525.Az

6-cı “Muğam televiziya müsabiqəsi” yekunlaşır


 

6-cı “Muğam televiziya müsabiqəsi” yekunlaşır<b style="color:red"></b>

Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən növbəti muğam yarışması - 6-cı “Muğam televiziya müsabiqəsi” başa çatmaq üzrədir. Üç ay müddətində bir-birindən istedadlı gənc xanəndələr birincilik uğrunda mübarizə apardılar. Artıq yarımfinallar arxada qalıb, müsabiqə yekunlaşmaq üzrədir. Beynəlxalq Muğam Mərkəzində reallaşan son yarımfinal dinləmələri də olduqca maraqlı keçib.

AZƏRTAC xəbər verir ki, yarışmanın ən dəyərli hissəsində isə öz sözü, ifa tərzi ilə seçilən, tamaşaçı və dinləyicilərin qəlbinə yol tapan Xalq artisti Məmmədbağır Bağırzadə sənəti xatırlanıb. Sənətkarın Azərbaycan Televiziyasının Qızıl fondunda saxlanılan lent yazısı təqdim olunub. Xalq artisti Əlibaba Məmmədov onun bənzərsiz yaradıcılığından danışıb. Qeyd edib ki, ifaçının mahnı janrına böyük həvəsi onu bu sahədə qüvvəsini sınamağa sövq etdi və bir sıra bəstələri ilə geniş tamaşaçı auditoriyasının sevimlisinə çevirdi.

Sonra söz gənc xanəndələrə verilib. İkinci onluğa daxil olan iddiaçılar Molla Pənah Vaqifin nikbin poeziyasına müraciət edərək şairin qəzəllərini muğamlarımız üstündə özlərinəməxsus şəkildə səsləndiriblər.

Münsiflər heyətinin üzvlərin - Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, İlqar Fəhmi, Sərdar Fərəcov və Nadir Axundov iştirakçıların çıxışlarını 10 ballıq sistemə əsasən qiymətləndiriblər.

Bütün iştirakçılar 70 bal topladıqlarına görə müsabiqənin şərtlərinə əsasən, müsabiqənin ilk günündən bu günə qədər toplanan ballar hesablanmalı və ən az bal toplayan iştirakçı müsabiqədə iştirakını dayandırmalı idi. Amma münsiflər heyətinin qərarına əsasən, 7 iştirakçının hamısı finala vəsiqə qazanıb.

Beləliklə, Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə Mədəniyyət Fondunun layihəsi əsasında reallaşan 6-cı “Muğam televiziya müsabiqəsi”nin finalı iyunun 12-də Heydər Əliyev Mərkəzində keçiriləcək.

 





10.06.2017    çap et  çap et