525.Az

Memarlıq və İnşaat Universitetində mediatur - Fotolar


 

Memarlıq və İnşaat Universitetində mediatur - <b style="color:red">Fotolar</b>

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2016-2017-ci tədris ilinin yaz semestri imtahanlarının gedişini müşahidə etmək üçün mediatur təşkil olunub.

Mediatura Universitetin rəhbərliyi, millət vəkilləri, ictimai təşkilatların nümayəndələri, təhsil ekspertləri və KİV mənsubları qatılıblar.

Mİlli Məclisin üzvləri Aydın Mirzəzadə, İlham Məmmədov, Şahin İsmayılov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, təhsil ekspertləri Əjdər Ağayev və Nadir İsrafilov, Açıq Hökumətin Təşviqinə Dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyev, “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli, “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev, APA-nın əməkdaşı Cavid Zeynallı,“İki sahil” qəzetinin baş redaktor müavini Nail Rəhimzadə və digər media təmsilçiləri, televiziya nümayəndələri iştirak ediblər.

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova qonaqları qəbul edib, onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Mediaturun təşkilinin təhsilin keyfiyyətinin artırılması və neqativ hallarının aradan qaldırılması ilə bağlı olduğunu deyən rektor bildirib ki, əsas məqsəd imtahan sessiyasının obyektiv və şəffaf şəraitdə keçirilməsi barədə ictimaiyyəti

məlumatlandırmaqdır. Sonra rektor qonaqlara universitetdə aparılan islahatlar, görülən işlər və yeniliklər haqqında, imtahan sessiyasının gedişi barədə ətraflı məlumat verib.

Son illərdə universitetdə imtahanların yazılı qaydada tətbiqinin müsbət nəticə verdiyini, gənclərdə yazı vərdişlərinin formalaşdırılması, məntiq və təfəkkürün inkişaf etdirilməsi baxımından böyük əhəminyyəti olduğunu vurğulayıb. Rektor bildirib ki, tələbələrin öyrəndikləri bilikləri yazılı qaydada cavablandırması dünyagörüşünü artırmaqla yanaşı, onlarda yeni fikir, ideya formalaşdırır.

Rektor imtahanların şəffaf, normativ sənədlərə uyğun həm test üsulu ilə, həm də yazılı formada keçirildiyini qonaqların diqqətinə çatdırıb. G.Məmmədova bildirib ki, universitetdə bütün məsələlər "Elektron Universitet Portalı" vasitəsilə nəzarətə götürülür, istər yazılı, istərsə də test imtahanlarının nəticələri dərhal həmin sistemdə qeydə alınır. Tələbə test imtahanlarının nəticələrini cavabları təsdiq etdikdən dərhal sonra kompüterin ekranından görür. Yazılı imtahanlar da test imtahanları kimi ciddi nəzarətə götürülüb, yazılar şifrələnir, sonra yoxlanılır, həmin gün qiymətlər tələbələrə elan edilir. Hər günün sonunda istər yazılı, istərsə də test imtahanlarının nəticələri universitetin elektron portalında yerləşdirilir.
 
Rektor qeyd edib ki, universitetdə imtahan sessiyasının gedişinə nəzarət etmək məqsədilə Qərargah və Apelyasiya Komissiyası yaradılıb: “Qiymətləndirmədən narazı qalan tələbələrin Apellyasiya Komissiyasına ərizə ilə müraciət etməsi üçün şərait təmin edilib. Komissiya bütün müraciətlərə baxır, araşdırır, qiymətləndirmədə şəffaflıq və operativliyi təmin edir. Tələbələrin imtahanla bağlı təklif və şikayətlərini bildirmələri üçün universitetin bütün korpuslarına möhürlənmiş şəffaf qutular yerləşdirilib”.

Mediaturdan sonra iştirakçılar imtahanların gedişini canlı izləmək üçün universitetin bir neçə auditoriyasına baş çəkib, imtahanların gedişini izləyib və cavabların yoxlanılması prosesi haqqında məlumat əldə ediblər.

Eyni zamanda onlar Memarlıq fakültəsində tələbələrin kurs işlərinin müdafiəsi prosesini də izləyiblər, gənc memarların, dizaynerlərin əl işlərindən ibarət sərgiyə də baxıblar. Millət vəkili İlham Məmmədov universitetdə imtahan sessiyasının yüksək səviyyədə təşkil olunduğunu, yeni informasiya texnologiyalarının tətbiqi ilə imtahanların obyektiv və şəffaf keçirilməsi üçün rəhbərliyin hər cür şərait yaratdığını qeyd edib, xüsusi ilə imtahanların yazılı formada keçirilməsini alqışlayıb.
 
Digər qonaqlar da universitetlə tanışlıqdan, imtahan sessiyasını yaxından izləməkdən məmnunluqlarını ifadə ediblər, imtahan zallarında, tələbələrin cavab kartlarının şifrələnməsi prosesində, habelə müdafiə otaqlarında gördükləri obyektiv və şəffaf mühitdən razı qalıblar.
 
Mediatur başa çatdıqdan sonra imtahanlarla bağlı təkliflər səsləndirilib, fikir mübadiləsi aparılıb.

 





14.06.2017    çap et  çap et