525.Az

Zülməti yaranların sırasında: Əsgərağa Gorani


 

Zülməti yaranların sırasında: <b style="color:red">Əsgərağa Gorani </b>

Neçə il əvvəl Milli Mətbuat Günü ərəfəsində Gəncədə keçirilən ənənəvi bir media toplantısında idim.

Bəzi rəsmi şəxslərin də iştirak etdiyi həmin toplantıda mətbuatımızın tarixi ənənələri, dünəni və bugünkü problemləri müzakirə olunurdu. Əslində, buna müzakirə demək olmazdı, çünki hər kəs mətbuatla bağlı öz ağlıkəsən şeylərdən danışırdı. Söz alıb danışanlar da, əsasən dünəndən - millətə qəzet kimi ictimai göz vermiş Həsən bəy Zərdabinin tarixi xidmətlərindən, ana dilində ilk qəzeti yaşatmaq üçün çəkdiyi məşəqqətlərdən ağızdolusu danışır, amma bugünün mediasına, onun problemlərinə toxunmurdular. Arada hansısa universitet müəllimi rəsmilərə xoş gəlmək üçün qəzetlərin bugünkü “uğurları”ndan söz açmağa cəhd etsə də, gerçəlikdən uzaq şeylər dediyi üçün salondakıların istehza ilə əl çalmasından sonra o da valı dəyişib tarixə üz tutdu...

Tarix, hətta, ən cazibədar yalanı belə sevmir, saxtakarlığı qəbul etmir, ehtimallara gülür və yaddaşında yalnız gerçəyi saxlayır. Elə buna görə də həmişə mötəbər olur. Toplantıda “Əkinçi”nin fədailəri və davamçılarından danışan jurnalist dostumuz Əhməd İsayev gerçəklərdən danışdığı üçün hamını tarixin bu cazibəsinə çəkə bildi. Sənədlərə istinad edən həmkarımız Nəcəf bəy Vəzirovla birlikdə böyük Həsən bəyin məsləkdaşı və sağ əli olmuş Əsgərağa Goraninin adını qürurla çəkdi. İctimai-mədəni düşüncə tariximizdə bu böyük şəxsiyyətin xidmətlərindən bəhs edib onun ömür kitabını ehtiramla vərəqlədikcə, hamı səsini içinə çəkib bu vərəqlərin sirli xışıltısını dinləyirdi.

Adı çox vaxt epizodlarda çəkilən, haqqında ötəri danışılan, əslində isə M.F.Axundzadə və H.B.Zərdabinin yaratdığı maarifçi cəbhənin ön sıralarındadayanaraq, millətin qəflət yuxusundan oyanıb tərəqqi etməsi, dirçələrək dünyaya boylanması, elm-ürfan sahibi olub qabağa getməsi üçün böyük zəhmətlər çəkmiş Əsgərağa Gorani haqqında bu söhbətlər çox yerinə düşürdü. Və bir az da bu söhbətlərin təsiri altında biz jurnalist dostlarla qərara aldıq ki, Gəncəyə gəlmişkən, gedib millət fədaisinin şəhər qəbristanlığındakı məzarını ziyarət edək.

lll

Gün qüruba əyiləndə oteldən çıxdıq. Maşınımız kələ-kötür yollarda ləngər vura-vura gəlib şəhərin “Səbzikar” məzarlığına çatdı. İş günü bitdiyindən fəhlələr yır-yığış edib getməyə hazırlaşırdılar. Salam-kəlamdan sonra girişdə dayanmiş və yayın qızmar günəşindən üz-gözü qarsımış iki fəhlədən Goraninin məzarının yerini xəbər aldıq. Bizi çox təəccüblə qarşıladılar, əvvəla, bura adamına oxşamırdıq, ikincisi də biz onlardan düz bir əsr əvvəl dünyasını dəyişmiş bir adamın qəbrini soruşurduq... Fəhlələr çiyinlərini çəksələr də, onlara yaxınlaşmaqda olan nisbətən yaşlı bir kişi əli ilə uzaqdakı türbəni göstərib “deyəsən, odur” dedi və sonra da təəssüflə əlavə etdi ki, məzarın lap yaxınına gedə bilməyəcəksiniz. Səbəbini də belə izah etdi ki, neçə vaxtdır türbəni anbara çeviriblər, ora daş-sement yığırlar. Usta olduğunu deyən bu adam bizi tanıyandan, kimliyimizi və niyyətimizi biləndən sonra yanındakı cavan fəhləni kiminsə dalınca göndərdi.

