525.Az

Yurd və söz eşqiylə yaşanan ömür


 

Yurd və söz eşqiylə yaşanan ömür<b style="color:red"></b> "O qədər istedadlı qələm əhli vardı, Bakıya getdilər, çoxunun "söz bazası" da bitdi, şairliyi də... Heç vaxt şairlik üçün Bakıya üz tutub oralara meyil etmə..."

Şair Məzahir Hüseynzadədən eşitdiyim bu öyüd zaman keçdikcə öz həqiqətini gözlərimə yansıtdı. Bu gün əyalətdə kifayət qədər orijinal baxış bucağı, fərdi deyim tərzi, SÖZünün kəsəri, qiyməti olan şairlərimiz var. Həm ictimai xadim kimi cəmiyyət üçün dəyərli işlər görən, həm də maraqlı yaradıcılığı ilə məşğul olan Məzahir Hüseynzadə də həmin "əyalət şairləri"ndəndir.

Məzahir Hüseynzadə ədəbiyyata ötən əsrin yetmişinci illərində qədəm qoyub. Həmin illərdən bu yana şeirlərinin poetikliyi, aktuallığı ilə ədəbi cameənin diqqətini öz üzərində saxlaya bilib...Məzahir Hüseynzadə ilə tez-tez Səfər dayının "Şəmkirin şairlər evi" adlandırdığımız çayxanasında görüşüb, ədəbi söhbətlər edirik və söhbət əsnasında Məzahir Hüseynzadənin gənclik illərinin xatirələri insanı elə sərməst edir ki, bilmirik vaxt hardan gəlib, hardan gedir. Ən maraqlısı da odur ki, o illərdə yaşamayan birinin bir şairin dilindən eşitdiyi xatirələrdə və həmin soluxmuş xatirələrə sığınmış ağ-qara təsəvvürdə Tofiq Bayram, Bahadur Fərman kimi tanınmış söz adamlarını canlandırmasının da ləzzəti məncə bir başqadır. Söhbətinə doyum olmayan şairin xatirələrinə Tofiq Bayramın qırmızı rəngli qələmlə şeir vərəqlərində "qızılca" çıxartması, eləcə də bu kimi bir sıra məzəli əhvalatlar, nəhənglərin "senzura"sından şeir keçirtməyin necə dəhşətli, çətin olması və bu çətinliyin öhdəsindən gəlinəcək "metodologiya" da daxil idi. 

Məzahir Hüseynzadənin yaradıcılığının əsasını vətən mövzusu, ictimai motiv və əsasən də cənub mövzusu təşkil edir. Məzahir Hüseynzadə cənub-şimal sərhədini çox dəqiq bədii cizgilərlə cızıb bir şeirində:

Sərhəd dirəkləri boynunu əyir
Çarmıxa çəkilmiş şəhidlər kimi.
Quşlar dimdiyiylə milləri döyür
Sirr-soraq açası şahidlər kimi.

Burda nizə uclu ayıqlıq ilə
Sərhədçi sərhədi gözündən asar.
İnadkar dirəklər kölgələriylə
Sərhədi adlayar, sərhədi pozar.

Məzahir müəllimin bəzi şeirlərində maraqlı bir hadisəyə də rast gəlirəm. Kök və çox işlədilmiş qafiyə işlədəndə, həmin qafiyədən əvvəlki sözləri də şeirə heç bir kobudluq qatmadan həmqafiyə edir. Mənim fikrimcə, bu əlamət şeirə məhz kişi kimi yanaşmadan doğur:

Odlu göz yaşının kösövü qalan
Qaralmış məktubun belimi əydi.
Toy günü gözünü siləsi olan
Əlim göz yaşına beləmi dəydi?

"Müqəvva" şeirində elə müqəvvanın portretini ustalıqla yaradan şair yazır:

Baxıb baxçamızın qoşun quşuna,
Kefsiz pencəyini geyindi ağac.
Şax durdu, sevindi əyin başına
Köhnə-kürüşümlə öyündü ağac.

Buludlar cibinə qaçıb girirdi
Qalırdı sübhədək hey dama-dama.
Almaya, armuda əl gəzdirirdi
Dilinə bir meyvə vurmurdu amma.

Gün batar, qaranlıq əyninə keçər,
Zəhmindən pəhsinsəm, qara daşam mən.
Hələ bir dəfə də bağçada, gecə
Yazığı oğruya oxşatmışam mən.

Məzahir Hüseynzadənin realist ruhu elə şeirdə də realist obraz yaratmağa nail olub:

Sərtliyim əzilib, dönmüşəm muma,
Bir dünya dözümüm qalıb bir çərək.
Ağ vərəq üstündə açdığım şuma,
Söz səpsəm bilmirəm nə göyərəcək.

Belə bir fikir var, "əsl şair odur ki, bəhrələndiyi, sevdiyi şairə bir köynək də bənzəməsin".

Məzahir Hüseynzadənin ən çox sevdiyi şair rəhmətlik Əli Kərimdir. Ancaq deyim üslubundakı, baxış tərzindəki fərqlər nəzərə çarpacaq qədərdir. Necə ki Əli Kərimin yaradıcılığı Orxan Vəli yaradıcılığına bənzəmir. Axı Əli Kərimin də sevdiyi şairlərdən biri olub Orxan Vəli.

Bu prizmadan yanaşsaq, Məzahir müəllim mövcud ədəbi mühitdəki sayılacaq qədər az şairlərin sırasındadır.

Məzahir Hüseynzadənin şeirlərində duyğu, kövrəklik qəti şəkildə duyulur ki, poetik baxımdan bu anlayışlar poeziyanın, lirizmin, şeiriyyətin başlıca məziyyətidir və təbii ki, bədii donda.

Məzahir Hüseynzadə asta-asta burnundan sovrulan ana qoxusunun dərdini belə çəkir:

Ana ehtiyacı vardı yerin də
Torpaq da sevirmiş onun xətrini.
Doğmalar yudular yuat yerində
Altmış beş ilimin ana ətrini.
Onsuz yaşamağım mənə işgəncə,
Bax belə yetişdi buz kimi yayım.
Göyüm yerə çöküb, əlim yetmişkən
Anamın ruhuna yer sahmanlayım.

70-80-ci illərdə ədəbiyyata gələn şairlərə bu gün ədəbi mühitdə "itirilmiş nəsil" də deyirlər bəzən.

Müəyyən səbəblərə görə bu fikirlə tam razılaşmasam da, qismən razılığımı bildirib deyə bilərəm ki, həmin nəslin Məzahir Hüseynzadə kimi dəyərli simaları var və bu gün qaynar, odlu, alovlu ədəbi cameədən bir qədər kənarda qalmış bu kimi dəyərlilərimizin əksəriyyəti əyalətdə yaşayıb-yaradırlar, o zaman belə bir düşüncə yaranır ki, o "itirilmiş nəsil" əyalətdədir! Daha doğrusu şairi təbiət - ağacların, gül-çiçəklərin, torpağın qoxusu, heyvanat, axar çaylar yetişdirir və ən əsası sadə görkəmi ilə seçilən bu adamlar şöhrət ardınca böyük şəhərlərə, meqapolislərə gəlməyə cəhd göstərmirlər. Çünki onların görkəmləri kimi ruhları da o qədər safdır ki, onlar yalnız öz məmləkətlərini işıqlandırmaq üçün yaşayırlar!

Məhəmməd TURAN
 





14.06.2017    çap et  çap et