525.Az

Nazim Əhmədli yeni kitablarını təqdim etdi


 

Nazim Əhmədli yeni kitablarını təqdim etdi<b style="color:red"></b>

İyunun 10-da "Kitabevim.az" kitab mağazasında tanınmış şair, Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr İctimai Birliyinin sədri Nazim Əhmədlinin "Mən bir günah elçisiyəm" şeirlər, "Qız təbəssümü" hekayələr kitablarının təqdimat mərasimi keçirilib.

Mərasimdə ölkənin tanınmış ziyalıları, yazıçılar, şairin ailə üzvləri və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan Şərif Ağayar N.Əhmədlinin yaradıcılığı və yeni çap olunan kitabları haqqında geniş məlumat verib, onu "səmimi hisslər şairi" adlandırıb. Ş.Ağayar şairin Moskvada təhsil aldığı Maksim Qorki adına Ədəbiyyat İnstitutunu, orada oxuyub Azərbaycan mədəniyyətinə və ədəbiyyatına xidmət edən bir sıra ədibləri xatırlayıb. Qeyd edib ki, Nazim Əhmədli həmin ocağın yetirməsi olaraq, ədəbiyyatın, sənətin ən dərin qatlarına vaqif olan bir şairdir.

Zahid Sarıtorpaq şairlə tanışlığından söz salaraq bildirib ki, hazırda şeir yazanlar çox olsa da, əsl şair azdır və N.Əhmədli də onlardan biridir.

Tədbir boyunca N.Əhmədli "Mən bir günah elçisiyəm" kitabında yer alan şeirlərindən səsləndirib.

Əkbər Qoşalı deyib ki, N.Əhmədlinin şeirlərində, yazılarında Laçın həsrəti var: "Onun şeirlərində bu həsrət elə səmimi, təbii və içdən təsvir olunur ki, buna heyrətlənməmək mümkün deyil. Mən onu şair kimi tanıyırdım, amma son zamanlar hekayələrini də oxuyuram. Nazim müəllimin hekayələri də uğurludur".

Gülnarə İsrafil "Qız təbəssümü" kitabında yer alan "Dəli", "Sol ayağın yuxusu" və başqa hekayələr haqqında danışıb: "Bu kiçik hekayələr sadə, axıcı dillə yazılıb, ona görə də oxucu yorulmur, elə oxuduqca oxumaq istəyir".

Daha sonra Maşallah Məftun, Xuraman Camalqızı, Yusif Nəğməkar, Bənövşə Daşdılı, Arif Məmmədli, Əfsanə Laçın və başqaları söz alaraq yeni kitabları münasibətilə müəllifi təbrik ediblər. 

Sonda N.Əhmədli çıxış edərək, ona göstərilən diqqətə görə hər kəsə təşəkkürünü bildirib.

Şahanə MÜŞFİQ

 





13.06.2017    çap et  çap et