525.Az

Ailəsi Nigar Yaqublu ilə görüşüb


 

Ailəsi Nigar Yaqublu ilə görüşüb<b style="color:red"></b>

“Sentyabrın 29-da Nigarla görüşdük, səhhəti yaxşıdır, saxlanma şəraitindən şikayəti yoxdur. Təcridxana işçilərinin davranışından da razılıq elədi, həm kamera yoldaşlarına, həm də ona qarşı heç bir kobudluğa yol vermədiklərini bildirdi”.

Məhbus fəal Nigar Yaqublunun bacısı Nərgiz Yaqublu “Media forum” saytına açıqlamasında belə deyib.

Nərgiz bacısı ilə görüşə bildiyi üçün çox sevindiyini, anası ilə birlikdə onunla 2 saata yaxın söhbət etdiklərini bildirib: “Nigar bizdən möhkəm olmamızı xahiş elədi, dedi ki, üzülməyək, ruhdan düşməyək, hər şey yaxşı olacaq. Əsas nigarançılığı anamdandır, çox fikir eləyir anam”.

Nigar Yaqublu Müsavat Gənclər Təşkilatının sədr müavini, partiya Məclisinin üzvüdür. O, sentyabrın 11-də tutulub. Abşeron Rayon Məhkəməsi onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. Həbs müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır. Qəza avqustun 25-də Bakıda baş verib. İstintaq Aydın Acalovun avtomobilini Nigar Yaqublunun idarə etdiyini və qəzanın onun təqsiri üzündən baş verdiyini iddia edir.

Müsavatçı fəal Bakı İstintaq Təcridxanasında saxlanır. Ailəsinin Nigarla görüşməsi üçün verilən vəsatəti Daxili İşlər Nazirliyi Baş Yol Polis İdarəsinin müstəntiqi Rafiq Həsənov sentyabrın 28-də müsbət cavablandırıb.

 





01.10.2012    çap et  çap et