Biz isə yavaş-yavaş, millət fədaisinin uyuduğu əbədi məkana tərəf addımlayırdıq. İçimdə həyəcan qarışıq qəribə bir hiss baş qaldırmışdı. Heç kim dillənmirdi, yalnız ayağımızın altındakı bərk qumun xırçıltısı eşidilirdi. Hamı damında batmaqda olan günəşin zərif şəfəqlərinin bərq vurduğu türbəyə baxırdı. Xəfif bir meh əsməyə başlamışdı...

Yüz il əvvəl Əsgər ağanın izdihamlı dəfninə böyüklü-kiçikli bütün Gəncə əhli gəlibmiş. O vaxt dirçəlməkdə olan Azərbaycan cəmiyyəti onun ölümünü ağır itki sayıb. Tiflisdə, Bakıda çıxan bütün qəzetlər bu parlaq şəxsiyyətin vəfatı haqqında yazılar dərc edib. Gəncəlilər qısa müddətdə hamının rəğbətini qazanmış şəhər qlavasını böyük hörmət-izzətlə torpağa tapşırıblar. Bu əziz vətən övladının məzarı üstündə səslənən hüznlü çıxışlarda onun millət qarşısındakı əvəzsiz xidmətləri sadalanıb. Şəhər əhli 53 il şərəf və ləyaqətlə ömür sürmüş Əsgər ağanın xatirəsini əziz tutaraq “Səbzikar”da bu məzar-türbəni inşa ediblər.

Ötən əsrin 50-ci illərinədək “Əsgər ağa” türbəsi Gəncə əhli üçün ziyarət yeri, nəcib əməllərə qoyulan abidə rəmzi olub. Amma onilliklər keçdikcə, Əsgər ağanın müasirləri və onların övladları həyatdan köçdükcə, nəcibliyin yerini zaman-zaman başqa “dəyərlər” tutduqca, xeyir öz yerini şərə, haqq nahaqqa verdikcə, adamların işığı azaldıqca, milli yaddaşı olmayanlar önə keçdikcə “Əsgər ağa” türbəsi də, böyük millət fədaisinin adı da, orada kimin uyuması faktı da tədricən unudulub. Bu nəhənglikdə tarixi şəxsiyyətin türbəsinin tikinti anbarına çevrilməsi deyilənlərin acı sübutundan başqa bir şey deyildi...

Bu kədərli mənzərəni seyr etdikcə türbənin qarşısında dərin hüzn içərisində boynunu bükmüş dostlarımın da üzü bulud kimi tutulmuşdu. Düzü, milli tarixə belə biganəlik, bütün şüurlu ömrünü xalqa xidmətə xərcləmiş bir şəxsiyyətə, məzarlığında uyuduğu bu şəhərin qurucularından biri olmuş parlaq insanın xatirəsinə bu sayğısızlıq bizim üçün bir az gözlənilməz idi (yaxşı ki, sonradan şəhər rəhbərliyi buranı abadlaşdıraraq layiqli hala gətirib).

Qəbristanlıqdan üzüaşağı burulub gedən çala-çuxur yollara, əyri-üyrü evlərə və hasarlara baxdıqca, türbə və onun ətrafındakı miskinliyi gördükcə bir vaxtlar Seyid Əzim Şirvaninin bu millət cəfakeşini vəsf edən misraları dilə gəlirdi beynimdə:

Məyər ol Əsgəri-Gorani gələ,
Neçə məktəb gələ dəxi əmələ.

