525.Az

Manatın saxtalaşdırılması üzrə risklər artır


 

Manatın saxtalaşdırılması üzrə risklər artır<b style="color:red"></b> Kredit təşkilatlarının əməkdaşlarına pul nişanlarının inkişafı və saxtalaşdırılmasına qarşı mübarizə ilə bağlı seminar keçirilir
 
Bu gün Mərkəzi Bankın Nağd Pul Departamenti tərəfindən silsilə tədbirlər çərçivəsində kredit təşkilatlarının nağd pul sahəsində çalışan əməkdaşları üçün pul nişanlarının inkişafı və saxtalaşdırılmasına qarşı mübarizənin təşkili mövzusunda seminar keçirilib.

Mərkəzi Bankın Kommunikasiya Departamentindən Lent.az-a verilən məlumata görə, seminarda pul nişanlarının inkişafı, onun mühafizə fəlsəfəsi, saxta pul çapına qarşı mübarizə, bu sahədə Mərkəzi Bankın rolu və həyata keçirdiyi siyasət barədə təqdimat və məruzələr edilib.

Seminar iştirakçılarına bildirilib ki, ölkə iqtisadiyyatının, eləcə də ölkənin bank və ödəniş sistemlərinin dinamik inkişafı şəraitində Azərbaycan manatına olan inam və milli pul nişanlarının tədavül vasitəsi kimi cəlbediciliyi onun regional miqyasda güclü valyutaya çevrilməsinə zəmin yaradıb. Lakin müasir dövrdə kompüter və surətçıxarma texnologiyalarının intensiv inkişaf etməsi, əsginasların mühafizəsi üçün istifadə olunan texnologiyaların digər sahələrdə də istifadə olunması manatın saxtalaşdırılması üzrə potensial riskləri artırır. Bu isə öz növbəsində pul nişanlarının saxtalaşdırılmasına qarşı müvafiq tədbirlərin gücləndirilməsini tələb edir. Daha sonra seminar iştirakçılarına “Pul nişanlarının ekspertizasının təşkili” mövzusunda təqdimat keçirilib.

Qeyd edək ki, kommersiya banklarında əhaliyə xidmət səviyyəsinin yüksəldilməsi, milli valyutanın saxtalaşdırılması risklərinin minimallaşdırılması və əməkdaşların bu sahədə maarifləndirilməsi üçün Mərkəzi Bank tərəfindən davamlı tədbirlər həyata keçirilir, bu sahədə banklara müvafiq texniki yardımlar göstərilir.
 





10.05.2013    çap et  çap et