525.Az

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında


 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında<b style="color:red"></b>

Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da, şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş, bizlərə nəyi vəsiyyət etmişlər - oxuyaq, düşünək, bu günümüz üçün fəxr edək!

Azərbaycan münəvvərlərinə qarşı səfər 

Qatı komunist olan Ruhulla Axundov Azərbaycan maarif komisarlığını idarəyə başlamaqla məktəblərdə müdhiş bir “təsfiyə hərəkəti” başlamışdı. Yüzlərlə müəllimlər, minlərlə türk tələbəsi qapı dışarı edilərək təhsildən və fəaliyyətdən məhrum edilməkdə idi...

Keçən il “Azəri türk” məcmuəsi səhifələrində milli türk münəvvərlərinə qarşı açılmış olan bu qızıl səfər haqqında müfəssəl məlumat verilmişdi. Şimdi Ruhulla Axundov vəzifədən çıxarılmış və maarif idarəsi yenə sabiq maarif komisarı Mustafa Quliyevə verilmişdir.

Türk münəvvərləri neçün təqib olunuyordu? Müəllimlər nasıl və kimlər tərəfindən qovulmaqda idilər? Bu xüsusata Mustafa Quliyev bizə ətraflı məlumat verməkdədir. O, “Komunist” qəzetəsinin 2725 nömrəli nüsxəsində “Mədəni inqilab kadroları” başlığı altında yazdığı məqaləsində “Sola atəş” - deyə kəndisindən əvvəlki siyasəti şiddətlə tənqid ediyor.

“Qəzalarımızda rusların - qolovotilyapstvo - dedikləri düşüncəsiz hərəkətlər baş vermiş... susdurmalar, təmizləmələr, təhdidlər, vəzifədən çıxarılmalar və s. baş vermişdir və bu işlərdə şəxsi qərəz yürüdülməyə başlanmışdır”.

Mustafa Quliyev Lenindən və Buxarindən aldığı misallarla “mədəni inqilabın əsas kadrosunu təşkil edən müəllimlərin yeni cəmiyyət quruluşunda çox böyük rol oynadıqlarını” isbat ediyor. Azərbaycanın məktəblərindən çıxdıqlarını və Azərbaycanın doğma yavruları olduqlarını qeyd və qəbul edən Quliyev “bu doğma azəri yavruları” ilə maarif və məsləki sindikaların nasıl rəftar etdiklərini soruyor və diyor ki:

“Şəkidə maarif şöbəsi müəllim Paşabəyovu vəzifədən çıxarmışdır, çünki “Paşa və bəy” ünvanını daşıyormuş. Gəncədə 10 ildən bəri müəllimlik edən Qulubəyov məktəbdən qovulmuşdur. Neçün? Çünki familya və ismində “bəy” varmış. Lənkəran qəzasında 54 müəllim müzirri-ünsür listəsinə eyni səbəblərlə idxal edilmişdir. Səlyan, Şamaxı, Quba qəzalarında eyni “günahdan dolayı” yüzlərlə müəllim vəzifədən çıxarılmışdır.

Şamaxı komunistləri yalnız bu “müzirr”ləri degil, kəndilərilə baloda tans etmək istəmiyən müəllimələri də “əksinqilabçı” - deyə məktəbdən qovmuşlardır.

Cəbrayıl, Cavanşir, Cavad qəzalarında isə müəllimlər “əksinqilabçılıq” dərəcələrinə tabe bulunmuşlar”.

Mustafa Quliyev pək haqlı bir sual veriyor:

“Əcəba bu müəllimlərmi, yoxsa bunları çıxaranlarmı müzirri-ünsür listəsinə daxil edilməlidir?”.