Bu misralar heçdən yaranmayıb. Əsgərağa ömrünün son beş ilində Gəncə şəhər qlavası (bələdiyyə sədri) seçilib və indiki dillə desək, şəhərin simasının dəyişməsi üçün böyük işlər görüb. O, təkcə maarifçilik fəaliyyəti ilə deyil, həm də quruculuq və xeyriyyəçilik əməlləri ilə tarixə düşüb. 1909-cu ildə öz cibinin puluna Gəncədə ilk qız məktəbini açıb, bundan başqa daha üç məktəb tikilib. Onun təşəbbüsü ilə sahil bağı salınıb, bir xəstəxana tikilib, yollar və küçələr abadlaşdırılıb, yeni binalar inşa edilib,su çəkilib, təzə yollar salınıb. Bir də şeyx Nizami Gəncəvinin məqbərəsi təmir olunub...

lll

Böyük publisist, yazıçı, görkəmli maarifçi və ictimai xadim Əsgərağa Adıgözəlov Gorani (1857-1910) Azərbaycan xalqının milli-mənəvi yaddaşında parlaq iz qoymuş böyük bir nəslin təmsilçisidir. Babası milli tariximizin önəmli səhifəsini yazmış “Qarabağnamə” əsərinin müəllifi Mirzə Adıgözəl bəy olub. Milli düşüncəmizin inkişafında böyük rol oynamış işıqlı zəka sahibi olan babanın yandırdığı alovun şölələri nəvəsinin də həyat yolunu işıqlandırıb.

Rus istilasını tarixi reallıq kimi qəbul edən nəslin ağsaqqalları cəmiyyətdə mövqe tutmaq üçün təhsilin gücünə inanıblar. Ona görə də Əsgərağanı bu yola yönəldiblər. Yelizavetpolda şəhər rus məktəbində ibtidai təhsilini aldıqdan sonra 12 yaşında Bakıya gəlib və realnı gimnaziyasına daxil olub. Bax, bu gimnaziyada onun bəxtinə gün doğub, H.B.Zərdabi ilə tanışlığı sonradan mənəvi dostluğa çevrilib. Böyük maarifçi sevimli şagirdləri olan Nəcəf bəy Vəzirov və Əsgərağa Gorani haqqında həmişə sevgi ilə danışıb.

Hələ gimnaziya tələbəsi olan 15 yaşlı Əsgərağa müəllimi Həsən bəyin təşəbbüsü və rejissorluğu ilə M.F.Axundzadənin tamaşaya qoyulmuş komediyalarında baş rolları ifa edib. Azərbaycan milli teatrının yaranması faktı kimi tarixə düşmüş, 1873-cü ilin martın 10-da oynanılan “Hekayəti-vəziri-xani-Lənkəran” tamaşasında Teymur ağa, bir qədər sonra, aprelin 17-də göstərilən “Hekayəti mərdi xəsis”də isə Hacı Qara rollarını ifa etmiş Əsgərağa Gorani həm də ilk səhnə aktyorlarımızdan sayılır.

Müsəlmanların teatra maraq göstərməməsi, imkansız uşaqlarin təhsilinə yardım üçün açdığı xeyriyyə cəmiyyətinə yaxın durmaması Zərdabini məyus edir, lakin ruhdan salmır. Böyük maarifçi bu dəfə millətin gözünü açmağın, onu öz taleyinə biganəlikdən qurtarmağın, elm-təhsil yiyəsi edib inkişafda olan dünyaya qovuşdurmağın yolunu qəzet açmaqda görür. Uzun yazışmalara, çar məmurlarının üzücü bürokratik maneələrinə baxmayaraq, Həsən bəy “Əkinçi”nin nəşrinə nail olur və təxminən iki il müddətində xalqın ictimai şüurunun oyanmasında, özünü dərk etməsində, maarifçilik toxumlarının səpilməsində misilsiz rol oynayır. Bütün bu milli missiyanın gerçəkləşməsində Ə.Gorani və N.B.Vəzirov Həsən bəyin yanında olublar, ta Moskvaya təhsil almağa gedənədək. Amma onlar oxuduqları müddətdə də “Əkinçi” ilə sıx əlaqə saxlayıb, qəzetə davamlı yazılar göndəriblər.

