525.Az

“Belarusda diplomatların fəaliyyəti üçün hər cür şərait var” (Müsahibə)


 

“Belarusda diplomatların fəaliyyəti üçün hər cür şərait var” <b style="color:red"> (Müsahibə)</b>

İSFƏNDİYAR VAHABZADƏ: “BELARUS-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİ YÜKSƏLƏN XƏTLƏ İNKİŞAF EDİR”

Səfir bir ölkəni başqa bir ölkədə təmsil edən elçidir. Zənnimcə, “elçiyə zaval yoxdur” zərb-məsəli heç də diplomatların “boyuna biçilməyib”. Çünki ölkələrarası münasibətlər, beynəlxalq aləmdə baş verən hadisələri qarşılıqlı maraqlar baxımından milli maraqlara istiqamətləndirmək, təmsil etdiyi dövlətin şərəf və ləyaqətini uca tutmaq bilavasitə səfirin fəaliyyətindən asılıdır. Əlbəttə, xüsusi əhəmiyyətli bu məsələlərin həllində səfirin şəxsiyyəti, siyasi və diplomatik hazırlığı olduqca böyük önəm kəsb edir.

Azərbaycanın Belarusdakı səfiri İsfəndiyar Vahabzadəni uzun illər tanıdığımdan və fəaliyyətini daim izlədiyimdən rahatlıqla söyləmək olar ki, o, əsl diplomat, yetkin şəxsiyyətdir. Millətini və dövlətini bütün varlığı ilə sevən, xidmət edən bir böyük elçidir. Ondan müsahibə almaq da jurnalistlər üçün elə də asan deyil. Lakin bu məsələdə mənim bəxtim gətirib. Cənab səfir heç vaxt məni qırmır, xəsisliklə də olsa, suallarımı cavablandırır.

– Cənab səfir, artıq iki ildir ki, Azərbaycanı Belarusda təmsil edirsiniz. Bu ölkədə səfir kimi fəaliyyət göstərmək ürəyinizcədirmi?

– Zənnimcə, siz sualı bir qədər korrektə etməli idiniz. Çünki səfirlər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin fərmanı ilə təyin olunurlar. Diplomatların arzu və istəyi qətiyyən həlledici deyil. Dövlət başçısı müəyyənləşdirir ki, belə bir yüksək və məsul vəzifədə kim harada çalışmalı və fəaliyyət göstərməlidir. O ki  qaldı mənim Belarusda səfir kimi fəaliyyət göstərməyimə, hesab edirəm ki, cənab Prezident mənə böyük etimad göstərib. Mən çalışıram ki, bu yüksək etimadı doğrulda bilim. Əslində mən başa düşürəm ki, siz belə bir sual verməklə nə demək istəyirsiniz. Azərbaycanda bəzi KİV-lərdə dərc olunan yazılarda Belarus az qala, üçüncü dünya ölkələri sırasına aid edilir. Əslində isə reallıq tamamilə başqa məqamlardan xəbər verir. Bu gün Belarus xalqının böyük əksəriyyəti prezident Lukaşenkonun yürütdüyü siyasəti dəstəkləyir. Xalq öz prezidentini sevir. Bu ölkədə diplomatların fəaliyyəti üçün hər cür şərait yaradılıb və bütün imkanlar var. Üstəlik, Azərbaycanla Belarus arasında bütün sahələrdə – siyasi, ictimai, iqtisadi, mədəni əlaqələr dinamik inkişaf edir. Hər iki ölkənin dövlət başçıları arasında olan səmimi və isti münasibətlər bu məsələlərin həllində xüsusi rol oynayır. Yəni Azərbaycanın milli maraqlarını qurmaq, ölkəmizi Belarusda lazımınca tanıtmaq, habelə digər səfirliklərlə əlaqələrdə yollar açıqdır. Qarşılıqlı münasibətlərin inkişafı da onu göstərir ki, dövlət başçımızın yürütdüyü siyasətin alternativi yoxdur. Bu siyasətin alternativi yoxdur həm də ona görə ki, o, ümummilli liderimiz Heydər Əliyev tərəfindən işlənib hazırlanıb, həyata vəsiqə alıb. Yurudulən siyasətin kökündə Azərbaycanın müstəqilliyi, bəşəri dəyərlərə söykənən hüquqi demokratik dövlət quruculuğu, qəbul olunan bütün dövlət proqramlarının sosial yönümlü olması, ölkə iqtisadiyyatının dinamik inkişafı və bütün bunların nəticəsində Azərbaycanın regionda lider dövlətə çevrilməsi durur.