Anlaşılıyor ki, Gəncədə bu işləri görən Bərbərzadə namında bir komunist müəllim imiş. Bərbərzadə Gəncədə 100 müəllimi “qara listəyə” salmış və vəzifədən çıxarılmışdır.  Bu müəllimlərin “günah”ları arabaçı, çoban və bərbər övladı olmamaları imiş. Mustafa türk müəllimlərinə qarşı bu hərəkəti “barbaranə mübarizə” deyə adlandırıyor və əlavə ediyor ki:

“Yeni türk məktəbi yaratmaq işində biz əski müəllimlərin kadrosuna arxalanmışız. Onların ən çoxu vicdanən çalışıyorlar. Yeni mədəni qüvvələri, yeni gənc müəllimləri bu kadroların qəhrəmanca çalışması sayəsində yarada bilmişiz. Mədəni qüvvə böhranı bizdə şimdi belə hiss edilməkdədir. Böylə bir kəskin məsələni qüvvə böhranı keçirməkdə ikən əski kadroları dəgişdirmək məsələsi qaldıra bilirmiyiz? Bərbərlərin təklif etdikləri kibi 100 müəllimi çıxara bilirmiyiz?”

Mustafa bu sorğularına mənfi cavab verdikdən sonra müəllimlərə nəsihət etməgə başlıyor. Müəllimlər hala milliyyətçi, azərbaycançı və istiqlalçı imişlər. “Müəllimlər Azərbaycan mənafeini proletar inqilabı məsələsinə tabe etmək lüzumunu daha anlamamışlarmış. Yenə də Azərbaycanın kəndi başına müstəqil yaşaya biləcəgi qənaətində imişlər. Azərbaycan müəllimləri “Azəri neftinin Rusiyaya götürülməsinə, Azərbaycana rus mühacirlərinin gətirilməsinə qorxuyorlarmış. Azəri müəllimləri xalqın siniflərə bölünməsi əleyhində propağanda yapıyor və “Vəhdəti-milliyyə” şüarını tərvic ediyorlarmış. Mustafa müəllimlərə bu “milli yoldan” vaz keçməgi tövsiyə, yoxsa “Müsavatçı” sayıla biləcəklərini qeyd ediyor.

“Odlu-Yurd”, mart 1929, № 1

Təsfiyə - saflaşdırma 

Açılan parlamentarizm dövrü 

Rəisi Cümhur Qazi Paşa Həzrətlərinin müvafiqətləri ilə Fəthi bəy əfəndi tərəfindən təsis olunan “Sərbəst Cümhuriyyət Firqəsi”nin fəaliyyət sahəsinə atılması ilə Türkiyə Cümhuriyyətinin həyatında yeni bir dövr açılıyor - parlamentarizm dövrü!

Demokrasinin, fikri və ictimai iki cəbhəsi vardır. Cümhuriyyət, milliyyət və layiqlik kibi ümdələr bunun fikri cəbhəsini - başqa təbirlə - mənəviyyatını təşkil edərlər. Fəqət bunun bir də idari - başqa təbirlə - tətbiqat cəhəti vardır ki, bu da ancaq parlamentarizm üsulunun yerləşməsi surətilə təmin oluna bilir.

Parlamentarizm siyasi relatif sistemi olmadan, qabil degil, tətbiq olunamaz! Siyasi relatif, digər təbirlə, siyasi müsahilə - heç bir zaman, tək firqə sistemi ilə təmin olunamaz! Məruf cahan demokrasilərinin hakim olduğu yerlərdəki, eyni zamanda parlamentarizm sisteminin cari olduğu yerlərdir - tək firqə sisteminə qətiyyən təhəmmül olunmaz! Bu ancaq demokrasiyi rəsmən inkar edən məmləkətlərdə, məsələn Rusiyada caridir.

Hər zaman böyük bir əlaqə ilə təqib etdigimiz nitqlərində böyük lider Qazi Paşa həzrətlərinin demokratizm ümdəsi üzərində isar etdiklərini görmüşüzdür.  Hər zaman eyni səmimiliklə təkrar olunan bu nitqlərlə, Türkiyədəki “tək firqə sistemi” arasında bir ünsiyyətsizlik görülüyordu. Bu təzad iki türlü izah oluna bilirdi: ya demokrasi haqqında söylənən sözlər səmimi degildir, yaxud yalnız bir firqənin mövcudiyyəti, zaman icabı olaraq müvəqqətidi.

