525.Az

Firuzə Məmmədlinin şeirləri


 

Firuzə Məmmədlinin <b style="color:red">şeirləri</b>

GEDİM

İlahi, İlahi, mən bu günlərin
Hansı sifətini ötürüm gedim?!
Ömürlə açdığım bu yoldan bəlkə,
İzimi, sözümü itirim gedim.

Ta qanım qaynamır bu gündüzlərə,
Bozaran üzlərə, dönük üzlərə.
Ayətəl-kürsümü bəlkə yüz kərə
Oxuyub, bəşərə üfürüm gedim.

Daha yorulmuşam, daha bezmişəm,
Bu yolda kölədən-şaha bezmişəm.
Dünyaca naləyə, aha bezmişəm,
Qaçım dərə, təpə, uçurum, gedim.

Səbrim əliboşdur baxt itkisində, -
Gəlişi olmayan vaxt itkisində.
Bəlkə bu zamansız haqq itkisində
Vaxtımı bir təhər keçirim gedim.

Bəs necə sevmişəm bu dar dünyanı?
İtinə, qurduna bazar dünyanı.
Allah, özün yol tap, qurtar dünyanı, -
Sevgisin qəlbimə köçürüm gedim.

lll


Qoy başını dizim üstdə,
Uzan yat, dərdin anası.
Kimsə səni yatırmasın,
Özün yat, dərdin anası.

Yat bir körpə həvəsiylə,
Yat "zövqüylə", "səfasıyla".
Dərdin soyuq nəfəsiylə
Qızın yat, dərdin anası.

Hardakı dərd, haçankı dərd,
Səhər-axşam - azançı dərd.
Dərd alanın qazancı - dərd,
Qazan yat, dərdin anası.

SƏRVƏTİM

Nə çaş, nə dolaşıqdı,
Nə sazdı, nə aşıqdı.
Fikrimə əliaçıqdı
Mənim bu söz sərvətim.

Nə yumaq, nə kələfdi,
Nə hiylə, nə kələkdi.
İçimdəki mələkdi
Mənim bu söz sərvətim.

Nə qiyam, nə qəzəbdi,
Nə əsəb, nə əzabdı.
Tanrı verən cəzadı
Mənim bu söz sərvətim.

Açarı var, mücrüdür,
Ümid, inam bürcüdür.
Dinsə, məndən güclüdür
Mənim bu söz sərvətim.

Çox da sevincə acdı, -
Ağrılara əlacdı.
Haqdan gələn xəracdı
Mənim bu söz sərvətim.

Düşməni var, dostu var,
Zirvələrdə qəsri var.
Bir gündə dörd fəsli var...
Mənəm bu söz sərvəti!

Qəlbdən beyindən gəlir,
Səsdən, deyimdən gəlir.
Nə xoş, göyündən gəlir
Allah, bu söz sərvətim.

XXI ƏSR

Bəzi ədəbiyyatşünasların fikrincə, "izm"lərdən sonra postinsan mərhələsi (cərəyan) başlanacaq. Əgər belə bir fəlakət baş verərsə, elə bilirəm ki, bu özünü öncə əsərin dil-üslubunda göstərəcək.

Şizofrenik döyüşlər,
Posmoderin söyüşlər.
Energetik görüşlər,
Diplomatik öpüşlər.
Ekstrasens xətalar,
İnnovasion ədalar.
Alternativ cərimələr,
Plüralist kəlmələr,
Monoqam dartışmalar,
Poliqon atışmalar.
Kosmodrom ölkələr,
İppodrom bölgələr.
Milli kamikadzelər,
Yarımmilli mazelər.
Eksperimental maraqlar,
Degenerativ yaraqlar.
Eksklüziv fərmanlar,
Kosmopolit dərmanlar.
Laminat göydələnlər,
Mobil çərən-pərənlər.
İnternet manqurtlar,
Supermarket anqutlar.
Tolerant teleekranlar,
İmplantant reklamlar...
Hə... Nə yaxşı, yenə də
Astarı üz dünyadı.
Sirrində, sorağında
Gecə-gündüz dünyadı.

YARALI ÇİNAR

Çoxillik çinar kəsilib göylərə dirənən başı yerəgələndə kötüyünün başındam əvvəl alov qalxdı, sonra isə sel kimi su axmaşa başladı

Qamətinin yarasını
Yarpaq-yarpaq
örtdüm, çinar.
Ağrıların qan verirdi,
Qan yerini öpdüm, çinar.

Olmaya qarğıdın məni,
Bəslədiyim bağ adından.
Boğdu cır armudu məni
Bir sarı yarpaq adından.

Başıma oyun açmışdın,
Səni çapan kimdi, bildim.
Bir ömür düyün açmışdım,
"Düyün nəymiş" indi bildim.

Səni çapan kimdi, bildim,
Yaranın üstə əyildim.
Gözlərim də gildir-gildir
Sənə dərman olsun, çinar.

Ah, bu nə ürəkdi belə!
Ağrıya kövrəkdi belə!
Məni şişə çəkdi belə
Yarandan axan su, çinar.

Ağrın dərdlərimə yaxın,
Əyil, yarpağından baxım.
Gözlərimdən sel-su axır,
Buyur, yaranı yu, çinar.