– İsfəndiyar müəllim, mən sizinlə mayın 10-da telefonla danışıram. Bu gün ümummilli lider Heydər Əliyevin 90 illik yubileyidir. Bu məsələ ilə əlaqədar səfirlik hansısa tədbir keçirdimi?

– Söhbət ümummilli liderin 90 illik yubileyindən getdiyindən qeyd edim ki, hələ ilin əvvəlindən bu məsələ ilə bağlı böyük tədbirlər planı işlənib hazırlanmışdı və onlar mərhələlərlə həyata keçirildi. Ulu öndərin həyat və fəaliyyəti, onun siyasəti və dövlətçilik nəzəriyyəsi ilə əlaqədar tanınmış elm mərkəzlərində, ali təhsil ocaqlarında bir neçə elmi-praktik konfrans keçirildi. Fotosərgilər təşkil olundu, sərgilərdə əsərləri nümayiş olundu. Diplomatik korpusun nümayəndələrinin iştirakı ilə (beynəlxalq təşkilatların nümayəndələri də daxil) keçirilən dəyirmi masalarda, xüsusi hazırlanmış teleradioverilişlərdə, aparıcı KİV-lərdə dərc olunan məqalələr Heydər Əliyev və onun irsini daha yaxından tanımağa imkan yaratdı. Mayın 6-da ümummilli liderin 90 illik yubileyinə həsr olunmuş böyük tədbir keçirildi. Həmin gün Belarus prezidenti Administrasiyası nəzdindəki Milli Kitabxanada təşkil edilmiş elmi-praktik konfrans və fotosərgini tədbirlərin tədbiri hesab etmək olar. Həmin tədbirdə Milli Məclisin İqtisadi siyasət komissiyasının sədri, Azərbaycan-Belarus Parlamentlərarası İşçi Qrupunun rəhbəri Ziyad Səmədzadə, Azərbaycan Respubilkası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, Azərbaycan-Belarus Dostluq Qrupunun sədri, akademik Arif Mehdiyev, Azərbaycan Respubilkası Prezidenti yanında Elmin İnkişafı Fondunun İcraçı direktorunun müavini Rəhim Hüseynovdan ibarət nümayəndə heyəti də iştirak edirdi. Dörd saatadək davam edən elmi-praktik konfransda Belarus xarici işlər nazirinin müavini Valentin Rıbakov, akademiklər Ziyad Səmədzadə və Arif Mehdiyev, Belarus Parlamenti Nümayəndələr Palatasının Xarici Əlaqələr Komissiyasının sədri N.Samoseyko, MDB İcraiyyə Komitəsi sədrinin 1-ci müavini V.Qarkun, MDB İcraiyyə Komitəsi sədrinin müavini T.Buzubayev, Ukraynanın MDB yanında daimi nümayəndəsi İ.Buneçko, Belarus Yazıçılar Birliyinin sədri N.Çeqinets, Belarus prezidenti yanında İdarəçilik Akademiyasının rektoru A.Morozeviç, “Direktor” jurnalının baş redaktoru A.Kofvtunenko, Belarus-Azərbaycan İcmaları Konqresinin sədri N.Bağırov çıxış edərək ümummilli liderin həyat və fəaliyyəti Azərbaycan dövlətçiliyinin inkişafındakı xidmətləri, habelə dünya siyasəti arenasındakı tutduğu yer haqqında ətraflı danışdılar. Konfrans iştirakçıları bir daha Heydər Əliyevin böyük siyasətçi taleyi ilə yaxından tanış ola bildilər. Xüsusi vurğulandı ki, Azərbaycan Respublikasının bugünkü inkişafı ona görə dönməzdir ki, bu strateji xətt ümummilli lider tərəfindən işlənib hazırlanıb və möhtərəm prezidentimiz tərəfindən uğurla davam etdirilir. İndi Azərbaycanın beynəlxalq aləmdə xüsusi çəkisi və yer var. Azərbaycanın iştirakı olmadan regionda heç bir irimiqyaslı layihə həyata keçirilə bilməz.