Yeni firqə rəisi Fəthi bəy əfəndiyə göndərdikləri cavabı məktublarında Qazi Həzrətləri bu məsələyi kəndilərinə xas bir vüzuh və sərahətlə izah buyurmuşlardır. Bu böyük inqilabçı üçün “Siyasi həyatda birtərəfli olaraq daima aranan təməl” ancaq layiq prinsiplərə dayanan bir cümhuriyyət idarəsidir: yoxsa “Böyük Millət Məclisində və millət müvacihəsində, millət işlərinin sərbəst münaqişəsi və hüsni-niyyət sahibi zatların və firqələrin ictihadlarını ortaya qoyaraq, millətin ali mənfəətlərini aramaları” kəndilərinin “ta gəncliklərindən bəri aşiq və tərəfdar olduqları” bir sistemdir.

Qəzetələr, eyni zamanda yeni firqənin 11 maddədən ibarət proqramını da nəşr etdilər. Proqram “Layiqlik və milliyyətçilik əsasına bağlı qalmaqla” bərabər liberal və demokrat bir zehniyyət məhsulu əsaslar dərmiyan ediyor. Bu maddələr miyanında iqtisadi fəaliyyət sahəsində şəxsi təşəbbüsə vüsət edərək “Avropa sərmayəsinin cəlbinə səy etmək, çiftçiyə krediti asanlaşdırmaq təşviqi sənaye” qanununu ciddiyyətlə tətbiq etmək, bütün ağırlığı ancaq bir nəsil üzərinə yüklənən nafiə planını tədil etmək, vergiləri xəfiflətmək kibi, mali və iqtisadi, qadınlara siyasi intixab haqqı vermək, kəlam və söz hürriyyətini tətbiq etmək kibi, daxili siyasətə və “Cəmiyyəti Əqvam müəssisəsi ilə daha sıxı surətdə təşriki-məsaiyə əhəmiyyət vermək” kibi xarici siyasət istiqamətini təyin edər maddələri vardır.

Bu şəkildə təşəkkül edən yeni firqə Türkiyə siyasi məhfillərilə mətbuatında həyəcanlı təzahürlərlə, gözəl surətdə qarşılanmışdır. Eyni zamanda, bu hadisə cahan əfkari ümumiyyəsində də iyi bir intiba hasil etmişdir.

Halı-hazırda, bir tərəfdən Şərq vilayətlərində cərəyan edən əsəfli hadisənin vücudu, digər tərəfdən də iqtisadi vəziyyətin müşküllügü dolayısı ilə Türkiyə Cümhuriyyət rejiminin böhrana məruz qaldığı haqqında əndişələr doğduğu bir zamanda, biz, əsil şimdi cümhuriyyət tradisyonuna keçildigini görüyoruz ki, bu, “kamalizmin” son qayəsini təşkil edən “layiq milliyyətçiliklə demokrasi”nin əsaslı surətdə yerləşdigini isbat edər.

Əvət, bütün maniə və müşküllərə rəğmən, Türkiyə Cümhuriyyəti, hədəf ittixaz etdigi demokratisiyi təkmil etmək qayəsinə doğru yürüyür. Bu günə qədər “bir tərəfli qalan” böyük rəis bu taktiqlə demokrasinin mənəvi təməlini təşkil edən böyük ümdələri müxalif dərbələrlə yıxılmaq təhlükəsindən qorumuş oldu. Şimdi isə bu fikirlərin mühafizəsini təmin edən cümhuriyyət və demokrasinin mexanizmi, yəni parlamentarizmi qurmağa əhəmiyyət veriyor!

İnqilab - digər təbirlə - daxili hərb deməkdir. Hərb dövrünün kəndinə məxsus üsulları və qanunları olduğu kibi, daxili hərbin də kəndinə məxsus istisnai qayda və qanunları vardır. Tək firqə sistemi iştə bu daxili hərb dövrünə məxsus bir zərurət sistemidir.

Yeni doğan ikinci firqənin zühuru bizə Türkiyədə “daxili hərbin” artıq inqilabın tam bir müzəffəriyyətlə bitdigini elan edər.

Əvət, şu andan etibarən Türkiyədə cümhuriyyət uğrunda cidal dövrü qapanmış, cümhuriyyət ənənələrini təsis və tərbiyə dövrü başlanmışdır!

