525.Az

Din və məhəbbət - faciələrə aparan ziddiyyət


 

Din və məhəbbət - <b style="color:red">faciələrə aparan ziddiyyət</b>

(Əvvəli ötən şənbə sayımızda)

Məhəbbət elə bir dünyadır ki, onun başlanğıcı olsa da, sonrakı, artıq yaddaşa hopan ömrü nəhayətsizdir.

İnsan məhəbbət aləminə qədəm qoyduqda özünü dünyanın seçilmiş adamı hesab edir, çünki onun hissi cavabsız qalmamış, özü də sevilmək sevincini yaşamaqdan qeyri-adi həzz almışdır. Həyatın bütün çətinlikləri onun gözündə kiçilir, çünki o, digərlərinin sevincsiz yaşadığı bir səhrada özünəməxsus olan vahə - oazis tapmışdır və bu, əslində, onun üçün yerüstü cənnətə, Edemə bərabərdir.

Məhəbbətin şirinliyini dadmış insanları, hansısa uydurulmuş məqsədi əsas götürərək, bir-birindən ayırmaq, təqsiri olmayan adamları ədalətsiz olaraq həbsə  məhkum etməyə bənzəyir. Elə təsəvvür yaranır ki, yeni bir dünyanı kəşf etmiş bu iki adam böcək kimi hörümçək toruna salınmışdır və onların bu tordan xilası mümkün deyildir. Görən, bu torları  hörənlər özləri insan təbiətinə malik deyillərmi, axı heç bir din insan təbiətini bütünlüklə dəyişə bilməz. Adamların ağlını, şüurunu deformasiyaya uğratmaq olar, ancaq onun vurğun könlünü zəbt etmək, orada işğal qaydalarını tətbiq etmək qeyri-mümkündür.

Məhəbbət könüldə yaranıb, könülü də hədəf götürdüyünə görə onu qadağan etmək, onun ehtiras elektrikini hansısa bir rele vasitəsilə kəsmək, onun boynunu vurmaq, məhv etmək müşkül məsələdir, əslində, mümkün deyildir. Məhəbbət təbiətdə vahid olmaqla nə dərinliyi tapa bilir, nə də həddi görür. Leyli və Məcnun, Abelyar və Eloiza, Françeska da Rimini və Paolo, Romeo və Cülyetta çox əsrlər bundan əvvəl mövcud olmuş nakam məhəbbətin qurbanlarına çevrilmiş və ağır dərd içərisində həyatdan getmişlər, lakin onların obrazı bu gün də yaşayır, heç şübhəsiz, gələcəkdə də ruhən canlılığını davam etdirməklə bütöv nəsillərin, xüsusən gənclərin qəlbinə sönməz məhəbbət vulkanından gur işıq salacaqdır. Bu vulkandan çıxan lava bəlkə də külə çevrilir, lakin Vezuvinin ətəklərində həmin kül torpaqlara əlavə münbitlik verən kimi, eşq həvəsində olan könüllərin yaxşı nümunə əsasında oyanmalarına, alovlanmalarına şərait yaradır. Məhəbbətə boylanan insanların könüllərini də belə münbit torpaq hesab etmək olar və oradan yeni pöhrələr boy atıb qalxacaqdır. Məhəbbət döyüşü ona kənardan müdaxilə edənlərin cəhdləri nəticəsində bu cəngavərlərin həlak olması ilə nəticələnir. Onlar qeyri-adi bir qəhrəmanlıq göstərməmişlər. Lakin məhəbbət naminə fədakarlıqları ilə özlərinə əslində, təsir gücü azalmayan abidələr yaratmışlar. Bu abidələr sonrakı nəsilləri, həlak olanların timsalında qorxmamağa, sevgiyə sədaqət göstərməyə və onun yolunda hər cür əzaba dözməyə çağırır. Ən müqəddəs hiss üçün qurban gedənlər heç də ağı mövzusu deyildir, onların barəsindəki xatirə məhəbbətin zəfərinə həsr olunan himn kimi səslənir.

