaycan Baş Prokurorluğu həmin informasiyaları qəti şəkildə təkzib edərək bildirir ki, N.Məhərrəmova mayın 7-də səhər saat 10:00 radələrində yaşadığı mənzildən özünü ataraq hadisə yerində ölməsi faktı ilə bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi cinayət işi başlanıb. Ölümün səbəblərinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilib, zəruri istintaq-əməliyyat tədbirləri yerinə yetirilib.
 
İlkin istintaqla müəyyən edilib ki, N.Məhərrəmova əsaslı səbəblər olmadan mütəmadi olaraq anası ilə mübahisələr edər və valideynlərini xəbərdar etmədən tez-tez Bakıya gələrdi. Səhhətində yaranmış psixoloji pozuntularla bağlı dəfələrlə Mingəçevir və Bakıda, o cümlədən 16 aprel 2013-cü il tarixdə Bakı şəhərində həkim-psixiatrın müayinəsindən keçərək ona müvafiq tibbi yardımlar göstərilib. N.Məhərrəmovanın adına yazılmış reseptlər və müxtəlif adda əsəb sakitləşdirici dərman preparatları onun ailə üzvləri tərəfindən istintaqa təqdim edilib. İstintaq zamanı həmçinin mərhumun şəhər Polis Şöbəsinə çağırılması və ona təzyiqlər göstərilməsi ilə bağlı KİV-lərdə yayılan məlumatlar təsdiqini tapmayıb.
 
Hazırda cinayət işi üzrə zəruri və intensiv istintaq hərəkətləri davam etdirilir.

 





09.05.2013    çap et  çap et