Bu hadisəyə biz azərilər iki sifətlə məmnunuz: Türküz, Türkiyənin zəfərinə seviniyoruz. Cümhuriyyətçi və demokratız - Cümhuriyyət ənənəsinin kökləşdigi bizi sevindiriyor. Sevindiriyor, çünki məmləkətimizi istila edən rus qüvvətinə qarşı bir tərəfdən milliyyət ümdəsilə çıxıyor, digər tərəfdən də demokratizm prinsipi ilə qarşı gəliyoruz!

M.Emin
“Odlu-Yurd”, Eylül (sentyabr) 1930, № 20(8)

Ümdə - dayanacaq, əsas, aktual
Müvafiqət - razılıq verməsi, müsaidəsi
Relatif - müxtəlif fikirlilik
Müsahilə - ağıla, məqsədə müvafiq
Müvacihə - üz-üzə dayanma
Nafiə - işlərə baxan dövlət idarəsi
Əsəfli - təəssüblü
Vüzuh - aydın, aşkar
Sərahət - açıq izah etmə, açıq söyləmə 

Xalq Firqəsinin proqramı

Fövqəladə əhəmiyyətə haiz tarixi bir vəsiqə... Türkiyə Cümhuriyyəti Xalq Firqəsinin yeni proğramı!..

Həddi-zatında yeni degil, Türkiyə Cümhuriyyətinin, fövqəladəliklər və pək müstəsna hadisələrlə dolu fəaliyyət həyatında amil olmuş bir firqənin mutat konqresi tərəfindən tədilən qəbul olunan bir proğram nədən fövqəladə bir hadisə kibi təbəqqi edilsin? - deyə etiraz edə bilir.

Fəqət biz bu nöqtədə müsirriz. Xalq Firqəsi müaddil proğramına, milli və siyasi hüdudlar xaricinə çıxan yeni Türkiyədəki böyük islahat hadisələrinə aid digər vaqeələr qədər bir qiymət verməkdə tərəddüd etməyiz.

Qəbul etmək gərəkdir ki, məzkur proğram, bu vaxta qədər Türkiyədə gəlmiş, keçmiş siyasi firqələrin heç birində görülməmiş bir şeydir, daha ziyadə söyləyə biləriz ki, sözün Avropayi mənası ilə, Türkiyədə ilk dəfə olaraq, siyasi bir firqə proğramı şimdi təsbit olunuyor. Bir proğram ki, müdafiə etdigi rejimin derli toplu bir sistemini təyin etməkdədir.

Heç şübhəsiz, bu keyfiyyət gələcəyin tarixçiləri nəzərində, Şərqdə siyasi fikir sistemlərilə demokrasi inkişafının bəlli-başlı və pək mühüm bir tarix ayrıcısı görüləcək və ona kamalizm yenilikləri arasında etinalı bir yer verəcəkdir.

Hadisəyə verdigimiz bu şümullu qiymətdən dolayıdır ki, ondan bu səhifələrdə bəhsə lüzum görüyoruz. Türkiyə daxilində beynəlmiləl şümul və qiymətdə olan hadisələrdən bəhs etməkdə olduğumuzu nəşriyyat üsulumuza vaqif olanlar bilirlər - zənnindəyiz.

Əlbəttə, bu məqalə ilə biz, məcmui 8 qisim və bir çox maddələrdən ibarət Türkiyə həyatının bütün ehtiyaclarına cavab verən bir proğramı kamilən, bütün təfərrüat və cüziyyətilə təhlil və tədqiq edəcək degiliz. Zatən buna nə məqaləmizin həcmi, nə də yuxarıda qeyd etdigimiz üsul müsaid degildir.

Proğramın sırf cari həyata və münhəsirən Türkiyə Cümhuriyyətinin xüsusi və daxili işlərinə aid tətbiqi qisimləri mövzumuz xaricindədir. Bəhs etmək istədigimiz xüsuslar isə ümumi və şümullu qisimlər digər təbirlə, müdafiə etdigimiz prinsiplər və ya məlum istilahı ilə ideoloji sistemidir.