AZADLIĞIM
    

Təqaüdə çıxdığım gün üçün

Süpürgə çəkildi dərd-sərimə,
Rahat və asudə yaşaram daha.
Gah toplum yerinə, gah fərd yerinə
Etnikəm, milliyəm, bəşərəm daha.

Gəzib dolaşaram quş kimi azad,
Sərhəd adlayaram, məkan ölçərəm.
Mənim qələmimlə qəlbinə yazar
Adımı yanımdan keçən ölkələr.

Əlimin, qolumun, qanadlarımın
Qırılıb tökülən vaxtı deyil ta.
Hissim, duyğularım, ağlım daranıb,
Üzümdə təbəssüm saxta deyil ta.

Bir kəsə dil töküb, ağız açmaram,
İşimin-gücümün qürur vaxtıdır.
Ağrıdan-acıdan nağıl açmaram,
Nağıl yaşımın da qürub vaxtıdır.

Örtülü qapılar qalar örtülü,
Qapı açana da salamım olmaz.
Doğru - açıq-aşkar, yalan - örtülü,
Şükür, dərd satanım-alanım olmaz.

Divara mıxlamaz, tavandan asmaz,
Daha səksəkəli yuxular məni.
Həqiqət axtarmaz, gümandan asmaz, -
Nə şeytan, nə mələk toxunar mənə.

Kamana ox olmam, tüfəngə çaxmaq, -
Əsəbə, həsədə nöqtəyəm daha.
Hər zövqə, səfaya ürəyim axmaz,
Görün nə haldayam, kökdəyəm daha.

Dolub mürgülərim yuxularıma,
Daha şirin yatıb, acı durmaram.
Dalmaram itirmək qorxularıma,
Ümid qollarımı açıb durmaram.

Mən elə asudə, elə azadam,
Özüm öz yolumu kəsəm, qorxuram.
Dilimdə zəhərdən - bala azadam,
Hər gələn sədaya, səsə qorxuram.

Süpürgə çəkildi dərd-sərimə,
Daha yaşayaram asudə, rahat.
Sıxaram gündüzü şeirlərimə,
Gecəni gecə tək yaşaram daha.

lll

Ürəyimin əlindən
Başım salamat olmur.
Məni məndə əridən
Yaşım salamat olmur.

Yıxılıram, qalxıram,
Sağa-sola darıxıram.
Hər nəsnədən karıxıram,
İşim salamat olmur.

Ötüb keçib yay üzüm,
Şırımlanıb Ay üzüm.
Uralanıb payızım,
Qışım salamat olmur.

FRAQMENTLƏR

Gecə-gündüz doğuluşu,
Vaxt mənə gün ağlamaz ki?!
Günəşin gözümdə gülsə,
Yerin-göyün ağlamaz ki?!

Bilirdim, əlim tutamaz
Bir bu qədər qəm çiçəyin.
Buraxdım getdi Araza,
Ayrılıq, hicran çiçəyin.

Əzab kimi üzüm qırış,
Biyabanlar sorar məni.
Dərdimdən yollar salınar,
Yerimərəm, yorar məni.

Bir üzümlə tutammadım
Bu dünyanın iki üzün.
Kəsər məni qəm tiyəsi, -
Mən bu qəmin iti üzü.

lll

Yığışdır qaranlığı,
Günəşdən zər ələnir.
Metro salınır burda,
Yer bağrı zərbələnir.

Preslənir yer yerə,
Göy göyə pərçimlənir.
Fəhlələrin əlində
Toz-torpaq əlçimlənir.

Keçir binalar altdan,
Daraqlanır şpallar.
Beş ildir, yer eşirlər,
Bu il üzə çıxarlar.

lll

Sözdü, şərə düşmədi,
Atdım, yerə düşmədi.
Bircə şerə düşmədi,
Nədən günahkar oldu?

Bağlanmışdıq həyata,
Atlı idik həyada.
Atdan düşüb piyada
Gedən günahkar oldu.

Əl vardı sirr tərəfdə,
Tutulan yer tərəfdə.
Əl qaldı bir tərəfdə,
Yetən günahkar oldu.

QALDI GÖZÜMÜZÜN YAŞI

Nurəngiz Gün üçün

Şirin gözəllikdə
bir gözəl idi.
Gəzdiyi, durduğu
yer gözəl idi.
Məhsəti görkəmi,
qaməti vardı,
Başında şeirdən
dəməti vardı.
Sevgili baxışı vardı
gözündə,
Hamı sevimliydi,
yardı gözündə.
Hamıya deyilən
xoş söz idi o,
Hər yerdə bir sifət,
bir üz idi o...
...Davam gətirmədi
vaxt yürüşünə,
Çıxdı taleyinin
haqq yürüşünə.
Yarıldı Göy üzü -
uzandı bir əl,
Asta sığal çəkdi
saçına əvvəl,
Tutub əllərindən
apardı onu.
Qədd-qamətindən,
istedadından,
Şirin dillərindən
apardı onu.
Qaldı gözümüzün
yaşı dalınca,
Bir şeir sultanı -
tacı dalınca.

Firuzə MƏMMƏDLİ

 





14.06.2017    çap et  çap et