İnsan yaşa dolduqca onun həyat qüvvələri, orqanizminin resursları zəifləməyə, tükənməyə başlayır, çox şey onun yaddaşından silinir, yaxud da xırda fraqmentlər, qəlpələr kimi qalır. Təkcə məhəbbətə həsr olunmuş həyat səhifələri, hətta çox qısa olmağından asılı olmayaraq, könülü, qəlbi görünməmiş şəkildə coşqunlaşdıran sevgi bütün detalları ilə xatırlanır və bu xatirə itirilmiş sevginin  adamın özü ilə axıra qədər yaşayan və silinməyən bir nişanəsinə çevrilir. Sevmiş və sevilmiş adam bu xatirədən təskinlik tapır, onun vərəqlənməsi könüldən qaranlıq hissləri qovur, alatoranlığın - ingilislər bunu başqa ifadələrlə yanaşı həm də owl-light -  “bayquş işığı” adlandırırlar, - hakim kəsildiyi məkanı özünün gur işığı ilə işıqlandırır. Bu sevgi, bəlkə də birgünlük kəpənəklər kimi qısa ömür sürmüş, lakin onlar qəlbə, könülə pozulması mümkün olmayan parlaq rənglərlə naxış vurmuşlar, çünki ürək daim onun diktəsi ilə döyünür. Sevgi onu yaşayanlardan fərqli olaraq,  özünün ömrünün sonunda belə, heç də torpağa gömülməyəcəyinə bir əminlik yaradır. Sevgililər haqqındakı xatirələr, rəvayətlər, əfsanələr, hətta uydurmalarla zənginləşsə də, hər kəs onları həqiqət işığı kimi qəbul edir, çünki onlar ətrafa işıq və hərarət dalğası yaymaqla adamları sevincli günlərə səsləyir, hətta uğursuzluq anlarında da onlara müəyyən təskinlik verir.