– Cənab səfir, yəqin ki, həmin tədbirdə Dağlıq Qarabağ münaqişəsinin, daha doğrusu, Ermənistanın ərazi iddiası ilə Azərbaycana qarşı başladığı işğalçılıq siyasəti haqqında da danışıldı.

– Təbii ki. Dağlıq Qarabağ münaqşəsinin tarixi, Ermənistanın işğalçılıq siyasəti istənilən tədbirdə qırmızı xəttlə keçir. Bu bizim gündəlik işimizdir. Biz çalışırıq ki, Belarusda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların nümayəndələri, Belarus xalqı əsl həqiqəti bilsin. Bu məsələdə KİV-lə əməkdaşlığımıza xüsusi önəm veririk. Mən həm də Belarus Jurnalistlər İttifaqına üzv qəbul olunmuşam. Vaxtaşırı həm özüm, həm də səfirliyin əməkdaşları elektron və yazılı KİV-lərdə çıxış edərək Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin əsl mahiyyətini açırlar. Lakin yeri gəlmişkən, təəssüflə qeyd edim ki, Əkrəm Əylislinin “Daş yuxular”ı çox xoşagəlməz vəziyyətlər yaratdı. Zənnimcə, biz “Daş yuxular”ın altını hələ uzun müddət çəkməli olacağıq.

– Nədir məsələ?

– Təkcə bir faktı qeyd edim. Minsk Dövlət Universitetində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxış edərkən professorlardan biri mənə belə bir sual verdi: “Cənab səfir, sizə inanaq, yoxsa Azərbaycanın Xalq yazıçısı Əkrəm Əylisliyə?” Təbbi ki, mən onun sualını tarixi və elmi əsaslara söykənərək cavablandırdım. Lakin bu əsəri oxuyan hər bir adamla söhbət etmək və onu inandırmaq sözsüz ki, mümkün olan məsələ deyil. O qənaətdəyəm ki, Əkrəm Əylislinin bu təşəbbüsü hələ müəyyən müddət diplomatlarımız və siyasətçilərimiz üçün arzuolunmayan sual olacaq. Ermənilərin “Daş yuxular”dan bərk-bərk yapışdığı əllərini yanlarına salmaları üçün xüsusi iş aparılmalıdır.

– İsfəndiyar müəllim, siz həm də Belarus Yazıçılar Birliyinin üzvüsünüz. İcazə verin soruşum: “Siz yazıçı və jurnalist kimi fəaliyyət göstərirsiniz, yoxsa səfir kimi?” Xatırladım ki, zamanında ümummilli lider Heydər Əliyev Həsən Həsənova zəng edərək belə demişdi: “Sən orda nə işlə məşğulsan? Kitab yazmaqla, yoxsa sənə tapşırılan yüksək vəzifənin icrası ilə?”

– Mən nə yazıçıyam, nə də jurnalist. Lakin Belarus Yazıçılar Birliyi və Jurnalistlər İttifaqının üzvü olmağım Azərbaycanı tanıtmaq üçün mənə əlavə imkanlar verir. Bu imkanlardan niyə bəhrələnməyim ki? Azərbaycana xidmət naminə gərəkli olan bütün təşkilatlarda fəaliyyət göstərmək lazımdır. Yəqin siz də bilirsiniz ki, mən diplomatiya tariximiz haqqında kitab üzərində uzun müddətdir ki, işləyirəm. Altı cilddə nəzərdə tutulan həmin əsəri 2015-ci ilədək tamamlamaq niyyətindəyəm. Ümid edirəm ki, diplomatiya tariximizlə bağlı araşdırmalarım bir sıra məsələlərin üzərindən pərdəni götürəcək.

Səyyad AĞBABALI

 





13.05.2013    çap et  çap et