Rusiyada təhsil alan Əsgər ağanın “Əkinçi”də 40-a yaxın məqalə və məktubu çap edilib. Bunların əksəriyyəti millətin maariflənməsi, elm sahibi olması, irəlidə gedən xalqların sırasına qoşulmasının vacibliyi haqqındadır. Yaranmaqda olan müasir baxışlı milli ziyalı təbəqəsinin öncüllərindən olan Əsgər ağanın məqalələri, Həsən bəyə və dostlarına yazdığı məktubları onun maarifçi-tərəqqipərvər fikirlərinin, millət sevgisinin gözəl nümunələridir. Bu məktublardan aydın görünür ki, Əsgər ağa xalq arasında maarif işinin gücləndirilməsi üçün ciddi planlar cızır, hətta məktəblər üçün riyaziyyat, tarix, coğrafiya və əlifba kitabları tərtib etmək barədə düşünür. O, Gəncəyə dönərkən burada jurnal nəşr etmək niyyətini də bu məktublarda ifadə edib.

Moskvada Petrovski-Razumovski adına Kənd Təsərrüfatı və Meşəçilik Akademiyasında torpaqşünaslıq üzrə ali təhsil alan Ə.Gorani burada da “dinc” dayanmayıb. Bu illərdə Əsgərağa rus maarifçi demokratların həyatını öyrənir, onların əsərlərini oxuyur, milli problemləri həll etmək üçün çıxış yolları axtarırdı. Dövrünün başqa maarifçiləri kimi Ə.Gorani də problemdən çıxış yolunu millətin maariflənməsi və təşkilatlanmasında görürdü. Elə bu məqsədlə də onlar Həsən bəyin tövsiyyəsi ilə Rusiyanın qabaqcıl məktəblərinə təhsil almaq üçün üz tutan gənclərə yardım məqsədi ilə “İmdadiyyə” adlı dərnək statuslu bir cəmiyyət də yaratmışdılar. Cəmiyyətin mərkəzi kimi əsas məkan olaraq Bakıda çıxan “Əkinçi” qəzetinin redaksiyası nəzərdə tutulurdu. Yekdil razılıqla H.B.Zərdabinin mənəvi rəhbər seçildiyi həmin cəmiyyətin üzvləri “məqsədimiz zülmü kökündən kəsmək üçün çoxlu mübariz əllər hazırlamaqdır. Biz ziyalı qüvvəsiyik, silahımız birlikdir” fikrini (Z.Göyüşov) özlərinə əsas məram kimi seçmişdilər.

Rusiyada inqilabi hadisələrin cərəyan etdiyi, inqilab alovlarının şahə qalxdığı bir vaxtda, əlbəttə, sanki ziyansız görünən belə bir təşkilat yaradıb idarə etmək asan deyildi, çünki çar xəfiyyələri daha çox inqilabi sinif sayılan fəhlələrə və bir də qısa müddət ərzində təşkilatlanmağa qadir olan tələbələrə daha ciddi nəzarət edirdilər. Hətta, xeyriyyə cəmiyyəti kimi təsis edilən hər hansı bir dərnəyə belə inqilabi təşkilat kimi baxırdılar. Bu səbəbdən də “İmdadiyyə” təşkilatının təsisçilərindən biri kimi Əsgərağa Gorani də gizli polis nəzarəti altına düşmüşdü.

Heç bir nəzarət millətə xidmət yolunu tutmuş Əsgərağa kimi məsləkli gəncləri yolundan döndərə bilməzdi. Həm də bu yol, silahlı üsyan, inqilab və zorakılıq yolu deyildi. Bu, ağıl və zəka, elm və təhsil, maariflənmə yolu idi. Bu məsələni Ə.Gorani özü “Əkinçi” qəzetindəki (17 fevral 1877) məqaləsində çox səlis ifadə edirdi: “Əlhəqq, zəmanə dəyişilib. İndi güc və igidlik əyyamı deyil, elm əyyamıdır”.