Məhəbbətin mahiyyəti vahid olmaqla, cütlüyün bir-birinə vurğunluğu üzərində qurulsa da, onun minlərlə variantları, şəkildəyişmələri vardır. Əlbəttə, məhəbbət vurğunluqdan fərqlənə bilər. Hər kəs onu özünəməxsus qaydada yaşayır, əslində, ona əsir düşür, talelərdə o tam fərqli qaydada iz buraxır, bu, “uçan holland”a bənzəyən gəmi (“uçan holland” dəniz quldurları tərəfindən komandası məhv etdiyindən, dalğaların sərəncamına buraxılan və başqa gəmilər üçün təhlükə mənbəyinə çevrilən gəmilərə deyilir) əksər hallarda xoşbəxtlik limanına yanaşa bilmədiyi halda, başqalarına heç bir ziyan vurmadan, əsasən məhz cütlüyü hədəf seçən bədbəxtliklərlə, faciələrlə üzləşir. Ona görə də məhəbbətə həsr olunan musiqi daim rekviyemi xatırladır, onda major notlar tapmaq çətin olur. Aşağıda nəql edilən, baş verməsi və xüsusən nəticəsi daha çox faciə janrını andıran bu sevgi əhvalatları gerçəkliyin və bədii təxəyyülün məhsulu olmasından asılı olmayaraq, eşq gəmisinin sualtı mərcan rifləri timsalında olan sərt dini sədlərə toxunmaqla qəzaya uğramasını əks etdirir. Mərcan rif gəminin korpusunu deşib onu batırır. Belə gəminin sərnişinləri ya məhv olur, yaxud da daim əzaba məhkum edən zərbələr, yaralar alırlar. Onlardan biri XII əsrin əvvəllərində Fransada, onun paytaxtı Parisdə  din xadimi Abelyarla Eloiza arasında qısa müddət davam edən, həm də onları qəbirə qədər müşayiət edən əzablara səbəb olan eşq macərasıdır, ikincisi, ingilis qadını yazıçısı Etel Lilian Voyniçin məşhur “Ovod” romanında italyan keşiş Montanellinin ingilis ərli qadına yaxınlığının bəhrəsi olan Arturun bioloji atasının məsləhəti ilə digər keşişin xəyanətinə tuş gəlməsi və axırda isə atasının xəyanəti hesabına edam yolu ilə həyatla vidalaşması əhvalatıdır. Üçüncüsü isə Avstraliya qadın yazıçısı Kollin Makkalounun geniş yayılmış “Qaratikan quşu” romanında keşiş Ralf ata ilə gənc qız Megginin uzun müddət davam edən vurğunluqlarının, alovlu sevgilərinin, nəhayət bunun öz zirvəsinə çatmasından meydana gələn oğullarının sonralar kardinalın nümunəsində keşiş olmağa can atmasının və həlak olmasının hekayətidir. Sevgisinin fəlakətli gedişinə və sevdiyi adamdan oğurladığı oğulu itirməsinə görə Meggi buna səbəb hesab etdiyi Allaha qarşı üsyan etməyə hazırdır. Eloiza da nakam sevgisinə görə Allaha qarşı ittiham irəli sürməkdən çəkinmir. Artur isə İisusu büt hesab etməklə, keşiş olan doğma atasından dindən üz döndərməyi tələb edir. Hər üç misalda dinin əsassız olaraq müdaxilə etməsi, təcavüzə yol verməsi ilə müxtəlif şəkildə olsa da, eyni rəhmsiz qaydada bu sferaya daxil olanları dözülməz bədbəxtliyə düçar etməsi nümayiş etdirilir. Abelyarın, Lorentso Montanellinin və Ralf de Brikassarın da din tərəfindən məhkum edilən cinayəti yalnız ondan ibarət idi ki, onlar Amurun diktəsinə boyun əyməklə, cavan qızlara və ya ərli qadına vurulmuş, bu eşq macəraları təbii olaraq bəhrəsiz qalmamış, Eloiza öz sevgilisindən, ərli qadınlar olan Qledis və Meggi isə məşuqlarından övlad dünyaya gətirmişdilər. Lakin onların sevgi əhvalatları uzun çəkməmiş, Abelyar vəhşicəsinə zədə almış və təhqir olunmuş, Eloizadan ayrılmış, Montanelli Uzaq Şərqə yollanmağa məcbur edilmiş, məşuqəsi isə az sonra ölmüş, Ralf ata isə sevgisini gizlətmək yolu ilə və qəflətən çox varlandığına görə kardinal rütbəsinə yüksəlmiş, lakin sevdiyi Meggini ağır əzablara məhkum etmişdi. Bu üç cütlüyün hər biri ömürlərini viran qoyan fəlakətlə üzləşmiş, nəinki sevdiklərini, sevgilərini, həm də özlərini də itirdikləri qənaətinə gəlmişdilər.

Digər iki əhvalatdan fərqli olaraq, Abelyarla Eloizanın sevgisi real həyatda mövcud olmaqla,  Ovidinin dalğalar barədəki təbirindən istifadə etsək, bu sevginin asimana yüksələn şiddətini əks etdirən məktubları qalmışdır. Məktublar çox səmimi olmaqla yanaşı, dərd yükü ilə, onun yaratdığı əzabların ağrısı ilə, sevgililərin xatirələrindən boylanan coşqun, solmayan, zəifləməyən qızğın hisslərinə ağı deməkləri ilə doludur. Bu məktublar o dövrəki yeganə ədəbi dil olan latın dilində yazılmışdır, sonralar fransız və ingilis dillərinə tərcümə edilmişdir. Onları orijinal mətndən çıxarıb, öz sözləri, ifadələri, hisslərinin bilavasitə təsviri olmadan əks etdirmək, nəql etmək çox çətin, bəlkə də, öhdəsindən gəlinməsi mümkün olmayan bir vəzifə olduğundan, bu məktublar məqalə müəllifi tərəfindən ingiliscədən tərcümə olunmaqla, xüsusən dini məsələlər üzrə müəyyən ixtisarla verilir. Bu sevgi macərasının baş verməsi barədə isə xırda həcmli qeyd əlavə olunur.  