Proğrama şu nöqtədən baxılınca görülüyor ki, Cümhuriyyət Xalq Firqəsi beynəlmiləl demokrasinin qəbul etdigi bütün ana prinsipləri bənimsəmişdir. Vətən və millət məfhumlarına əsri bir məna verən proğram hakimiyyətin şərtsiz və qeydsiz millətə aid olduğunu qəbul ilə, amma hüquqi nöqteyi-nəzərindən, vətəndaşlar arasında cins, sinif və cəmaət fərqi gözətmədən, tam bir müsavat əsasını qoruyor. Felən bələdiyyə seçkilərində iştirak etməkdə olan türk qadınının, ələlümum siyasi haqq və həyatda türk erkəgi ilə tamamilə müsavi olduğunu qəti surətdə təsrih eyləmişdir.

Siyasi sahədə fərdi hürriyyəti, ictimai quruluşda ailəi, iqtisadi fəaliyyətdə də mülkiyyəti müdafiə etdigi sistemin ana prinsipləri olaraq qəbul edən Xalq Firqəsi, bununla, bugünki modern demokrasi sisteminə intibaq eyləmiş, eyni zamanda, layiq bir idarə əsasını tərviçlə bu sistemin ən canlı nöqtəsini dəxi ehmal etməmişdir. Əsil bu nöqtəyə verdigi əhəmiyyətlədir ki, proğram Şərq aləmi fikriyatında və Şərqdə həqiqi hürriyyət zehniyyəti təsisində mühüm bir rol oynayacaq, beynəlmiləl bir fikir amili olacaqdır. “Din tələqqisi vicdani olduğundan, din fikirlərini dövlət və dünya işlərindən və siyasətdən ayrı tutmağı müasir tərəqqidə başlıca müvəffəqiyyət amili görən” Xalq Firqəsinin bu görüşü ilə bütün Şərq tərəqqi sevənlərinə mürşidlik rolu oynadığı aşikardır.

Məfkurəvi sistemində açıqca qərbçi, daha doğru təbirlə əsriçi (modernist) olan firqənin bu əsası ilə milliyyətçilik vasiflərini nasıl təlif etdigini də təsbit etmək, görüşümüzcə faidəsiz degildi. “Firqə tərəqqi və inkişaf yolunda və beynəlmiləl təmas və münasibətlərdə bütün müasir millətlərə müvazi və onlarla bir ahəngdə yürüməklə bərabər Türk ictimai heyətinin xüsusi səciyyələrini məhfuz tutmağı əsas sayar” (qisim 2, maddə 1, qeyd B) “Türk ictimai heyətinin xüsusi səciyyəsini mühafizəyə” aid daha müəyyən düşünüş tədbirinə misal bulmaq ehtiyacını proğramın milli təlim və tərbiyəyə aid qismində də bulmaq mümkündür. Milli təlim və tərbiyə düsturları miyanında (C) qeydində şunları buluyoruz: “Firqəmiz vətəndaşların türkün dərin tarixini bilməsinə fövqəladə əhəmiyyət verir. Bu bilgi türkün qabiliyyət və qüdrətini nəfsə etimad hislərini və milli varlıq üçün zərər verəcək hər cərəyan önündə yıxılmaz müqaviməti bəsləyən müqəddəs bir cövhərdir”. Bunun kibi “Türk dilinin milli, mükəmməl və məzbut küll halına gəlməsi haqqında” proğramca göstərilən ehtimam dəxi bu milli xüsusiyyəti mühafizə tədbirlərinin başlıcalarındandır.

Dini, fərdin xüsusi malı olaraq elan edən bu fikir sistemi Şərq aləmindəki mötad zehniyyətdə radikal bir inqilab yaparaq, bu aləmin əskidən heç də kale olmadığı, dili isə milli qiymətlərin başına keçirərək, ona həqiqətən də malik olduğu ictimai əhəmiyyətilə mütənasib milli bir qiymət vermişdir.