O, nədən yazırdısa-yazsın məsləkinə uyğun olan bir təəssübkeşliklə fikri milli mənafeyə yönəldirdi. Məsələn, millətin dərdlərinin başından aşdığı bir zamanda ona-buna həcv yazan Ağa Mirzə Ələsgər adlı qələm əhlinə tövsiyə edirdi ki, heç bir əhəmiyyəti, faydası olmayan qəzəllər yazmayın, çünki bu işə çəkilən zəhmət hədərdir. “Ondan nə bizə və nə bizim övladımıza bir nəf yoxdur. Belə zəhməti öz millətinizin yolunda çəkin ki, malı yoxdur, elmi yoxdur, elm tapmaq ona müşküldür”. Bu, qətiyyən Şərq didaktikası deyil, mentor tonundan da uzaqdır, bir millətin gələcəyinə yanğının, bu gələcəkdən narahatlığın ifadəsidir.

1877-ci il mayın 12-də “Əkinçi” onun Moskvadan göndərdiyi bu məzmunda bir məktubu dərc etmişdi: “Əsgər Gorani yazır ki, əgər Badkubədə müsəlman məktəbxanası açmaq üçün icma bina olsa, məni də ol icmaya calis hesab edin. Mən mədyun oluram bu işdən ötrü hər ildə yüz manat göndərim”. Əslində, bu məktub “pulunu qara sandığa yığıb üstündə möhkəm-möhkəm oturan” (Zərdabi), millətin tərəqqisi üçün pul xərcləməyə can çəkən, xəsis tacirləri və bəyləri qınayan 24 yaşlı millət övladının, özünəməxsus çağırışı idi. Həmin millət övladı yaşadığı qısa ömrü boyu xalqının tərəqqisi üçün canını da, malını da səxavətlə xərclədi.

lll

Moskvada ali təhsilini sona çatdırıb bir müddət Tiflis və Kutaisdə işləyən, sonra Gəncəyə qayıdaraq burada bir sıra dövlət vəzifələrində çalışan Əsgərağa qələmini yerə qoymadı, bu dəfə iri həcmli bədii əsərlər yazmağa başladı. Bizdə çox az adam bilir ki, yüksək ədəbi zövqü olan Əsgərağa A. S. Puşkin və M. Y. Lermontovdan tərcümələrin müəllifidir. Eyni zamanda, Ağa Məhəmməd Qacarın Qafqaza yürüşündən bəhs edən “Qara yel” tarixi romanı, “Qocalıqda yorğalıq” pyesi və “Hənək, hənək, axırı dəyənək” vodevili də onun qələminin məhsuludur. Sonuncu iki əsərin mövzusu “cəhalət və nadanlıq, dini fanatizm, mövhumat, cadugərlik, məhərrəmlik təziyadarlığı, qadın hüquqsuzluğu, çoxarvadlılıq, əxlaq və məişət pozğunluğu, sələmçilik, xəyanət və satqınlıq, çar divanxalarındakı qanunsuzluqlar, rüşvətxorluq, feodal zorakılığı, Şərq despotizmi və sair ictimai eyib və bəlalar əheyhinə mübarizə” (F.Qasımzadə) ilə bağlıdır.

15 yaşından bu millətin ictimai və mədəni dirçəlişinə xidmət göstərməyə başlamış Ə.Gorani bütün ömrü boyu ictimai ideallara sadiq qaldı. Bu idealların qığılcımları onun nəsil şəcərəsindən gəlirdi, Zərdabi ilə tanışlıq bu qığılcımları alova çevirdi, “Əkinçi” və tələbəlik “İmdadiyyə”si isə onu bir məşəl kimi millətin başı üzərinə qaldırdı. O, bütün ömrü boyu “İmdadiyyə”nin məramnaməsində yer almış “biz cəhalət, nadanlıq, avamlıq əleyhinə mübarizə aparmalıyıq. Biz Şərq dünyası ilə Qərb dünyasını bir-birindən ayıran pərdəni aradan qaldırmaq istəyirik. Biz maarif günəşini və onun şüalarını öz tərəfimizə çevirməyə səy edərik ki, onun həyat bəxş edən hərarəti ilə isinib yaşayaq” fikirlərinə sadiq qaldı.

Əsgərağa Gorani bu həyata gözlərini yumana qədər millətin tərəqqisinə sipər çəkən qaranlığa qarşı çıxdı,həmişə zülməti yaranların, bu xalqın zehninə işıq, mənəviyyatına güc və qüvvət gətirənlərin sırasında oldu.

 





10.06.2017    çap et  çap et