525.Az

“Miras” rəssamlıq simpoziumu keçirilib


 

“Miras”  rəssamlıq simpoziumu keçirilib<b style="color:red"></b>

"Miras” Mədəni İrsin Öyrənilməsinə  Kömək İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı  ilə Ağsu və İsmayıllı rayonlarında birinci “Miras”  rəssamlıq simpoziumu keçirilib.

Regionlarda rəssamlığa dəstək vermək, bu peşəyə Bakı, Sumqayıt, Gəncə kimi iri şəhərlərdən kənarda da diqqət və marağı artırmaq, ümumiyyətlə, Azərbaycanda rəssamlıq simpoziumu ənənəsini yaratmaq məqsədi daşıyan tədbir Ağsu rayonundakı “Orta əsr Ağsu şəhəri” tarixi abidəsində başlanılıb.
Simpoziumda Azərbaycanın gənc rəssamları Anar Hüseynzadə, Anar Qəmbərli, Məmməd Rəşidov, Fəxri Abbasov, Fərid Mirzəyev, Vüqar Qurbanov, Aydın Əsgərov və Bəxtiyar Yusifov mayın 9-dan 11-dək Orta əsr Ağsu şəhəri qazıntı sahəsi ilə tanış olub, arxeoloji tədqiqatlar zamanı üzə çıxarılmış tarixi görüntüləri və maddi-mədəniyyət nümunələrinin şəkillərini yağlı boyalarla kətan üzərinə köçürmüblər. Bu müddətdə hər bir rəssam 3 sənət əsəri yaradıb.

Mayın 11-də Ağsu rayon məktəblərindən rəssamlığa maraq göstərən bir qrup şagird simpoziumda iştirak ediblər. Gənc rəssamlar həvəskarlara fırça ilə işləməyin, rəng çalarlarının hazırlanmasının, görünən mənzərə və ya əşyanın təsvirinin alınmasının, kətan üzərinə köçürülməsinin “sirləri” barədə geniş bilgilər vermiş, uşaqlarda işləmək vərdişlərinin formalaşmasına yardım ediblər.

Simpoziumda gənc heykəltəraş Məmməd Rəşidovun abidə ərazisindəki qənbər daşlardan hazırladığı və “Zamanın portretləri” adlanan kiçik heykəllər də iştirakçılarda maraqlı təəssürat yaradıb.
Simpozium mayın 14 -15-də İsmayıllı rayonunda işini davam etdirəcək. 

Rəssamların simpozium müddətində hazırladıqları əsərlər “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin kolleksiyasında saxlanılacaq və gələcək layihələrdə, habelə ölkənin hüdudlarından kənarda nümayiş etdiriləcək.

“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlilli jurnalistlərə müsahibəsində simpoziumun yeni layihələrin yaranmasına təkan verəcəyinə ümidvar olduğunu bildirib.
Simpoziumun işində İtaliyadan gəlmiş memar, professor Luici Skrinzi iştirak edir.

GÜNEL

 





13.05.2013    çap et  çap et