Hürriyyət və mülkiyyət prinsiplərini qəbul etməklə bərabər, proğram, yaşadığımız əsrin hərblər və ixtilallardan doğan, təcrübələri üzərinə demokrasi və hürriyyət sistemində yapılan revizionlardan və bu revizion nəticəsində zühur edən yeni nəzəriyyələrdən də mülhəmdir. Mülkiyyət və fərdi təşəbbüs prinsipini qəbul etməklə bərabər, firqə mümkün olduğu qədər az zaman içində milləti rifaha, məmləkəti məmuriyyətə irişdirmək üçün millətin ümumi və yüksək mənfəətlərini icab etdirdigi işlərdə, bilxassə iqtisadi sahədə, dövləti felən əlaqədar etməyi mühüm əsaslarından ədd edər” (qisim 2, maddə 1, qeyd D).

Əski hürriyyət məfhumuna, klassik liberalizmdən fərqli olaraq əsri radikalizmin caiz və lazım gördügü şu “müdaxileyi” (dövlətin iqtisadi münasibətə müdaxiləsi) qeyd etməklə bərabər, Xalq firqəsi, siniflər arasındakı münasibət məsələsində də yeni cərəyanlardan mütəəssir olmuşdur. İkinci qismin ikinci maddəsində deniliyor ki: “Türkiyə Cümhuriyyəti xalqın ayrı-ayrı siniflərdən mürəkkəb degil, fəqət fərdi və ictimai həyat üçün iş bölümü etibarilə müxtəlif məsai ərbabına ayrılmış bir camiə tələqqi etmək əsas prinsiplərimizdəndir”.

Şu surətlə sinifləri əsasından inkar edən Xalq firqəsi, bittəbii, sinif mücadiləsini də rədd edir və bu mücadilə yerinə Türkiyədə, başlıca olaraq 5 qismə ayırdığı çalışma zümrələri arasında ümumi ahəng və təsanüd təsisini tərviç ediyor.

Milli demokrat bir firqənin, idarəsinə gəldigi cəmiyyət daxilində, xalq təbəqələri arasında mücadilə və hərb degil, ahəng, təsanüd və sülh təmininə çalışması və bunu kəndisinə prinsip olaraq alması qədər təbii bir şey olamaz. Fəqət mənafeət ixtilafından doğan mücadiləyi bərtərəf etmək üçün siniflərin əsasən qeyri mövcud olduğunu dava etməkmi, yoxsa bu mövcudiyyətləri qəbul ilə aradakı mücadilə mövzularını bərtərəf və ya tədil etmək surətilə siniflər arasında bir barışma təsisinə doğru getməkmi daha xeyirlidir?! İştə burada nəzərə ilk gələn bir mülahizə ki, proğramın bu qismindəki nəzəri əsasın nə dərəcəyə qədər isabətli olub olmadığı haqqında bir ləhzə durmayı mucib oluyor...

Proğram, Xalq firqəsinin “etatist” olduğunu elan ediyor. Bu zehniyyətlə onun böyük milli mənfəətlər naminə, bilxassə iqtisadi təşəbbüslərdə, dövlətin müdaxiləsini əlzəm görməsi iş zümrələri arasındakı ahəng və intizam təsisinə qeyrət etmək fikrinə uyar bir arzudur. Hər iki şəkildə də, sosialist doktrinalarına rəğmən, mülkiyyət prinsipini tanıyan və sinif mücadiləsini tərviç etməyən təsanüdçü radikal demokratların müdafiə etdikləri əsasa müvafiqat edildigi halda proğramda vətəndaşların fərdi hürriyyət və haqlarından sərahətlə bəhs edilməkdə ikən korporasyonlar, ictimai-iqtisadi təşəkkül və zümrələrin haqq və hüquqları sükutla keçilmişdir. Bu sükut bizcə proğramın calibi-tənqid bir nöqtəsidir. Bu xüsusdakı “boşluğu”, birinci qismində ammə hüququnu təyin edən 4-cü maddədəki formulun doldurmaqda olduğunu dava etmək qabil olsa da, yenə də məsələnin mübhəmiyyətdən ari olmadığı inkar olunamaz.

Proğramda, firqənin ana vəsfləri sayılarkən Cümhuriyyət Xalq firqəsi: a) cümhuriyyətçi; b) milliyyətçi; c) xalqçı; d) dövlətçi; e) layiq; f) inqilabçıdır denilmişdir.

