525.Az

Azərbaycanlı xoreoqraf Həştərxanda ustad dərsləri keçdi


 

Azərbaycanlı xoreoqraf Həştərxanda ustad dərsləri keçdi<b style="color:red"></b>

90 illik professional xoreoqrafiya təhsili ənənələrini yaşadan və inkişaf etdirən Bakı Xoreoqrafiya Akademiyasının uğur və nailiyyətləri nəiki ölkədə, eləcə də ölkə xaricində kifayət qədər tanınır və rəğbətlə qarşılanır.

Akademiyada çalışan elmi-pedaqoji heyətin xoreoqrafiya, xüsusilə də balet və milli rəqs üzrə yüksək ixtisaslı kadrların hazırlanması istiqamətindəki fəaliyyəti bu sahəyə olan marağın artmasına səbəb olub.

İyunun 3-7-də Bakı Xoreoqrafiya Akademiyasının Klassik rəqs kafedrasının müdiri, Əməkdar mədəniyyət işçisi Mayra Almaszadə Həştərxan vilayətinin uşaq musiqi və incəsənət məktəblərinin xoreoqrafiya şöbələrinin müəllimləri və konsertmeysterləri üçün ustad dərslər keçib. Onun səfəri Rusiya Federasiyasının Həştərxan vilayəti Mədəniyyət və Turizm Nazirliyinin Bədii Təhsil və Mədəniyyət və İncəsənət İşçilərinin İxtisasartırma üzrə Tədris-Metodiki Mərkəzinin dəvəti ilə gerçəkləşib. İnteraktiv şəkildə təşkil olunan ustad dərslərində klassik rəqs elementləri, hərəkətlər, rəqs metodikasının xüsusiyyətləri, bəzi balet tamaşalarının quruluşları və digər mühüm sənət məsələləri üzrə praktiki dərslər keçirilmiş, müzakirələr aparılıb. Bununla belə, müzakirələrdə klassik rəqs müşayiəti, konsertmeyster sənətinin vacibliyi vurğulanıb və növbəti dəfə Bakı Xoreoqrafiya Akademiyasının müəllim-konsertmeysterlərinin də ustad dərslər keçməsi üçün dəvət olunacağı qeyd edilib.

Ustad dərslərində iştirak edən digər ölkələrin nümayəndələri dərsləri maraqla qarşılayaraq, onları yüksək qiymətləndirib və Bakı Xoreoqrafiya Akademiyasının professor-müəllim heyətininin nümayəndələrini öz ölkələrinə ustad dərslər keçmək üçün dəvət ediblər. 

Səfər çərçivəsində M. Almaszadə Həştərxan vilayətinin bir sıra mədəniyyət müəssisələri, tarixi-mədəni obyektləri, o cümlədən Opera və Balet Teatrı və balet artistləri ilə tanış olub, perspektiv əməkdaşlıq barədə danışıqlar aparıb.

Sonda Bədii Təhsil və Mədəniyyət və İncəsənət İşçilərinin İxtisasartırma üzrə Tədris-Metodiki Mərkəzinin direktoru M. Anisimova ustad dərslərinin təşkilinə göstərdiyi dəstəyə görə Bakı Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyevə təşəkkür elan edib və bu barədə təşəkkür məktubu Akademiyanın nümayəndəsinə təqdim olunub.

 





14.06.2017    çap et  çap et