Abelyar və Eloizanın sevgi əhvalatı 

Az qala min il bundan əvvəl baş vermiş bu sevgi, onun şirinini, həmçinin həyatın dözülməz acısını dadmış iki şəxs - Abelyar və Eloiza öz hisslərinin simfoniyası sayılacaq məktubları ilə onlara nəcib ruhlar aləmində abidə qoymuşlar. Axı adamlar bir çox hallarda cari həyatda məhəbbətin roluna az əhəmiyyət verməklə, başqa işlər barədə düşünməyə üstünlük verirlər. Çünki məhəbbət öz gücünü düşünülməmiş bir qaydada, həm də möhkəm şəkildə bəyan edir. Onun qəflətən baş verməsi isə bu hissin başqaları tərəfindən başa düşülməməsinə, hətta təhrif edilməsinə səbəb olur. Lakin ali hisslərin canlı təzahürü kimi Abelyar və Eloiza barədə düşünməyə, onların odisseyasına, ilk dəfə məlum olan vaxtdan etibarən daim ehtiyac duyulur. Bu ilahiyyatçı alim Eloizaya məhəbbətini avtobioqrafik “Mənim bədbəxtliklərimin tarixi”ndə təsvir etmişdi. Abelyarın tezislərindən və elmi işlərindən əsasən yalnız xatirələr qalır. Onun Eloiza ilə məhəbbəti isə əsrlərin arxasından indiyədək gur işıq salmaqda davam edir. Eloizanın yüksək fədakarlıqdan xəbər verən məhəbbəti qədim yunan şairəsi Sapfonun çəhrayı çələngi ilə, həm də bütün sevgililərin ehtiramı ilə taclanmışdır. Lesbos adasından olan Sapfo - bizim eradan əvvəl VII-VI əsrlərdə yazıb yaratmış, qızlara təlqin etdiyi ülvi hisslərə görə məşhurlaşmışdı. Kübar qızların dərnəyinə başçılıq etməklə o, onları musiqiyə, mahnı və rəqs yaradıcılığına öyrədirdi. Onun lirikasının mərkəzində məhəbbət, rəfiqələrə necə yanaşmaq və qız gözəlliyi mövzuları dururdu. Heç də təsadüfi deyildir ki, məhəbbətin gur alovlandırdığı sətirlərinə görə Eloiza ikinci Sapfo hesab olunur. Şairə təsirli sevgi şeirlərinin, nikah poeziyası olan epitalamiyaların müəllifi kimi şöhrət tapmışdı. Ona görə də Platon onu muza - eşq ilahəsi hesab edərək, elm və sənət hamiləri olan muzaların məlum sayını doqquzdan ona qaldırmışdı.

Bəs Abelyar kimdir? Pyer (ingiliscə Piter) Abelyar öz dövrünün ən məşhur və ziddiyyətli müəllimi olmaqla, məntiq və mənəviyyat filosofu və ilahiyyətçisi idi. O, həmçinin istedadlı orijinal şair , qadınlar üçün məşhur monastırın banisi idi. Fransa kilsə şurasının qərarı ilə o, yeretikliyinə (dinsizliyinə) görə iki dəfə məhkum edilmişdi. Onun karyerasının konturları özünün məşhur “Historia calamitation” - “Mənim bədbəxtliklərimin tarixi” adlı məşhur əsərindən yaxşı məlumdur. O, 1079-cu ildə Luara çayının cənubundakı Le Palledə anadan olmuşdu. O, Fransada fəlsəfəni, xüsusən məntiqi öyrənmək naminə özünün varislik hüquqlarını və perspektivini qurban verdi, Parisdə yaxşı təhsil aldı. Sonra onun müəllimlik və alimlik fəaliyyəti başlandı. Abelyar məntiqə dair öz yazılarında dilin müstəqil fəlsəfəsini ustalıqla təsvir etmişdi.

(Ardı var)

 





12.06.2017    çap et  çap et