525.Az

Gənc Şairələrin Bakı Forumu - Fotolar


 

Gənc Şairələrin Bakı Forumu - <b style="color:red">Fotolar</b>

İyunun 8-11-də Bakıda "Böyük İpək Yolu" Beynəlxlaq Gənclər İttifaqının təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyilə Gənc Şairələrin Bakı Forumu keçirilib.

3-cü dəfə təşkil edilən Foruma bu il Gürcüstan, Xorvatiya, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Ukrayna, Əfqanıstan və Tunisdən iştirakçılar qatılıblar. Azərbaycanı forumda gənc şairələr Günay Həsənli və Şahanə Müşfiq təmsil ediblər.

Forumun iştirakçıları iyunun 9-da Azərbaycan Yazıçılar Birliyində olublar. AYB-nin mətbuat katibi, şair-publisist Xəyal Rza iştirakçıları qurumla tanış etdikdən sonra qonaqlar Birliyin sədri, Xalq yazıçısı Anarla görüşüblər. Görüşdə İpək Yolu üzərində olan xalqların tarixi ənənələri, həmçinin ədəbiyyat sahəsindəki bir sıra oxşar cəhətləri ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, xalqımızın zəngin ədəbi irsi barədə qonaqlara məlumatlar verilib.

Sonra Forum iştirakçıları Şəhidlər Xiyabanını ziyarət edib, Bakının bir sıra görməli yerləri ilə tanış olublar.

İyunun 10-da Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyində Forumun təqdimat mərasimi keçirilib. Mərasimdə ölkəmizin tanınmış ziyalıları, mədəniyyət xadimləri, yazarlar, forum iştirakçıları və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının baş katibi Aytən Əliyeva qonaqları salamladıqdan sonra forumun məqsədi haqqında məlumat verib. Onun sözlərinə görə, forum 10 ölkədən Bakıya gələn şairlər üçün dostluq, əməkdaşlıq bayramı olacaq.

Tədbirdə "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov forumun mədəniyyətlərarası dialoqa töhfə olduğunu bildirib. Qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət, Heydər Əliyev Fondu tərəfindən görülən işlər mədəniyyət və ədəbiyyat sahələrində də öz təcəssümünü tapır: "İnanırıq ki, müxtəlif ölkələrdən gələn bu gənclərin Bakıda toplaşması, həm ölkənin ədəbi mühitində, həm də iştirakçıların yaradıcılığında izlər qoyacaq. Sevinirəm ki, tədbir UNESCO tərəfindən ən yaxşı layihələrdən biri kimi qiymətləndirilib və artıq üç ildən bəri keçirilən Foruma maraq ildən-ilə artır".

Moldovanın Azərbaycandakı səfiri George Leuka, Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayev, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, yazıçı Günel Anarqızı, şair Nigar Həsənzadə və başqaları forumun əhəmiyyətindən, layihənin ədəbiyyat adamlarının fəaliyyətində rolundan danışıblar.

"APA Holdinq"in prezidenti Vüsalə Mahirqızı rəhbərlik etdiyi media qurumunun ədəbiyyat və mədəniyyətə böyük önəm verdiyini diqqətə çatdırıb: "Ədəbiyyatla, mədəniyyətlə bağlı bütün layihələri alqışlayıram. Media qurumu olaraq ədəbiyyata, söz adamlarına bacardığımız qədər dəstək veririk. Bu cür tədbirlərin keçirilməsi əsaslı ümid yaradır ki, ədəbiyyatın gələcəyi var. Dövlət qurumları, gənclər təşkilatları ədəbiyyatla bağlı layihələrə maraq göstərirlər. Bütün bu təşəbbüslər sözün yaşamasına xidmət edir".

Daha sonra forum iştirakçıları şeirlərini səsləndiriblər.

Forum işini "Qadınlarının inkişaf perspektivində Şərq-Qərb mədəni müxtəlifliyi", "Ənənəvi internet ədəbiyyatı" və digər mövzularda müzakirələrlə davam etdirib.

Sonda forum iştirakçılarına diplom və müxtəlif hədiyyələr təqdim olunub və tədbirə yekun vurulub.

Şahanə MÜŞFİQ

 





13.06.2017    çap et  çap et