Şu sonuncu vəsfin üzərində bir az durmaq istəriz: Şübhə yoxdur ki, Xalq firqəsi Şərqdə ən feyzli bir inqilabı başarmışdır. Kəndi zamanında Fransa inqilabının Qərbdə yapdığını Türkiyə inqilabı Şərqdə yapmışdır. Hal-hazırda dəxi Xalq firqəsinin qullandığı icraat metodu “inqilabçı” bir metoddur. Fəqət bütün bunlarla bərabər, bugünki terminolojiyə görə, millət, hürriyyət və milli təsanüd prinsiplərini məfkurəçiliginin əsaslarından sayan bir firqəyi “inqilabçı” - deyə qəbul etmək caizmidir?

İnqilabçı firqə məfhumu ictimai nizamı kökündən devirmək istəyən ixtilalçı sosialistlər, komunistlər və anarşistlərdir ki, onlarca mülkiyyət mərdud, sinif mücadiləsi məmduhdur.

Şübhəsiz Xalq firqəsinin inqilabçılıqdan qəsd etdigi məna bu degildir. Burada sadə bir istilah məsələsi olduğunu sezməmək zatən qeyri-mümkündür. Proğramın işbu təbir ilə nə qəsd etdigini kəndi izahı ilə də anlamaq qabildir. Burada “Firqə, millətimizin bir çox fədakarlıqlarla yapdığı inqilablardan doğan və inkişaf edən prinsiplərə sadiq qalmağı və onları müdafiə etməgi əsas tutar” denilməkdədir.

Bu sətirlərlə aşikardır ki, Xalq firqəsinin inqilabçılığı ilə beynəlmiləl məruf “inqilabçı firqə” məfhumu arasında qətiyyən bir bənzəyiş yoxdur. Milliyyətçi, dövlətçi və təsanüdçü bir firqənin “inqilabçılığı ilə” milləti, dövləti və ictimai təsanüdü ta kökündən inkar edən komunistlərin “inqilabçılığı” arasındakı fərq yerlə-göy fərqidir. Birincilər üçün inqilab müəyyən məqsədə götürən bir vasitə ikən, o birilər üçün adəta bir məqsəddir.

Buna görə də hər dürlü yanlışlığa və iltibasa meydan verməmək üçün bu yerdə “inqilabçı” yerinə “radikal” densə, bizcə məqsədə daha mütabiq olur. Xalq firqəsinin bizcə bariz vəsfi onun radiqalizmidir.

“Vəsiqə”nin və hadisənin haiz olduğu tarixi əhəmiyyətə hörmətən şu nöqtələri qeyd etməklə bərabər, proğramın müsəlman Şərqi fikriyatçılığında oynayacağı böyük rolun qiymətini təqdirdə qətiyyən tərəddüdümüz yoxdur.

Candan təmənni etdigimiz bir şey varsa, o da işbu qiymətdar vəsiqədə muciz surətdə müqəyyəd bulunan prinsiplərin xalq arasında təmiminə yardım edəcək populyar nəşriyatın da bir an əvvəl vücuda gəlməsidir.

Varşava, 22/5/31
M.Ə.Rəsulzadə ”Odlu-Yurd”, Həziran (iyun) 1931, № 4(29)

Etina - artıq dərəcədə diqqət etmə
Müsirr - israr edən, təkid edən
Müaddil - qiymətcə bərabər
Şümul - şamil olma, dəlalət etmə
Təsrih - açıq söyləmə
İntibaq - uyğun gəlmə, tətbiq edilmə
Ehmal - səhlənkarlıq, əhəmiyyət verməmə
Vasif - izaah, vəsf edən
Məhfuz - mühafizə olunmuş, hafizədə saxlanan
Məzbut - möhkəmləndirilmiş, nizama salınmış
Mötad - adət edilmiş, vərdiş edilmiş
Mülhəm - ilhama gəlmiş, ilhamlanmış
Təsanif - təsniflər, bölgülər
Ammə - xalq, camaat, kütlə
Vəsf - sifəti, keyfiyyəti
Mərdud - rədd edilmiş, hüquqsuz
Məmduh - mədh edilmiş, təriflənmiş
Müqəyyəd - yazılmış

(Ardı var)

 





12.06.2017    çap et  çap et